Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7278/2023 29.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: alimentin miqdarının azaldılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X7 və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Əliyev Ülfət Vilayət oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli qətnaməsindən İddiaçı (nümayəndəsi və vəkili Vəkil) tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. İddiaçı iki dəfə rəsmi nikaha daxil olmuş, onun ilk nikahından bir, ikinci ikahından isə iki övladı doğulmuşdur. İddiaçının ilk nikahı məhkəmə qaydasında pozulmuşdur. Bakı şəhəri Səbail Rayon Məhəkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə İddiaçı, onun ilk nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü uşağa görə aylıq qazancı və başqa gəlirlərinin 1/4 hissəsində aliment tutulmuşdur. Qətnamədən müəyyən edilir ki, İddiaçı həmin dövrdə aldığı əmək haqqı 2600 manat olmuşdur. İddiaçının ikinci nikahı pozulmasa da, onunla arvadı arasında barışıq sazişi məhkəmə qaydasında təsdiq olunmuşdur. Bakı şəhəri Binəqədi Rayon Məhəkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə təsdiq olunmuş barışıq sazişinə görə İddiaçı, onun ikinci nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü iki uşağa görə aylıq qazancının (əmək haqqı və igər gəlirləri) 1/3 hissəsində aliment tutulmuşdur. Sonradan iddiaçı hər üç övladı üçün ödənilən alimentin məbləğinin azaldılmasını xahiş etmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmiş, apellyasiya instansiyası qüvvədə saxlamış, Ali Məhkəmə isə ləğv edib, geri qaytarmışdır. İddiaçının hazırda aldığı əmək haqqı 11812.5 manatdır.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə (bundan sonra mətndə - birinci instansiya məhkəməsi) müraciət edərək, birinci instansiya məhkəməsinin xx.xx.2013-cü il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnamələri ilə müəyyən edilmiş alimentlərin dəyişdirilməsini xahiş etmişdir.
3. İddia tələbi belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin xx.xx.2013cü il tarixli qətnaməsi ilə xx.xx.2012-ci il təvəllüdlü övladı X2 yetkinlik yaşına çatanadək saxlanması üçün əmək haqqının 1/4 hissəsinin tutularaq Cavabdeh2 ödənilməsi qət edilmişdir. Həmçinin, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il təvəllüdlü övladı X5 və xx.xx.2021-ci il təvəllüdlü övladı X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq Cavabdeh1 ödənilməsi qət edilmişdir. Hal-hazırda onun əmək haqqısının yarıdan çox hissəsi 3 övladlarının saxlanılmasına yönəldilmişdir. Rəsmi əmək haqqısı 5000 manat təşkil edir, həmin əmək haqqından 1430 manat Cavabdeh2,1600 manat isə Cavabdeh1 aliment olaraq ödənilir. Övladının ikisinə ayrıayrılıqda hər ay 800 manat, 1 övladına isə iki dəfə çox 1430 manat ödənilir.
4. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova, 2(009)-297/2023 nömrəli iş üzrə) iddia təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçının əmək haqqısı 7510 manatdır və hər iki övladı üçün tutulan alimentin məbləği iddiaçının əmək haqqının 70 faizini aşmır.
6. Məhkəmə cavabdehlərin xeyrinə tutulmuş aliment məbləğlərinin Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə uyğun olduğunu qeyd etmiş və gəldiyi nəticəni Ailə Məcəlləsinin 76.1 və 112.1-ci, Mülki Prosessual Məcəllənin 119.1, 77.1 və 88-ci maddələrinə istinadla əsaslandırmışdır.
7. İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə təmin olunmasını xahiş etmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), İ.Şirinov və E.Kazımov, 2(103)-3300/2023 nömrəli iş üzrə) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
9. Apellyasiya məhkəməsinin mövqeyi belə olmuşdur ki, alimentin miqdarının azaldılması üçün Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş əsas yoxdur. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir.
10. İddiaçı kassasiya şikayəti verərək, qətnamənin ləğv, iddia tələbinin isə təmin edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayətinin dəlilləri apellyasiya şikayəti ilə eynilik təşkil etmişdir.
12. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-3883/2023 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının xx.xx.2023-cü il tarixli qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
13. Kassasiya instansiyası məhkəməsinin mövqeyi belə olmuşdur ki, apellyasiya məhkəməsi iddiaçının ailə vəziyyətində dəyişiklik olmaması barədə səhv nəticəyə gəlmiş, həmçinin aliment tutulması barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin qətnaməsi qəbul olunandan sonra iddiaçının maddi vəziyyətində, əmək haqqı və digər gəlirlərində dəyişikliyin olub-olmadığını da müəyyən etməmişdir. İddiaçı ikinci nikahından xx.xx.2021ci il təvəllüdlü Firuz və Nəzrin adlı uşaqlarının olması onun ailə vəziyyətində dəyişikliyin olmasını təsdiq edən haldır, digər tərəfdən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi qəbul olunandan sonra iddiaçının maddi vəziyyətində, əmək haqqı və digər gəlirlərində dəyişikliyin olub-olmadığı müəyyən edilməlidir və nəzərə alınmaldır ki, ailə vəziyyətində dəyişikliyə görə alimentin miqdarının dəyişdirilməsi üçün bu hal da əhəmiyyət kəsb edir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
14. Apellyasiya şikayəti belə əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi öz qərarında tutulmalı olan alimentin miqdarını müəyyən edən qanunvericilik normalarına istinad edərək, əsassız olaraq “İcra haqqında” Qanunun 65-ci maddəsinə istinad etmiş, bundan başqa öz qərarında Ailə Məcəlləsinin 76-ci maddəsinə istinad etməklə yalnış nəticəyə gəlmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir.
17. İddiaçı və cavabdehlər isə məhkəmə iclasının keçirilməsinin yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, habelə bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Ailə Məcəlləsi:
18. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
19. Maddə 76.1. Aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə qazancının və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi, 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancının (başqa gəlirlərinin) yarısı miqdarında aliment tutulur.
20. Maddə 76.2. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:
22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
24. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Hazırkı işdə iddia rədd olunduğundan və apellyasiya şikayətində qətnamə iş üzrə iddiaçı tərəfindən mübahisələndirildiyindən qətnamənin əsaslılığı tam həcmdə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini nəzərə alaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmalıdır.
28. Belə ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Azərbaycan Respublikasının Ailə Məcəlləsində təsbit olunmuşdur.
29. Ailə Məcəlləsi Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulan əsas insan və vətəndaş hüquqlarına və azadlıqlarına uyğun olaraq ailə münasibətlərinin yaranmasının və möhkəmlənməsinin, onlara xitam verilməsinin prinsiplərini, ailə münasibətləri iştirakçılarının hüquq və vəzifələrini, habelə dövlət orqanlarının bu sahədə vəzifələrini və s. halları tənzimləyən normaları müəyyən edir.
30. Ailə münasibətlərinin iştirakçılarından biri kimi uşaqlar da müstəqil subyekt kimi ailə qanunvericiliyində tanınmışdır. Bu hal Azərbaycan Respublikasının Konstitusiyasının, BMT-nin Baş Məclisinin 20 noyabr 1989-cu il tarixli “Uşaq hüquqları haqqında” Konvensiyasının və digər beynəlxalq hüquqi aktların tələblərindən irəli gəlir.
31. Hazırki mübahisə isə bilavasitə uşaq hüquqları və həmin hüquqların həyata keçirilməsi ilə bağlı valideyinlərin üzərinə qanunla qoyulmuş vəzifələrlə bağlıdır.
32. Belə ki, iddiaçı məhkəməyə müraciət edərək, vaxtı ilə ondan tutulmuş alimentlərin miqdarının azaldılmasını xahiş etmişdir.
33. Belə olan halda mübahisənin düzgün həlli üçün Ailə Məcəlləsinin 11-ci və 13-cü fəsillərinə diqqət yetirilməsi zəruridir.
34. Belə ki, qeyd olunan fəsillər ailədə uşaqların hüquqlarını müəyyən edən müddəaları və bu hüquqların həyata keçirilməsi üçün valideynlərin üzərinə qoyulmuş vəzifələri özündə əks etdirir.
35. Ailə Məcəlləsinin 11-ci fəslində yer alan 55.1-ci maddədə qeyd olunmuşdur ki, uşaq öz valideynlərindən və ailənin digər üzvlərindən bu Məcəllənin beşinci bölməsində müəyyən olunmuş qaydada və miqdarda vəsait almaq hüququna malikdir.
36. Digər tərəfdən həmin Məcəllənin 13-cü fəslində (beşinci bölməsində) yer alan 75-ci maddədə valideynlərin uşaqlarını saxlamaq vəzifəsindən bəhs olunur.
37. Qeyd olunan maddəni təfsir etdikdə belə nəticəyə gəlinir ki, uşaqları saxlamaq vəzifəsinin icra edilməsi məqsədilə valideynlərin üzərinə “aliment öhdəliyi” qoyulmuşdur.
38. “Aliment öhdəliyi” dedikdə isə valideynlər və uşaqlar arasında yaranan elə hüquq münasibətləri başa düşülür ki, burada bir tərəf digər tərəfin saxlanılması üçün onlar arasında olan razılıq əsasında və ya qanunvericiliyə uyğun olaraq məcburi qaydada müəyyən edilən vəsaiti (alimenti) ödəməyə borclu olur.
39. Həmçinin ailə qanunvericiliyində alimentin miqdarını, tutulma üsullarını və şərtlərini özündə əks etdiən müddəalar da mövcuddur. Həmin müddəalardan biri də Ailə Məcəlləsinin 76-cı maddəsidir.
40. Göstərilən maddənin tələblərinə görə, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: - 1 uşağa görə - qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; - 2 uşağa görə - qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; - 3 və daha çox uşağa görə - qazancın (başqa gəlirlərin) yarısı.
41. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq müəyyən etmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi çıxardığı xx.xx.2013-cü il tarixli qətnaməsində Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə əsaslanmış, alimentin miqdarını müəyyən edərkən aliment verən İddiaçı həmin dövrdəki ailə və maddi vəziyyətini, yəni alimentin bir uşağa görə tutulmasını, həmin vaxt onun qazancını və digər gəlirlərini nəzərə almış, nəticədə qazancının və başqa gəlirlərinin 1/4 hissəsi məbləğində aliment müəyyən etmişdir.
42. Sonradan iddiaçı ikinci dəfə nikaha daxil olmuş və həmin nikahından xx.xx.2021-ci il təvəllüdlü Firuz və Nəzrin adlı uşaqları dünyaya gəlmişdir. İddiaçının ikinci nikahı pozulmasa da, onunla arvadı arasında barışıq sazişi bağlanmış, həmin barışıq sazişi məhkəmə qaydasında təsdiq olunmuş, nəticədə Bakı şəhəri Binəqədi Rayon Məhəkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə İddiaçı, onun ikinci nikahından doğulmuş xx.xx.2021-ci il təvəllüdlü iki uşağına görə aylıq qazancının 1/3 hissəsində aliment tutulmuşdur.
43. Hazırda iddiaçı hər iki alimentin miqdarının azaldılmasını xahiş edir.
44. Bununla bağlı qeyd olunmalıdır ki, Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, bu Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər.
45. Göründüyü kimi alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
46. Tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.
47. Tərəflərin ailə vəziyyətinin araşdırılması zamanı isə məhkəmə, onların yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı).
48. Qeyd olunan halların araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının üzərinə ilk dəfə aliment öhdəliyi qoyulduqdan sonra, o, yenidən nikaha daxil olmuş, yeni nikahından uşaqları olmuşdur. Həmçinin həmin uşaqlara görə hazırda aliment ödəyir.
49. Bu hal isə ona dəlalət verir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2013-cü il tarixli qətnaməsi ilə iddiaçının üzərinə ilk dəfə aliment ödənilməsinə dair vəzifə qoyulduqdan sonra onun ailə vəziyyətində dəyişiklər olmuşdur.
50. Digər tərəfdən qeyd olunmalıdır ki, məhkəmə kollegiyası iddiaçının maddi vəziyyətini araşdırarkən müəyyən etmişdir ki, onun aldığı aylıq əmək haqqı əvvəlki alimentlərin müyyən olunduğu dövrə nisbətən artmış və 11812.5 (on bir min səkkiz yüz on iki manat əlli qəpik) manat məbləğinə çatmışdır.
51. Belə olan halda kollegiya Ailə Məcəlləsinin 76.2-ci maddəsinin tərəflərin maddi və ailə vəziyyətinin nəzərə alınması pirinsiplərinə əsaslanaraq hesab edir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi xx.xx.2013-cü il tarixli və Bakı şəhəri Binəqədi Rayon Məhəkəməsinin xx.xx.2022-ci il tarixli qətnamələri ilə İddiaçı tutulması müəyyən edilmiş alimentlərin miqdarı azaldılmalıdır.
52. Alimentlərin miqdarının azaldılaraq, yenidən müəyyən olunmasına münasibətdə isə kollegiya qeyd edir ki, uşağı saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideynlər uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən.
53. Hazırkı mülki işdə isə iddiaçının qazancının (başqa gəlirlərinin) yarısının, yəni 1/2 hissəsinin üç uşağa görə aliment qisimində tutulması həm uşaqların təminat səviyyəsinin maksimal dərəcədə yüksək saxlanılması, onların maddi və digər tələbatlarının tam şəkildə ödənilməsi və mənafelərinin daha yaxşı təmin edilməsi prinsiplərinə, həm də Ailə Məcəlləsinin müfaviq tələblərinə münasibətdə məqsədəuyğun olar.
54. Belə ki, iddiaçının hazırda üç uşaq qarşısında aliment öhdəliyi yaranmışdır və aldığı aylıq əməkhaqqı 11812.5 (on bir min səkkiz yüz on iki manat əlli qəpik) manat məbləğindədir. Həmin məbləğin yarısı üç uşağın da maddi və digər tələbatlarının ödənilməsi, mənafelərinin daha yaxşı təmin edilməsi üçün kifayət edir.
55. Həmçinin nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 76.1-ci maddəsinin tələbərinə görə 3 və daha çox uşağa görə məhkəmə tərəfindən hər ay qazancın (başqa gəlirlərin) yarısı miqdarında aliment tutulur.
56. Belə olan halda hazırda iddiaçının bir uşağının Cavabdeh2 himayəsində, digər iki uşağının isə Cavabdeh1 himayəsində olması nəzərə alınmalı və iddiaçının qazancının (başqa gəlirlərinin) yarısı uşaqlara münasibətdə bərabər həcmdə bölünməli, yəni iddiaçının qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi hər uşaq üçün aliment qismində tutulmalıdır (1/2 : 3 = 1/6).
57. Beləliklə, yuxarıda qeyd olunanlardan müəyyən edilir ki, birinci nstansiya məhkəməsi iddia tələbinin rədd olunması barədə qərar qəbul etməklə, Ailə Məcəlləsinin tələblərini pozmuş, nəticədə qətnamə maddi hüquq normalarının pozulması ilə çıxarılmışdır.
58. Odur ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, şərh olunanlar əsasında iş üzrə yeni qətnamə çıxarılmaqla, iddia tələbi təmin edilməlidir.
59. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i:
Apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 06 mart 2023-cü il tarixli, 2(009)-297/2023 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi təmin edilsin. 27 fevral 2012-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi tutularaq cavabdeh X1 ödənilsin. 17 noyabr 2021-ci il təvəllüdlü X5 və 17 noyabr 2021-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər uşağa görə İddiaçı aylıq qazancının (başqa gəlirlərinin) 1/6 hissəsi olmaqla, ümumilikdə 2/6 hissəsi tutularaq Cavabdeh1 ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.