Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7232/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit borcun tutulması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(003)-1103/2022 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları
1. "xxxx" İKB (İddiaçı) ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış xx.xx.2014-cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsindən görünür ki, həmin müqavilə borcalan Cavabdeh1 24 ay müddətinə illik 28 faiz olmaqla 19000 ABŞ dolları məbləğində kredit verilməsi və zaminlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən bu müqavilə üzrə borc öhdəliklərin yerinə yetiriməməsinə görə və ya lazımi qaydada yerinə yetirilməməsinə görə banka dəymiş ziyan və borc tələbi ilə bağlı məhkəmə xərcləri də daxil olmaqla borcalanla eyni həcmdə bank qarşısında birgə cavabdeh olması haqqında bağlanmışdır.
2. Kassa məxaric orderindən görünür ki, iddiaçı tərəfindən Cavabdeh1 19000 ABŞ dolları məbləğində pul verilmişdir.
3. xx.xx.2014-cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavədən görünür ki, "xxxx" İKB (İddiaçı) ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında kreditin verilməsi haqqında qeyd olunan müqaviləyə dəyişiklik edilməsi, kreditin 30 ay 18 gün müddətinə, yəni xx.xx.2016-cı il tarixədək verilməsi haqqında razılıq əldə edilmişdir.
4. xx.xx.2014-cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinə xx.xx.2015-ci il tarixli əlavələrdən görünür ki, "xxxx" İKB (İddiaçı) ASC ilə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 arasında kreditin verilməsi haqqında qeyd olunan müqaviləyə dəyişiklik edilməsi, kreditin 52 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək verilməsi, kreditin illik 26 % dərəcəsi ilə verilməsi haqqında razılıq əldə edilmişdir.
5. Ödəniş cədvəlindən görünür ki, Cavabdeh1 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsi üzrə üzərinə düşən öhdəliyi xx.xx.2015-ci il tarixdən xx.xx.2018-ci il tarixədək hər ay 494,84 ABŞ dolları, sonuncu ay isə 488,45 ABŞ dolları məbləğində ödəniş etməklə yerinə yetirməlidir.
6. Maliyyə arayışından görünür ki, cavabdehlərin xx.xx.2022-ci il tarixə 12306,3 ABŞ dolları əsas, 4500,06 ABŞ dolları faiz borcu və 574,25 ABŞ dolları məbləğində cərimə, əldən çıxmış fayda kimi 2091,05 ABŞ dolları faiz borcu olmaqla cəmi 19471,66 ABŞ dolları məbləğində borcu mövcuddur.
7. Cavabdehlərə ünvanlanmış xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərdən 5 gün müddətində yaranmış borcun ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir.
8. Hesabdan çıxarışdan görünür ki, tərəflər arasında kredit müqaviləsinin müddətinin bitməsindən sonra borc üzrə 05.01.22, 09.02.22 və 11.03.22-ci il tarixlərində ödənişlər aparılmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər müştərək qaydada 29 may 2014 il tarixli kredit müqaviləsi üzrə 12306,3 ABŞ dolları əsas borc, 4500,06 ABŞ dolları faiz borcu, 143.5625 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 29 sentyabr 2018 il tarixdən, 28 yanvar 2022 il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 2091,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 19040.9725 ABŞ dolları borcun və 187.11 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh1 29 may 2014 il tarixli kredit müqaviləsinə əsasən "xxxx" İKB ASC-dən illik 26 faizlə 24 ay müddətinə 19000 ABŞ dolları kredit götürmüşdür. xx.xx.2015-ci il tarixli Əlavə Sazişə əsasən kreditin müddəti xx.xx.2018-ci il tarixədək təyin edilmiş. Borcun təminatı olaraq Cavabdeh2 və Cavabdeh3 ilə 29 may 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. 28 yanvar 2022-dək Cavabdeh1 banka 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə 12306,3 ABŞ dolları əsas borc, 4500,06 ABŞ dolları faiz borcu, 574,25 ABŞ dolları cərimə və kredit müqaviləsi üzrə 29 sentyabr 2018-ci il tarixdən 28 yanvar 2022-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 faizlə hesablanmış 2091,05 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla ümumilikdə cəmi 19471,66 ABŞ dolları borcu vardır. Cavabdeh1 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 574.25 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 143,5625 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırmışdır.
11. Birinci instansiya məhkəməsi baxışı zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 9/3217 nömrəli məhkəməmühasibatlıq ekspertiza tədqiqatına dair ekspert rəyindən görünür ki, iş üzrə cavabdehlərin xx.xx.2014- cü il tarixli 22-M-1-0-808-14 nömrəli bank hesabı, kredit və zaminlik müqaviləsinin bitmə müddətinə, yəni xx.xx.2018-ci il tarixədək 11682,12 ABŞ dolları məbləğində əsas, 2417,40 ABŞ dolları məbləğində faiz borcu, cəmi 14099,52 ABŞ dolları, tələb olunan tarixə yəni xx.xx.2022-ci il tarixədək 11682,12 ABŞ dolları məbləğində əsas, 2417,40 ABŞ dolları məbləğində faiz borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1716,72 ABŞ dolları olmaqla cəmi 15816,24 ABŞ dolları məbləğində borcun mövcüd olması müəyyən edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 100 manat təşkil etmişdir.
12. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(003)- 1103/2022 nömrəli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
13. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş üzrə cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərini yerinə yetirməmişlər və iş üzrə verilmiş ekspert rəyindən görünür ki, cavabdehlərin iddiaçı qarşısında 11682,12 ABŞ dolları məbləğində əsas, 2417,40 ABŞ dolları məbləğində faiz borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1716,72 ABŞ dolları olmaqla cəmi 15816,24 ABŞ dolları məbləğində borcu yaranmışdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 427, 439, 442, 448, 462, 739, 470 və 472-ci maddələrinin göstərişlərinə əsaslanaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Lakin iş üzrə cavabdeh tərəfindən müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiq edilməsinə dair verilmiş ərizəni nəzərə almaqla, məhkəmə, tərəflər arasında yaranmış münasibətlərin aralarında bağlanmış kredit müqaviləsi əsasında yerinə yetirilməmiş öhdəliklər üzrə irəli gəlməsini nəzərə alaraq qeyd etmişdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı hazırki iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin bitmə müddətinin xx.xx.2018-ci il tarix olmaqla iddia müddətinin axımı həmin tarixdən, yəni öhdəliklərə dair icra müddəti bitdikdən sonra başlanmış, iddiaçı tərəfindən müqavilə üzrə cavabdehlərin üzərinə götürdüyü öhdəliyin icra etməyə məcbur edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, iddia isə məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilə üzrə borcun tələb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Eyni zamanda məhkəmə, kredit müqaviləsinin müddətindən bitməsindən sonra aparılmış ödənişlərə münasibətdə həmçinin qeyd etmişdir ki, həmin ödənişlər qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti bitdikən sonra aparıldığından bu halın iddia müddətinin axımının kəsilməsi kimi qəbul edilməsi, müddətin yenidən hesablanması üçün əsas kimi qəbul edilməsi yolverilməzdir və qanuna uyğun deyil. Həmçinin həmin pul məbləğlərinin cavabdehlər tərəfindən geri tələb edilməsi də qanunla nəzərdə tutulmamışdır.
14. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci, 375.2-ci, 377.1-ci, 377.2-ci, 380-ci, 383-cü, 385-ci, 425-ci, 427-ci, 439-cu, 442-ci, 448-ci, 462-ci, 470-ci, 472-ci, 739-cu eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2001-ci il tarixli qərarına, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2013-cü il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 48.1.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 11 fevral 2022-ci il tarixli qərarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 119.1-ci və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.
Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apelyasiya şikayətinin dəlilləri
15. Qətnamədən iddiaçı tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edilmişdir.
16. Apelyasiya şikayətində göstərilmişdir ki, 29 may 2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 ilə kredit və zaminlik müqavilələri bağlanmış vəcavabdehlər bank qarşısında öhdəlik götürmüşdürlər. Kredit müqavilələri üzrə öhdəliklər icra edilmədiyindən tərəflər arasında kredit müqavilələrinin mübahisələndirilməsinə dair İddiaçıASC məhkəməyə müraciət etmişdir. İş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və ekpert rəyinə əsasən təərəflərin bank qarşısında öhdəliyinin mövcud olması müəyyən olunmuşdur. Həmçinin cavabdehlər tərəfindən müxtəlif tarixlərdə ödənişlər aparılmışdır. Bu səbəbdən qeyd edilən kredit müqaviləsi üzrə iddia müddətinin tətbiq edilərək təmin edilməməsi əsasızdır. Bununla yanaşı qeyd edilməlidir ki, nə qədər borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə belə bir şərtdə nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Onda cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur.
b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
c) Proses iştirakçılarının izahatı
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin nümayəndəsi X2 apelyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. İzahatında əlavə olaraq bildirdi ki, iş materialları ilə müəyyən edilmişdir ki, cavabdehlər bugünə qədər iddiaçı qarşısında götürdükləri öhdəlikləri yerinə yetirməmişdir. Həmçinin müqavilənin müddəti məhz öhdəliklərin tam olaraq yerinə yetirilməsi anına qədər öz qüvvəsini saxlayır. Lakin birinci instansiya məhkəməsi işin qeyd olunan hallarına düzgün qiymət verməyərək, əsassız olaraq iddia tələbinə iddia müddətini tətbiq etmişdir.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, iddiaçı tərəf məhkəməyə müraciət etmək üçün iddia müddətini ötürmüşdür. Hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
20. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq digər cavabdehlər məhkəmə iclasına gəlmədiklərindən işə gəlməyən cavabdehlərin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir.
Tətbiq edilən maddi hüquq normaları
21. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
22. Həmin Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
23. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir.Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. Həmin Məcəllənin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
25. Həmin Məcəllənin 383-cü maddəsinə əsasən borclu və ya digər mükəlləfiyyətli şəxs vəzifəsini iddia müddəti bitdikdən sonra icra etmişsə, icra zamanı icra müddətinin bitdiyini bilməmiş olsa da, icra etdiyini geri tələb edə bilməz.
26. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Qərarında qeyd olunur ki, Konstitusiyanın həmin maddəsinin (25-ci) İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir.Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
Apelyasiya baxışının hədləri
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
29. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi qətnamə tam mübahisələndirildiyindən bütövlükdə yoxlanılır.
Apelyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası izahatıları dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir.
31. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir.
32. Belə ki, birinci instansiya məhkəməsi baxışı zamanı müəyyən edilmişdir ki, tərəflər arasında bank hesabı, kredit və zaminlik müqaviləsi bağlanmış, həmin müqavilə əsasında Cavabdeh1 24 ay müddətinə illik 28 faiz olmaqla 19000 ABŞ dolları məbləğində kredit verilmiş, iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 isə həmin müqavilə əsasında borcalana zamin durmaqla onun müqavilə üzrə borc öhdəliklərin yerinə yetiriməməsinə görə birgə məsuliyyət daşıyıcı olmuşlar. Daha sonra tərəflər arasında bağlanmış kredit müqaviləsinə əlavələrə əsasən kreditin 52 ay müddətinə, yəni xx.xx.2018-ci il tarixədək, kreditin illik 26 % dərəcəsi ilə verilməsi haqqında razılıq əldə edilmişdir. İş üzrə cavabdehlər kredit müqaviləsi üzrə üzərinə götürdükləri öhdəliklərini yerinə yetirməmişlər və iş üzrə verilmiş ekspert rəyindən görünür ki, cavabdehlərin iddiaçı qarşısında 11682,12 ABŞ dolları məbləğində əsas, 2417,40 ABŞ dolları məbləğində faiz borcu, kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1716,72 ABŞ dolları olmaqla cəmi 15816,24 ABŞ dolları məbləğində borcu yaranmışdır.
33. Birinci instansiya məhkəməsi baxışı zamanı həmçinin müəyyən edilmişdir ki, iddiaçı tərəfindən cavabdehə qarşı hazırki iddia tələbinin irəli sürülməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür. Belə ki, tərəflər arasında bağlanmış kredit müqaviləsinin bitmə müddətinin xx.xx.2018-ci il tarix olmaqla iddia müddətinin axımı həmin tarixdən, yəni öhdəliklərə dair icra müddəti bitdikdən sonra başlanmış, iddiaçı tərəfindən müqavilə üzrə cavabdehlərin üzərinə götürdüyü öhdəliyin icra etməyə məcbur edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti xx.xx.2021-ci il tarixdə bitmiş, iddia isə məhkəməyə xx.xx.2022-ci il tarixdə təqdim edilmişdir. Bununla da müəyyən olunur ki, iddiaçı tərəfindən müqavilə üzrə borcun tələb edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülmüşdür.
34. Eyni zamanda birinci instansiya məhkəməsi kredit müqaviləsinin müddətindən bitməsindən sonra aparılmış ödənişlərə münasibətdə bildirirərək qeyd etmişdir ki, müqavilə üzrə edilmiş ödəniş qanunla iddianın verilməsi üçün nəzərdə tutulmuş 3 illik iddia müddəti bitdikən sonra aparıldığından bu halın iddia müddətinin axımının kəsilməsi kimi qəbul edilməsi, müddətin yenidən hesablanması üçün əsas kimi qəbul edilməsi yolverilməzdir və qanuna uyğun deyil. Həmçinin həmin pul məbləğlərinin cavabdehlər tərəfindən geri tələb edilməsi də qanunla nəzərdə tutulmamışdır.
35. Göründüyü kimi iddiaçının iddia tələbi məhz qeyd olunan müqaviləyə istinadla irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman göstərilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır.
36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; bu isə o deməkdir ki, cavabdeh ilə bank arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliklərin icrası üçün nəzərdə tutulmuş müddət xx.xx.2018-cü il tarixdə bitmiş və iddia müddətinin axımı başlanmışdır.
37. Məhkəmə kollegiyası hesab edir ki, xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad edilən qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Belə olan halda iddiaçı üçün məhkəməyə müraciət etmək tarixi son olaraq xx.xx.2021-ci il tarixə qədər olmuşdur. Hazırki iddia ərizəsi isə xx.xx.2022-ci il tarixdə məhkəməyə verilmişdir. Göründüyü kimi iddia müddəti ötürülmüşdür.
38. İddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 380-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.
39. Göründüyü kimi iddia müddətinin axımının kəsilməsi üçün edilmiş hərəkətlər məhz iddia müddətinin daxilində edilməlidir, hazırki vəziyyətdə iddia müddəti bitdikdən sonra edilmiş ödənişlər iddia müddətinin axımının kəsilməsi anlamına gəlmir.
40. İddiaçı apellyasiya şikayətində həmçinin qeyd etmişdir ki, “nə qədər borclu müqavilə üzrə öhdəliyini yerinə yetirməmişdir və müqavilədə belə bir şərtdə nəzərdə tutulmamışdır ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olsun. Onda cavabdeh bu vəzifəni yerinə yetirənə kimi kredit müqaviləsi qüvvədə olur. Belə hallarda müqavilədə nəzərdə tutulmuş öhdəliyin icrasının qurtarması anına kimi müqavilə qüvvədə olur”. Bununla bağlı qeyd edilməlidir ki, kredit müqaviləsində borc alanın öz üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirdikdən sonra onun xitam olunacağının nəzərdə tutulmuş olması müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünki müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, əsasını həmin müqavilə təşkil etdiyi tələblər üzrə hazırda iddia müddəti ötürülmüş hesab edilməlidir. 41.Göründüyü kimi apellyasiya şikayətinin dəlilləri öz təsdiqini tapmamışdır. 42.Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.
43. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 44.Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 45.Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyildir. 46.Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı və apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. 47.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 48.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06 sentyabr 2022-ci il tarixli, 2(003)-1103/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov