Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7256/2021 14.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4876/2021 saylı, 09 iyun 2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında qapalı məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə bağlanmış 26.07.2019-cu il tarixli barışıq sazişinin ləğv edilməsi və barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh 13043 ABŞ dolları kredit borcunun və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (iddia tələbi dəqiqləşdirilmişdir). Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4876/2021 saylı, 09 iyun 2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. İddiaçının qeyd edilən qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən şikayətə onların iştirakı olmadan baxılması mümkündür. Məhkəmə kollegiyası mülki işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4876/2021 saylı, 09 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş iddiaya mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Hazırkı işin mübahisə edilməyən hallarından görünür ki, iddiaçı cavabdehə qarşı ilkin olaraq 14036 ABŞ dolları kredit borcunun və işə məhkəmədə baxılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş, tərəflər daha sonra aralarında razılığa gəldiklərindən, Bakı şəhəri 50 saylı notariat ofisində 26 iyul 2019-cu il tarixində borcun cavabdeh tərəfindən ödənilməsinə dair barışıq sazişi imzalanmış, lakin həmin saziş üzrə öhdəliklər cavabdeh tərəfindən icra edilmədiyindən, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Rayon məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1ci maddəsinə əsaslanmaqla iş üzrə icraata xitam vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Rayon məhkəməsi bu qənaətə gələrkən ona əsaslanmışdır ki, tərəflər arasında notarial qaydada müqavilə bağlanmışdır, bu səbəbdən də iddiaçı hazırkı tələblə bağlı məhkəməyə deyil, müvafiq icra qeydinin verilməsi üçün notariat orqanına müraciət etməli idi. Kollegiya qeyd edir ki, iddiaçı hazırkı iş üzrə cavabdehlə bağlanmış 26.07.2019-cu il tarixli barışıq sazişinin ləğv edilməsi və barışıq sazişinin şərtlərinə əsasən Cavabdeh 13043 ABŞ dolları kredit borcun ödənilməsi barədə iddia ərizəsi ilə müraciət etmişdir ki, bu da müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsi ilə bağlı tələb olduğundan məhkəmədə baxılmalı olan tələbdir. Tərəflər arasında müqavilənin notariat qaydasında bağlanması, heç bir halda müavilə öhdəliyini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən tərəfə qarşı pozulmuş hüquqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət hüququnun məhdudlaşdırılması üçün əsas hesab oluna bilməz. Çünki borc müqavilələrinin böyük bir hissəsi notariat qaydasında bağlanır, bu isə həmin müqavilələrdən irəli gələn mübahisələrin məhz məhkəmə qaydasında həll olunmasını şərtləndirir. Göstərilənlərə əsasən, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normaları pozulduğundan şikayət təmin edilməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4876/2021 saylı, 09 iyun 2021-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş mahiyyəti üzrə baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2020-ci il 1 yanvar tarixdən qüvvəyə minmiş) 09 iyul 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259-260, 398, 400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı "xxxx" MMC tərəfindən verilmiş şikayət təmin edilsin. Hazırkı iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4876/2021 saylı, 09 iyun 2021-ci il tarixli qərardadı ləğv edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardad qətidir, qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7256/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7256/2021
14.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver