Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7273/2021 04.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı, Cavabdeh iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(003)-110/21 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(003)-110/21 nömrəli qətnaməsi ilə iddianın təmin edilməməsi qət edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, onun öz tikdirdiyi evə köçürülməyinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məlum hadisələrlə əlaqədar Laçın rayonundan məcburi köçkün düşdü və Bakı şəhərində məskunlaşdı. Onun mərhum atası X1 Cavabdeh ilə doğma anası rəhmətə gedəndən sonra ikinci dəfə evlənmiş və evlilikdən sonra uşaqları olmamışdır. Hazırda ünvan 2 ünvanında yerləşən evi o, öz vəsaiti hesabına tikdirmiş və 2003-cü ildə evi tikib tam qurtarmış və yaşayış vəziyyvətinə gətirmişdir. Bundan sonra onları yəni atasını və cavabdehi mübahisəli mənzilə gətirdi. Həmin mənzilin bütün kommunal xərcləri də onun tərəfindən ödənilmişdir. 13.05.2020-ci il tarixdə atası rəhmətə getdi və onun tərəfindən tikilən evdə cavabdeh qaldı. Baxmayaraq ki, atası xəstə idi, cavabdeh ona heç bir qayğı göstərmirdi, atasını xəstə qoyub son 3-4 ay ərzində atası tək qalırdı və hərdən onunla birlikdə həmin evdə qalırdı və atasına qulluq edir, onun bütün ehtiyaclarını özü ödəyirdi. Atası vəfat edəndə cavabdehin xəbəri belə olmamış, hazırda da atası harada dəfn edilməsindən də onun məlumat yoxdur. O, özü atasının dəfn mərasimini təşkil etdi. Atası vəfatından sonra cavabdeh heç bir hüquqi əsası olmadan onu mübahisəli mənzilə buraxmır. Həmin ev atası tərəfindən deyil, məhz onun tərəfindən tikilmişdir. Məhkəmə prossesində işin bu halı şahid qismində dindirilmiş şəxslər tərəfindən təsdiqini tapmışdır. Belə ki, evi tikən şəxs bildirmidir ki, ev tikilərkən pulu ona məhz o, vermişdir. Evi tikən fəhlələr də məhkəmədə izahatlar vermişlər. Lakin Xəzər rayon məhkəməsinin hakimi Zaur Tağıyev həmin işin məhkəmə iclas protokolunda və qeyd edilən qətnamədə verilmiş izahatları təhrif etmiş, cavabdehin mənafeyinə uyğun yazmışdır. Məhkəmə iclasında İddiaçı bildirdi ki, atası evlənəndə 74 yaşı vardı, həmin vaxt o, ev tikmək iqtidarında deyildi. Atasını analığı ilə o, evləndirmişdir. Bu evi atasına yaşaması üçün verdi. Orada hər şey onun zəhmətilə, xərcilə ərsəyə gəlib. Cavabdeh heç atasına qulluq etməyib. Atası öləndən sonra bir dəfə gəlib və indi də öz tikdiyi evə, həyətə gələ bilmir. Ora onun mülküdür, özü tikmişdir. Bunu oradakı qonşuların da hamısı bilir. İndi öz mülkiyyəti yoxdur. Xəzər rayonu Qala qəsəbəsində oğlunun yanında yaşayır. Analığı indi evi satmaq istəyir. Torpağı o, almış, evi də özü tikmişdir. Əgər hüququ varsa, cavabdeh gəlsin yaşasın, amma ora onun mülküdür. Onun mülkü kimi tanınmasını xahiş edir. Torpağı aldığı adam da indi yaşayır. Torpağı alan da, evi tikən də qonşulara məlumdur. Sona qanunsuz olaraq onun tikdiyi evə sahiblik etmək istəyir. Cavabdehin tələb etdiyi iki otaqlı ev almağa imkanı yoxdur. Çünki, 300 manat pensiya alır. Məhkəmə iclasında iştirak etmiş iddiaçının vəkili X2 bildirdi ki, iddiaçı torpağı alıb, evi öz vəsaiti hesabına tikib. Bunu torpağı aldığı şəxs, evi tikən ustalar da təsdiq edir. İddiaçının tələbi budur ki, cavabdeh də orada yaşayırsa, yaşasın, amma özü də yoldaşı ilə birlikdə gəlib orada yaşasın. Cavabdeh sağlığında iddiaçının atasına da qulluq etməyib. İddiaçının atasını qoyub gedib və öləndən sonra gəlib evə yerləşib. Məhkəmə iclasında Cavabdeh apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, onun qohumu Əli ona görə torpağı aldı, evi tikdi. Qənimət onu evdən döyə-döyə qovub çıxartdı. Evi Qənimətin tikməsi yalandır, evin tikilməsində heç bir zəhməti olmayıb. O, Abbas ilə 20 il bu evdə yaşadı. Heç kim onlarla birgə yaşamayıb. İfadə verən şahidlərin də hamısı Qənimətin qohum-əqrəbasıdır. İddiaçı Pirallahı rayonunda ona iki otaqlı ev alsın versin, o zaman bu evdən çıxar. Çünki onun yaşamağa başqa evi yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətini belə əsaslandırmışdır ki, iddiaçının atası mərhum X5 Xan oglu Cavabdeh ilə doğma anası rəhmətə getdikdən sonra, ailə həyatı qurmuşdur. İddiaçının atası ilə cavabdeh 14 il nikah münasibətlərində olmuşlar. Nikahda olduqları müddətdə Qala qəsəbəsi ərazisində inşa etmiş olduqları özbaşına tikilidə yaşamışlar. Həmçinin Qala bələdiyyəsinin vermiş olduğu arayışdan Cavabdeh Qala qəsəbəsi Zeytun sovxozu ev 7 mənzil 1D ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahidlərin vermiş olduğu ifadələridən həmin tikilidə iddiaçının atası mərhum X5 Xan oglu Cavabdeh ilə birgə yaşadığı və həmin tiklilinin 2003-cü ildə inşa edildiyi müəyyən edilmişdir. Həmçinin şahid ifadələrəindən müəyyən edilmişdir ki, həmin tikilinin inşası zamanı iddiaçı tərəfindən vəsait qoyulmuş, lakin həmin tikildə İddiaçı yaşamamışdır. Həmin tikilinin inşasına vəsaitin qoyulması cavabdeh Sona tərəfindən inkar edilmiş və həmin tikilinin onun və mərhum həyat yoldaşının birgə vəsaiti hesabına 20 ilə yaxın müddət ərizində inşa etdiklərini bildirmşdir. Hazırda iddiaçı, onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Mübahisə predmeti olan ev özbaşına tikinti olduğundan və həmin tikiliyə iddiaçının hüquqları yaranmadığından, iddiaçı qanunvericiliklə müəyyən edilmiş sübutetmə vasitəsilə mübahisəli evə ümumiyyətlə hər hansı istifadə hüququnun tanınmasını sübut edə bilmədiyindən ünvan 3 ünvanına istifadə hüququnun tanınması hissəsində iddia rədd edilməlidir. Həmçinin iddiaçının iddia tələbinin ünvan 1 ünvanında yerləşən yaşayış sahəsinə köçürülməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, işin faktiki hallarından və mübahisə edilməyən izahatlarından da göründüyü kimi iddiaçı Qənimət köçürülməli olduğunu iddia etdiyi ünvanda yaşamamışdır. İddiaçı daşınmaz əmlak kimi mübahisəli tikiliyə dair dövlət tərəfindən tanınan və qorunan hüququn sahibi olmadığından, onun və həmin tikilidə yaşamış digər şəxslərin də daşınmaz əmlak kimi həmin tikili ilə hüquqi bağlılığı ola bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı onun ünvan 1 ünvanına istifadə hüququnun tanınması və yaşayış sahəsinə köçürülməsi barədə iddiası rədd edilməlidir "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 13.1- 13.2-ci maddələrinə əsasən konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Mülki Prosessual Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Məcəllənin 11.1-ci maddəsinə əsasən, mülki hüquq münasibətləri mülki qanunvericiliklə və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmədikdə və onlara tətbiq edilə bilən işgüzar adət olmadıqda həmin münasibətlərə, əgər bu, onların mahiyyətinə zidd deyildirsə, oxşar münasibətləri tənzimləyən mülki qanunvericilik normaları tətbiq edilir (qanunun analogiyası). Həmin Məcəllənin 11.2-ci maddəsinə əsasən, oxşar münasibətləri tənzimləyən mülki hüquq normaları olmadıqda tərəflərin hüquq və vəzifələri mülki qanunvericilik prinsipləri əsas götürülməklə tənzimlənir (hüququn analogiyası). Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və mənəviyyat tələbləri nəzərə alınmalıdır. Həmin Məcəllənin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlilləri qətnamənin mübahisələndirilən hissədə ləğv və iddianın təmin edilməsi üçün əsas ola bilməz. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki iş üzrə, iddia tələbinin qanuni əsası tapılmadığından, eləcə də tələbin faktiki əsası analoji münasibətləri tənzimləyən hüquq normalarının da şərtləri, yəni dizpozisiya əlamətləri ilə uzlaşmadığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Belə ki, iddia tələbi dövlət reyestrində qeydiyyatdan keçməmiş, özbaşına tikiliyə köçürmə və istifadə hüququnun tanınması ilə bağlı olduğundan və həmin məsələləri birbaşa tənzimləyən maddi hüquq norması olmadığından mübahisənin analoji münasibətləri tənzimləyən hüquq normalarının tələblərinə uyğun həll edilməsi mümkündür. Lakin bu halda da iddia tələbi analoji münasibətləri tənzimləyən hüquq normalarına uğun olmalıdır. Əks halda bu hüquqdan sui-istifadəyə gətirib çıxara bilər. Əvvəla, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir, mübahisələndirilən hal həmin evə(özbaşına tikiliyə) iddiaçının hər hansı bir aidiyyətinin olub-olmaması ilə bağlıdır. İkincisi, iddiaçı qeyd olunan mübahisəli özbaşına tikilinin həqiqətən də tam olaraq öz vəsaiti ilə inşa etməsinə dair məhkəməyə hər hansı bir mötəbər sübut təqdim etməmişdir. Çünki, qeyd olunan xüsusatları sübut etmək yükü iddiaçının üzərinə düşsə də, bu hallara dair məhkəməyə mötəbər sübut təqdim etməmişdir. Düzdür, iş üzrə dindirilmiş şahidlər ifadələrində mübahisəli tikilinin iddiaçının vəsaiti hesabına inşa olunduğunu bildirsələr də, bu ifadələr də mötəbər sübut kimi qəbul edilə bilməz. Çünki, həmin şahidlər iddiaçı ilə həmyerli və qohum olmaqla faktiki olaraq işdə hüquqi marağı olan şəxslərdir. Bununla yanaşı, həmin şahidlər cavabdehin də qeyd olunan özbaşına tikilinin inşa olunmasında bu və ya digər formada rolu, əməyi, zəhməti olmasını, o cümlədən vəsait xərcləməsini təkzib etməmişlər. Üçüncüsü, iddiaçı cavabdehin ailə üzvü, eləcə də ailə qanunvericiliyi əsasında onunla birlikdə yaşamaq və ondan özünün saxlanılmasını tələb etmək hüququ olmadığından qeydə alınmasa da həmin mübahisəli yaşayış sahəsinə köçmək və ondan istifadə etmək səlahiyyəti də ola bilməz. Çünki, iddiaçının bu istəyi ən azından analığı olan cavabdehin bilavasitə razılığı ilə şərtləndirilir. Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da mübahisə predmeti olan evi faktiki sahiblik edən cavabdehi isə belə razılığı verməyə məcbur etmək hüquqa uyğun sayıla bilməz. Dördüncüsü, məhkəmə təcrübəsində özbaşına tikilidə yaşamış, həmin tikililərin inşa olunmasında əməyi və zəhməti olan şəxslərin yaşayış sahəsinə ehtiyacı olduğu və başqa yaşayış yeri olmadığına görə bu cür tikililərə hər hansı bir hüquq əldə etmədən köçürülməsi təcrübəsi mövcuddur. Bu hallar ən çox keçmişdə ər-arvad münasibətlərində olmuş şəxslərin və onların uşaqlarının başqa yaşayış yerləri olmadıqda və yaşayış sahəsinə ehtiyacları olduqda baş verir. Hazırki iş üzrə iddiaçı cavabdehin ailə üzvü deyil və yaşayış sahəsinə də ehtiyacı yoxdur. Çünki, elə həmin ərazidə başqa yaşayış yeri mövcuddur və ailəsi ilə birgə orada yaşayır. Əgər iddiaçının başqa yaşayış yeri olmasaydı ən azından bunu iddia ərizəsində, yaxud şikayətində, eləcə də izahatlarında göstərə bilərdi. Əksinə, iddiaçı bunu, yəni başqa yaşayış yeri olmasını heç vaxt inkar etməmişdir. Bu cür vəziyyətdə onu heç vaxt yaşamadığı, yaşayış sahəsinə hansısa formada ehtiyacı yaranmadığı, eləcədə ailə üzvü olmayan başqa bir əks cinsdən olan cavabdehin yaşadığı özbaşına tikiliyə köçürülməsi necə zəruri ola bilər ki, məhkəmə də bunu təmin etmiş olsun. Əlbətdə ki, belə bir zərurət yoxdur. Beşincisi, iddiaçının mövqeyindən və izahatından o da bəlli olur ki, əslində onun məqsədi bu özbaşına tikiliyə köçmək deyil, həmin evə hansısa formada hüquq əldə etmək yaxud özbaşına tikiliyə çəkilən iddia etdiyi xərclərin hansısa formada əvəzini qaytarılmasına nail olmaqdır. Lakin bunun üçün, yəni nail olmağa çalışdığı məqsəd üçün iddiaçı düzgün yol(vasitə) seçməmişdir. Başqa sözlə özbaşına tikiliyə köçürülməsini tələb etməklə əslində həqiqi niyyətinə bu yolla çatacağına dair düşüncəsi onun yanlış iddia verməsinə səbəb olmuşdur. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, iddiaçının apelliyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirdiyi hissədə ləğv olunması üçün əsas ola bilməz. Çünki, birinci instansiya məhkəməsinin qətnaməsi onun hazırki iş üzrə apellyasiya şikayətində göstərdiyi dəlillərə münasibətdə, mübahisələndirdiyi hissədə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 18 mart 2021-ci il tarixli, 2(003)- 110/21 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi alındığı tarixdən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7273/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7273/2021
04.08.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver