Məhkəmə qərarları › İş №2(103)-7263/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7263/2021

17.08.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7263/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(005)-758/2021 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 200000 manat məbləğində pul və dövlət rüsumu kimi ödədiyi 30 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu keçmiş X1 ərazində yerləşən 3 hektar torpaq sahəsi 29 dekabr 1995-ci il tarixli icarə müqaviləsi əsasında əvvəllər iddiaçının qaynatası Mirqələm Davudovun, daha sonra isə həyat yoldaşı Qubad Davudovla iddiaçının faktiki sahiblik və istifadəsində olmuşdur. Qaynatası 2007-ci ildə, həyat yoldaşı isə 2017-ci ildə vəfat etmişdir. Mərhum həyat yoldaşı torpağın sənədləşdirilməsinə köməklik göstərilməsi üçün Cavabdeh müraciət etmiş, həyat yoldaşı ilə cavabdeh torpaq sahəsinin Saray qəsəbəsində yerləşən 2,30 hektar və 0,70 hektarının cavabdehin adına sənədləşdirilərək satılması və əldə olunan pulun bölünməsi barədə razılığa gəlmişlər. 2007-ci ildə torpaq sahələri 2,30 ha və 0,70 olmaqla cavabdehin adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmışdır. Cavabdeh torpaq sahələrini satmağa başlamış, lakin onlara düşən payı verməmişdir. Cavabdeh 0,70 ha torpaq sahəsinin satışından 100000 manat gəlir əldə etmişdir. Belə olan halda cavabdeh cəmi 3 hektar torpaq sahəsinin satışından 400000 manatdan çox gəlir əldə etmişdir. Cavabdehlə aralarında olan razılaşmaya əsasən o, həmin torpaq sahələrinin satışından əldə olunacaq pulun yarı hissəsi olan 200000 manatı onlara ödəməli olsa da, vədinə əməl etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(005)- 758/2021 qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında bildiriş göndərilməsinə baxmayaraq iş üzrə cavabdeh məhkəmə iclasına gəlmədiyindən, Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, mübahisələndirilən qətnamə iddiaçının apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İş materiallarından görünür ki, iddiaçı mərhum qaynatası və mərhum ərinin faktiki sahibliyində olmuş 3 hektar torpaq sahəsinin cavabdehlə qarşılıqlı razılığa əsasən Cavabdeh adına sənədləşdirilməsi, torpaq sahəsinin satışından əldə olunacaq pulun bölünməsi barədə aralarında razılaşma olması, Cavabdeh torpaq satışından 400000 manatdan çox gəlir əldə etməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Cavabdeh tərəf iddia müddətinin tətbiq olunması barədə məhkəməyə ərizə vermişdir. İddia əsassız olduğuna görə birinci instansiya məhkəməsi iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair məhkəməyə heç bir sübut təqdim etmədiyindən, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməkdə haqlı olmuşdur. MPM-in 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 385.2, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 mart 2021-ci il tarixli 2(005)- 758/2021 qətnaməsi iddiaçının apelyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar