Məhkəmə qərarları › İş №2(103)-7280/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7280/2020

28.09.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7280/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)-3250/2020 saylı qətnaməsindən cavabdehin apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X1 üçün cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq hər ay hər uşağa görə 170 manat sabit pul məbləğində olmaqla ümumilikdə, 340 manatın cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx xxxxxxx 2017-ci il tarixli 2(008)-10152/2017 saylı qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdehlə aralarında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 boşanmadan sonra onun yanında qalması, Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq, uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 136,60 manat olmaqla cəmi 273,20 manat sabit pul məbləğində alimentin alınaraq onun xeyrinə ödənilməsi qət olunmuşdur. Hazırda uşaqlar böyüdüyü üçün həmin qətnamədə qeyd olunmuş alimentin məbləği uşaqların tələbatının ödənilməsinə yetmir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqların ehtiyac və tələbatı da artır. Uşağın təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Övladlarının təhsili, sağlamlığı, geyimi və qidası, əlavə məşğələləri üçün çəkdiyi xərclər və qayğılar hər il daha çox artmasına baxmayaraq cavabdeh tərəfindən nəzərə alınmır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(004)- 3250/2020 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10152/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulmuş alimentin miqdarı artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay hər uşağa 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, alimentin tutulma (dəyişdirilmə) vaxtının məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanması və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə əsassız və ədalətsizdir. O, heç vaxt övladını saxlamaqdan qaçmamış, onların tərbiyəsində iştirak etməkdən yayınmamışdır. Maddi sıxıntı keçirməyi və uşaqların dolanışacağını təmin etmək məqsədi ilə anasının adına olan Binə qəsəbəsində yerləşən evi sataraq iddiaçıya 2018-ci ildə 12900 AZN pul vermişdir. Şifahi razılaşmaya əsasən iddiaçı ondan aliment pulu tələb etməməli idi. Buna baxmayaraq boşandıqları gündən etibarən işləyərək gündəlik çörək pulu qazana bildiyi üçün iddiaçıya mütəmadi olaraq geçikmə olmadan aliment ödəmişdir. O, yenidən ailə qurmuş və bir övladı vardır. Hazırda işləmir, iş axtarmaq üçün məşğulluq şöbəsinə müraciət etmişdir. O, uşaqlarına imkanı daxilində artıqlaması ilə kömək etməyə çalışır. Valideynlərini saxlamaq məsuliyyəti də həmçinin onun üzərindədir və özü də kirayədə yaşıyır. Məhkəmə bu halları, onun maddi vəziyyətini nəzərə almamışdır. Hazırda müvafiq qətnamə ilə müəyyən edilmiş alimenti belə ödəməkdə çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən cavabdehin apellyasiya şikayətini müdafiə edərək, onun məzmununa uyğun izahat verib, şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı isə apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. İşin müəyyən edilmiş hallarına əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-10152/2017 saylı xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən tərəflər arasında xx xxxxx 2011-ci il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2012-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X2 boşanmadan sonra ananın yanında qalması, Cavabdeh xx xxxxxxxx 2017-ci il tarixdən başlayaraq uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa 136.60 manat olmaqla, cəmi 273.20 manat sabit pul məbləğində alimentin alınaraq iddiaçının xeyrinə ödənilməsi qət edilmişdir. İddiaçı hazırda cavabdehdən tutulan alimentin məbləğinin artırılmasını tələb edir. Hazırki iddia tələbi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir. Belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Əmək və X3 Nazirliyi Dayanıqlı və X6 Agentliyi 1 saylı Bakı Dost Mərkəzi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, Cavabdeh Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən o, xx.xx.2020-ci il tarixindən işaxtaran kimi qeydiyyatdadır və “X4” altsistemində onun adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Həmçinin iş materiallarından müəyyən olunur ki, cavabdeh xx.xx.2020-ci ildə yeni ailə qurmuşdur və bu nikahdan onun bir uşağı da vardır. Göründüyü kimi, cavabdeh işləmir, onun ailə vəziyyətində dəyişiklik baş vermişdir, bu isə əlavə xərclərə səbəb olur. Kollegiya hazırki işin müəyyən edilmiş hallarına əsasən hesab edir ki, birinci instansiya məhkəməsinin qənaəti düzgün deyildir. Kollegiya hesab edir ki, müəyyən edilmiş alimentin miqdarı dəyişdirilərkən cavabdehin hər uşağa 170 manat aliment ödəmək imkanında olması müəyyən edilməmiş, bununla bağlı iddiaçı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Eləcə də nəzərə almaq lazımdır ki, uşaqlarını saxlamaq atanın vəzifəsi olduğu kimi, ananın da valideynlik öhdəliyinə aiddir. Kollegiya onu qeyd edir ki, təkcə bu müddət ərzində uşaqlar üçün yaşayış minimumunun artması alimentin artırılması üçün əsas ola bilməz, bunun üçün qanunda göstərilən paralel əsaslar da olmalıdır. Məhkəmə kollegiyası işin hallarını, hazırkı vəziyyətdə tərəflərin maddi vəziyyətini, iş üzrə müəyyən edilmiş digər diqqətəlayiq halları, habelə uşaqların saxlanmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə almaqla hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməlidir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə t e t d i: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3250/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı “alimentin artırılması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar