Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7284/2021 24.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Namiq Cəfərov (sədrlik edən), Emin Mehdiyev və Xəyal Sarıyevdən ibarət tərkibdə, Nərgiz Qasımovanın katibliyi ilə, iddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun tutulması barədə” iddiasına dair mülki iş üzrə Binəqədi Rayon Məhkəməsinin 19.04.2021ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia ərizəsində kredit müqaviləsi üzrə borcun ödənilməsi tələb olunub. Qətnamə ilə qət olunub ki, iddia təmin edilsin, əsas borc kimi 1.349,6 ABŞ dolları, faiz borcu kimi 55,45 ABŞ dolları, cəmi 1.405,05 ABŞ dolları məbləğində pul ödəniş anında valyuta məzənnəsinə uyğun olaraq manatla, habelə iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat cavabdehdən tutularaq iddiaçıya verilsin. Apellyasiya şikayətində tələb olunub ki, qətnamə ləğv edilsin və iddia rədd olunsun. Tərəflər əvvəlki məhkəmə iclasında iştirak etsələr də sonuncu məhkəmə iclasında iştirak etməmişlər. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinin əsaslı olduğunu, cavabdehin nümayəndəsi isə apellyasiya şikayətinin əsassız olduğunu bildirdi. Cavabdeh sonuncu məhkəmə iclasından əvvəl məhkəməyə teleqram göndərərək səhhəti ilə bağlı iclasda iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə baxışının təxirə salınmasını xahiş etmişdir. Lakin o, məhkəməyə gəlməsinə səhhətinin imkan vermədiyini təsdiq edən sübut təqdim etmədiyinə görə məhkəmə baxışı təxirə salınmamış, işə onun iştirakı olmadan baxılmışdır. Məhkəmə işin həlli ilə bağlı aşağıdakıları qeyd edir. Tərəflərin arasında 01.06.2015-cü il tarixli, 2111tkİNSH/15 nömrəli kredit xətti və bank hesabı müqaviləsi bağlanıb, iddiaçı cavabdehə 84 ay müddətinə, illik 26 faiz ödəmək şərtilə 1.500 ABŞ dolları məbləğində kredit limiti ayırıb. İddiaçının təqdim etdiyi sübutlardan müəyyən olunur ki, cavabdehin iddiaçının qarşısında qətnamədə göstərilən məbləğdə icra edilməmiş borcu vardır. Ona görə də məhkəmə Mülki Məcəllənin 425, 427, 439 və 739-cu maddələrinin göstərişlərinə əsaslanaraq hesab edir ki, birinci instansiya məhkəməsi həmin məbləğdə pul tutulmasını qət etməklə düzgün nəticəyə gəlib. Apellyasiya şikayəti onunla əsaslandırılıb ki, kredit öhdəliyi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli Fərmanının təsir dairəsinə düşür, bu barədə inzibati məhkəmənin qərarı var (iş v. 72). Bununla bağlı məhkəmə qeyd edir ki, Mülki Məcəllə və Fərman bir-birini təkzib etmir. Qətnamə mübahisəli hüquq münasibətində (kredit münasibətində) tərəflərin hüquq və vəzifələrini Mülki Məcəlləyə əsasən müəyyənləşdirən aktdır. Qətnamənin mövcudluğu Fərmanın tətbiqinə mane olmur. Əgər Fərmanın tətbiqi üçün əsas varsa Fərman qeyd-şərtsiz tətbiq olunmalıdır, baxmayaraq ki, kredit müqaviləsi üzrə borcun tutulması barədə qətnamə var. Bu halda Fərmanın icrasını təmin etməli olan şəxlər (o cümlədən bank) müvafiq prosessual qaydalardan istifadə etməlidir: icra sənədinin məhkəmə qaytarılması barədə ərizə vermə, icra sənədi üzrə icraatda tələbdən imtina, tələbdən qismən imtina və s. Beləliklə, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki-Prosessual Məcəllənin 372, 384-392-ci maddələrinin göstərişlərini rəhbər tutaraq, məhkəmə qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Binəqədi Rayon Məhkəməsinin 19.04.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7284/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7284/2021
24.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver