Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7246/2021 13.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı İKB ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(011)-2005/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İKB ASC Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(011)-2005/2021 saylı qətnaməsi ilə (hakim Əminə Abbasova) iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh ondan apellyasiya şikayəti vermiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, MPM-in 360-cı maddəsinin tələbinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göründüyü kimi, qanunverici məhkəmə qətnaməsinə qarşı apellyasiya şikayətinin verilməsi müddətini həmin qərarın rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilməsi imkanını nəzərdə tutmuşdur. İşdə olan məktub, qaimə və xəbərnamə qəbzindən (iş vərəq 44-45) görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsi cavabdehə 03 may 2021-ci il tarixdə rəsmi qaydada təqdim edilmişdir. Həmçinin, işdən görünür ki, birinci instansiya məhkəməsi icra vərəqəsi verərək qətnaməni icraya yönəltmiş, icra məmuru tərəfindən icraata başlanılmışdır. Apellyasiya şikayəti isə 16 iyun 2021-ci il tarixdə birinci instansiya məhkəməsinə təqdim olunmuş, lakin məhkəmə qətnaməni icraya yönəltməsinə baxmayaraq, müddətin ötürülüb-ötürülməməsi məsələsini yoxlamamış, buna əsaslandırılmış qərardadı ilə münasibət bildirməmişdir. Halbuki, apellyasiya şikayətinin müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilməsi MPM-nin 363.1.3-cü maddəsinə əsasən şikayətin qaytarılması üçün əsasdır. Avropa İnsan Hüquqları Məhkəməsinin «Maraqall Eskolano və digərlərinin İspaniyaya qarşı» işi üzrə 25 yanvar 2000-ci il tarixli qərarında qeyd etmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdır. Qeyd edilməlidir ki, qanunla müəyyən edilən prosessual müddətlər işdə iştirak edən şəxslərin hüquq və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını konkretləşdirməyə yönəlmişdir. Bütövlükdə ədalət mühakiməsinin, o cümlədən mülki məhkəmə icraatının qanunauyğun surətdə həyata keçirilməsində prosessual müddətlərin mühüm əhəmiyyəti vardır. Eyni zamanda, apellyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətdə onu verən şəxsin ünvanı göstərilməmişdir. MPM-nin 361.1.2-ci maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin soyadı, adı, atasının adı, iş yeri, yaşayış yeri, yaxud olduğu yer və işdə prosessual vəziyyəti göstərilməlidir. Apellyasiya şikayətində şikayəti verən şəxsin yaşayış yerinin (yaxud olduğu yerin) göstərilməsi, həmçinin məhkəmə sənədlərinin (bildirişlər və s.) lazımi qaydada çatdırılması baxımından xüsusi əhəmiyyət kəsb edir. Həmçinin MPM-in 361.1.4-cü maddəsinin tələbinə görə apellyasiya şikayətində şikayəti verən şəxsin tələbi və işin materiallarına istinad etməklə ərizəçinin qətnaməni düzgün hesab etmədiyi əsaslar göstərilməlidir. Apellyasiya şikayətində isə apellyantın qətnaməni düzgün hesab etmədiyi əsaslar qanunvericiliyin tələblərinə uyğun qaydada göstərilməmiş, lakin birinci instansiya məhkəməsi həmin hala da diqqət etməmişdir. Məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-nin 361 və 363-cü maddəsinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aid olduğundan, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya qeyri-mümkün hesab edilməli, mülki iş şikayətin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı İKB ASC-nin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 17 mart 2021-ci il tarixli, 2(011)-2005/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyrimümkün hesab edilsin. Mülki iş apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7246/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7246/2021
13.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver