Məhkəmə qərarları › İş №2(103)-7235/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7235/2022

30.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7235/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızının Cavabdeh Abuləli oğluna qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: alimentin miqdarının artırılması) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızının Cavabdeh Abuləli oğluna qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(005)-2189/2022 nömrəli qətnaməsindən Cavabdeh Abuləli oğlu tərəfindən verilmiş apelyasiya şikayətinə 30 noyabr 2022-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları

1. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2013-cü il tarixdə verilmiş AZ-İİİ seriyalı, 920697 nömrəli doğum haqqında şəhadətnamənin surətinə əsasən X8 xx.xx.2013-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur, atası – Cavabdeh Abuləli oğlu, anası – İddiaçıdır.

2. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)- 534/2014 saylı, 13 fevral 2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddiaçı X2 Cavabdeh qarşı “nikahın pozulması, aliment tələbi və uşaq 3 yaşına çatanadək ananın saxlanılması üçün aliment tutulması” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, X9 ilə Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 25 yanvar 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmiş nikah pozulması, tərəflərin birgə nikahlarından doğulmuş 25 fevral 2013cü il təvəllüdlü X8 anası X2 yanında qalması, 25 fevral 2013-cü il təvəllüdlü X8 yetkinlik yaşına çatana kimi saxlanması üçün 09 dekabr 2013-cü il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 150 (yüz əlli) manat sabit pul məbləğində aliment tutulması, 25 fevral 2013-cü il təvəllüdlü X3 3 (üç) yaşı tamam olanadək 09 dekabr 2013-cü il tarixdən başlayaraq Cavabdeh X2 xeyrinə hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir

3. Bakı şəhəri Nərimanov rayon qeydiyyat şöbəsi tərəfindən xx.xx.2014-cü il tarixdə verilmiş AZ-İ seriyalı, 192740 saylı nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən Cavabdeh ilə X9 arasında olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 134 nömrə ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra qadına Salmanova soyadı verilmişdir.

4. 20.04.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Əhmədova (Gülüşova) Fidan Vidadi qızı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

5. 19.04.2022-ci il tarixli ödəniş qəbzinə əsasən İddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 50 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızı iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 25 fevral 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 193 manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Bakı Şəhəri Nərimanov rayon məhkəməsinin 13 fevral 2014-cü il tarixli 2(005)-534/2014 saylı qətnaməsi ilə onunla Cavabdeh arasında bağlanmış və Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsində 25 yanvar 2011-ci il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 56 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur. Həmin qətnamə ilə birgə nikahdan doğulmuş 25 fevral 2013-cü il təvəllüdlü X8 onun yanında saxlanılmış və onun yetkinlik yaşına çatana kimi saxlanılması üçün 09 dekabr 2013-cü il tarixdən başlayaraq Cavabdeh iddiaçının xeyrinə hər ay 150 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Cavabdeh fərdi fəaliyyətlə, yəni şəxsi avtobusu ilə sərnişin daşımaqla məşğul olaraq hər ay kifayət qədər pul qazanır. Cavabdeh qızının saxlanılması üçün alimenti vaxtlı-vaxtında vermir. Artıq qızının 9 yaşı vardır. Qızı böyüdükcə onun saxlama xərcləri də artır. Ona görə də, cavabdehdən alimentin tutulması Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası Qanununa əsasən uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində, yəni 193 manat müəyyən edilməlidir.

8. Birinci instansiya məhkəməsi baxışı zamanı iddiaçı iddia ərizəsinə əlavə təqdim edərək, ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 manat məbləğində pulun və 50 manat dövlət rüsumunun əvəzinin Cavabdeh Abuləli oğlundan tutulub ona verilməsini xahiş etmişdir.

9. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(005)- 2189/2022 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin qanuni qüvvəsini almış 2(005)-534/2014 saylı, 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi, 25 fevral 2013-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Abuləli oğlundan hər aya görə 193 (bir yüz doxsan üç) manat məbləğində alimentin tutularaq Əhmədova (Gülüşova) Fidan Vidadi qızına verilməsi, alimentin hazırkı qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq hesablanması, Cavabdeh Abuləli oğlundan 50,00 (əlli) manat məbləğində mediasiya xərci alınaraq Əhmədova (Gülüşova) Fidan Vidadi qızına verilməsi və Cavabdeh 43.16 (qırx üç manat altmış qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət gəlirlərinə alınması qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi hazırda uşağın saxlanılması üçün cavabdeh tərəfindən ödənilən aylıq gəlirinin 150 manat məbləğdə alimentin uşağın saxlanmasına kifayət etməməsi ilə bağlı iddiaçının iddiası ilə razılaşıb, cavabdehin hər ay 193 manat sabit pul məbləğində alimentin ödənilməsi üçün kifayət qədər maddi imkanının olmasına dəlalət edən sübutların iddiaçı tərəfindən təqdim edilməməsini, habelə yetkinlik yaşına çatmayanlar üçün 2022-ci il üzrə müəyyən olunmuş yaşayış minimumu haqqında tələblərini nəzərə alıb, uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun təminatı və valideynləri ilə birlikdə yaşadığı vaxtdakı maddi təminatının maksimal dərəcədə saxlanması baxımından belə qənaətə gəlmişdir ki, iddia qismən təmin edilməli, tərəflərin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay iddiaçının xeyrinə 154 manat tutulan alimentin miqdarı dəyişdirilməli və hər ay 193 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə onu da qeyd etmişdir ki, hazırkı iş üzrə aliment artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tutulur. İddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən müəyyən edilmiş alimentin miqdarının artırılmasını xahiş etmişdir. Belə olan təqdirdə məhkəmə hesab etmişdir ki, artırılmış alimentin məbləğinin tutulması Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi tarixdən deyil, hazırkı iş üzrə qətnamə qüvvəyə mindiyi tarixdən başlayaraq, hesablanmalıdır.

11. Məhkəmə gəldiyi nəticəni Birləşmiş Millətlər Təşkilatının X5 3-cü maddəsinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun: 4-cü, 13-cü, 19-cu, Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci, 75.4-cü, 78.1-ci, 78.2-ci, 112.1-ci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci, 8.1.2-ci, Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Plenum Qərarının 8.12-ci bəndinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci, 77.1-ci, 112.1.3-cü, 119.2-ci, 124.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apelyasiya şikayətinin dəlilləri

12. Qətnamədən Cavabdeh Abuləli oğlu tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi (yol verilmiş kobud pozuntulara hüquqi qiymət verilməklə) barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.

13. Apelyasiya şikayətində göstərilmişdir ki, Birinci instansiya məhkəməsi Ailə Məcəlləsinin 112.1-ci maddəsinin dispozitiv şərtlərinin movcud olmasını qeyd etsə də bu halı heç bir sübutla əsaslandırılmamışdır. Həmin maddəyə əsasən cavabdehin maddi vəziyyətinin yaxşı olmasını sübut edən hər hansı bir hal mövcud olmalı və ya məşğuliyyəti, yəni əmək fəaliyyəti olmalı idi. İşdən görünür ki, Cavabdeh Abuləli oğlu X6 ilə 07 aprel 2022-ci il tarixdə Şirvan şəhər Qeydiyyat şöbəsində rəsmi nikah münasibətlərinə girmişdir. Onların qeyri rəsmi nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X15 və xx.xx.2017-ci il təvəllüdlü X10 adlı iki uşaqları anadan olmuşdur. Onların buna qədər atalığı müəyyən edilmiş və buna dair onlara müvafiq şəhadətnamə verilmişdir. Onlar hal-hazırda Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 48a, mənzil 12-də yaşayırlar. Bunan başqa xx.xx.2016-cı il təvəllüdlü X11 Şirvan şəhərində yerləşən məktəb-liseyin hq sinifində oxuyur. Bundan başqa iş üzrə Cavabdeh Abuləli oğluna verilmiş arayışdan görünür ki, Cavabdeh Şirvan şəhəri, H.Əliyev küçəsi, ev 48 A, mənzil 12-də qeydiyyatda olmaqla, himayəsində arvadı və 2 azyaşlı uşaqları vardır. Budan başqa Cavabdeh xx.xx.2020-ci il tarixdə Şirvan rayon Məşğulluq Mərkəzində iş axtaran kimi qeydiyyatdadır. Həmin arayış xx.xx.2023-cü ilə kimi qeydiyyatdadır. (Bütün bunları sistemə əlavə edilmiş sənədlərdən görmək olar) İş üzrə iddiaçının öz iddia ərizəsində qeyd etdiyindən də görünür ki, qət edilən və hazırda icra edilməkdə olan aliment borcunu iş üzrə Cavabdeh ödəyə bilmir. Onun üzərinə xeyli borc yığılmışdır. Budan başqa iddia ərizəsinə və iş materiallarına iş üzrə iddiaçı tərəfindən cavabdehin gəlirinin yaxşı olması, şəxsi avtobusu olması, onunla işləyərək yaxşı qazanc əldə etdiyini bildirsə də buna dair heç bir sübut təqdim etməmişdir. Əksinə olaraq iş üzrə cavabdeh iddia tələbinə etiraz təqdim edərək, ikinci dəfə olaraq rəsmi nikah münasibətində olduğunu, ona qədər isə qeyri-rəsmi nikahından 2 azyaşlı uşağının olması və onlara atalıq verdiyini, Rəsulun məktəbli olması, yaşayış, qeydiyyat və ailə tərkibi haqqında arayışı və ən əsası isə iş axtaran kimi rəsmi qeydiyyatda olduğu barədə müvafiq sübutları məhkəməyə təqdim etmişdir. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları məhkəməyə sübut edə bilməmişdir. İş üzrə cavabdeh isə etirazının əsası kimi istinat etdiyi halları məhkəyə yazılı formada sübut kimi təqdim etmişdir. Qeyd edir ki, bütün bunlara baxmayaraq hakim iddiaçının sübutu olmadığı təqdirdə iddianı təmin etməklə, cavabdehin isə sübutlar təqdim etməsinə heç bir hüquqi qiymət vermədən öz formal mülahizələrinə və qanunları sadalamaqla kifayətlənib iddianı tam təmin etmişdir. Həmçinin hakim iddianı qismən təmin etməsi əsasına gəlsə də qət etdi hissəsində yalnışlıqa yol vermiş və ya əvvəlki qətnamə ilə qət edilən aliment 150 manat olduğu təqdirdə işə ötəri baxması nəticəsi olaraq 154 manat kimi göstərməsi bunu deməyə əsas verir.

b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apelyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

c) Proses iştirakçılarının izahatı

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Əhmədova (Gülüşova) Fidan Vidadi qızı nümayəndəsi X4 apellyasiya şikayəti ilə razılaşmayaraq, izahatında əlavə olaraq bildirdi ki, X3 9 yaşı var və uşaq böyüdükcə uşağın xərcləri də artır. Hazırda iddiaçı tərəf uşağın xərclərinin qarşılanmasında çətinlik çəkir. Hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir.

16. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Cavabdehin nümayəndəsi eyni zamanda vəkili Vəkil isə məhkəməyə ərizə göndərərək, apellyasiya şikayətini müdafiə etdiyini və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə kollegiyası işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən maddi hüquq normaları:

17. “Uşaq hüquqları haqqında” Konvensiyanın 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.

18. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.

19. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

20. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

21. Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

22. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarının saxlamdıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.

23. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını xahiş edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

24. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

25. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

Apelyasiya baxışının hədləri

26. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

28. Qətnamədən cavabdeh X13 tərəfindən apelyasiya şikayəti verilərək qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi (yol verilmiş kobud pozuntulara hüquqi qiymət verilməklə) barədə qətnamə qəbul edilməsi xahiş edildiyindən birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə yoxlanılmalıdır.

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası izahatı dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

30. Belə ki, hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.

31. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir.

32. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşağın tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-534/2014 saylı, 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə iddiaçının xeyrinə Cavabdeh hər ay sabit pul məbləğində 150 manat aliment tutulmasını müəyyənləşdirilərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşağa görə müəyyənləşdirilmiş yaşayış minumumu 2022-ci il üçün 193 manat nəzərdə tutulmuşdur.

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşağın böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir.

34. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir.

35. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır.

36. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq alimentin 193 manat müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Maddi vəziyyətinin aşağı olması barədə cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə kollegiya qeyd edir ki, bu hal onu övladının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir.

37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, qətnamədə ilk dəfə tutulmuş alimentin məbləğinin 150 manat əvəzinə 154 manat göstərilməsi texniki yanlışlıq olmaqla qətnamənin ləğv edilməsi üçün təşkil etmir.

38. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsasızdır.

39. Beləliklə məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir.

40. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

41. Həmin Məcəllənin 217.3-cü maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

42. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir.

44. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

45. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

46. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh Abuləli oğlu tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 31 avqust 2022-ci il tarixli, 2(005)- 2189/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün Cavabdeh Abuləli oğlu tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar