Məhkəmə qərarları › İş №2(103)-7293/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7293/2020

21.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7293/2020 21.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh X2 qarşı “dəymiş maddi zərərin ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-2219/2020 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı cavabdeh X2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncu tərəfindən Birliyə vurulmuş 1219,60 manat məbləğində zərər və ödənilmiş 30 manat dövlət rüsumu olmaqla, cəmi 1249,60 manat pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-2219/2020 saylı qərardadı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmış, iddiaçıya izah edilmişdir ki, göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət edə bilər. Həmin qərardaddan iddiaçının verdiyi şikayət məhkəmənin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətdə göstərilmişdir ki, məhkəmə iddia ərizəsinin geri qaytarılmasının ümumi prosessual əsasını göstərsə də, tərəflər arasında münasibətləri tənzilməyən maddi normaya əsaslanmamışdır. Tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 5.2-ci bəndinin şərti pretenziya qaydası kimi qəbul edilə bilməz. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi şikayətə uyğun izahat verərək, təmin edilməsini xahş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış cavabdeh məhkəməyə gəlmədiyindən, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası izahatı dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli vəişə mahiyyəti üzrə baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, tərəflər arasında bağlanmış xx.xx.2017-ci il tarixli 03/2465 saylı qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 5.2-ci maddəsinə əsasən həmin müqavilə ilə yaranan mübahisələr qarşılıqlı anlaşma yolu ilə həllini tapmadıqda, tərəflər məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi tərəflər arasında bağlanmış müqavilədə birbaşa yaranmış mübahisənin məhkəməyə qədər nizama salınması öz əksini tapmışdır. Hazırda iddiaçı iddia ərizəsinə məsələnin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair məktub əlavə etsə də, həmin məktubun cavabdehə ünvanlanmasına dair poçt qəbzi və ya xəbərnamə əlavə etməmişdir. Bu isə ümumilikdə prosessual qanunvericiliyin tələblərinə əsasən cavabdehlə mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsi kimi qəbul edilə bilməz. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. MPM-nin 152.1.6-cı maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göründüyü kimi, «məhkəməyə qədər nizamlama (pretenziya) qaydası» dedikdə, qanun kommersiya mübahisələrini nəzərdə tutmuşdur ki, hazırki iş də həmin kateqoriya işlərə aid deyildir. Qanunla bu kateqoriya işlər üçün pretenziya qaydasına riayət edilməsi nəzərdə tutulmamışdır. Tərəflər arasında bağlanmış alqı-satqısı müqaviləsinin 5.2-ci bəndində qeyd edilən şərt pretenziya qaydası kimi qəbul edilə bilməz və bu şərt müqavilə tərəfini birbaşa məhkəməyə müraciət etmək hüququndan məhrum etmir. Kollegiya hesab edir ki, hazırki halda iddiaçı mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə etməkdə haqlıdır. Kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi prosessual hüquq normalarının tələblərini pozmuş, bununla da iddiaçının hüquqları, o cümlədən, onun ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur. Ona görə də Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərardadı ləğv edilməli və mülki iş, işə mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: İddiaçı şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli 2(003)-2219/2020 saylı qərardadı ləğv edilsin və mülki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar