Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7251/2022 10.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ (Açar sözlər: kredit müqaviləsi üzrə pul tələbi) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(001)-3855/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:
1. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR3178443A115 saylı kredit müqaviləsinə əsasən borclu Cavabdeh 36 ay müddətinə, illik 27 faiz dərəcəsi olmaqla, 4300 manat məbləğində kredit verilmişdir.
2. Kreditin aylıq ödənişləri 175,55 manat olmaqla xx.xx.2023-cü il tarixə kimi qaytarılması razılaşdırılmışdır.
3. xx.xx.2020-ci il tarixli, BRED3178444A115 saylı kredit kartına dair müqaviləyə əsasən, borclu Cavabdeh illik 25 faiz dərəcəsi ilə 200 manat məbləğində kredit xətti ayrılmışdır.
4. 1 ədəd plastik kart xx.xx.2020-ci il tarixində Cavabdeh tərəfindən qəbul edilmişdir.
5. 13.05.2022-ci il tarixli maliyyə arayışından görünür ki, xx.xx.2020-ci il tarixli, BRED3178444A115 saylı kredit kartına dair müqaviləyə əsasən 84,17 manat məbləğində əsas, 18,57 manat məbləğində faiz, cəmi 102,74 manat, xx.xx.2020-ci il tarixli, GTKR3178443A115 saylı kredit müqaviləsinə əsasən 3524,06 manat əsas, 792,23 manat faiz, cəmi 4316,29 manat, ümumilikdə 4419,03 manat borcu vardır.
6. Cavabdeh tərəfindən müqavilə öhdəlikləri vaxtında icra edilməmiş, nəticədə onun müqavilə üzrə ödənilməmiş borcu qalmışdır.
Birinci instansiya məhkəməsində icraat:
7. İddiaçı ASC Cavabdeh qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə xx.xx.2020-ci il tarixli, BRED3178444A115 saylı kredit kartına dair müqaviləyə əsasən 84,17 manat məbləğində əsas, 18,57 manat məbləğində faiz, cəmi 102,74 manat, xx.xx.2020-ci il tarixli, GTKR3178443A115 saylı kredit müqaviləsinə əsasən 3524,06 manat əsas, 792,23 manat faiz, cəmi 4316,29 manat, ümumilikdə 4419,03 manat borcun və 64,19 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
8. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli, BRED3178444A115 saylı kredit kartına dair müqavilə əsasən, ona illik 25 faiz dərəcəsi ilə 200 manat məbləğində kredit xətti ayrılmış, xx.xx.2020-ci il tarixli, GTKR3178443A115 saylı kredit müqaviləsinə əsasən isə 36 ay müddətinə. İllik 27% dərəcəsi ilə 4300 manat kredit verilmişdir. Kredit müqavilələrinin şərtlərinə əsasən borcalan öz üzərinə müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də, bu öhdəlikləri lazımi qaydada yerinə yetirmir. Cavabdehin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə xx.xx.2020-ci il tarixli, BRED3178444A115 saylı kredit kartına dair müqaviləyə əsasən 84,17 manat məbləğində əsas, 18,57 manat məbləğində faiz, cəmi 102,74 manat, xx.xx.2020-ci il tarixli, GTKR3178443A115 saylı kredit müqaviləsinə əsasən 3524,06 manat əsas, 792,23 manat faiz, cəmi 4316,29 manat, ümumilikdə 4419,03 manat yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq (pretenziya qaydasında həll olunma) cavabdeh tərəfindən borcun qaytarılması təmin edilməmişdir.
9. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli e-2(001)- 3855/2022 saylı qətnaməsi ilə (hakim F.Hətəmzadə) iddia tələbi təmin edilmişdir.
10. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini cavabdehə vermiş, lakin cavabdeh kredit və hesablanmış faizlər hər ay müvafiq olaraq ödənilməli olduğu halda vaxtında ödəniş etməmiş, bununla da müqavilədə nəzərdə tutulmuş öhdəliklərini lazımi qaydada və vaxtında yerinə yetirməmişdir. Nəticədə cavabdehin iddiaçı qarşısında icra edilməmiş pul öhdəliyi yaranmışdır.
11. Məhkəmə öz mövqeyini AR Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445, 448.1, 739.1, 739.2-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2 (001)-3855/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ümumilikdə 4419,03 manat borcun iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsi, qalıq əsas borc və faizin real məbləğinin müəyyən edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, bank tərəfindən əsas və faiz borcu məbləğləri şişirdilmişdir, düzgün hesablanmamışdır, onun banka bu qədər əsas və faiz borcunun qalması mümkün deyildir, məhkəmə tərəfindən isə qeyd edilən amillər araşdırılmamışdır, yalnız iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışı ilə kifayətlənmişdir, iddiaçı tərəfindən tələb edilən borcun düzgün hesablanıbhesablanmaması qətiyyən araşdırılmamışdır, nəticədə düzgün olmayan qətnamə qəbul edilmişdir, onun məhkəmədə işə baxılaraq qətnamə çıxarılmasından məlumatı olmamışdır, bildirişləri almamışdır və bu səbəbdən də işə baxılarkən etiraz təqdim edə bilməmişdir, məhkəmə tərəfindən qeyd edilən faktlar nəzərə alınmamış, ətraflı araşdırma aparılmadan ədalətsiz qətnamə qəbul edilmişdir .
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
16. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
17. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
18. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qətnamənin ümumilikdə 4419,03 manat borcun iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməsinə yöndəldiyindən, apellyasiya baxışının predmetini qətnamənin tam yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
20. 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
21. 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
22. 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
23. 445.2.1-ci maddəsinə əsasən, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
24. 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
AR Mülki Prosessual Məcəlləsi
25. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
26. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya instansiya məhkəməsinin mövqeyi
28. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
29. İşin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, lakin cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddia ərizəsində qeyd edilən məbləğdə ödənilməmiş borcu yaranmışdır.
30. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verərək, onları əsassız hesab edir.
31. Belə ki, cavabdeh apellyasiya şikayətində borc məbləğinin şişirdildiyini, onun iddiada göstərilən məbləğdə borcunun qalmadığını bildirmişdir, lakin hansı əsasla bu nəticəyə gəldiyini, habelə borcun şişirdilməsini birbaşa və ya dolayısı ilə təsdiq edən hər hansı sübutu (məs. ödənişlərin aparılması barədə qəbzləri və s.) məhkəməyə təqdim etməmişdir.
32. Habelə cavabdeh apellyasiya şikayətində məhkəmə bildirişlərini almadığını, bu səbəbdən də məhkəmə iclaslarında iştirak edə bilmədiyinə və etiraz təqdim etmək imkanından məhrum olduğuna istinad etmişdir.
33. Bununla bağlı kollegiya qeyd edir ki, hazırkı iddia tələbinin qiyməti 5000 manatdan az olduğu üçün mülki prosessual qanunvericiliyin tələbinə əsasən (MPM 284-1-ci maddə) sadələşdirilmiş icraat qaydasında (tərəflərin iştirakı olmadan və məhkəmə baxışı keçirilmədən) baxılmış, bu barədə cavabdehə onun qeydiyyatda olduğu və hər iki müqavilədə onun yaşayış yeri kimi göstərilmiş ünvana qanuna uyğun şəkildə bildiriş göndərilməklə məlumat verilmiş, lakin bildiriş cavabdehin həmin ünvanda yaşamaması səbəbi ilə geri qaytarılmışdır. Görünən odur ki, cavabdeh müqaviləni bağladıqdan sonra yaşayış yerini dəyişmiş, lakin bu barədə qarşı tərəfə məlumat verməmişdir.
34. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini işin müəyyən edilən halları əsasında hüquqi cəhətdən qiymətləndirərək onları əsassız hesab edir. Kollegiya bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi işin hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Bu səbəbdən məhkəmənin mübahisə üzrə gəldiyi nəticə işin hallarına və qanunvericiliyin tələblərinə uyğun olmuşdur.
35. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirilən qətnamənin ləğv edilməsi üçün əsas deyildir.
36. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
37. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 17 iyun 2022-ci il tarixli 2(001)-3855/2022 saylı qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.