Məhkəmə qərarları › İş №2(103)-726/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-726/2021

27.01.2021 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi - Mənəvi zərəri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-726/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şirinov Ziya Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X4 və Eyvazov Rafael Əmir oğlundan ibarət tərkibdə, Hacıyev Elvin Ramiz oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X8, Cavabdeh3 İB-nin nümayəndəsi və vəkili X5, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Cavabdeh3 İB-nin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin nümayəndəsi X9 iştirakı ilə, İddiaçı Cavabdeh3 İB-yə (X2 X6 və Cavabdeh3 İB-nin Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi) qarşı “müavinətin, maddi və mənəvi ziyanın ödənilməsi və s.” tələblərinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı, 4500 manat ona ödənilməmiş orta aylıq əmək haqqının beş misli məbləğində müavinətin, xx.xx.2020-ci il tarixdən başlayaraq məhkəmə qətnaməsi icra olunan günə qədər hər günə görə 5 aylıq əmək haqqı məbləğinin (4500 manat) 1 faizi olan 45 manat ödəncin bu müəssisədən tutulmaqla ona ödənilməsi, 2000 manat maddi və 3000 manat mənəvi ziyanın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qeyd edilən qətnaməsi ilə Cavabdeh3 İBdən 3758.75 manat orta aylıq əmək haqqının 5 misli məbləğində müavinətin və mənəzi ziyanın əvəzi olaraq 1000 manatın tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh3 İB, apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddianın rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Şikayətin dəlilləri ondan ibarətdir ki, iddiaçı əmək haqqının 5 mislini almaq üçün “SOCAR-ın və Azərbaycan Neft və X13 Həmkarlar İttifaqı Komitəsinin xx.xx.2009-cu il tarixli 57/06-19Ə nömrəli əmr-qərarla müəyyən edilmiş müddəti (pensiya yaşma çatdığı tarixdən bir ay müddətində) ötürmüşdür. Buna görə də, ona əmək haqqının 5 mislini ödəmək üçün heç bir hüquqi əsas yoxdur. İddiaçı məhkəmə iclasında özü də etiraf etmişdir ki, Ə.Əmirov adına Neft və Qazçıxarma İdarəsinə çağırılmış və ona əmək haqqının 5 misli miqdarında müavinətin düşmədiyi bildirilmişdir. Birinci instansiya məhkəməsi işçinin iradəsinə zidd olaraq əmək müqaviləsinə xitam verilməsini qeyd etsə də, izahatından, təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı könüllü ərizə yazaraq öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmiş, o, xx.xx.2020-ci il tarixdən ona əmək haqqının 5 misli miqdarında müavinətin düşmədiyini bilmiş, lakin xx.xx.2020-ci il tarixli ərizəsinin nəzərə alınmaması, işə davam etməsi ilə bağlı nə yazılı, nə də şifahi şəkildə İdarəyə məlumat verməyərək, işləmək istəməməsinə dair iradəsini göstərmişdir. Həmçinin, xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı onsuz da işləmək istəmədiyini, işdən getmək istədiyini bildirmişdir. Rayon məhkəməsi mənəvi ziyanın təmin edilməsinə dair də heç bir sübuta istinad etmədən, araşdırma aparmadan sadəcə Ali Məhkəmənin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli qərarını qətnaməyə köçürməklə kifayətlənmişdir. Bundan əlavə, ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli, 57/06- 19ə nömrəli əmr-qərarının 4-cü bəndinə və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarına əsasən, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də, bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilməsi barədə müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. İddiaçı isə sözügedən əmr-qərarının tələblərinə uyğun olmadığı üçün onunla müvafiq razılaşma bağlanmamış və güzəştli şərtlərlə əmək pensiyası almaq hüququ 2019-cu ilin noyabr ayından yaranmasına baxmayaraq, o, qəsdən bu hüququndan istifadə etməyərək, işəgötürənə məlumat verməmişdir. Eyni zamanda, məhkəmə cavabdehə qarşı qərəzli mövqe tutaraq hazırki işə obyektiv baxmamışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə keçirilmiş məhkəmə iclasında mütəxəssis Aida Xalıqverdiyeva ona səhhəti ilə əlaqədar həkim tibb komissiyasından keçməsində dəfələrlə köməklik edildiyini bildirdikdə, iddiaçı “onsuzda işləmək istəmədiyini, işdən getmək istədiyini” bildirmişdir. Lakin, iddiaçının dedikləri məhkəmə iclas protokolunda öz əksini tapmamış, protokola qeyd verilsə də, məhkəmə tərəflərin iştirakı olmadan baxıb qeydləri rədd etmişdir. Məhkəmə cavabdehə qarşı qərəzli mövqe tutataq tərəflərin iştirakını bilərəkdən təmin etməmişdir. Əgər tərəflər iştirak etsə idi, qeydlər öz əksini tapacaqdı və məhkəmənin iddianı təmin etmə əsasları şübhə altına alınacaqdır. Həmçinin, İdarənin nümayəndəsi A.Həsənov məhkəmə iclasında demədiyi halda onun adından “işçinin səhlənkarlığı olub, ona görə də ona tənbeh verilib” qeyd edilmişdir. Bu da məhkəmənin cavabdehə qarşı qərəzli olmasını, hazırkı işə obyektiv yanaşmamasını sübut edir. Məhkəmə iclasında iştirak edən cavabdeh və üçüncü şəxsin nümayəndələri, apelyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, şikayətin təmin olunmasını xahiş etdilər. İddiaçının nümayəndəsi isə, apelyasiya şikayətinin dəlillərinə etiraz edərək, təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası, qətnaməni apelyatorun mübahisələndirdiyi hissədə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə şikayətin həddi və dəlilləri ilə bağlıdır. Kollegiya, proses iştirakçılarını dinləyib, apelyasiya şikayətini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, işin müəyyən olunmuş faktiki hallarına görə, 396 saylı əmək müqaviləsinə əsasən, İddiaçı xx.xx.2006-cı il tarixində Cavabdeh3 İB Ə.C.Əmirov adına Neft və Qazçıxarma İdarəsinə neft və qaz hasilatı üzrə operator vəzifəsinə işə qəbul olunmuşdur. Sözügedən İdarə tərəfindən iddiaçıya təqdim edilmiş FH-010/16 saylı, xx.xx.2020-ci il tarixli bildirişdə qeyd olunmuşdur ki, “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” Əmr-Qərara uyğun olaraq xx.xx.2020-ci il tarixdə pensiya yaşı tamam olduğu müddətdən başlayaraq bir ay ərzində rəhbərliyə işdən çıxma barədə ərizə təqdim edəcəyi təqdirdə orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətı ona da şamil olunacağı qeyd edilmişdir. İddiaçı da, xx.xx.2020-ci il tarixli ərizə ilə mürcaiət edərək, yaşa görə təqaüdə çıxmaqla əlaqədar işdən azad edilməsini xahiş etmişdir. Cavabdeh3 İB Ə.C.Əmirov adına NQÇİ-nin xx.xx.2020-ci il tarixli əmr ilə xx.xx.2020-ci il tarixdən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 3cü bəndinə əsasən, yaşa görə təqaüdə çıxması ilə əlaqədar onun əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. Əmrin verilməsinə əsas şəxsi ərizəsi olduğu qeyd edilmişdir. İşdə olan haqq-hesab vərəqələrindən görünür ki, İddiaçı fevral ayında 673.30 manat, mart ayında kompensasiya çıxılsa 828.85 əmək haqqı hesablanmışdır. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti 57 nömrəli, xx.xx.2009-cu il tarixli əmri və Azərbaycan Neft və X13 Həmkarlar İttifaqı Respublika Komitəsinin 06-19ə nömrəli, xx.xx.2009-cu il tarixli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” qərarının 4-cü bəndindən görünür ki, bu əmr-qərar verildiyi tarixdən bir təqvim ayı ərzində, eləcə də bu əmr-qərarın birinci bəndi ilə müəyyən edilmiş vəziyyət barədə işəgötürənin qərarı olduğu tarixdən, bir ay müddətində işçi öz təşəbbüsü ilə əmək müqaviləsinə xitam verilmək üçün müraciət etdikdə, müstəsna hal kimi işəgötürən tərəfindən işçiyə onun orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti ödənilir və əmək müqaviləsinə xitam verilməsi barədə müvafiq razılaşma imzalanır. Həmin əmr-qərarın giriş hissəsində göstərilir ki, bu qərarın qəbul edilməsində və eyni qərara istinadən əmrin verilməsində əsas məqsəd Dövlət Neft Şirkətinin xx.xx.2009cu il tarixli, 38 nömrəli əmri ilə təsdiq edilmiş “ARDNŞ-in 2009-cu il üçün böhrana qarşı tədbirlər proqram”ından irəli gələn vəzifələrin, xüsusilə də “şirkətin müəssisə və təşkilatlarında işçi heyətindən daha səmərəli istifadə etməklə, xərclərin azaldılmasına nail olmaq, mövcud əməyin ödənilməsi sisteminin böhran şəraitinə uyğunlaşdırılınası və bu sahədə olan şirkətdaxili normaların və sənədlərin təkmilləşdirilməsidir. ARDNŞ və ANQSİHİRK xx.xx.2009-cu il tarixli Əmr-Qərarına əsasən xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli qərarı ilə müəyyən olunmuş münasibətlərin tənzimlənməsini təkmilləşdirmək, habelə bəzi anlayışlara aydınlıq gətirmək məqsədi ilə 4-cü bənddə “qərarın olduğu tarixdən” sözlərindən sonra “, habelə xx.xx.2009-cu il tarixdən etibarən qanunvericiliklə müəyyən olunmuş pensiya yaşına çatdıqda” sözlərinin əlavə edilməsi qərara alınmışdır. Göründüyü kimi, işəgötürən ARDNŞ-nin və ANQSİHİRİK-nin 22.04. 2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarının 4-cü bəndinə və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarına istinad edərək, iddiaçıya bir ay ərzində işdənçıxma barədə ərizə təqdim edəcəyi təqdirdə orta aylıq əmək haqqının beş misli məbləğində işdənçıxma müavinətinin ona da şamil olunacağını bildirmiş, iddiaçı da bununla razılaşaraq, işdən çıxma barədə ərizə yazmış və işəgötürənin müvafiq əmri ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. Lakin əmək haqqının beş misli məbləğində işdənçıxma müavinəti iddiaçıya ödənilməmişdir. Hazırda iddiaçı, sözügedən işdənçıxma müavinətin və onun ödənilməməsi nəticəsində dəymiş maddi və mənəvi zərərin ödənilməsini tələb edir və bildirir ki, müavinətin ona şamil olunmayacağı təqdirdə onun işdən çıxmaq fikri olmamış, yalnız işəgötürənin müvafiq bildirişindən sonra müavinət almaq şərtilə əmək münasibətlərinə xitam verilməsi ilə razılaşmışdır. Cavabdeh isə, iddiaçının pensiya yaşının əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənə müraciət etdiyi tarixdən xeyli müddət əvvəl tamam olduğunu, buna görə də tələb etdiyi işdənçıxma müavinətinin ona şamil olunmadığını bildirir. Kollegiya mübahisənin hüquqi həlli ilə bağlı bildirir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.1-69.3-cü və 69.7-ci maddələrinə əsasən, işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. İşçi yaşa, əlilliyə görə əmək pensiyasına çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi gün əmək müqaviləsi ləğv edilə bilər. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır. Məhkəmə kollegiyası, bu normanın tələblərini baxılan işin hallarına tətbiq edərək hesab edir ki, cavabdeh tərəfindən işdənçıxma barədə ərzə ilə müraciət edəcəyi təqdirdə ona bununla bağlı müavinətin veriləcəyi barədə iddiaçıya xx.xx.2020-ci il tarixli yazılı bildiriş verildikdən və iddiaçının buna arxayın olaraq işdənçıxma barədə ərizə yazaraq, onunla bağlanmış əmək müqaviləsinə xitam verildikdən sonra cavabdehin işdənçıxma müavinətinin ödənilməsindən imtina etməsi arxayın salınmış əvvəlki rəftara zidd hərəkət olmaqla hüquqi baxımdan yol verilməzdir. Çünki, iddiaçının öz ərizəsi ilə işdən çıxmaq arzusunun yaranması məhz cavabdeh tərəfindən belə bir məzmunda bildirişin verilməsi ilə bağlı olmuşdur. Belə olan halda, cavabdeh tərəfindən vəd edilən müavinətin ödənilmədiyi təqdirdə onun işdən çıxarılması həqiqi iradəsinə uyğun olmadığından, əmək müqaviləsinə ƏM-nin 69.3-cü maddəsinə əsasən xitam verilməsi də normanın məqsədi baxımından ədalətli hesab edilə bilməz. Cavabdeh, xx.xx.2020-ci il tarixli bildirişin iddiaçıya buna məsul işçinin səhvi nəticəsində təqdim olunduğunu, əslində isə iddiaçının ARDNŞ-nin və ANQSİHİRİK-nin xx.xx.2009-cu il tarixli 57/06-19ə nömrəli “ARDNŞ-də işçilərin əməyinin ödənilməsinin təkmilləşdirilməsi haqqında” əmr-qərarının 4-cü bəndinə və həmin əmr-qərarına dəyişiklik edilməsi haqqında 112/07-22Ə nömrəli, xx.xx.2009-cu il tarixli əmr-qərarının tələblərinə uyğun gəlmədiyini bildirsə də, Kollegiya cavabdehin bu dəlilləri ilə razılaşmır. Ona görə ki, işəgötürənin özünün (və ya işçisinin) səhvi nəticəsində işçidə yaranmış təəssürat yalnış olsa belə, işçinin həqiqi vəziyyəti bilmədiyi istənilən halda əsaslı hesab edilir və bunun nəticəsində işçini əlverişsiz vəziyyətə salan hər hansı hərəkət yolverilməzdir. Cavabdeh, eyni zamanda xx.xx.2020-ci il tarixdə iddiaçıya sözügeədən bildiriş təqdim olunduqdan sonra, həmin bildirişin hüquqi əsasının olmaması barədə akt tərtib olunduğunu və bu barədə iddiaçıya məlumat verildiyini bildirsə də, Kollegiya, cavabdeh təşkilatın öz işçiləri tərəfindən tərtib olunmuş xx.xx.2020-ci il tarixli aktı bu halın təsdiq olunması üçün mötəbər və kifayətedici dəlil hesab etmir. Çünki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, X1rşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər. Odur ki, birinci instansiya məhkəməsinin cavabdeh tərəfindən iddiaçıya işdənçıxma müavinətinin ödənilməli olması barədə gəldiyi qənaət əsaslıdır. Bununla belə, Kollegiya hesab edir ki, iddiaçıya ödənilməli olan işdən çıxma müavinətinin məbləğinin hesablanması mühasibatlıq sahəsində xüsusi bilik tələb etdiyindən rayon məhkəməsinin bu funksiyanı müstəqil şəkildə öz üzərinə götürməsi doğru olmamışdır. Ona görə də, əmək haqqının beş misli məbləğində işdən çıxma müavinətinin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsi cavabdeh təşkilatın mühasibatlığının üzərinə qoyulmalıdır. İddia tələbinin “mənəvi zərərin ödənilməsi” hissəsi ilə bağlı isə məhkəmə kollegiyası bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya”nın müddəaları və X11 Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyriəmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Hazırkı mənəvi zərərin ödənilməsi tələbinə də bu baxımdan yanaşaraq, Kollegiya, hesab edir ki, cavabdehin qeyd olunan qanunsuz hərəkətləri nəticəsində iddiaçının işdən çıxması, lakin vəd edilən müavinətin ödənilməməsi faktı özü-özlüyündə onun psixoloji sarsıntı və iztirab keçirməsi, buna müvafiq ona mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir. Belə olan halda, rayon məhkəməsinin iddiaçıya mənəvi zərər dəyməsi barədə gəldiyi nəticə əsaslıdır. Kollegiya, mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun xx xxxxxx 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan, Kollegiya, iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsini nəzərə alaraq, hesab edir edir ki, Cavabdeh3 İB-dən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 500 manat məbləğində pul tutulmalıdır. Qeyd olunanlara əsasən, Kollegiya bu qənaətə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilərək, birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh3 İB-dən iddiaçının xeyrinə tutlan işdənçıxma müavinətinin və mənəvi zərərin məbləğinin müəyyən edilməsi hissələrində ləğv olunmalı, həmin hissələrdə iddia qismən təmin edilərək, işdənçıxma müavinətinin məbləğinin hesablanması cavabdeh təşkilatın mühasibatlığına həvalə edilməli, mənəvi zərərin əvəzi kimi isə 500 manat məbləğində pul tutulmalı, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.2-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərə əsasən və MPM-in 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh3 İB-nin apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1297/2020 saylı iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi “cavabdehdən iddiaçının xeyrinə tutlan işdənçıxma müavinətinin və mənəvi zərərin məbləğinin müəyyən edilməsi” hissələrində ləğv olunsun, həmin hissələrdə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh3 İB tərəfindən orta aylıq əmək haqqının beş misli məbləğində işdən çıxma müavinəti hesablanaraq (özünün mühasibatlığı tərəfindən) ödənilsin. Cavabdeh3 İB-dən İddiaçı xeyrinə vurulmuş mənəvi zərərin əvəzi kimi 500 (beş yüz) manat məbləğində pul tutulsun. Qətnamə baxılan qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar