Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7276/2021 23.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)-84/2021 saylı qətnaməsindən iddiaçının apelyasiya şikayətinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 1291.62 ABŞ dolları əsas, 578.69 ABŞ dolları müddət sonuna hesablanan faiz, 803.09 ABŞ dolları cərimə və 273.24 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış məbləğ olmaqla, cəmi 2946.64 ABŞ dolları məbləğində kredit borcunun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ASC-nin xeyrinə ödənilməsi; tutmanın cavabdehin mülkiyyətində olan **-GA-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C200 CDİ” markalı minik avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ASC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 3019 nömrəli, 09.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, ASC tərəfindən Cavabdeh 24 ay müddətinə, illik 22% ödənilmək şərtilə 2.300 USD məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh mülkiyyətində olan “Mersedes Benz C200 CDİ” minik markalı, **-GA-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 09.09.2015-ci il tarixli, 3019 nömrəli ipoteka müqaviləsi bağlanmışdır. Cavabdeh yuxarıda qeyd edilən kredit müqaviləsi üzrə üzərinə düşən vəzifələri lazımınca yerinə yetirməmişdir. Belə ki, tərəflər arasında yaranmış mübahisəni məhkəmədənkənar qaydada həll etmək məqsədilə Bank tərəfindən Cavabdeh borcun qaytarılması tələbi ilə bağlı şifahi və yazılı xəbərdarlıqlar olunsa da, cavabdeh tərəfindən borcun qaytarılması istiqamətində müsbət irəliləyiş olmamışdır. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 3019 nömrəli, 09.09.2015-ci il tarixli kredit müqaviləsinə əsasən, Cavabdeh Banka ödənilməmiş 1.291,62 USD əsas, 578,69 USD müddət sonuna hesablanan faiz, 803,09 USD məbləğində cərimə və 273,24 USD kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-in 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 2.946,64 USD borcu mövcuddur. İpoteka müqavilənin 2-ci maddəsinə əsasən, kreditin təminatı kimi “Mersedes Benz C200 CDİ” minik markalı, **-GA-*** dövlət qeydiyyat nömrəli avtomobil çıxış edir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 may 2021-ci il tarixli 2(003)-84/2021 saylı qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, iddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh müştərək qaydada 1291.62 ABŞ dolları, 578.69 ABŞ dolları faiz, 273.24 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu, 80 ABŞ dolları cərimə olmaqla, cəmi qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə 2223.55 ABŞ dolları və 15 manat dövlət rüsumunun tutulması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Qətnamədən iddiaçı apelyasiya şikayəti verərək, qətnamənin cərimə məbləği və tutmanın ipoteka predmeti olan **-GA-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C200 CDİ” markalı minik avtomobilinə yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin kredit borcuna yönəldilməsi və ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ASC-yə ödənilməsinin təmin edilməyən hissəsində ləğv edilməsini və Fondun iddia tələbinin tam təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətində göstərilmişdir ki, cərimə məbləğini azaldıb 80 ABŞ doları müəyyən etməklə məhkəmə səhv nəticəyə gəlmişdir. İpoteka predmeti olan avtomobilə dair qeydiyyata alınmalı olan bildiriş iddia ərizəsinə əlavə olunan sənədlərin siyahısında qeyd olunmuş və iddia ərizəsinə əlavə olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Qeyd etdi ki, ipoteka predmeti olan avtomobilin yeri qeyri-müəyyəndir, yəni avtomobilin hazırki vəziyyəti və harada olması barədə məlumatları yoxdur. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyinə görə, kollegiya onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Bununla yanaşı nəzərə alınmalıdır ki, MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apelyasiya baxışının predmetini qətnamənin qismən, iddiaçının apelyasiya şikayəti həddində yoxlanılması təşkil edir, çünki cavabdeh qətnaməni mübahisələndirməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsinin təmin edilməməsi hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə təmin edilməli, tutma ipoteka predmeti olan **-GA-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C200 CDİ” markalı minik avtomobilinə yönəldilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında 09 sentyabr 2015-ci il tarixdə 3019 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən ASC tərəfindən sonuncuya istehlak məqsədilə illik 24 % hesabı ilə 24 ay müddətinə 5100 manat məbləğində kredit verilmişdir. İddiaçı Ləğv prosesində olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 09 sentyabr 2015-ci il tarixli ipoteka müqaviləsindən görünür ki, kredit müqaviləsinin təminatı Cavabdeh mülkiyyətində olan “Mersedes Benz C200 CDİ” minik markalı, **-GA-*** dövlət qeydiyyat nömrəli avtomobil olmuşdur. İş materiallarına əlavə edilmiş 16 mart 2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə Cavabdeh 09 sentyabr 2015-ci il tarixli 3019 saylı kredit müqaviləsinə əsasən, 1291.62 ABŞ dolları əsas, 578.69 ABŞ dolları faiz, 803.09 ABŞ dolları cərimə, 273.24 ABŞ dolları kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz borcu olmaqla cəmi 2946.64 ABŞ dolları məbləğində borcu yaranmışdır. İddiaçı apelyasiya şikayətində cərimə məbləğini və ipoteka predmetinə tutmanın yönəldilməməsini mübahisələndirmişdir. Cərimə məbləğinə aid hissədə Kollegiya hesab edir ki, iddiaçının apelyasiya şikayətinin dəlili əsassızdır. Azərbaycan Respublikasının Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən, icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə müəyyən edilmiş yüksək dəbbə pulunu azalda bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Odur ki, Kollegiya borclunun və kreditorun əmlak mənafelərini, ümumi borc məbləğini nəzərə alaraq hesab edir ki, məhkəmə haqlı olaraq cərimə məbləğini azaldaraq 80 ABŞ dolları həddində tutmuşdur. Apelyasiya şikayətinin digər dəlilinə münasibətdə Kollegiya qeyd edir ki, məhkəmə bu hissədə işin müəyyən edilmiş hallarına əsasən düzgün nəticəyə gəlməmişdir. Belə ki, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Bank tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınmasına dair ərizə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinə göndərilmiş və həmin idarə tərəfindən ərizədə müvafiq qeyd aparılmaqla qeydə alınmışdır. Tərəflər arasında münasibətlərin yarandığı vaxt qüvvədə olan “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə əsasən İpoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. Qeyd olunanlara əsasən Kollegiya qeyd edir ki, iddia tələbi bu hissədə təmin edilməli və tutma Cavabdeh mülkiyyətində olan **-GA-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C200 CDİ” markalı minik avtomobilinə yönəldilməlidir. Kollegiya onu da qeyd edir ki, avtomobilin faktiki olaraq mövcudluğu, müsbət halda kimin sahiblik və istifadəsində olması qeyri-müəyyən olduğundan onun qiymətləndirməyə təqdim edilməsi mümkün deyildir. Odur ki, qeyd edilən xüsusat icra mərhələsində həll edilməli olan məsələdir. Həmçinin, ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda qalan borc məbləğinin cavabdehdən tutularaq ASCnin hesabına ödənilməsi barədə tələb də qətnamənin icrası qaydasında həll olunmalı olan məsələ olduğundan, apelyasiya şikayətinin bu dəlili əsaslı sayıla bilməz, yəni ipoteka predmetinin satışından əldə olunan vəsait borcun tam ödənilməsinə kifayət etmədiyi halda çatışmayan məbləğin cavabdehdən icra qanunvericiliyində nəzərdə tutulmuş qaydada tutulmalı olması mübahisə doğurmadığından, əlavə olaraq qətnamədə belə bir göstəriş verilməsinə ehtiyac yoxdur. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: İddiaçının apelyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-84/2021saylı iş üzrə 05 may 2021ci il tarixli qətnaməsi ipoteka predmetinə tutmanın yönəldilməsinin təmin edilməməsi hissəsində ləğv edilsin, həmin hissədə iddia tələbi təmin edilsin və tutma Cavabdeh mülkiyyətində olan **-GA-*** dövlət qeydiyyat nişanlı, “MERCEDES BENZ C200 CDİ” markalı minik avtomobilinə yönəldilsin. Qətnamə mübahisələndirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7276/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7276/2021
23.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver