Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7285/2022 23.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbinə dair mülki iş üzrə İş № 2(103)-7285/2022 Açar sözlər:(borcun qaytarılması) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimlər Xəyal Əjdər oğlu Sarıyevin (sədrlik edən və məruzəçi) Namiq Şamil oğlu Cəfərov və Emin Əlixan oğlu Mehdiyevdən ibarət tərkibdə, İlahə Novruz qızı Həsənzadənin katibliyi ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(010)-3307/2022 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı 1.İddiaçı İB ilə cavabdeh arasında bağlanmış “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” 13 mart 2020-ci il tarixli 12140 saylı müqavilə üzrə cavabdeh öhdəliklərini vaxtında və tam icra etmədiyindən iddiaçıya borcu yaranmışdır. 2.Həmçinin cavabdeh tərəfindən qaz xəttinə qanunsuz qoşulma halı qeydə alınmış və bu səbəbdən iddiaçı dəymiş zərərin əvəzinin ödənilməsi ilə bağlı məhkəməyə müraciət etmişdir. a) Birinci instansiya məhkəməsində icraat 3.İddiaçı Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Süleyman qızı tərəfindən İddiaçı İB-yə vurulmuş 8683,79 manat məbləğində zərərin, hüquqi yardım üçün nəzərdə tutulmuş 400 manat və iddiaçı tərəfindən ödənilmiş 110,84 manat məbləğində dövlət rüsumunun ümumilikdə isə 9194,63 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq İddiaçı İB-nın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********. M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN********** İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 4.İddiaçı tələbi onunla əsaslandırmışdır ki, "Azəriqaz” İstehsalat Birliyi ilə abonent Cavabdeh Süleyman qızı arasında xx.xx.2020-ci il tarixində 12-140 nömrəli “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə” imzalanmış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında İddiaçı İB abonent Cavabdeh Süleyman qızına məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Qeyd olunan ünvana İddiaçı İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00162 nömrəli abonent kodu verilmişdir. Sözügedən ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində isə ZENNER G4T MEXANİKİ **********3 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X1”-nın tələblərinə əməl etmək) və “X1’nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. İddiaçı İB-nin əməkdaşları tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, habelə cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif tarixlərdə baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz olaraq istifadə etməsi, yəni ki qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerindəcə aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Həmçinin, qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X1nın pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Belə ki, cavabdehin qeyd olunan təqsirli hərəkətləri nəticəsində Birliyin səlahiyyətli əməkdaşları tərəfindən tərtib olunmuş aktlar əsasında xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 398,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 658,80 manat, xx.xx.2020-cı il tarixli ******* saylı akt əsasında 291,60 manat olmaqla akt üzrə cəmi 950,60 manat məbləğində "xxxx" İB-yə maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. cavabdehin göstərilən borc məbləğindən əlavə olaraq ‘‘Azəriqaz İB'-yə 7733,19 manat məbləğində qalıq borcu olmuşdur. Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz" İB-yə ödənilməli borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda ümumi olaraq 8683,79 manat təşkil etməkdədir. 5.Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (bundan sonra-məhkəmə) 18 avqust 2022-ci il tarixli, 2(010)-3307/2022 saylı qətnaməsi (sədrlik edən-Qasımov Anar) ilə iddia qismən təmin edilərək, Cavabdeh təbii qazdan qeyri-qanuni istifadəyə görə yaranmış 398,80 manat və təbii qazdan istifadəyə görə yaranmış 4281,75 manat məbləğində borc, hüquqi yardım üçün nəzərdə tutulmuş 100 manat, eləcə də 50 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4830,55 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması qət edilmişdir. 6.İş materiallarında olan “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alğı-satqısı barədə” bağlanmış 13 mart 2020-ci il tarixli 12140 saylı müqavilənin surətindən görünür ki, Azəriqaz” İstehsalat Birliyi– “Paylayıcı”, Cavabdeh – “İstehlakçı” olmaqla müəyyən edilmiş şərtlərə uyğun olaraq İstehlakçının keyfiyyətli qazla təmin edilməsi üçün müqavilə bağlanmışdır. 7.Həmin Müqavilənin 2.3.1-ci bəndinə əsasən, qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesab üzrə qazın dəyərini ödəmək istehlakçının vəzifəsidir. 8.Həmin Müqavilənin 2.3.4-cü bəndinə əsasən, təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayacıya dəymiş zərərin ödəmək istehlakçının vəzifəsidir. 9.Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, bü Müqavilə üzrə qazın qiyməti Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənən tarifə əsasən, hər 1(bir) kub.m üçün 0,10 manat, 2019-cu il 1 may tarixdən etibarən təbii qazın pərakəndə satışı illik istehlak həcminin 2200 kubmetrdən çox olan hissəsi üçün 0.20 manat məbləğində müəyyən edilir. 10.İş materialları ilə müəyyən olunmuşdur ki, iddiaçı xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 398,80 manat, xx.xx.2019-cu il tarixli ******* saylı akt əsasında 658,80 manat, xx.xx.2020-cı il tarixli ******* saylı akt əsasında 291,60 manat manat dəymiş zərər hesablanmışdır. 11.Məhkəmə müəyyən etmişdir ki, cavabdeh tərəfindən **********00162 nömrəli abonent kodu ilə təbii qazdan istifadə edilməsi və həmin qazın istifadəsinə görə borcunu ödəməməsi abonent saldosundan görünsə də, həmin borcun bir hissəsi–3451,44 qəpik 2017-ci ilə qədər yaranmış borc, 4281,75 qəpik isə 2016-cı ildən sonra yaranmış borcdur. 12.Məhkəmə qeyd eymişdir ki, cavabdehin istifadə etdiyi təbii qaza görə borcunu ödəməməsi sonuncunun “Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alğı-satqısı barədə” müqavilənin müvafiq bəndlərini pozmaqla üzərinə görürdüyü öhdəlikləri yerinə yetirməməsi kimi qiymətləndirilməlidir. 13.Bununla belə məhkəmə hesab etmişdir ki, cavabdehin 2017-ci ilə qədər yaranmış borcun ödənilməsi ilə bağlı məsuliyyəti istisna edilir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən, öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 14.Beləliklə, məhkəmə o nəicəyə gəlmişdir ki, cavabdehin iddiaçıya olan 2016-cı il tarixə hesablanmış 3451,44 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində İddiaçı ASC tərəfindən tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından iddiaçının iddia tələbi təmin olunmamalıdır. 15.Lakin, 4281,75 manat pulun tutulması hissədə iddia tələbini əsaslı hesab etmiş və qeyd etmişdir ki, həmin borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. 16.Digər tərəfdən məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ilk dəfə aşkar olunmuş kənar xətt iddiaçının əməkdaşları tərəfindən eyni vəziyyətdə saxlana bilməzdir. Bununla yanaşı iddiaçı kənar xəttin təkrar aşkar etməsi halında cavabdehi bununla bağlı xəbərdar etməsi, qanunsuz qoşulmanın aradan qaldırmasına dair hərəkət etməsi müəyyən olunmur. Belə olan halda təkrar aktların tərtib olunması vaxtı kənar xəttin olmaması aşkar olaraq müəyyən olunmuş olur. Cavabdeh tərəfin iddiaçının kənar xəttə qoşulmasını təsdiq edən yeganə sübutu fotoşəkildir, lakin həmin fotoşəkillərin aktların tərtib olunduğu vaxt çəkilməsi və cavabdehə məxsus olan evə aid olması müəyyən edilməmiş olur. Belə olan halda da cavabdehin iddiaçının göstərdiyi əsaslarla borcunun yaranması təsdiq olunmur, bu vəziyyətdə isə cavabdehdən iddia tələbində göstərilən məbləğdə pulun tutulması yolverilən hesab edilə bilməz. 17.Belə olan halda məhkəmə hesab etmişdir ki, xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 398,80 manat dəymiş zərərin tutulması hissəsində iddia təmin edilməli, lakin digər aktlara əsasən hesablanmış dəymiş zərərin tutulması hissəsində isə iddia tələbi sübuta yetirilmədiyindən təmin edilə bilməz. 18.Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 527.1, 551.2, 551.2.1, 552.1-ci; “Qaz təchizatı haqqında” qanunun 3.4, 13-cü; “X1”nın 4.8; 6.7; 3.1.5; 5.2ci bəndləri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4, 119.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri 19.İddiaçı "xxxx" İB apellyasiya şikayəti verərək, qətnamənin dəyişdirilərək, iddianın tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 20.Apellyasiya şikayəti onunla əsaslandırılır ki, təqdim olunmuş sübutlara, yəni aktlara hərtərəfli, tam baxılmayıb və hakim iddiaçının təqdim etdiyi sübutları nəzərə almamış və qətnamə qəbul edərkən lazımi qaydada əsaslandırmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 21.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları 22.İddaçı və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəməyə gəlməmiş və gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq işə iddiaçının və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: 23.Maddə 72. Dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 24.Maddə 385.1.Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 25.Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 26.Maddə 448.1.Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 27.Maddə 527.1.Öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir. 28.Maddə 551.2 və 551.2.1. Kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. 28.Maddə 552.1.Müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. 29.Azərbaycan Respublikası Nazirlər Kabinetinin “X1” təsdiq edilməsi haqqında xx.xx.2011-ci il tarixli 80 saylı qərarının 1.3-cü bəndinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 30.Həmin Qaydaların 4.8-ci bəndinə müvafiq olaraq fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 31.Həmin Qaydaların 3.1.5-ci bəndinə əsasən qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. 32.Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.
33. “Qaz təchizatı haqqında” Qanunun 3.4-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanının səlahiyyətli nümayəndələri istehlakçını 5 iş günü əvvəl məlumatlandırmaqla qazdan səmərəli istifadə, məişət qaz qurğularının təhlükəsiz və etibarlı istismar edilməsini təmin etmək məqsədi ilə həmin qurğulara, tüstü bacalarına və qazpaylayıcı şəbəkəyə altı ayda bir dəfədən az olmayaraq texniki baxış keçirilməsini təmin etməli, nəticələrini 2 nüsxədən ibarət aktla rəsmiləşdirməli və aktın bir nüsxəsini mütləq istehlakçıya təqdim etməlidir. İstehlakçı bu barədə xüsusi kitabda öz imzası ilə həmin sənədin alınmasını təsdiq etməlidir. 34.Həmin Qanunun 13-cü maddəsinə görə qaz paylayıcısı müqavilə əsasında istənilən şəxsin sifarişilə onu qaz şəbəkəsinə birləşdirib təchiz etməlidir və paylayıcının şəbəkəsinə qoşulan istehlakçıların tələblərinin keyfiyyət və kəmiyyətcə daim təmin ediləcəyi dərəcədə qazın istehsalını, alınmasını və ötürülməsini təşkil etməlidir. 35.Həmin Qanunun 13-cü maddəsinin 8-ci və 9-cu bəndlərinin tələblərinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 36.Maddələr 14.2, 77.1, 217.4. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; məhkəmə (hakim) öz qətna¬mə¬sini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 37.Maddə 385.2.Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
38.Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 39.Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəasını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı halda apellyasiya baxışının hədlərini qətnamənin iddianın təmin edilməyən hissəsində qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Çünki iddianın təmin olunan hissəsindən cavabdeh apellyasiya şikayəti verməmişdir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
40.Kollegiya qeyd edir ki, **********00162 nömrəli abonent kodu ilə cavabdeh tərəfindən təbii qazdan istifadə edilməsi və həmin qazın istifadəsinə görə borcunu ödəməməsi abonent saldosundan görünsə də, iş materiallarının tədqiqi ilə aydın olmuşdur ki, həmin borcun bir hissəsi – 3451,44 manat 2017-ci ilə qədər yaranmış borc, 4281,75 manat isə 2016-cı ildən sonra yaranmış borcdur. 41.Belə olan halda Kollegiya hesab edir ki, məhkəmə düzgün olaraq cavabdehin iddiaçıya olan 2016-cı il tarixə hesablanmış 3451,44 manat məbləğində borcun ötən beş ildən artıq müddət ərzində İddiaçı ASC tərəfindən tələb edilməsi ilə bağlı məhkəmədə tələb irəli sürülmədiyindən, o cümlədən müddətin axımının kəsilməsinə əsas verən digər hal olmadığından iddiaçının iddia tələbini həmin hissədə mülki qanunvericiliyin qeyd olunan normalarına əsasən təmin etməmişdir. 42.Məhkəmə kollegiyası iddia tələbinin qanunsuz qoşulma ilə bağlı aktlara görə pulun tutulması hissəsi ilə bağlı qeyd edir ki, məhkəmə iş materiallarında olan xx.xx.2020-ci il tarixli, İ006026 saylı (istehlakçı kimi Əliyeva Simuzər qeyd olunub); xx.xx.2020-ci il tarixli, ******* saylı (istehlakçı kimi Əliyeva Simuzər qeyd olunub); xx.xx.2017-ci il tarixli, ******* saylı (istehlakçı kimi Əliyeva Simuzər qeyd olunub); xx.xx.2017-ci il tarixli, S000532 saylı (istehlakçı kimi Əliyeva Simuzər qeyd olunub) aktlara münasibət bildirərək qeyd etmişdir ki, iddiaçı tərəfindən tərtib edilmiş aktlar cavabdeh tərəfindən imzalanmamış, həmin aktlar iddiaçı təşkilatın əməkdaşları tərəfindən birtərəfli qaydada tərtib edilmiş, həmin aktların tərtib edilməsinə hal şahidləri cəlb edilməmişlər. Bundan əlavə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda iddiaçının bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən, habelə məhkəmədə iddia qaldırılmadan davamlı olaraq yeni aktlar tərtib etməsi həmin aktların mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə həmçinin qeyd etmişdir ki, yuxarıda göstərilən qaydalara uyğun olaraq tərtib edilmiş aktların bir nüsxələrinin iddiaçı tərəfindən cavabdehə təqdim edilməsi, habelə ondan vurulmuş zərərin tələb edilməsi barədə sübutlar da iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. 43.Yalnız birinci intsansiya məhkəməsində icraat zamanı cavabdeh izahatında iddia tələbləri ilə qismən razılaşaraq bildirmişdir ki, 2017-ci ildə həqiqətən qaz xəttinə qanunsuz qoşulma halı olmuş, bununla əlaqədar akt tərtib edilsə də, o, vurulmuş zərəri ödəməmişdir. 44.Belə olan halda kollegiya hesab edir ki, iddia tələbi xx.xx.2017-ci il tarixli ******* saylı akt əsasında 398,80 manat dəymiş zərərin tutulması hissəsində təmin edilmiş, lakin digər aktlara əsasən hesablanmış dəymiş zərərin tutulması hissəsində isə iddia tələbi mötəbər sübutlarla təsdiq edilmədiyindən düzgün olaraq təmin edilməmişdir. 45.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mübahisələndirilən hissədə iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 46.Kollegiya qeyd edir ki, birinci instansiya tərəfindən məhkəmə xərclərinin tərkib hissəsi olan dövlət rüsumu AR MPM-nin 119.1-ci maddəsinə əsasən düzgün olaraq həll edilmişdir. 47.“Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli, 4 saylı Qərarının 2.2-ci bəndində göstərilir ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarına dəqiq əməl edilməklə qəbul edildikdə qanuni hesab edilir. Həmin qərarın 2.4-cü bəndinin məzmununa görə qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. 48.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya araşdırması zamanı birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması halları aşkar edilməmişdir. 49.Birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, işdə məhkəmə qətnaməsinin qeyd olunan hissədə apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar yoxdur. 50.Apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası, yuxarıda şərh olunan əsaslara görə onları əsassız hesab edərək, qətnamənin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. 51.MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 52.Kollegiya həmçinin qeyd edir ki, iddiaçı tərəfindən mübahisələndirilən məbləğ 4401,84 manat olmaqla, 5000 manatdan az olduğundan, MPM-nin 402.1-ci maddəsinə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. 53.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 382, 384, 392, 393, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi:
İddiaçı oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 18 avqust 2022-ci il tarixli, 2(010)-3307/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Sədrlik edən Xəyal Sarıyev
Hakimlər Namiq Cəfərov
Emin Mehdiyev