Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7268/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Sadıqov Vahid Nəriman oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X6, İddiaçının nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(004)-3188/2022 saylı qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi İşin halları: Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 26, mənzil 96-nın mətbəx hissəsində su xətti sıradan çıxdığından axan su alt mərtəbədə yerləşən İddiaçı məxsus 95 nömrəli mənzilə axmışdır. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh X3 qarşı maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 onun xeyrinə vurulmuş maddi ziyanın əvəzi kimi 1000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat, cəmi 1030 (min otuz) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 26 saylı evin 95 nömrəli mənzili xüsusi mülkiyyətindədir. Həmin binanın 96 nömrəli mənzili onun mənzilinin üst mərtəbəsində yerləşir və cavabdehə məxsusdur. xx.xx.2021-ci il tarixdə o, mənzilində olarkən səhər saatlarında 09:15 radələrində yataq otağının tavanından döşəməyə su axması səsini eşidib dərhal həmin otağa keçmişdir. Bu zaman o, həmin otağın, balkonun, mətbəxin və hamamın tavanından və divarlarından üst qonşudan su axdığını görmüşdür. O dərhal yuxarı mərtəbəyə qalxıb mənzilin sakinlərinə xəbər etmiş və oradan ona bildirmişlər ki, mətbəxdə olan paltaryuyan maşına gedən su borusu deşilib və su axmağa başlayıb. Mənzilə daxil olan su kranının bağlanmasına baxmayaraq paltaryuyan maşınına gələn borudan su dayanmamış, saat 12:00 da “Azərsu" ASC-nin qəza xidməti gəlib mənzildə paltaryuyan maşına gedən su borusunu bağlamışdır. Məhkəmənin nəzərinə çatdırır ki, cavabdehin səhlənkarlığı nəticəsində mənzilindən onun mənzilinə su axıdılması nəticəsində mənzilinin tavan, divar və döşəməsi istifadəyə yararsız vəziyyətə düşmüşdür. Hesab edir ki, ona məxsus əmlaka ziyan cavabdehin təqsiri, hüquqa zidd əməlləri nəticəsində vurulmuşdur və cavabdeh həmin ziyanla bağlı mülki-hüquq məsuliyyəti daşıyır. Cavabdehin təqsiri üzündən mənzilinə su axıdılması nəticəsində ona dəymiş zərər təxminən 1000 manat təşkil edir. Hesab edir ki. cavabdeh mənzilinə çəkilən xərci ödəməkdən qəsdən boyun qaçırdığıdan ondan mənzilinin tavanı, divarları və döşəməsinin təmiri üçün dəymiş 1000 manat maddi zərər məhkəmə qətnaməsi ilə tutulub ona ödənilməlidir. İşə məhkəmədə baxılan zaman iddiaçının nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, iş üzrə əsl olmayan cavabdeh X2 əsl olan Cavabdeh ilə əvəz edilməsini xahiş etmiş və məhkəmənin xx.xx.2022-ci il tarixli qərarı ilə protokola (yerində müşavirə edilməklə) qeyd edilməklə iş üzrə əsl olmayan cavabdeh X2 əsl olan Cavabdeh ilə əvəz edilmişdir. Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(004)- 3188/2022 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh su axıntısı nəticəsində dəymiş maddi zərərə görə 921 (doqquz yüz iyirmi bir) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manatın Cavabdeh tutularaq X5, Kod 210005, VÖEN **********, müxbir hesab AZ 41 NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi mövqeyini Mülki Məcəllənin 21.1, 21.2, 1097.1, 1115-ci maddələri ilə əsaslandıraraq, göstərmişdir ki, ünvan 1 ünvanda yerləşən və cavabdehə məxsus 96 saylı mənzildən suyun sızması müəyyən edilmişdir. Cavabdeh yaşadığı mənzildən su sızmasına yol verdiyi üçün iddiaçının mənzilinə maddi ziyan vurmuşdur. Cavabdeh törətdiyi deliktə görə iddiaçının qarşısında mülki məsuliyyət daşıyır və iddiaçı ona dəyən zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır. Dəymiş zərərin məbləğinə dair məhkəmə qeyd etmişdir ki, bu məsələ iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspetizasının rəyinə uygun olaraq müəyyən edilməli və rəydə göstərilən məbləğ cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İş üzrə təyin edilmiş ekspertizaya əsasən iddiaçının mənzilinin tikililərində yaranmış qüsurların aradan qaldırılması üçün görülməli təmir işlərinin təqribi dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 921 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunan qətnamədən narazı qalan iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, cavabdehdən su axıntısına görə 2500 manat pulun tutularaq ona verilməsi, hakimin maddi və prosessual hüquq normalarını pozmasına görə barəsində xüsusi qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, mənzilə su axıdılması halı məhkəmə tərəfindən təsdiq olunsa da, əsassız olaraq ekspert rəyinə görə ona 950 manat məbləğində ziyan dəyməsi qənaətinə gəlmişdir. Ekspert tərəfindən dəymiş ziyan düzgün hesablanmamışdır. Belə ki, evə dəymiş ziyanın miqdarını 1000 manat qeyd etsələr də, onlara smetada qeyd ediləndən əlavə 1500 manat civarında ziyan dəymiş, ona görə də məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını və smetadan əlavə 1500 manat ziyanın cavabdehdən tutulmasını xahiş etmişdir. Məhkəmənin qətnaməsi maddi və prosessual hüquq normalarının pozuntusu ilə çıxarıldığından ləğv edilməli, cavabdehdən su axıdılmasına görə 2500 manat pul tutularaq ona ödənilməlidir. Belə ki, qətnamə qəbul edən məhkəmənin bazar qiymətlərindən xəbəri belə olmamışdır. O, məhkəmənin iclasında hakimə hazırda bazarda kafeli kvadratmetrinin 35 manatdan yuxarı olmasını onun usta tərəfindən vurulmasına görə isə kafelin alış qiymətinə görə usta haqqı almasını bildirsə də, hakim həmin hallara əhəmiyyət verməmiş, yalnız əsassız ekspert rəyi əsasında qətnamə qəbul etməklə ona faktiki olaraq vurulmuş ziyanı tam hesablamamış və nəticədə qanunun tələbini pozmaqla qəbul edilmiş qətnamə ona vurulmuş ziyanın tam ödənilməməsi ilə nəticələnmişdir. Məhkəmənin iclasında hakimə mövcüd qanunun tələbinə uyğun olaraq iddia tələbinin artırılmasının mümkün olduğunu və ona vurulmuş faktiki ziyanın smetaya əlavə olaraq 1500 manat olmasını bildirir, ziyanın həmin qaydada hesablanmalı olmasını bildirsə də, hakim ona ekspert rəyi ilə işlədiyini və rəyə əsasən qətnamə qəbul edəcəyini bildirdi. Beləliklə, qətnamə qəbul edilərkən ona vurulmuş ziyan tam ödənilməməsi qət edildiyindən AR MM-nin 21-ci maddəsinin tələbləri pozulmuşdur. Cavabdeh tərəfindən məhkəməyə qeyri-qanuni akt edilmişdir. Belə ki aktda 96 saylı mənzilin sahibi kimi qeyd edilən şəxs X9 tərəfindən tərtb edilmiş, halbuki məhkəməyə onun tərəfindən təqdim edilmiş sənədlərdən göründüyü kimi qeyd olunan mənzilin sahibi X4 olmuş, lakin hakim tərəfindən qeyd olunan hallar da nəzərə alınamış, qanuna uyğun qeyri-qanuni və hüquqi tələblərə cavab verməyən kağız parçasını təqdim edən şəxslərin hərəkətlərinə hüquqi qiymət verilməmişdir. Qanunun tələbindən göründüyü kimi ekspert rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilməlidir. Lakin, yuxarıda qeyd etdiyi kimi məhkəmə tərəfindən işin faktiki halları araşdırılmamış, yalnız işin hallarına və bazar qiymətinə uyğun olmayan ekspert rəyinə istinad edərək qətnamə qəbul etməklə prosessual hüququ normalarını pozmuşdur. Məhkəmə kollegiyası qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməli idi. Ona görə də hesab edir ki, iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun olmamaqla, qanunu və əsaslı olmadığından qətnamə ləğv edilməlidir Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafə edərək təmin edilməsini xahiş etmişdir. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasında iştirak etmədiyindən məhkəmə kollegiyası işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apellyasiya baxışının hədləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə apellyasiya baxışının hədləri birinci instansiya məhkəməsinin qətnaməsinin təmin edilməyən hissəsində yoxlanılmasını təşkil edir. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tətbiq edilən hüquq Mülki Məcəllə: 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1115-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoya bilər. Mülki Prosessual Məcəllə: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 53-cü maddəsinə əsasən iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Məhkəmə kollegiyasının mövqeyi
Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək, hesab edir ki, aşağıdakılara əsasən apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli və iş üzrə qəbul olunmuş birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin araşdırılan hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, 26 saylı evin 95 nömrəli mənzili iddiaçının xüsusi mülkiyyətindədir. İddiaçı həmin binanın onun mənzilinin üst mərtəbəsində yerləşən və cavabdehə məxsus 96 nömrəli mənzilindən cavabdehin səhlənkarlığı nəticəsində mənzilindən onun mənzilinə su axıdılması nəticəsində mənzilinin tavan, divar və döşəməsi istifadəyə yararsız vəziyyətə düşməsini ,cavabdehin təqsiri üzündən mənzilinə su axıdılması nəticəsində ona dəymiş zərər təxminən 1000 manat təşkil etməsini göstərərək iddia ərizəsində maddi ziyan kimi vurulmuş ziyanı 1000 manat məbləğində tələb etmişdir. 5 saylı MKİS-nin xx.xx.2021-ci il tarixli aktından görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsi, ev 26, mənzil 96-nın mətbəx hissəsində su xətti sıradan çıxdığından axan su alt mərtəbədə yerləşən 95 nömrəli mənzilə axmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 10/207 saylı rəyindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Z.Əliyeva küçəsində yerləşən 26 nömrəli evin, 95 saylı mənzildə su sızması nəticəsində yaranan qüsurların aradan qaldırılması üçün yerinə yetiriləcək təmir tikinti işlərinin orta bazar qiymətlərinə uyğun dəyəri təqribən 921 manat məbləğində müəyyən edilmişdir. İş materiallarından həmçinin görünür ki, iddiaçı birinci instansiya məhkəməsinin iclasında ekspert tərəfindən dəymiş ziyan düzgün hesablanmamasını bildirmiş, bu fikrini onunla əsaslandırmışdır ki, evə dəymiş ziyanın miqdarını 1000 manat qeyd etsələr də, ziyanın əsl məbləği 1500 manat civarındadır. Mənzilin hazırki qiymətlərlə təmiri üçün onun tərəfindən smeta tutulmuş və həmin smetaya əsasən 1500 manat xərc tələb olunur. İş materiallarında olan iddiaçı tərəfindən tərtib edilmiş, özünə həkim olaraq məxsus olan adı, soyadı və atasının adı qeyd edilmiş möhürü ilə təsdiq edilmiş, 28 may 2022-ci il tarixinə düzəliş edilərək 28 iyun 2022-ci il tarixi göstərilən, «Ekspertiza smetasına iddiaçı bildirişi» adlanan sənəddən görünür ki, iddiaçı 4 bənddən ibarət hüquqi əsaslı əlavələri ekspert smetasına daxil edilməsini xahiş etmişdir. həmin sənəddə iddiaçı ekspertin smeta dəyəri olan 921 manatın üzərinə 1620 AZN məğləğinin, beləliklə də smetanın yekun dəyəri olan 2541 AZN-nin bildirişdə göstərilən bank hesabına köçürülməsini xahiş etmişdir. Məhkəmə kollegiyası MPM-nin 218-ci maddəsinin tələbləri baxımından hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının verdiyi tələblər üzrə qətnamə çıxararaq iddianı haqlı olaraq qismən təmin etmişdir. Belə ki, işin materiallarından görünür ki, iddiaçının birinci instansiya məhkəməsində prosesinin gedişində Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə uyğun olaraq iddia tələbinin artırılması və ya dəqiqləşdirilməsi ilə bağlı hər hansı müraciəti olmamışdır. Apellyasiya şikayətində apellyator hakimin buna maneə olduğunu göstərsə də, məhkəmə kollegiyası hesab edir ki, bu fikir mülahizə xarakteri daşımaqla həqiqətə uyğun və inandırıcı görünmür. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının ekspert rəyi ilə razılaşmadığı təqdirdə əsaslandırılmış vəsatəti əsasında təkrar ekspertiza təyin edilməsini xahiş etmək hüququndan istifadə etməmişdir. Belə vəsatət olmadığı halda apellyatorun işin hallarına və bazar qiymətinə uyğun olmayan ekspert rəyinə istinad edərək qətnamə qəbul etməklə prosessual hüququ normalarını pozmasına dair dəlili əsaslı sayıla bilməz. Həmçinin də məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə, əsassızlığına görə ekspertin rəyi ilə razılaşmadıqda, ilkin məhkəmə ekspertizasının rəyi kifayət qədər aydın olmadıqda, ekspert qarşısında qoyulmuş sualları tam həll etmədikdə və ya tədqiqət aparılan obyektlərə dair əlavə suallar yarandıqda, aparılmış tədqiqatın və ya rəy bölgüsünün aradan qaldırılması üçün əlavə məhkəmə ekspertizası təyin edilməsi və onun aparılması həmin ekspertə və ya başqa ekspertə həvalə edilməsi həm “Dövlət məhkəmə ekpertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsi, həm də Azərbaycan Respublikası MPM-nin 102-ci maddəsində nəzərdə tutulsa da, hazırki iş üzrə iddiaçı ekspertin rəyinin əsassız kifayət qədər aydın və ya tam olmamasna dair məhkəməyə heç bir sübut növləri təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyator cavabdehdən ekspert rəyində göstəilən məbləğlə birlikdə 2500 manat tutulmalı olmasına dair özünün tərtib etdiyi və özünə həkim olaraq məxsus olan möhürlə təsdiq etdiyi «Ekspertiza smetasına iddiaçı bildirişi» adlanan sənəddə göstərilənlər həm təkrar ekspertiza təyin edilməsinə, həm də bu sənədin nəzərə alınmaması əsası ilə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvinə hüquqi əsas yaratmır. Belə ki, qanunvericiliyə əsasən ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Hazırki iş üzrə isə araşdırma zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən, ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair dəlillər ehtimal xarakterli olduğundan, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq həmin rəyi hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilərək qiymətləndirmiş və iş üzrə əsaslı nəticəyə gəlmişdir. Beləliklə də, apellyatorun əsassız ekspert rəyi əsasında qətnamə qəbul etməklə ona faktiki olaraq vurulmuş ziyanı tam hesablamamış və nəticədə qanunun tələbini pozmaqla qəbul edilmiş qətnamənin vurulmuş ziyanın tam ödənilməməsi ilə nəticələnməsinə dair dəlilləri heç bir sübutla təsdiqini tapmamışdır və apellyator birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsinə səbəb ola biləcək hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən məhkəmə kollegiyası apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilməlidir. Qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384, 392, 393 və 405ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 14 iyul 2022-ci il tarixli, 2(004)-3188/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatorun özünə aid edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Vahid Sadıqov