Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7286/2021 02.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayevin sədrliyi və məruzəsilə, Şeyda Ədalət qızı Məhərrəmova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Ləman İmanverdi qızı Şükürlünün katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(001)-2211/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə apelyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, m ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» barədə iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(001)- 2211/2021 saylı qətnaməsi ilə (hakim Nigar Nəbizadə) iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh apelyasiya şikayəti vermişdir. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5419/2021 saylı 18 may 2021-ci il tarixli qərardadına əsasən İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(001)-2211/2021 saylı qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilmişdir. Binəqədi Rayon Məhkəməsi 24 iyun 2021-ci il tarixli məktubla 06 aprel 2021-ci il tarixli qətnamədən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə mülki iş materialları ilə birlikdə baxılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakı əsaslara görə verilmiş şikayət qeyrimümkün hesab edilməli və mülki işlə birlikdə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə qaytarılmalıdır. Apelyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumu haqqında qəbzdən görünür ki, cavabdeh dövlət rüsumu kimi 15 manat ödəməli olduğu halda, cəmi 10 manat pul ödəmişdir. Bu hal isə apelyasiya şikayətinin MPM-in 363.1.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsi tərəfindən qaytarılması üçün əsas hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən apelyasiya şikayətinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363-cü maddəsinə əsasən apelyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa apelyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Bundan başqa, apelyasiya şikayəti qanunvericiliyin tələblərinə uyğun qaydada tərtib olunmamış, şikayətin tələb hissəsində birinci instansiya məhkəməsinin 09 aprel 2021-ci il tarixli qətnaməsinin ləğv olunması xahiş edilmişdir ki, işdə həmin tarixli heç bir məhkəmə aktı mövcud deyildir. Bundan əlavə apelyasiya şikayəti Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 06.08.2012-ci il tarixli, 2(001)-6267/2012 saylı qətnaməsindən verilsə də, şikayəti “xahiş etdi” hissəsində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 09 aprel 2021-ci il tarixli, 2(001)- 2211/2021 saylı qətnamənin ləğv edilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası MPM-nin 361.1 və 361.1.3-cü maddələrinin tələbinə görə, apelyasiya şikayətində barəsində şikayət verilən qətnamə, onun qəbul edilmə tarixi, nəticə hissəsi, qətnaməni qəbul edən məhkəmənin adı göstərilməlidir. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı Apelyasiya Məhkəməsinin 18 may 2021-ci il tarixli qərardadı ilə birinci instansiya məhkəməsinə göstərişlər verilmiş olsa da, birinci instansiya məhkəməsi apelyasiya instansiyasının göstərişini nəzərə almamış və apelyasiya şikayətini yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərmişdir, bununla da, prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə əgər apelyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, verilmiş şikayət qeyri-mümkün hesab edilməli və mülki işlə birlikdə birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366-cı maddəsini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apelyasiya şikayət mülki işlə birlikdə həmin məhkəməyə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kasasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7286/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7286/2021
02.07.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver