Məhkəmə qərarları › İş №2(103)-7294/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7294/2020

17.09.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7294/2020 17.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Şərafət Asif qızı Məmmədovanın sədrliyi və məruzəsi ilə, Emin Əlixan oğlu Mehdiyev və Xəyal Əjdər oğlu Sarıyevdən ibarət tərkibdə, Mövlayev Azər Aydın oğlunun katibliyi ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-2226/2020 saylı qərardadından İddiaçı İstehsalat Birliyi tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı İstehsalat Birliyi Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2048,20 manat dəymiş ziyanın, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 2078,20 manat pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-2226/2020 saylı qərardadı ilə İddiaçı İstehsalat Birliyi Cavabdeh qarşı təbii qazdan qeyri-qanuni istifadəyə görə hesablanmış 2048,20 manat dəymiş ziyanın, həmçinin 30 manat dövlət rüsumu olmaqla, cəmi 2078,20 manat pulun tutulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. İddiaçı İstehsalat Birliyi Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(003)-2226/2020 saylı qərardadından şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, Xəzər Rayon Məhkəməsi prosessual hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddia ərizəsinin geri qaytarılmasının ümumi prosessual əsasını göstərsə də, tərəflər arasında münasibətləri tənzimləyən maddi normaya əsaslanmamış və iddia ərizəsinin, eləcə də ona əlavə edilmiş sənədlərin geri qaytarılmasının maddi əsasını göstərməmişdir. Tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 5.2-ci bəndinin şərti (qarşılıqlı anlaşma) pretenziya qaydası kimi qəbul edilə bilməz. Belə ki, müqavilənin istinad olunan bəndi tərəflərin üzərinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmək, bununla bağlı qarşı tərəfə pretenziya-yazılı təklif və ya etiraz göndərmək vəzifəsi qoymur. Yəni tərəflər arasında bağlanmış müqavilənin 5-ci paraqrafası hər iki tərəfə seçim imkanı tanımaqla onlara vəzifə deyil, hüquq müəyyən edir. Məhkəmənin isə müqavilənin bu müddəasını iddiaçının vəzifəsi kimi müəyyən etməsini əsassız hesab edir. İddiaçı olaraq mülki və mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququndan istifadə etməkdə tam haqlıdırlar. Həmçinin Xəzər Rayon Məhkəməsindən başqa heç bir məhkəmə tərəflər arasında olan müqavilənin 5.2-ci maddəsini əsas gətirərək iddia ərizələrini geri qaytarmır. Həmçinin nədənsə Məhkəmənin bu mövqeyini İddiaçı İB-nin cavabdeh olduğu işlərdə müşahidə etmirik. Yəni Birliyin cavabdeh olduğu işlərdə nədənsə istehlakçılar tərəfindən müqavilənin qeyd olunan müddəasına əməl olunub-olunmadığı araşıdrılmır və bir mənalı olaraq istehlakçılar tərəfindən verilmiş iddia ərizələrinə mahiyyəti üzrə baxılaraq yekun məhkəmə aktları qəbul edilir. Lakin İddiaçı İB-nin iddiaçı olduğu işlərdə məhkəmə fərqli mövqe nümayiş etdirərək iddia ərizələrini geri qaytarır. Belə olan halda hüququn ali prinsiplərindən olan qanun və məhkəmə qarşısında bərabərlik prinsipi pozulmuş olur. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq və şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməlidir. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılmasını MPM-in 152.1.6-cı (pretenziya qaydasına riayət edilməməsi) maddələrinə istinadla əsaslandırmışdır. Kollegiya qeyd edir ki, tərəflər arasında bağlanmış qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilənin 5.2-ci bəndinin şərti (qarşılıqlı anlaşma) pretenziya qaydası kimi qəbul edilə bilməz. Belə ki, müqavilənin istinad olunan bəndi tərəflərin üzərinə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət etmək, bununla bağlı qarşı tərəfə pretenziya-yazılı təklif və ya etiraz göndərmək vəzifəsi qoymur, ona görə ki, hüquqi müəyyənlik prinsipinə uyğun deyildir. Pretenziya qaydası mübahisəsinin həlli qaydası olduğundan hüquqi müəyyənlik prinsipinə cavab verməlidir. Yaranmış vəziyyətdə iddia ərizəsinin pretenziya qaydalarının pozulması əsasları ilə geri qaytarılmasına prosessual əsas olmamışdır. Qeyd olunanlara əsasən qərardad ləğv olunmalı, iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin yenidən müzakirə edilməsi üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2226/2020 saylı iş üzrə xx xxxx 2020-ci il tarixli qərardadıləğv edilsin. Mülki iş iddia ərizəsinin icraata qəbulunun mümkünlüyü barədə məsələnin həlli üçün Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qüvvəyə minir. Sədirlik edən: Şərafət Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar