Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7270/2022 22.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2(004)-2755/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9877,33 manat əsas, 3665,54 manat faiz borcu borcunun, həmçinin ödənilmiş 131 manat dövlət rüsumunun tutulması və 14 avqust 2019-cu il tarixli kredit müqaviləsinin ləğv olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 14 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən cavabdehə 36 ay müddətinə, illik 23 faizlə 12000 manat məbləğində kredit verilmişdir. Həmin müqaviləyə 30 iyul 2020-ci il tarixli əlavə razılaşmaya əsasən kredit müqaviləsi üzrə borc restrukturizasiya olunmuş, kredit müddəti 3 ay müddətinə uzadılmış və borcun ödənilməsi qaydasına güzəştlər tətbiq edilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə əldə etdiyi vəsaiti və ona hesablanmış faizləri müqavilə ilə müəyyən edilmiş şərtlərlə banka qaytarmağı öz öhdəsinə götürmüş, lakin öhdəliklərini lazımınca yerinə yetirməmiş və bunun nəticəsində onun həmin müqavilə üzrə banka borcu yaranmışdır. Kredit borcunun qaytarılması barədə cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər olunmasına baxmayaraq, kredit borcu və ona hesablanmış faizlər qaytarılmamışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2(004)- 2755/2022 saylı qətnaməsi ilə (hakim Təhminə Xəlilova) iddia təmin olunmuş, tərəflər arasında bağlanmış 14 avqust 2019-cu il tarixli kredit müqaviləsi ləğv edilmiş, Cavabdeh 9877,33 manat əsas, 3665,54 manat faiz, cəmi 13542,87 (on üç min beş yüz qırx iki manat səksən yeddi qəpik) manat borcun və 131 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması qət olunmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini - birinci instansiya məhkəməsinin qətnaməsinin əsassız olması, maddi və prosessual hüquq normalarının pozulması, işə onun iştirakı olmadan baxılması, kredit borcunun düzgün hesablanmaması, maddi çətinliyi üzündən pandemiya dövründə kredit ödənişlərində gecikmələrin yaranması, lakin bank tərəfindən ona güzəşt olunmaması, faizlərin dayandırılmaması və s. kimi əsaslandırmış, məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə baxışında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, cavabdeh kredit borcunun düzgün hesablanmamasını, faizlərin şişirdilməsini və s. göstərsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Əksinə, kredit müqaviləsindən, ona əlavədən və ödəniş cədvəlindən görünür ki, kredit borcunun hesablanmasında hər hansı uyğunsuzluq və şişirdilmə olmamışdır. Cavabdeh məqsədi işi uzatmaq, kredit borcunun ödənilməsindən yayınmaqdan ibarətdir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə rəsmi qaydada məlumat verilmiş, lakin cavabdeh məhkəmə iclasına gəlməmişdir. Bu səbəbdən də, məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR : MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Məhkəmə kollegiyası, məruzəçi hakimin məruzəsini və izahatı dinləyib, iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, qətnamə apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmalıdır. İlkin olaraq qeyd edilməlidir ki, tərəflər arasında 14 avqust 2019-cu il tarixli kredit müqaviləsinin bağlanması, həmin müqaviləyə əsasən cavabdehə 36 ay müddətinə, illik 23 faizlə 12000 manat məbləğində kredit verilməsi, sonradan bağlanmış 30 iyul 2020-ci il tarixli razılaşmaya əsasən kreditin müddətinin 15 avqust 2022-ci il tarixdən etibarən 3 ay müddətinə uzadılması, həmçinin 14 may 2020-ci il tarixdən etibarən 6 ay müddətində müəyyən güzəştlərin tətbiq edilməsi, buna baxmayaraq öhdəliyin cavabdeh tərəfindən lazımınca icra olunmaması işin mübahisə olunmayan hallarıdır. Cavabdeh apellyasiya şikayətində kredit borcunun qalıq məbləğini mübahisələndirmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişdir. Əksinə işdə olan sübutlardan (kredit müqaviləsi, ödəniş cədvəli və s.) açıq-aşkar görünür ki, iddiaçının məhkəməyə müraciət etdiyi vaxta (2022-ci ilin aprel ayı) cavabdehin kredit borcu iddia olunan məbləğlərdən az olmamışdır. Bununla yanaşı, təqdim olunmuş hesabdan çıxarışdan da görünür ki, cavabdehin sonuncu ödənişi 23 sentyabr 2020-ci il tarixdə, cəmi 200 manat olmuş, sonradan hər hansı ödəniş həyata keçrilməmişdir. Cavabdeh isə bunun əksini təsdiq edən hər hansı sübutu təqdim etməmişdir. Belə olan halda isə, məhkəmə kollegiyası borcun dəqiqləşdirilməsi üçün müvafiq ekspertizanın təyin olunmasını zəruri hesab etmir (ekspertizanın təyin olunması üçün real əsaslar mövjud olmalı, təqdim olunmuş sübutlarla tələb olunan məbləğ arasında uyğunsuzluq müəyyən edilməli və s.). Əksinə bu hal məhkəmə icraatının əsassız uzadılması və ləngidilməsi ilə nəticələ bilər. Eyni zamanda, yuxarıda da qeyd edildiyi kimi, işdə olan sübutlardan da kredit borcunun hesablanmasında kredit müqaviləsinin və ona əlavə razılaşmanın, həmçinin ödəniş cədvəlinin şərtlərinə hər hansı açıq-aşkar uyğunsuzluğun mövcudluğu müşahidə olunmur. Cavabdeh, həmçinin maddi vəziyyəti (pandemiya və s.) ilə bağlı kredit borcunun ödənilməsində çətinliklərinin yarandığını göstərmiş ki, lakin həmin hal da özü-özlyündə onu müqavilə ilə üzərinə götürdüyü öhdəliklərin icrasından azad etmir. Bununla yanaşı, cavabdeh apellyasiya şikayətində işə onun iştirakı təmin olunmadan baxılmasını göstərsə də, işdən görünür ki, cavabdehə məhkəmə iclaslarının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilmiş (həm ünvan üzrə bildiriş göndərilməklə, həm də SMS məlumatlandırılmaqla), lakin cavabdeh hər hansı üzrlü səbəb olmadan məhkəmə iclasılarında iştirak etməmişdir (işdə olan xəbərnamədən də görünür ki, cavabdeh bildirişi almışdır). Beləliklə, cavabdeh etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişdir. Halbuki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MM-in 739-cu maddəsinin tələbinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. MM-in 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası, həmçinin qeyd etməyi zəruri hesab edir ki, müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir. Banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir («Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cü il tarixi Qərarı). «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə görə, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vermə hüququndan sui-istifadə edilmiş hesab edirsə, qəbul olunmayan elan edilə bilər. MPM-in 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 385.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası işin faktiki hallarını və qanunvericiliyin qeyd edilən normalarını nəzərə alaraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla, qətnamənin ləğvinə əsas ola bilməz. Şərh edilənlərə əsasən və MPM-in 372, 382, 384.0.1, 393 və 405.0.1ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçı ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsinin ləğv edilməsi və borcun tutulması” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 16 avqust 2022-ci il tarixli, e-2(004)-2755/2022 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-2755/2022 saylı, 16 avqust 2022-ci il tarixli qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 02 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7270/2022
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7270/2022
22.11.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver