Məhkəmə qərarları › İş №2(103)-7261/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7261/2020

08.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7261/2020 08.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi və məruzəsi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, cavabdeh “xxxxxxxxxx” ASC-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh “xxxxxxxxxx” ASC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3242/2018 saylı, xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh “xxxxxxxxxx” ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən əmlakına dəymiş 50.000 manat maddi zərər, avtomobilin dayanacaqda saxlanılması xərci kimi 9240 manat və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 59270 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “E” kateqoriyalı sürücülük vəsiqəsi olmadığından mübahisəli avtomobili idarə etmək üçün müvafiq etibarnamə əsasında Vidadi Xəlilova verib. xx.xx.2016-cı il tarixdə avtonəqliyyat hadisəsi baş verdikdən sonra qaydalarda nəzərdə tutulmuş müddət ərzində baş vermiş qəza barədə cavabdehə məlumat verib. Cavabdehin tələbi üzrə qəzanın baş verməsinə dair yol polisinin müvafiq protokolunu və avtomobilin şəkillərini ona təqdim edib. Dəymiş zərərin ödənilməsi barədə müraciətinə cavabdeh imtina cavabı verilib. Cavabdeh sığorta ödənişindən imtina olunması üçün əsaslandığı 2.0.7, 5.3, 5.4 və 17.1.1.2-ci maddələr Sığorta Qaydalarında yoxdur. Yalnız həmin Qaydaların 3.12-ci bəndində göstərilir ki, nəqliyyat vasitəsi qanunvericiliyə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə olunduğu zaman dəyən zərərlər ödənilmir. Vidadi Xəlilovun avtomobili idarə etmək üçün şəhadətnaməyə əsasən səlahiyyəti olmasa da, qanunvericiliyə əsasən tam səlahiyyəti olub. Ona görə imtina əsassızdır. Sığorta olunarkən avtomobili idarə etmək üçün müvafiq “E” kateqoriyalı sürücülük vəsiqəsinin olmadığını cavabdehə bildirib. Cavabdeh qanunvericilikdə nəzərdə tutulmuş müvafiq etibarnamə əsasında avtomobilin idarə edilməsini kifayət hesab edib. Vidadi Xəlilova avtomobili idarə etməyi qanunvericilikdə nəzərdə tutulmuş müvafiq etibarnamə əsasında verib. Eyni zamanda avtomobil qəzadan sonra hazırkı günədək Türkiyə Respublikasında dayanacaqda saxlanılmaqdadır, oraya borcu yaranıb. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3242/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, avtomobilə dəymiş ziyana görə 46381 manat sığorta ödənişinin və ödənilmiş dövlət rüsumunun 24 manatının cavabdehdən alınaraq iddiaçıya verilməsi, iş üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri olan 120 mantın 24 manatının İddiaçı, 96 manatının isə “xxxxxxxxxx” ASC-dən tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yol-nəqliyyat hadisəsi baş verdiyi zaman mübahisəli avtomobili idarə edən Vidadi Xəlilovun adı iddiaçı ilə bağlanmış sığorta şəhadətnaməsinə əsasən, avtomobili idarə etmək hüququ olan şəxslər siyahısında yoxdur. X5 ilə razı olduğunu imzası ilə təsdiq edib. Şəhadətnaməyə əsasən sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxslər tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə halda sığorta ödənişi verilmir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-14621/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilərək iddia tələbi təmin edilməmiş, həmçinin ekspertiza tədqiqatının əvəzi qismində 120 manatın İddiaçı tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2639/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş və işə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılmışdır. Təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdeh şirkətin nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, Ali Məhkəmənin mövqeyinə uyğun izahat vermişlər. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx xxx 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. Kollegiya ilk növbədə qeyd edir ki, hazırkı halda işə yeni apellyasiya qaydasında baxılır və bu zaman apellyasiya instansiyası məhkəməsinin iş üzrə əvvəlki qətnaməsini ləğv etmiş kassasiya məhkəməsinin mövqeyi nəzərə alınmalıdır. Belə ki, Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə görə kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin əvvəlki qətnaməsini o əsasla ləğv etmişdir ki, “...Azərbaycan Respublikası MM-nin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Ümumiyyətlə sığortanın mahiyyəti ondan ibarətdir ki, əmlak sahibi əmlakının məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin ödənilməsi üçün müəyyən sığorta haqqı ödəmək müqabilində özünü təminatlandırır. Müqavilə bağlanarkən aydın olmayan və yaxud şübhəli görünən təminata görə ödənişin aparılması məntiqsizdir. İşin mübahisəsz halı ondan ibarətdir ki, iddiaçı sığorta müqaviləsi bağlayarkən onun həmin yük avtomaşınını idarə etməyə səlahiyyət verən kateqoriyadan olan sürücülük vəsiqəsi olmamışdır. Bunu qarşı tərəf də bilirdi və avtomaşını sığorta etməyə görə heç də az olmayan məbləğdə-4845 manat sığorta haqqı almışdı. Yük avtomaşını onu idarə etmək, yük daşımaq üçün sığortalanır, iddiaçının həmin avtomaşını eksponat kimi saxlamaq barədə fikirləri yox idi. Ona görə İddiaçının avtomaşını ondan başqa digər şəxslərin idarə edə bilməməsi barədə sığorta təşkilatı ilə razılığa gəlməsi məntiqsizdir və onun əsl iradəsinə uyğun deyil. Bundan başqa, müqaviləyə diqqət yetirsək həmin müqailədə bir-birini istisna edən çoxmənalı bəndlərə rast gəlmək olar. Beləki, Müqavilədə sığortalanan şəxs kimi X8 göstərilmişdir. Müqavilənin məzmununu oxuyanda həmin avtomaşını məhz sığortalı şəxsin idarə edəcəyi birmənalı istisna olunur. Belə ki, sığorta şəhadətnaməsinin məzmununda deyilir ki, avtomobilin kommersiya məqsədi ilə istifadəsi istisna olmaqla, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək səlahiyyəti verilmiş şəxsin yaşı 21-dən aşağı və ya sürücülük təcrübəsi 1 ildən az olduqda 2000 manat şərtsiz azadolma tətbiq olunacaq. Digər bənddə deyilir ki, avtomobilin kommersiya məqsədi ilə istifadəsi istisna olmaqla, sığorta hadisəsi sığortalanmış avtomobili idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində baş verdikdə 2000 şərtsiz azadolma tətbiq ediləcək. Adi qaydada yuxarıda qeyd olunan şərtlərlə tanış olan şəxsin gəldiyi ilk qənaət ondan ibarət olar ki, avtomaşını digər şəxslər idarə edə bilər, lakin sürücünün yaşı 21-dən az olarsa, sürücülük təcrübəsi 1 ildən az olarsa, və yaxud hadisə onun günahından baş verərsə şərti azad olma məbləği 2000 manat olacaq. Deməli bu şərtlər qadağan etmir ki, avtomaşını digər şəxslər idarə edə bilər. Bu qadağalar sığortalıya şamil oluna bilməzdi, çünki sığorta müqaviləsi bağlayanda sığorta şirkəti bilirdi ki, sığortalının həmin avtomaşını idarə etməyə hüququ yoxdur, eyni zamanda müqavilə bağlayanda onun artıq 36 yaşı vardı. Deməli həmin şərtlər avtomaşını qanuni əsaslarla digər şəxslərin idarə etməsi üçün nəzərdə tutmuşdu. Bir halda ki, şəhadətnaməyə görə avtomaşının başqa şəxs tərəfindən idarə olunmasına razılıq verilmirdi, onda həmin şərtlərin də müqaviləyə salınmasına zərurət yox idi. Müqavilənin başqa şərtində deyilir ki, nəqliyyat vasitəsi qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilən zaman baş verən zərərlər sığorta təminatına daxil deyildir. Şəhadətnamənin “qeyd” hissəsindəki başqa bənddə yazılmışdır ki, avtomobil şəhadətnamədə sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxslər tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə halda sığorta ödənişi verilməyəcək. Göründüyü kimi şəhadətnamədə zidiyyətli məqamlar var, bir tərəfdən sığorta şirkəti sığortalı kimi ancaq sığorta olunanı tanıdığını deyir, eyni zamanda həmin müqavilədə avtomaşının digər şəxslər tərəfindən idarə olunması imkanlarını ehtiva edən bəndləri müqaviləyə daxil edir, onlara görə şərtsiz azadolma qaydaları müəyyən edir və sonda qeyd hissədə ziddiyyətli fikir yazaraq avtomaşını sığortalıdan başqa digər şəxsin idarə edəcəyi halında sığorta məbləği ödəməyəcəyini bildirir. Müqavilənin ziddiyyətli bəndləri onu təklif edənin ziyanına yozulmalıdır. Çünki sığorta şirkəti əmlakı sığorta etməklə gəlir götürən təşkilatdır. Müqavilə bağlanmasını təklif edən, onu reklam edən şirkətdir. O, daha geniş sığorta xidmətləri təşkil etməklə bazarda qazanc əldə edir. İddiaçı avtomaşını sığorta etdirməklə xeyli vəsait ödəmiş, onun təminatı olmayan şəhadətnaməyə görə həmin məbləğdə pul ödəməsi ağalbatan deyil və iradəsini ifadə edə bilməzdi.”. Məhkəmə kollegiyası iş materiallarını bu kontekstdə araşdıraraq hesab edir ki, apellyasiya şiakyəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. İşin müəyyən edilmiş hallarına əsasən İddiaçı (bundan sonra – iddiaçı) ilə «xxxxxxxxxx» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – cavabdeh) arasında xx.xx.2015ci il tarixdə MB********** saylı sığorta şəhadətnaməsinin təsdiq olunması yolu ilə sığorta müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən, iddiaçıya məxsus “DAF FTCF85430” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı yük maşını (bundan sonra – mübahisəli avtomobil) sığorta dəyəri 55000 manat, sığorta məbləği 55000 manat, sığorta haqqı 1045 manat olmaqla sığortalanmışdır. Şəhadətnaməyə əsasən, sığorta riski avtokasko, şərtsiz azadolma məbləği 1000 manat, xarici ölkələr ərazisində qismi zərər halında 1000 manat əlavə şərtsiz azadolma məbləği, sığorta müddəti xx.xx.2018-ci ilədək müəyyən edilmişdir. Şəhadətnamənin “Qeyd” hissəsinin 5-ci abzasında qeyd edilmişdir ki, avtomobilin şəhadətnamədə sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxslər tərəfindən idarə edilməsi halında dəyən zərər sığorta təminatına daxil deyil və belə halda sığorta ödənişi verilməyəcəkdir. İddiaçı müqaviləni imzalayarkən, həmçinin sığorta şəhadətnaməsini və “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta Qaydalarını” aldığını və onunla tanış olduğunu, bütün şərtlərini qəbul etdiyini təsdiq etmişdir. İddiaçı ilə “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında xx.xx.2016-cı il tarixli, 14/497 saylı, mübahisəli avtomobilin iştirakı ilə beynəlxalq yükdaşımaların təşkilinə dair müqavilə bağlanmış, sonuncu tərəfindən X3 etibarnamə verilmişdir. xx.xx.2016-cı il tarixdə Vidadi Xəlilov avtomobil ilə Türkiyə Respublikasına yük apararkən Ordu şəhərində avtonəqliyyat hadisəsi baş vermiş və avtomobilə zərər dəymişdir. İş materiallarında olan X11 Kuşatmer və Ort. tərəfindən verilmiş arayışa əsasən, sözügedən avtomobilə dəymiş ziyanın ümumi məbləği 55255 ABŞ dolları təşkil edir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2016-cı il tarixli, AS-16/1476 nömrəli məktubla bildirilmişdir ki, avtomobil şəhadətnamədə sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxs tərəfindən idarə edildiyi üçün “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə Sığorta Qaydaları”nın 2.0.7, 5.3, 5.4, 17.1.1.2 və 23.1.1-ci maddələri və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 935.1.8-ci maddəsinə əsasən hadisə ilə bağlı sığorta ödənişinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 883.1-ci maddəsinə əsasən, sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. Həmin Məcəllənin 922-ci maddəsinə görə, sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.Sığorta hadisəsi hesab edilən hadisələr və hallar icbari sığorta üzrə icbari sığorta qanunvericiliyində, könüllü sığorta üzrə isə tərəflərin razılaşması əsasında sığorta müqaviləsində müəyyən edilir.Sığorta hadisəsi baş vermə ehtimalına və (və ya) təsadüfilik əlamətlərinə malik olmalıdır. Adı çəkilən Məcəllənin926.1-ci maddəsinə görə, sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır; 925.3-cü maddəsinə əsasən isə, sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə, zərərin miqdarının qiymətləndirilməsi sığorta qanunvericiliyinin tələbləri nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır. İşin müəyyən olunmuş hallarına əsasən İddiaçı məxsus olan “DAF FTCF85430 YÜK” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobil «xxxxxxxxxx» ASC tərəfindən xx.xx.2015-ci tarixdə 55.000 manat məbləği həddində sığortalanmış, sığorta riski avtokasko, şərtsiz azadolma məbləği 1.000 manat, xarici ölkələr ərazisində qismi zərər halında şərtsiz azadolma məbləğindən əlavə 1.000 manat şərtsiz azadolma məbləği, sığorta müddəti xx.xx.2018-ci ilədək müəyyən edilmişdir. xx.xx.2016-cı il tarixdə X1 Elman Rasim oğluna məxsus olan “DAF FTCF85430” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə etdiyi zaman Türkiyə Respublikasının Ordu şəhərində avtonəqliyyat hadisəsi baş vermişdir. Hadisə baş verdikdən sonra müvafiq dövlət orqanına və «xxxxxxxxxx» ASC-yə məlumat verilmiş və sığorta ödənişinin verilməsi xahiş edilmişdir. «xxxxxxxxxx» ASC tərəfindən baş vermiş hadisə ilə bağlı İddiaçı sığorta ödənişinin verilməsindən xx.xx.2016-cı il tarixli məktubla avtomobilin şəhadətnamədə sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxs tərəfindən idarə edilməsi əsas gətirilərək imtina edilmişdir. Kollegiya cavabdehin sığorta ödənişinin verilməsindən imtina edilməsinə əsas kimi göstərdiyi avtomobilin şəhadətnamədə sığorta olunan kimi göstərilən şəxslərdən başqa digər şəxs tərəfindən idarə edilməsi barədə mövqeyini əsassız hesab edir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404-cü maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Tərəflər arasında bağlanmış sığorta müqaviləsində sığortalanan şəxs kimi X8 göstərilmişdir. Müqavilənin məzmununu oxuyanda həmin avtomaşını məhz sığortalı şəxsin idarə edəcəyi birmənalı istisna olunur. Beləki, sığorta şəhadətnaməsinin məzmununda deyilir ki, avtomobilin kommersiya məqsədi ilə istifadəsi istisna olmaqla, yolnəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək səlahiyyəti verilmiş şəxsin yaşı 21-dən aşağı və ya sürücülük təcrübəsi 1 ildən az olduqda 2000 manat şərtsiz azadolma tətbiq olunacaq. Digər bənddə deyilir ki, avtomobilin kommersiya məqsədi ilə istifadəsi istisna olmaqla, sığorta hadisəsi sığortalanmış avtomobili idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində baş verdikdə 2000 şərtsiz azadolma tətbiq ediləcək. Həmçinin iddiaçı sığorta müqaviləsi bağlayarkən onun həmin yük avtomaşınını idarə etməyə səlahiyyət verən kateqoriyadan olan sürücülük vəsiqəsi olmamışdır. Bunu qarşı tərəf də bilirdi və avtomaşını sığorta etməyə görə heç də az olmayan məbləğdə-4845 manat sığorta haqqı almışdı. Göründüyü kimi, yük avtomaşını onu idarə etmək, yük daşımaq üçün sığortalanmışdır. Ona görə İddiaçının avtomaşını ondan başqa digər şəxslərin idarə edə bilməməsi barədə sığorta təşkilatı ilə razılığa gəlməsi məntiqsizdir və onun əsl iradəsinə uyğun deyil. Beləki, sığorta şəhadətnaməsinin məzmununda deyilir ki, avtomobilin kommersiya məqsədi ilə istifadəsi istisna olmaqla, yol-nəqliyyat hadisəsi baş verən zaman avtomobili idarə etmək səlahiyyəti verilmiş şəxsin yaşı 21-dən aşağı və ya sürücülük təcrübəsi 1 ildən az olduqda 2000 manat şərtsiz azadolma tətbiq olunacaq. Digər bənddə deyilir ki, avtomobilin kommersiya məqsədi ilə istifadəsi istisna olmaqla, sığorta hadisəsi sığortalanmış avtomobili idarə edən şəxsin yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını pozması nəticəsində baş verdikdə 2000 şərtsiz azadolma tətbiq ediləcək. Deməli bu şərtlər qadağan etmir ki, avtomaşını digər şəxslər idarə edə bilər. Bu qadağalar sığortalıya şamil oluna bilməzdi, çünki sığorta müqaviləsi bağlayanda sığorta şirkəti bilirdi ki, sığortalının həmin avtomaşını idarə etməyə hüququ yoxdur, eyni zamanda müqavilə bağlayanda onun artıq 36 yaşı vardı. Deməli həmin şərtlər avtomaşını qanuni əsaslarla digər şəxslərin idarə etməsi üçün nəzərdə tutmuşdur. Bundan başqa müqavilənin başqa şərtində deyilir ki, nəqliyyat vasitəsi qanunvericiliklə və ya şəhadətnaməyə əsasən səlahiyyəti olmayan şəxs tərəfindən idarə edilən zaman baş verən zərərlər sığorta təminatına daxil deyildir. Göründüyü kimi, müqavilənin bir-birinə zidd olan bir neçə bəndi vardır. Mülki Məcəllənin 419.2-ci maddəsinə əsasən isə müqavilənin standart şərtləri təfsir edilərkən rast gəlinən bütün qeyri-müəyyənliklər, onları özündə əks etdirən şərtlərin müqaviləyə daxil edilməsini təklif etmiş tərəfin ziyanına (əleyhinə) təfsir edilir. Göstərilənlənləri ümumiləşdirərək kollegiya qeyd edir ki, iddiaçının avtomobili idarə etmək üçün «B» kateqoriyası olmuş, onun yük avtomobilini və yarımqoşquları idarə etmək hüququ olmamışdır, sığorta şəhadətnaməsində isə sığorta olunan qismində yalnız İddiaçı göstərilmişdir. Belə olan halda onun sığorta olunan avtomobili idarə etməyəcəyi məlumdur, o, mülkiyyətçi kimi avtomobili idarə etməyi başqa şəxslərə etibar etmək hüququna malikdir. Sığorta növü isə kasko sığortadır, hazırki halda isə avtomobilə zərər dəymişdir. Ona görə də kolelgiya mübahisə barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Zərərin məbləği ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin təyin etdiyi ekspertiza rəyinə əsasən sığortalı İddiaçı məxsus olan “DAF FTCF85430 YÜK” markalı, **-XJ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa işlərinin dəyəri 48.381 manat müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsi də haqlı olaraq zərərin məbləğini həmin ekspert rəyinə əsasən müəyyən etmişdir. Mülki Prosessual Məcəllənin 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə isə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunmalıdır. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 3242/2018 saylı, xx xxxxxx 2018ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği cavabdehin özünə aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar