Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7282/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3706/20 saylı, xx xxxx 2020-ci il tarixli qərardadından iddiaçı ləğv prosesində olan “xxxxxxxx” KB ASC-nin ləğvedisici X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ləğv prosesində olan “xxxxxxxx” KB ASC-nin ləğvedisici X3 cavabdeh X4 qarşı kreditin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)- 3706/2020 saylı qərardadı ilə iddiaçı ləğv prosesində olan “xxxxxxxx” KB ASC-nin ləğvedisici X2 cavabdeh X4 qarşı kredit tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. İddiaçı ləğv prosesində olan “xxxxxxxx” KB ASC-nin ləğvedisici X3 Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, 2(004)-3706/2020 saylı qərardadından şikayət təqdim edərək, həmin qərardadının ləğv edilməsini və mülki işin icraata qəbul edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılır ki, iddia ərizəsinə cavabdeh X1 müqaviləsi üzrə borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağına dair xx xxxx 2020-ci il tarixli **********248 saylı bildiriş-məktub əlavə edilmiş, bu barədə iddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında məlumat qeyd olunmuş, hətta, həmin bildiriş-məktub, Yasamal rayon Məhkəməsi (hakim Fərid Əyyubov) tərəfindən geri qaytarılmış sənədlərə əlavə edilmişdir. Odur ki, iddiaçı tərəfindən mübahisənin məhkəməyə qədər(pretenziya qaydasında) həll qaydasına riayət edildiyindən və iddia ərizəsinin geri qaytarılmasına əsas olmadığından Yasamal rayon Məhkəməsi (hakim Fərid Əyyubov) tərəfindən qəbul edilmiş iddia ərizəsinin qaytarılması barədə xx.xx.2020-ci il tarixli qərardad ləğv edilməli və iddia ərizəsi iddia icraatına qəbul edilməlidir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3706/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. İşə baxılması vaxtı və yeri haqqında işdə iştirak etməli olan şəxsə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi səbəbini göstərmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1 və 152.1.6-cı maddələrinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, iddiaçı ləğv prosesində olan “xxxxxxxx” KB ASC-nin ləğvedisici X2 şikayəti təmin olunmalı, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3706/20 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. Əvvəla, iddiaçının cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etməsinə dair sənəd təqdim edilməsi üçün iki əsas olmalıdır. Bu ya tərəflər arasında bağlanmış müqavilədə yaxud qanunda nəzərdə tutulmalıdır. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, iddiaçı ilə cavabdeh arasında xx xxxx 2015-ci il tarixli kredit müqaviləsi bağlanmış, tərəflərin həmin müqavilənin iştirakçısı olması təsdiq olunur. Müqavilənin mübahisələrin həlli adlanan 12 və 12.1-ci bəndində göstərilir ki, bu müqavilənin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yaranan mübahisə və anlaşılmazlıqlar danışıqlar və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan səy göstərəcəklər. 12.2-ci bənddə isə qeyd edilir ki, tərəflər mübahisələrin həlli barədə razılığa gəlmədikdə mübahisə və anlaşılmazlıqlar...məhkəmə qaydasında həll ediləcəkdir. Göründüyü kimi, qeyd olunan bənddə göstərilən bu cür şərtlər hüquqi müəyyənlik prinsipinə cavab vermədiyinə görə pretenziya qaydası sayıla bilməz. Çünki,həmin şərtlər tərəflər arasında yarana biləcək mübahisə və anlaşılmazlığı nə vaxt, hansı qaydada, necə tənzimləməyə imkan vermir. Yəni, danışıqlar və razılıq yolu ilə biri digərinin hüquqlarını pozmadan səy göstərəcəklər dedikdə tərəflər özləri də bu vəziyyətdə nə edəcəklərini əvvəldən bilməli və anlamalıdırlar. Pretenziya qaydasının məqsədi ondan ibarətdir ki, mübahisələrin həlli zamanı tərəflərin və məhkəmənin vaxtına, məsrəflərinə qənaət edilsin. Yalnız, o mübahisələr məhkəməyə gəlib çıxsın ki, onu tərəflər özləri həll edə bilməsin. Yəni, pretenziya qaydası da həll qaydasıdır. Bu cür həll qaydası isə hüquqi müəyyənlik prinsipinə cavab verməlidir. Əks halda bu qayda qanunu göstərilən məqsədinə xidmət etməyəcəkdir. İkincisi, birinci instansiya məhkəməsi iddia ərizəsini icraata qəbul etmədən iddiaçıya geri qaytararkən qənaətini belə əsaslandırmışdır ki, “...mübahisənin məhkəməyə qədər həlli qaydasına riayət etməmiş və iş materiallarına əlavə olunmuş sənədlərə cavabdehə göndərilən pretenziya məktubu əlavə edilməmişdir”. Lakin iddiaçı məhkəməyə müraciət etməzdən əvvəl cavabdehlə mübahisənin məhkəməyə qədər hansı həlli qaydasına nəyə əsasən(hansı müqaviləyə yaxud qanuna əsasən) imperativ qaydada əməl etməli olduğunu açıqlamamış, bununla bağlı iş materiallarına hansı mötəbər sübut əlavə etməli olduğunu göstərməmişdir. Belə olan halda, iddia ərizəsini icraata götürülməməsi üçün əsas olmuşdurmu? Əlbətdə ki, birinci instansiya məhkəməsi tərəfindən iddia ərizəsi geri qaytarılarkən iş materialında onun qənaətini təsdiq edəcək sübut olmamışdır. Əksinə şikayətdə də cavabdehə kredit müqaviləsi üzrə borcunun ödənilməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağına dair xx xxxx 2020-ci il tarixli **********248 saylı bildiriş-məktub əlavə edildiyi, bu barədə iddia ərizəsinə əlavə edilmiş sənədlər siyahısında məlumatın qeyd olunduğu, hətta, həmin bildiriş-məktub, Yasamal rayon Məhkəməsi tərəfindən geri qaytarılmış sənədlərə əlavə edildiyi göstərilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsi 2(004)-3706/20 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadında şikayətdə göstərilən bu dəlillərin həqiqiliyini də yoxlamamışdır. Üçüncüsü, iddiaçının cavabdehə qarşı hazırkı tələblə məhkəməyə müraciət etməsi, birinci instansiya məhkəməsinə iddia ərizəsinə əlavə olunmuş sənədlərdə cavabdehlə pretenziya qaydalarına riayət etməsinə dair sübut əlavə etmədiyinə görə iddia ərizəsini geri qaytarmağa əsas vermir. Çünki, Mülki Prosessual Məcəllədə belə bir imperativ göstəriş yoxdur. Qeyd olunduğu kimi, pretenziya qaydalarına riayət edilməsi, ya müqavilədə yaxud da qanunda nəzərdə tutulmalıdır. Qanunda belə bir hal nəzərdə tutulmayıb, müqavilədə isə yuxarıda qeyd olunduğu kimi hüquqi müəyyənlik prinsipinə cavab verən pretenziya qaydaları nəzərdə tutulmamışdır. Əks yanaşma şəxsin məhkəməyə müraciət etmək hüququna qanunda birbaşa göstərilməyən əsaslar olmadan əngəllər yaratmaqla bu imkanın əsassız məhdudlaşdırılmasına şərait yaradır. Mülki Prosessual Məcəlləsinin 398.0 və 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib, işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.2, 400- 402-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: İddiaçı ləğv prosesində olan “xxxxxxxx” KB ASC-nin ləğvedisici X2 şikayəti təmin edilsin. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3706/20 saylı, xx xxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin və növbəti prosessual hərəkətlərin edilməsi üçün mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(103)-7282/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7282/2020
21.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver