Məhkəmə qərarları › İş №2(103)-7236/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7236/2020

23.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7236/2020 23.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 və Cavabdeh Murquz oğlunun iştirakları ilə, buraxılmış prosessual müddətin bərpasından imtina barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Abdullyev, iş № 2(009)-395/2020) Cavabdeh İddiaçı MMC-nin xeyrinə yük daşıma ilə əlaqədar 1830 manat əsas, 500 manat dəymiş əlavə ziyan xərci və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 2360 manat məbləğində pulun tutulması qət edilmişdir. Cavabdeh xx.xx.2020-ci il tarixdə həmin qətnamədən apelyasiya şikayəti vermiş, eyni zamanda buraxılmış prosessual müddətin bərpasını xahiş etmiş və bu barədə ərizə təqdim etmişdir. Cavabdeh müddətin bərpasına dair ərizəsində məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməməsi, işə onun iştirakı olmadan baxılması və qətnamənin mövcudluğundan Binəqədi rayon İcra və Probasiya Şöbəsindən xəbər tutmasını və bununla da apelyasiya şikayəti vermə müddətini üzrlü səbəbdən buraxdığını göstərərək müddətin bərpa olunması barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə prosessual müddətin bərpası barədə ərizə təmin edilməmiş və apelyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Səbail Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadından şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayəti müddətin bərpasına dair ərizə ilə eyni məzmunda əsaslandırmışdır. Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi S.Hüseynzadə şikayəti qəbul etməyərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Birinci instansiya məhkəməsinin mövqeyinə görə cavabdeh tərəfindən Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermək üçün prosessual müddətin üzrlü səbəbdən buraxılması ilə bağlı sübutlar təqdim olunmadığından, buraxılmış prosessual müddətin bərpasına dair ərizə əsasızdır və təmin edilməməlidir. Məhkəmə eyni zamanda ərizəçinin məhkəmə iclasında pandemiya ilə əlaqədar vaxtında şikayət verilməməsi barədə səsləndirdiyi dəlilləri üzrə qeyd etmişdir ki, həmin müddətdə həm məhkəmələr, həm poçt şöbələri işləmiş, bu səbəbdən pandemiya şikayətin vaxtında verilməməsinin üzrlü halı kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 135.1-ci maddəsinə əsasən bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Həmin Məcəllənin 135.2-ci maddəsinə görə məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsinə əsasən bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apelyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 133.1-ci il maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası iş materiallarına əsasən qeyd edir ki, cavabdeh qətnamənin surətini rəsmi qaydada xx.xx.2020-ci il tarixdə qəbzə imza etməklə şəxsən almış və bundan 1 ay 25 gün sonra, yəni xx.xx.2020-ci ildə buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Müddətin bərpası barədə ərizə xx.xx.2020-ci il tarixdə rabitə müəssisəsinə təqdim olunmuşdur. Göründüyü kimi, cavabdeh qətnamədən apelyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürmüşdür. O, müddətin ötürülməsini ölkədə müəyyən edilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar Səbail Rayon Məhkəməsinin qəbul şöbəsinin bağlı olması, sonradan polis əməkdaşının sənədləri poçt vasitəsilə göndərmək lazım olmasını bildirdiyi üçün poçt vasitəsilə məhkəməyə göndərilməsi ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası bir daha qeyd edir ki, poçt şöbəsi pandemiya şəraitində ümumiyyətlə fasiləsiz rejimdə fəaliyyət göstərdiyindən göstərilən səbəb üzrlü hesab edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin iş üzrə xx xxxxxx 2020-ci il tarixli qərardadı həmin şikayətə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar