Məhkəmə qərarları › İş №2(103)-7273/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7273/2020

16.10.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7273/2020 16.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən cavabdehin verdiyi apellyasiya şikayətinə əsasən işə, iddiaçının iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehə qarşı “alimentin artırılması tələbi barədə” iddia ərizəsi ilə Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh ilə onun birgə nikahından doğulmuş övladının – xx.xx.2016-ci il təvəllüdlü Aylinin yetkinlik yaşına çatana kimi saxlanılması üçün Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi (İş № 2(011)- 4738/2019) ilə cavabdehdən onun xeyrinə tutulması qət olunmuş sabit pul məbləğində ifadə olunmuş alimentin məbləğinin artırılaraq 170 manat müəyyən edilməsi və bundan başqa, uşağın müalicəsi üçün əlavə xərc olaraq 150 manat məbləğində pulun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdehdən iddiaçının xeyrinə 160 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Nəzərə alınmalıdır ki, bazar qiymətləri artır və Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 170 manat məbləğində müəyyən edilmişdir. Ona görə də, alimentin məbləği artırılaraq 170 manat olmalıdır. Bundan başqa, uşağın səhhətində problemlər var. Uşağa “kəskin respirator virus infeksiyasının ağır forma” və “febril qıcolma” diaqnozu qoyulmuşdur. Uşağın müalicəsi əlavə xərclər tələb edir. Uşağın müalicəsi ilə əlaqədar iddiaçının çox xərci çıxır, bəzən dərmanları almağa pulu olmur. Buna görə də, cavabdeh əlavə xərclərə cəlb edilməli və uşağın müalicəsi üçün ondan iddiaçının xeyrinə hər ay əlavə olaraq 150 manat məbləğində pul tutulmalıdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün, cavabdehdən, alimentin yeni məbləğdə tutulması barədə qətnamə qüvvəyə mindiyi tarixdən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən xx.xx.2016-cı il təvəllüdlü Aylinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulan alimentin məbləğinin dəyişdirilərək, hər ay 170 manat sabit pul məbləğində müəyyən edilməsini, uşağın müalicəsi ilə əlaqədar cavabdehdən əlavə xərc olaraq hər ay 100 manat məbləğində pulun tutulmasını, qalan hissədə iddianın təmin edilməməsini qət etmişdir. Cavabdeh həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, cavabdehdən uşağın xəstəliyi ilə əlaqədar hər ay 100 manat pulun tutulması hissəsində ləğv edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Rayon Məhkəməsinin qətnaməsi uşağın xəstəliyi ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb edilməsi hissəsində qanunsuz və əsassızdır. Belə ki, uşaq bir neçə dəfə stasionar qaydada müalicə alsa da, uşaqda heç bir xroniki xəstəlik yoxdur. İşə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh isə apellyasiya baxışına gəlməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki, qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Apellyasiya baxışının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz etdi və Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin əsaslarına uyğun izahat verdi. Məhkəmə hazırki iş üzrə apellyasiya baxışının hədləri ilə bağlı qeyd edir ki, iddia tələbi qismən təmin olunsa da, iş üzrə iddiaçı Rayon Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş cavabdeh isə 170 manat sabit pul məbləğində alimentin tutulması hissəsində Rayon Məhkəməsinin gəldiyi nəticə ilə razıdır, lakin uşağın müalicəsinə görə ondan iddiaçının xeyrinə 100 manat əlavə xərcin tutulması ilə bağlı nəticəni mübahisələndirir. Məhkəmə bildirir ki, MPM-nin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Odur ki, qeyd edilənləri nəzərə alan Məhkəmə Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin mübahisələndirilməyən hissəsinin əsaslılığını yoxlamamışdır. Hazırki iş üzrə apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə, apellyasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və apellyasiya baxışının predmeti olan hissədə iddia təmin edilməməlidir. Belə ki, işin mübahisəsiz halları ondan ibarətdir ki, iş üzrə tərəflərin bir övladı var: xx.xx.2016-ci il təvəllüdlü Aylin. Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsindən (İş № 2(011)- 4738/2019) görünür ki, uşağın yetkinlik yaşına çatana kimi saxlanılması üçün hazırki iş üzrə cavabdehdən hazırki iş üzrə iddiaçının xeyrinə 160 manat sabit pul məbləğində alimentin tutulması qət olunmuşdur. İddiaçı tərəfindən Rayon Məhkəməsinə təqdim edilmiş tibbi sənədlərdən görünür ki, uşaq müxtəlif tarixlərdə stasionar müalicədə olmuş və ona “kəskin respirator virus infeksiyasının ağır forma”, “febril qıcolma” və “kəskin bronxit” diaqnozu qoyulmuşdur. İddiaçı, qeyd edilənə əsaslanaraq cavabdehin əlavə xərcə cəlb edilməsini xahiş edir. Cavabdeh isə bildirir ki, onun əlavə xərcə cəlb edilməsi üçün əsas yoxdur. Göründüyü kimi, uşağın müalicəsi ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb edilməsi məsələsi iş üzrə tərəflər arasında mübahisə doğurur. Mübahisənin və apellyasiya şikayətinin dəlilləri ilə bağlı Məhkəmə bildirir ki, Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Ailə Məcəlləsinin 75.1.-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Məcəllənin 81-ci maddəsinə görə, alimentin tutulması barədə saziş olmadıqda (hazırkı iş üzrə tərəflərin arasında da alimentin tutulması barədə saziş mövcud deyil) və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər (maddə 81.1.). Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur (maddə 81.2.). Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər (maddə 81.3.). Yuxarıda qeyd edildiyi kimi, iş materiallarına əlavə edilmiş sənədlərdən uşağın “kəskin respirator virus infeksiyasının ağır forma”, “febril qıcolma” və “kəskin bronxit” diaqnozu ilə müalicə alması müəyyən edilsə də, Məhkəmə hesab edir ki, Ailə Məcəlləsinin 81.3-cü maddəsinə görə bu hal cavabdehin - atanın əlavə xərclərin ödənilməsinə cəlb edilməsinə əsas ola bilməz, çünki həmin maddənin tələbinə əsasən, məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Lakin iş üzrə iddiaçı bu kimi xərclərin onun tərəfindən artıq çəkilmiş olduğunu və ya bu kimi xərcləri qarşılamalı olmasını təsdiq edə biləcək sübutları (məsələn: xərclərin ödənilməsi ilə bağlı edilmiş ödənişləri təsdiq edən kassa çeklərini və ya müalicənin (əməliyyatın) həyata keçirilməsi üçün əvvəlcədən ödənilməsi zəruri olan xərclər barədə ödənişli tibb müəssisəsinin müvafiq arayışını) məhkəmələrə təqdim etməmişdir. Halbuki, MPM-nin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan Məhkəmə hesab edir ki, sübuta yetməyən tələb əsaslı hesab edilə və təmin oluna bilməz. Göründüyü kimi, apellyasiya baxışının predmeti olan hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və işin hallarına uyğun gəlmir. Rayon Məhkəməsi həmin hissədə maddi hüquq normasını düzgün tətbiq etməmişdir. MPM-nin 385.1-ci maddəsinə görə isə, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qətnamənin apellyasiya qaydasında ləğv edilməsi və iş üzrə yeni qətnamənin qəbul edilməsi üçün əsasdır. Odur ki, MPM-nin 384-cü maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanan Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin olunmalı, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə ləğv edilməli və “uşağın xəstəliyi ilə əlaqədar cavabdehdən əlavə xərcə cəlb edilməsi barədə” tələbin təmin edilməməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilsin. Hazırkı mülki iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmeti olan hissədə, yəni “uşağın müalicəsi ilə əlaqədar cavabdehdən əlavə xərc olaraq hər ay 100 manat məbləğində pulun tutulması barədə” hissədə ləğv edilsin və həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı iddiasının “uşağın xəstəliyi ilə əlaqədar cavabdehin əlavə xərclərə cəlb edilməsi barədə” hissəsi təmin edilməsin. Müəyyən edilsin ki, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx xxxx 2020-ci il tarixli qətnamənin qalan hissəsi, yəni iddianın qismən təmin edilməsi, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Xətai Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsinə (İş № 2(011)-4738/2019) əsasən xx.xx.2016-cı il təvəllüdlü Aylinin yetkinlik yaşına çatana qədər saxlanılması üçün tutulmalı olan alimentin məbləğinin dəyişdirilərək hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində müəyyən edilməsi və bu qaydada alimentin qətnamə qüvvəyə mindiyi tarixdən tutularaq İddiaçı ödənilməsi hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar