Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-728/2021 24.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli, 2(002)- 1243/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə 001R********** saylı kredit razılaşması və ona əlavə edilmiş sazişlər üzrə 8955,53 ABŞ dolları məbləğində əsas borc, 9816,64 ABŞ dolları məbləğində faiz borcu və 9502,46 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 28274,64 ABŞ dolları (iyirmi səkkiz min iki yüz yetmiş dörd ABŞ dolları 64 sent) məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim F.Hüseynov, iş № 2(002)-1243/20) iddia qismən təmin olunaraq cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 001R********** saylı kredit razılaşması və ona dair əlavə sazişlər üzrə 8955,53 ABŞ dolları məbləğində əsas borc, 9816,64 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18822,17 ABŞ dolları (on səkkiz min səkkiz yüz iyirmi iki ABŞ dolları on yeddi sent) məbləğində borc pul vəsaitinin (icra gününə Azərbaycan manatına olan məzənnə ilə hesablanmaqla) və 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi qət edilmiş, iddia tələbi qalan hissədə təmin olunmamışdır. Hazırda Cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasınını və ekspertiza təyin edilməklə iş üzrə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 10.10.2012-ci il tarixli 01L000002979 saylı kredit xətti müqaviləsinə əsasən 120 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit xətti açılmışdır. 13.02.2015-ci il tarixli sazişlə kredit xətti müqaviləsinə dəyişiklik edilərək kredit xətti 120 ay müddətinə 150000 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Kredit xətti müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 13.02.2015-ci il tarixli 001R********** saylı kredit razılaşması əsasında 30 ay müddətinə aylıq 2.1667% ilə ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 17.11.2015ci il tarixli 001R**********S saylı, 19.02.2016-cı il tarixli 001R**********SA saylı, 13.10.2016cı il tarixli 001R**********SB saylı, 30.08.2017-ci il tarixli 001R**********SC saylı sazişlərlərlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul olunmuşdur. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, kredit üzrə ödənişlər etsə də, iddiaçı təşkilat bunu əsas borca hesablamaq əvəzinə faiz borca çıxmaqla ona qalıq borc düzgün hesablanmamışdır. Ona hesablanmış məbləğ xeyli dərəcədə şişirdilmişdir. Bütün bunlar məhkəmədə tam araşdırılmamış, ona hesablanmış artıq əsas və faiz borcunun dəqiq məbləğinin müəyyən edilməsi üçün iş üzrə mühasibatlıq ekspertizası keçirilməsi zəruri olduğu halda məhkəmə tələsik qətnamə qəbul etmişdir. Əslində iş üzrə ekspertiza təyin edilərdisə, onun iddiaçı təşkilata tələb etdiyi miqdarda borcunun olmaması və iddiaçı təşkilat tərəfindən şişirdilmiş məbləğ hesablanması aşkar edilərdi. Bütün bunlar onun hüquqlarını pozmaqla onsuz da ağır olan maddi vəziyyətini daha da çətinləşdirmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan baxılmasını işə mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İşdən göründüyü kimi, birinci instansiya məhkəməsinin qətnaməsi iddianın təmin edilməyən hissəsində iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Qətnamə Cavabdeh1 tərəfindən yalnız iddianın təmin edilən hissəsində mübahisələndirilmişdir. Digər cavabdehlər qətnamədən apellyasiya şikayəti verməmişlər. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin əsaslılığını yalnız Cavabdeh1 apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə yoxlayıb qiymət verir. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsi faiz borcunun tutulması hissəsində dəyişdirilməlidir. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında imzalanmış 10.10.2012-ci il tarixli kredit xətti müqaviləsi əsasında bağlanmış 13.02.2015ci il tarixli kredit razılaşmasına əsasən ona aylıq 2,1667% faiz ödəmək şərtilə 30 ay müddətinə 15000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh2 və Cavabdeh3 həmin kredit müqaviləsinin təminatı olaraq zaminlik müqaviləsi imzalamışlar. İddiaçı QSC kredit müqaviləsi üzrə öhdəliklərin lazımi qaydada yerinə yetirilmədiyinə istinad edərək 08.05.2020-ci il tarixdə məhkəmədə cavabdehlərə qarşı kredit bocunun ödənilməsi barədə iddia qaldırmışdır. İddiaçının tələbi cavabdehlərdən müştərək qaydada Cavabdeh1 13.02.2015-ci il tarixli 001R********** saylı kredit razılaşması üzrə banka 8955,53 ABŞ dolları məbləğində əsas borc, 9816,64 ABŞ dolları məbləğində faiz borcu və 9502,46 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 28274,63 ABŞ dolları məbləğində borcun tutulması barədədir. İddiaçı qeyd edilən borcun mövcudluğunu təsdiq edən mötəbər sübut kimi 27.04.2020-ci il tarixli maliyyə arayışı təqdim etmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən - cavabdehlərdən 8955,53 ABŞ dolları məbləğində əsas borc, 9816,64 ABŞ dolları məbləğində faiz borcu, 50 ABŞ dolları məbləğində cərimə borcu olmaqla, cəmi 18822,17 ABŞ dolları məbləğində borcun tutulması hissəsində əsaslı saymış və mövqeyini onunla əsaslandırmışdır ki, cavabdeh müqavilə öhdəliklərini icra etməyərək iddiaçı təşkilat qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də iddiaçı bank əsas borc və faiz borcunun ödənilməsi barədə iddia tələbi irəli sürməkdə haqlıdır. Məhkəmə qətnaməni hüquqi cəhətdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739, 442, 443, 445, 448, 467, 472-ci maddələri ilə əsaslandırmışdır. Cavabdeh1 qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermiş və şikayətində borcun şişirdildiyini, yüksək göstərildiyini qeyd edərək məhkəmə mühasibatlıq ekspertizası təyin olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası tərəfindən cavabdehin vəsatəti əsasında məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 28 dekabr 2020-ci il tarixli, 9/5763 saylı ekspert rəyinə əsasən müəyyən olunmuşdur ki, Cavabdeh1 müqavilə müddətinin bitdiyi 13.08.2018-ci il tarixə əsas borc üzrə 8955,53 ABŞ dolları, faiz borcu üzrə 2047,45 ABŞ dolları, məhkəmə qaydasında iddianın qaldırıldığı 08.05.2020-ci il tarixə isə əsas borc üzrə 8955,53 ABŞ dolları, faiz borcu üzrə 2824,84 ABŞ dolları borcu vardır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş əsas borcun məbləği ilə ekspert rəyində göstərilənlər arasında hər hansı uyğunsuzluq müəyyən etmədi. Lakin faiz borcu ilə bağlı kəskin fərq və ziddiyyət olduğu müəyyən edildi. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən faiz borcu 9816,64 ABŞ dolları müəyyən edilsə də, ekspert rəyində həmin rəqəmin müqavilə müddətinin bitdiyi 13.08.2018-ci il tarixə 2047,45 ABŞ dolları, iddianın qaldırıldığı 08.05.2020-ci il tarixə isə 2824,84 ABŞ dolları təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə kollegiyası faiz borcu ilə bağlı ekspert rəyində göstərilənləri mötəbər sübut kimi qəbul edərək bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi 9816,64 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilməli və faiz borcunun məbləği müqavilə müddətinin bitdiyi tarixə uyğun gələn 2047,45 ABŞ dolları müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 sentyabr 2020-ci il tarixli qətnaməsi İddiaçı ASC-nin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9816,64 ABŞ dolları məbləğində faiz borcunun tutulması hissəsində dəyişdirilsin və həmin məbləğ 2047,45 (iki min qırx yeddi dollar, qırx beş sent) ABŞ dolları (məzənnə üzrə manatla) müəyyən edilsin. Qətnamənin qalan hissəsi apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası tədqiqatının dəyəri olan 145 manat məbləğində pul vəsaitinin 45 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3, 100 manatı isə İddiaçı QSC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X1, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-728/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-728/2021
24.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver