Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-730/2020 13.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi: İsmayıl Kamil oğlu Xəlilov Hakimlər: Xəyalə Adil qızı Cəmilova və İlham Əziz oğlu Kərimlidən ibarət tərkibdə, Raul Firdovsi oğlu Ağakişiyevin katibliyi ilə, İddiaçı MMC-nin nümyəndəsi X6 və X1, Cavabdeh, onun vəkili və nümayəndəsi X4 iştirakı ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı MMC Cavabdeh qarşı “öhdəlik münasibətlərinin yerinə yetirilməməsi nəticəsində yaranmış borcun ödənilməsinə dair” iddia ərizəsi ilə Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh 10.734.35 manat borcun və 30 manat dövlət rüsumunun alınıb "xxxxxxxxxxxx” MMC-yə verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır: Cavabdeh “İddiaçı" MMC-nin Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 40 B ünvanında yerləşən avtomobillərin təmiri və texniki xidmət sahəsinin müştərək istifadəsi üçün xx.xx.2017-ci il tarixdə 4 ay müddətinə İddiaçı MMC ilə müvafiq əməkdaşlıq Müqaviləsi bağlamışdır. Müqavilə şərtlərinə əsasən tərəflər işə başladıqdan sonra hər biri 20.000 min manat vəsait qoymağı, ay ərzində görüləcək işin ümumi dəyərindən həmin işlərə sərf olunan materialların, işçilərin əmək haqqı və servis xərcləri olaraq 5000 manat çıxmaqla, qalan mənfəətin 60 faizinin İddiaçı MMC-yə, 40 faizinin isə Cavabdeh ödənilməsi barədə razılığa gəlmişlər. Müqavilənin şərtləri saxlanılmaqla xx.xx.2018-ci il tarixdə tərəflər arasında 1 il müddətinə yeni Müqavilə imzalanmışdır. Lakin cavabdeh müqavilə şərtlərinə əməl etməmişdir. Cavabdehin fəaliyyət göstərdiyi müddət ərzində şirkətə 51429.50 manat borcu yaranmış, bu barədə xx.xx.2018-ci il tarixdə cavabdehin və nümayəndəsinin iştirakı ilə borcun etiraf edilməsi barədə müvafiq akt tərtib edilərək, imzalanmışdır. Cavabdehə xəbərdarlıq edilərək, ondan borcun ödənilməsi tələb edilmişdir. Bundan sonra cavabdeh yuxarıda qeyd edilən borcunun bir hissəsini ödəmiş, lakin şirkətə 10734,35 manat borclu qalmışdır. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək Cavabdeh 10.734.35 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun tutularaq iddiaçı “İddiaçı" MMC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdeh apelyasiya şikayəti verərək qətnamənin ləğv edilərək iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsini, işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır. Apellyasiya şikayəti belə əsaslandırılmışdır: Müvafiq akt imzalandığı tarixdən məhkəməyə müraciət edildiyi tarixədək qalıq borcu ödəmişdir. Həmin aktın imzalanmasının səbəbi iddiaçının servisdə maşınları girov saxlaması olub. İddiaçı həmin akt imzalamayacağı təqdirdə təmir edilən maşınların servisdən buraxılmayacağını, hətta onun servisdə yerləşən nümayəndəsinin də avtomobilinin girov saxlanılacağını bildirmişdir. Ödəmələrlə bağlı e-mail adresi açılmış, bütün rəsmi yazışmalar, aparılan ödəmələrlə, kassaya ödənişlərlə bağlı məlumatlar, ödəniş və qiymət cədvəlləri bu e-mail yazışmaları üzərindən aparılmışdır. Məhkəmə bunları tədqiq etməmişdir. Əməkdaşlıq çərçivəsində təmir və bərpa üçün iddiaçının kassa sistemindən pul vəsaiti hər iki tərəfin imzası ilə imzalanmış tələbnamə əsasında məxaric edilirdi. Bu qayda hətta təmir və bərpa edilən avtomobillərin rənglənməsi və həmin rəngləmənin həyata keçirilməsi üçün boya alınması zamanı da tətbiq edilirdi. Lakin təmir və bərpa edilən avtomaşınların rənglənməsi üçün xx xxx 2018-ci il tarixindən etibarən xx xxxxxx 2018-ci il tarixinə qədər iddiaçı tərəfindən heç bir tələbnamə imzalanmamışdır. xx xxx 2018-ci il tarixindən sonra iddiaçıya aid servisə daxil olan avtomobillərin təmir və bərpasından sonra avtomobillərin rənglənməsi üçün bütün boya məhsullarının pulu cavabdeh tərəfindən boya məhsullarının satışı mərkəzinə ödənilmişdir. Bunu təsdiq edən rəsmi arayış birinci instansiya məhkəməsinə təqdim edilsə də, hakim bunu nəzərə almamış, sübut kimi qiymət verməmişdir. xx xxxxxxx 2018-ci il tarixində tərtib edilmiş arayışa əsasən xx.xx.2018-xx.xx.2018-ci il tarixləri arasında Cavabdeh Əhməd Rəcəbli 1963 ünvanında yerləşən avtomobil boya materialları mağazasının müdiri X7 və işçisi X5 3.772 manat boya və boya materiallarının alınması üçün nağd ödənişlər etmiş və bu günkü Cavabdeh heç bir borcunun olmadığı, borcun 0 AZN təşkil etdiyi bildirmişdir, (həmin arayışın surəti əlavə olunur). Göründüyü kimi cavabdeh ən azından 3 ay müddət ərzində iddiaçıya aid servisə daxil olan avtomobillərin rənglənməsi üçün alınmış boya məhsullarının pulunu tamamilə ödəmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş, ona uyğun izahat vermiş və bildirmişdir ki, cədvəllərlə bağlı heç bir razılıq verməmişdir. Aktı ona görə imzalamışdır ki, maşınlara görə müştərilər və digər şirkətlərlə böyük problemlər yaşanırdı, buna görə imzalamaq məcburiyyətində qalmışdır. Lakin həmin akt araşdırılmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə etmiş və bildirmişdir ki, aktlara təmsil etdiyi şəxs məcbur olaraq imza atmışdır. Həmin aktlarda bir nömrəni bir neçə maşına yazmışlar. Bundan başqa, həmçinin borcun etirafı haqqında aktı da təzyiq altında imzalamışdır. Bunu şahid qismində gətirdiyi Emin Məmmədov da təsdiq edə bilər. Akt imzalandıqdan sonra MMC-nə pul ödəməmişlər, çünki borc olmamışdır. Borcu silməli idilər. Lakin silməmişlər. Bundan başqa, məbləğ şişirdilmiş məbləğdir. 3 ay ərzində Cavabdeh tərəfindən 3772 AZN dəyərində boya materialları almışdır. Bu nəzərə alınmamışdır. Aktda çoxlu çatışmazlıqlar var. Bununla bağlı apellyasiya şikayətində kifayət qədər qeydlər vermişdir. 1200 manat ödəniş etmişlər, bununla bağlı həm qəbz, həm də e-mail var, lakin həmin ödəniş nəzərə alınmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X10 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, aktla müəyyən edilən borc məbləği elə Emin Məmmədov tərəfindən göndərilmiş elektron poçt yazışmaları və bank hesabından çıxarış əsasında yazılmışdır. Akt tərtib olunan zaman iddiaçının nümayəndələri, cavabdehin özü və Emin orada olmuşdur. Elşən özü aktı dəfələrlə oxumuş, Emindən də sənədlərin düzgün tərtib olunması barədə soruşmuşdur. Emin aktın düzgün tərtib olunduğunu təsdiq etdikdən sonra o, aktı imzalamışdır. 51.000 manatın ödənilməsi ilə bağlı Akt imzalandıqdan sonra, Emin Elşənin adından ödənişlər etmişdir. Bu barədə də sənədlər var. Elşənin depoziti olmuş, 21.000 manat borcdan çıxılmış və əlavə ödənişlər də qəbul edilmişdir. Cavabdeh tərəf ödəniş edərkən bu barədə emaildə yazırdı və bunun əsasında hesablaşma aparılırdı. Ödənişlərə dair siyahını təqdim edir. Bütün ödəniºlər cavabdeh tərəfin rəsmi emailində qalıbdır. Bununla bağlı ödənişlərə dair maliyyə arayışı təqdim edə bilərlər. Arayışda göstərilən cədvəlləri Cavabdehla birgə razılaşıb tərtib etmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 apellyasiya şikayətini qəbul etməmiş və bildirmişdir ki, bütün razılaşmalarda Elşən və Emil iştirak etmişlər. Borcun məbləğini cavabdeh tərəfin özünün təqdim etdiyi sənədlər əsasında hesablamış və akt tərtib etmişlər. Cavabdeh aktı imzalamış və ödənişlər etmişdir. Aktın tərtib olunması zamanı heç bir təzyiq ola bilməzdi. Sonradan aparılmış ödənişlərlə bağlı bütü məlumatlara dair cavabdeh tərəf elektron poçta məktub , məlumat göndərmiş və bunun əsasında qalıq borcu müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı guya bəzi ödənişlərin nəzərə alınmaması barədə deyilənlər əsassızdır. Mübahisə ilə bağlı dəyərləndirmə: Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli əməkdaşlıq müqavilələri bağlanmışdır. İddiaçı bildirir ki, qarşı tərəf müqavilədən irəli gələn öhdəliyi yerinə yetirmədiyi üçün onun iddiaçıya 51429.50 manat məbləğində borcu yaranmış, bu hal xx xxxx 2018-ci il tarixli “Borcun etiraf edilməsi haqqında” aktla təsdiq olunur. Bundan sonra cavabdeh ödənişlər etmiş, sonda onun 10.734.35 manat borcu qalmışdır. Mülki işi yenidən apellyasiya baxışına göndərən, kassasiya məhkəməsi öz qərarında qeyd etmişdir ki, apellyasiya məhkəməsi öz qətnaməsində borcun hansı müqavilə əsasında yarandığına açıqlıq gətirməmişdir. Qeyd edildiyi kimi, tərəflər arasında eyni məzmunlu olsa da, iki ayrı əməkdaşlıq müqaviləsi bağlanmışdır. Hər iki müqavilə ayrıca hüquqi fakt olmaqla öhdəliyin əmələ gəlməsinin müstəqil əsası kimi çıxış edirlər. Ona görə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Eyni zamanda, apellyasiya məhkəməsinin gəldiyi nəticənin əsasında dayanan yeganə əsas xx xxxx 2018-ci il tarixli borcun etiraf edilməsi barədə aktda da bu hal öz əksini tapmamışdır. Odur ki, təkrar apellyasiya baxışı zamanı borcun hansı müqavilə əsasında yarandığı müəyyənləşdirilməlidir. Bundan əlavə, cavabdeh E. Sadıqov birinci instansiya məhkəməsində verdiyi izahatında, habelə apellyasiya şikayətində adı çəkilən aktı məcburetmə nəticəsində bağladığını, iddiaçıya hər hansı məbləğdə borcunun olmadığını irəli sürmüş, bu etirazının əsasında dayanan sübutlar qismində elektron poçt yazışmalarını və bank hesabından çıxarışı təqdim etmişdir. Lakin apellyasiya məhkəməsi cavabdehin bu dəlillərinə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə kollegiyası ilk növbədə xx xxxx 2018-ci il tarixli borcun etiraf edilməsi barədə aktın məcburetmə nəticəsində bağlanması barədə cavabdehin dəlilinə qiymət verir. Cavabdeh aralarında olan birgə əməkdaşlıq fəaliyyəti ilə əlaqədar yaranmış borcun etiraf edilməsi barədə xx xxxx 2018-ci il tarixli aktın məcburetmə nəticəsində imzaladığını, onun iddiaçıya hər hansı məbləğdə borcu olmadığını bildirir. Həmin aktın imzalamasına səbəb isə imzalanmayacağı təqdirdə iddiaçının təmir edilən maşınları servisdən buraxmaması hədəsi olmuşdur. İşin hallarından müəyyən edilir ki, xx xxxx 2018-ci il tarixli borcun etiraf edilməsi barədə akt tərəflər arasında qeyd olunan müqavilələr üzrə əməkdaşlıqdan yaranmış borcun mövcudluğunu təsdiq edən sənəddir. Həmin aktda qeyd olunur ki, Cavabdeh və X9 müvafiq Müqavilə əsasında İddiaçı MMC-nin binasında avtomaşınlara texniki xidmət göstərməklə məşğul olmuşlar və işlədikləri müddət ərzində qeyd edilən şəxslərin şirkətə 51429.50 manat borcları yaranmışdır. Cavabdeh xx.xx.2017ci il və xx.xx.2018-ci il tarixli müvafiq əməkdaşlıq müqavilələrinin onun tərəfindən imzalandığını inkar etmir, əksinə, bunu təsdiq edir. Tərəflər arasında birgə əməkdaşlıq fəaliyyəti ilə əlaqədar münasibətlərin yaranması işin təsdiq olunmuş mübahisəsiz halıdır. Həmin akt da tərəflər arasında birgə əməkdaşlıqla əlaqədar yaranmış borcun mövcudluğunu təsdiq edir. Cavabdeh borcun yaranmadığını inkar etmir, sadəcə bildirir ki, borc tamamilə tərəfindən ödənilmişdir. Həmçinin, iş materiallarına əlavə edilmiş xx.xx.2018-ci il tarixli Emin Məmmədov tərəfindən yazılaraq imzalanmış razılaşmadan görünür ki, İddiaçı MMC-yə olan borcuna görə ona məxsus avtomaşını borcu ödəyənə qədər servis mərkəzində saxlayır. Bütün bunlar belə nəticəyə gəlməyə əsas verir ki, aktın məcburetmə nəticəsində imzalanması dəlili ağlabatan deyil və əsassızdır. Cavabdeh mübahisəli aktı və qeyd olunan razılaşmanı borca görə imzalamışdır. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin dəlilləri ziddiyyətlidir. Belə ki, o apellyasiya şikayətində aktı iddiaçı tərəfindən maşınların girov tutulacağı hədəsi ilə imzaladığını, təkrar apellyasiya baxışı zamanı məhkəmə iclasında isə müştərilər və digər şirkətlərlə böyük problemlər yaşandığı üçün imzaladığını bildirmişdir. Eyni zamanda həmin akt tərtib edildikdən sonra borcun çox hissəsi cavabdeh tərəfindən ödənilmişdir. Ona görə aktın həqiqəti əks etdirməməsi və təzyiq nəticəsində imzalanması inandırıcı deyil. Məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 77-ci maddəsinə görə apellyasiya şikayətində göstərilənləri sübut etmə vəzifəsi hazırkı halda cavabdehin üzərinə düşür. Lakin o, bu halı sübut edə bilmir. Həmçinin məhkəmə araşdırması zamanı cavabdehin birgə fəaliyyətdən yaranmış borcun ödənilməsi ilə bağlı dəlili də təsdiq olunmur. Cavabdeh həmin dəlilin təsdiqi kimi sübut qismində elektron poçt yazışmalarına və bank hesabından çıxarışa istinad edir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi qalıq borcun hesablanması əsasları ilə bağlı arayış təqdim etmiş və bildirmişdir ki, qalıq borc məbləği elə Emin Məmmədov tərəfindən təqdim olunmuş elektron poçt yazışmalarına və bank hesabından çıxarışa əsasən hesablanmışdır. Arayışdan görünür ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda edilən ödənişlər nəzərə alınmaqla ümumi borc aşağıdakı qaydada silinmişdir: 5000 manat, 4 249,25 manat (5516.25 manat “İddiaçı ” MMC-nin “Paşabank”dakı hesabına daxil olmuş, həmin məbləğdən 1267 manat Emin Məmmədova geri qaytarılmışdır), 90 manat, 2110 manat, 200 manat, 1000 manat, 1579 manat, 805 manat, 1753 manat, 4318.90 manat, 16786.3 manat, 20 000 manat (Elşən Məmmədov tərəfindən girov kimi qoyulmuş 20 000 manat onun bocundan çıxılmışdır). Qeyd olunan məbləğlər çıxıldıqdan sonra 10754.35 manat qalıq borc qalmışdır. Beləliklə arayışdan da görünür ki, borcun məbləği müəyyənləşdirilən zaman iddiaçının təqdim etdiyi elektron poçt yazışmalarına və bank hesabından çıxarışa əsasən ödədiyi bütün məbləğlər nəzərə alınmışdır. Cavabdeh daha artıq məbləğdə ödəniş etməsi ilə bağlı sübut təqdim etməmişdir. Məhkəmə iclasında cavabdehin bununla bağlı təqdim etdiyi bütün dəlilləri iddiaçının nümayəndəsi olan X10 təqdim etdikləri rəsmi sübutlarla ağlabatan qaydada təkzib etmiş və həqiqət olmadığını sübut etmişdir. Kassasiya instansiyası öz qərarında qeyd etmişdir ki, məhkəmə öhdəliyin məhz hansı müqavilə əsasında (tərəflər arasında iki əməkdaşlıq müqaviləsi var) əmələ gəldiyini müəyyən etməlidir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə borcun həmin müqavilələrdən hər ikisinin və ya onlardan birinin əsasında yaranmasının müəyyənləşdirilməsinin iş üzrə əhəmiyyəti yoxdur. Çünki xx xxxx 2018-ci il tarixli borcun etiraf edilməsi barədə akt iddiaçıya qaytarılmamış borcun etirafıdır və akta əsasən müəyyən olunmuş borc tərəflər arasında artıq mövcud olan əməkdaşlıq münasibətləri əsasında yaranmışdır. Eyni zamanda tərəflər arasında bağlanmış birgə əməkdaşlıq haqqında müqavilələr əslində eyni münasibətləri tənzimləyir və sonrakı müqavilə əslində əvvəlki müqavilədən irəli gələn münasibətlərin müddətinin uzadılmasıdır. Ona görə məhz tərəflər hansı müqavilə üzrə deyil, birgə əməkdaşlıqdan irəli gələn borcla bağlı razılaşma imzalamışlar. Bundan başqa, Azərbaycan Respublikası Mülki Məcəllənin 882.2-ci maddəsinə görə, bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. İddiaçı tələbinin əsası kimi istinad etdiyi halın sübutu kimi, yuxarıda qeyd edilən, cavabdeh tərəfindən imzalanmış xx xxxx 2018-ci il tarixli borcun etiraf edilməsi barədə akta istinad edir. Bu halda Mülki Məcəllənin 882.2-ci maddəsinin tələbinə əsasən, əsas əqddən irəli gələn hallara əsasən borcun etirafı barədə müqavilə ilə müəyyən edilən hallar mübahisələndirilə bilməz. Həm də nəzərə alsaq ki, cavabdeh həmin müqavilələri (xx.xx.2017-ci il və xx.xx.2018-ci il tarixli müvafiq əməkdaşlıq müqavilələri) imzaladığını inkar etməmiş və onlar əsasında müəyyən edilən hallar cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 384.0.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Həmin iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən iki ay müddətində Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər. Hakimlər: imzalar Əsli ilə düzdür Hakim: İsmayıl Xəlilov
Məhkəmə qərarları › İş №2(103)-730/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-730/2020
13.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver