Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-726/2022 11.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı maddi zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(001)-2422/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona vurulmuş maddi zərərin əvəzi qismində 10000 manat məbləğində pulun nəğd şəkildə ona ödənilməsi və ya vurulmuş zərərin cavabdeh tərəfindən aradan qaldırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçının vəsatəti ilə əsl olmayan Cavabdeh əsl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, Binəqədi rayonu Xocəsən Bələdiyyəsinin 19 iyul 2004-cü il tarixli 78 saylı qərarına əsasən Sulutəpə qəsəbəsinin R.Allahverdiyev küçəsi, döngə 1 ünvanında ayrılmış 600 kv.m torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi inşa edilmiş və evin ətrafı mişar daşı ilə hasarlanmışdır. Hasarlanmış ərazi Cavabdeh ("xxxx" MMC) ilə qonşuluqda yerləşir. 2019-cu ildə şirkətin ərazisində aparılmış torpaq-qazma işləri nəticəsində hörgüdə istifadə olunmuş daş hasarın 17 metrlik hissəsində 60 kv.m sahədə döşəmə daşı dağıdılmış, 8 ədəd meyvə ağacı kökündən çıxarılmış, təsərrüfat təyinatlı yardımçı tikili istifadəyə yararsız hala salınmış, nəticədə iddiaçıya maddi zərər vurulmuşdur. Bununla bağlı cavabdeh şirkətə 11 avqust 2020-ci il tarixli pretenziya məktubu ünvanlayaraq uçurulmuş hasarın bərpa edilməsi və ya ona vurulmuş 10000 manat məbləğində maddi zərərin əvəzinin ödənilməsi xahiş edilmişdir. Lakin şirkət tərəfindən hər hansı tədbir görülməmişdir. Cavabdeh tərəf iddia ərizəsinə yazılı etiraz verərək bildirmişdir ki, iddiaçının cavabdehə qarşı hazırkı iddianı irəli sürməyə subyektiv hüququ yoxdur. Belə ki, iddia tələbi Xocəsən Bələdiyyəsinin 19 iyul 2004-cü il tarixli 78 saylı qərarı, beh müqaviləsi və onun adına Zakir İbrahimov tərəfindən verilmiş 11.02.2004-cü il tarixli etibarnamə ilə əsaslandırılmışdır. Həmin sənədlərin əsilləri və yaxud notarial qaydada təsdiqlənmiş surətləri məhkəməyə təqdim edilməmişdir. Bundan əlavə iddiaçıya hansı ziyanın dəyməsi və həmin ziyanın məhz cavabdeh tərəfindən vurulması barədə iş materiallarında mötəbər sübutlar yoxdur. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(001)- 2422/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 3370 manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin tam rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinə yazılı etirazın məzmununa uyğundur. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayənəsi apellyasiya şikayətinə uyğun izahat verərək şikayətin təmin edilməsini, iddiaçı isə apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, iş mаtеriаllаrını аrаşdırаrаq hеsаb еdir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli, 2(001)-2422/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı Əvəzli X2 rayonu Xocəsən Bələdiyyəsinin 19 iyul 2004-cü il tarixli 78 saylı qərarına əsasən Sulutəpə qəsəbəsinin R.Allahverdiyev küçəsi, döngə 1 ünvanında ayrılmış 600 kv.m torpaq sahəsində inşa edilmiş fərdi yaşayış evinin titul sahibidir. Həmin torpaq sahəsi Xocəsən Bələdiyyəsinin 19 iyul 2004-cü il tarixli, 78 saylı qərarına əsasən X1 ayrılsa da, sonuncu ona ayrılmış torpaq sahəsini 11 fevral 2014-cü il tarixli etibarnamə ilə İddiaçı vermişdir. Mülki qanunvericilikdə daşınmaz əmlakın bu qaydada satılması nəzərdə tutulmasa da, işin faktiki hallarına əsasən həmin torpaq sahəsinin üzərində inşa edilmiş fərdi yaşayış evinin faktiki olaraq İddiaçı məxsus olması müəyyən edilmişdir. Mübahisə predmeti olan torpaq sahəsi iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq onun istifadəsində və sahibliyində olduğundan iddiaçının hazırkı tələblə məhkəməyə müraciət etməyə subyektiv hüququ vardır. İş materiallarında olan sübutlarla "xxxx" MMC tərəfindən su anbarının bünövrə çalasının qazıntısı zamanı yaxınlıqda yerləşən fərdi yaşayış evinə təhlükə yaranması, torpaq sürüşməsinin baş verməsi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi zamanı keçirilmiş ekspertiza tədqiqatında dağıntı olan ərazidə fotoşəkillər çəkilməklə iddiaçıya suvaq, sadə torpaq, qara torpaq, aqlay döşəmə, metal qaz borusu, kanalizasiya trapı və boruları, kabel və projektor, şam ağacı, tut ağacı, əncir ağacı, heyva ağacı, ərik ağacı, əzgil ağacı, qırqovul, toyuq, su, əlavə xərclərə görə cəmi 5325 manat zərər vurulması müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi 45 ədəd qırqovul, 50 ədəd toyuğun məhv olması, habelə su və əlavə xərclərə görə 1955 manat məbləğində zərər vurulmasının iş materialları ilə təsdiq olunmaması nəticəsinə gələrək həmin məbləği müəyyən olunmuş 5325 manat ziyan məbləğindən çıxmış və cavabdeh tərəfindən iddiaçıya vurulmuş ziyanın məbləğini 3370 manat müəyyən etmişdir. İddiaçı həmin məbləğlə razılaşaraq qətnamədən apellyasiya şikayəti verməmişdir. Beləliklə, cavabdeh tərəfindən iddiaçının sahibliyində və istifadəsində olan əmlaka zərər vurulması iş materialları ilə sübuta yetirilmişdir. İddia tələbi ilə bağlı məhkəmə aşağıdakı hüquq normalarına istinad etməyi zəruri hesab edir: Mülki Məcəllənin 152.8-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələblərinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 14.2.-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməklə mübahisənin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla qətnamənin ləğv edilməsinə əsas vermir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti 5000 manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh "xxxx" MMC-nin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2(001)- 2422/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(103)-726/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-726/2022
11.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver