Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7239/2021 14.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(011)-3035/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı QSC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış kredit razılaşmalarının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada onun xeyrinə 009R********** saylı kredit razılaşması üzrə 6094,89 manat əsas borc, 908.77 manat faiz və 1759,49 manat cərimə borcunun, 009R********** saylı kredit razılaşması üzrə isə 1998,08 manat əsas borc, 348,12 manat faiz və 558,52 manat cərimə borcu olmaqla, cəmi 11667,87 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19.02.2013-cü il tarixli kredit xətti müqaviləsinə və ona 28.08.2017-ci il tarixli əlavə və dəyişiklik haqqında sazişə əsasən Cavabdeh1 174 ay müddətində, 100000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Digər cavabdehlər isə 19.02.2013-cü il tarixli zaminlik müqaviləsinə və ona 28.08.2017-ci il tarixli əlavə və dəyişiklik haqqında sazişə əsasən əsas borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərin icrasına görə bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1, 13.03.2019-cu il tarixli kredit razılaşmasına əsasən, 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.1667% olmaqla ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 10.000 manat kredit götürmüş, lakin ödəmələri dəfələrlə yubatmış və həmin müqavilə üzrə banka 6094,89 manat məbləğində kredit borcu, müqavilə üzrə hesablanmış faiz və cərimə borcu qalmışdır. qalmışdır. 30.10.2019-cu il tarixli kredit razılaşması əsasında isə cavabdehə 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2.0833 faiz olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 2300 manat məbləğində kredit verilmiş, lakin həmin müqavilə üzrə də öhdəlik tam icra olunmamış və cavadehin banka 1998,08 manat kredit borcu, müqavilə üzrə hesablanmış faiz və cərimə borcu qalmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(011)-3035/2021 saylı qətnaməsi ilə (hakim Aygün Həsənova) İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 009R********** saylı və 009R********** saylı kredit razılaşmalarının ləğv edilməsi, cavabdehlərdən müştərək qaydada 009R********** saylı kredit razılaşması üzrə 6094,89 manat əsas, 908.77 manat faiz, 175 manat cərimə borcu, 009R********** saylı kredit razılaşması üzrə 1998,08 manat əsas, 348.12 manat faiz, 55 manat cərimə borcu olmaqla, cəmi 9579,86 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd olunması qət edilmişdir. Cavabdeh1, birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması, iddianın əsas borc saxlanılaraq, faiz və cərimə borcu hissəsində rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini, birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, kredit borcunda gecikmələrin pandemiya şəraiti ilə əlaqədar olması və s. kimi əsaslandırmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən Cavabdeh1 izahatında bildirmişdir ki, apellyasiya şikayətini özü tərtib etməmişdir. Banka olan borcunu ödəməkdən boyun qaçırmır. Şikayət verməkdə məqsədi pandemiya şəraiti əlaqədar maddi vəziyyətində yaranmış çətinliklər nəzərə alınmaqla ona borcunun hissə-hissə ödənilməsində (ayda 50 manat olmaqla) köməklik göstərilməsi ilə bağlıdır. Odur ki, məhkəmə kollegiyasından qeyd olunanların nəzərə alınmasını xahiş edir. İddiaçının nümayəndəsi isə, apellyasiya şikayətini əsassız sayaraq, iddia ərizəsində göstərilənlərə və birinci instansiya məhkəməsində verilmiş izahata uyğun izahat vermiş, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin onlar, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : Qeyd edilməlidir ki, iddia ərizəsi qismən təmin olunmuş, iddiaçı və digər cavabdehlər qətnaməni mübahisələndirməmişlər. Bu səbəbdən də məhkəmə kollegiyası məhz Cavabdeh1 apellyasiya şikayəti həddində birinci instansiya məhkəməsinin qətnaməsinə münasibət bildirərək, hüquqi dəyərləndirmə aparmağı zəruri hesab edir («Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyi). Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sübutlara (kredit, zaminlik müqavilələri və s.) əsasən, «AccessBank” QSC ilə kredit alan Cavabdeh1 arasında bağlanmış 19.02.2013-cü il tarixli, 09L000003471 saylı kredit xətti müqaviləsinə əsasən, bank tərəfindən kredit alana 120 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Həmin tarixdə İddiaçı QSC ilə digər cavabdehlər Cavabdeh2 və Cavabdeh4, 28.01.2014-cü il tarixdə isə Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borclunun kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra edilməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərlərinə götürmüşlər. 28.08.2017-ci il tarixli, 09l000003471S saylı sazişlə kredit xəttinə əlavə və dəyişiklik edilərək kredit xəttinin müddəti 174 ay, məbləği isə 100.000 ABŞ dolları müəyyən edilmiş və müvafiq olaraq zaminlik müqavilələrinə də əlavə və dəyişikliklər edilmişdir. Sözügedən xətt müqaviləsi üzrə 13.03.2019-cu il tarixli, 009R190720483 saylı kredit razılaşmasına əsasən, bank, kredit alana 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,1667 faiz olmaqla 10.000 manat məbləğində kredit vermiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Lakin, əsas borclu öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və 12.01.2021-ci il tarixə 6094,89 manat əsas, 908,77 manat faiz və 1759,49 manat cərimə borcu olmaqla, cəmi 8763,15 manat borcu qalmışdır. 30.10.2019cu il tarixli, 009R********** saylı kredit razılaşmasına əsasən isə, bank, kredit alana 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2,0833 faiz olmaqla 2300 manat məbləğində kredit vermiş və tərəflər arasında ödəniş cədvəli razılaşdırılmışdır. Lakin, əsas borclu öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və 12.01.2021-ci il tarixə 1998,08 manat əsas, 348,12 manat faiz və 558,52 manat cərimə borcu olmaqla, cəmi 2904,72 manat borcu qalmışdır. Göründüyü kimi, Cavabdeh3 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit borcunu ödəməmişdir (cavabdehin özü də bu halı mübahisələndirmir). Cavabdeh apellyasiya şikayətində kredit müqaviləsi üzrə faizlərin və cərimənin düzgün hesablanmamasını göstərsə də, bunun nədə ifadə olunması, ödənişlərinin məbləği ilə tələb olunan borc məbləği arasında uyğunsuzluğun olması və s. bu kimi zəruri halları əsaslandırmamış, etirazının əsası kimi məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir. Belə olan halda, yəni işdə olan sübutlardan (kredit müqaviləsi, maliyyə arayışı, hesabdan çıxarış və s.) kredit borcunun hesablanmasında kredit müqaviləsinin şərtlərinə hər hansı uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Mülki Məcəllənin 739.1-ci və 741-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. MM-nin 445.4-cü maddəsinə görə, icra üçün təqvim günü təyin edildikdə, əgər borclu təyin edilmiş vaxtadək öhdəliyi icra etməzsə, icranı xatırlatmasız gecikdirmiş sayılır. MM-in 462.1-ci və 467-ci maddələrinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz sürətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafelər nəzərə alınır. Göründüyü kimi, cavabdeh apellyasiya şikayətində əsas borcu qəbul etməklə yalnız faiz və cərimə borcu hissədində qətnaməni mübahisələndirilsə də, etirazının əsası kimi istinad etdiyi haları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, kreditin faizlərin ödənilməsi şərti ilə verilməsi tərəflər arasında bağlanmış müqavilədə şərtləndirilmişdir. Eyni zamanda, işdən görünür ki, birinci instansiya məhkəməsi hər iki kredit razılaşması üzrə tələb olunan cərimələri (dəbbə pulunu) MM-nin 467-ci maddəsinə əsasən azaltmış, həmin məbləğlər isə əsas borclara münasibətdə tənasübsüz deyildir. Ona görə də, məhkəmə kollegiyasını cərimələrin daha da azaldılmasını məqsədə müvafiq hesab etmir. Pandemiyanın baş verməsi halı isə özü-özlüyündə cavabdehi müqavilələrlə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etməmişdir. Çünki, pandemiya faktının mövcudluğu özü-özlüyündə tərəflər arasında bağlanmış kredit (borc) müqaviləsi üzrə fors-major hal kimi qiymətləndirilə bilməz. Pandemiyanın baş verməsi cavabdehin müqavilə şərtlərini yerinə yetirmək imkanından tamamilə məhrum etməmiş və ya öhdəliyin icrasını mümkünsüz etməmişdir. Cavabdeh bunun əksini təsdiq edən hər hansı sübutu məhkəmə təqdim edə bilməmiş, etirazını əsaslandırmamışdır. Göründüyü kimi, cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsinin yoxlanılan hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə qanuni və əsaslıdır. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh məhkəmə iclasında verdiyi izahatında apellyasiya şikayətini özü tərtib etmədiyini, əslində iddiaçıya olan borcunu mübahisələndirmədiyini bildirməklə, borcun hissə-hissə icra olunması üçün şərait yaradılmasını xahiş etmişdir. Görünüyü kimi, cavabdeh (əsas borclu) hazırkı vəziyyətdə faktiki olaraq qətnamə ilə tam razılaşmışdır və etirazı borcun hissə-hissə ödənilməsi ilə bağlıdır. Məhkəmə kollegiyası, bununla bağlı qeyd edir ki, cavabdehin maddi vəziyyətinin aşağı olmasına görə borcun hissə-hissə tutulması barədə məsələ MPM-nin 231-ci maddəsinə uyğun olaraq icra icraatı qaydasında öz həllini tapa bilər. Yəni, cavabdeh, iş üzrə məhkəmə qətnaməsi qanuni qüvvəyə mindikdən sonra (icra mərhələsində) qətnamənin hissə-hissə icra edilməsi barədə müstəqil qaydada məhkəməyə müraciət etmək hüququna malikdir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı QSC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbinə dair dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(011)-3035/2021 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 may 2021-ci il tarixli, 2(011)- 3035/2021 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən yoxlanılan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7239/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7239/2021
14.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver