Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7295/2021 09.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, İddiaçı açıq səhmdar cəmiyyətinin nümayəndəsi X1, cavabdeh Cavabdeh oğunun nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)-873/2021 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə aralarında bağlanmış 04.02.2020-ci il tarixli 23-Y-1-0-217-20 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehdən iddiaçının xeyrinə kredit müqaviləsi üzrə 14098,59 manat əsas borc, 1036,3 manat faiz borcu, 131,54 manat dəbbə pulu olmaqla, cəmi 15266,43 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)-873/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli 23-Y-1-0-217-20 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh 04.02.2020-ci il tarixli kredit müqaviləsi üzrə 14098,59 manat əsas borc, 1036,3 manat faiz borcu, 131,54 manat dəbbə pulu olmaqla, cəmi 15266,43 (on beş min iki yüz altmış altı manat qırx üç qəpik) manat borc və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən ədalətsiz qətnamə qəbul edilmişdir ki, bu da ədalətsiz məhkəmə araşdırılmasına sübutdur. Belə ki, İddiaçıASC ilə Cavabdeh arasında bağlanmış 04.02.2020-ci il tarixli, kredit müqaviləsi üzrə ödənilməli olan məbləğ düzgün hesablanmamış və məhkəmə tərəfindən Cavabdeh məhkəmə iclasında iştirakı təmin edilməmiş və Cavabdeh tərəfindən ödənişlər nəzərə alınmamışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə etdi və bildirdi ki, təmsil etdiyi şəxs məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmayıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəf məhkəmə iclası barədə məlumatlı olub. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, təqdim edilmiş sübütlardan görünür ki, iddiaçı 04.02.2020-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə 38 ay müddətinə, illik 18 faiz olmaqla, 15000 manat kredit verilmişdir. Cavabdeh sonuncu ay 520.83 manat, hər ay 520.74 manat olmaqla, ümumilikdə 19788.21 manatı banka ödəməyi öhdəsinə götürmüşdür. 01.10.2020-ci il tarixli maliyyə arayışına əsasən cavabdehin 14098,59 manat əsas borc, 1036,3 manat faiz borcu, 131,54 manat dəbbə pulu olmaqla, cəmi 15266,43 manat borcu vardır Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər qətnamənin ləğvi və iddianın rədd edilməsi üçün əsas ola bilməz. Əvvəla, Cavabdeh şikayətində borc məbləğinin düzgün hesablanmadığını və etdiyi ödənişlərin nəzərə alınmadığını qeyd etsə də bu dəlillər əsaslı ola bilməz. Çünki, o, etdiyi ödənişlərə dair məhkəməyə heç bir sübüt təqdim etməmişdir. Məhkəmə mühasibatlıq ekspertizasının keçirilməsinə də zərurət və əsas olmamışdır. Çünki, iddia tələbində göstərilən əsas və faiz borcun məbləğləri işin faktiki hallarına uyğundur və düzgünlüyü şübhə yaratmadığından ekspertizanın keçirilməsi üçün də əsaslar mövcud deyildir. İkincisi, cavabdeh məhkəmə iclasında iştirakının təmin edilmədiyini göstərsə də bu dəlil də əsassızdır. Çünki, cavabdeh 16 fevral 2021-ci il tarixli məhkəmə iclasında iştirak etmiş və mübahisənin məhkəmədən kənar barışıq yolu ilə həll edilməsi üçün ona vaxt verilməsini və işə baxılmasını təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası da 11 mart 2021-ci il tarixə təxirə salınmış və cavabdeh qəbzə imza etməklə növbəti məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilmişdir. Məhkəmənin sonuncu iclasında üzrlü səbəb olmadan iştirak etməməsi isə cavabdehin hüquqlarının pozulması kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər mübahisələndirdiyi hissədə qətnamənin ləğvi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirdiyi hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ona münasibətdə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2021-ci il tarixli, 2(004)- 873/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7295/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7295/2021
09.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver