Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7304/2020 06.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Raqib Əliddin oğlu Qurbanovun sədrliyi və məruzəsi ilə, Cahangir Afər oğlu Yusifov və Vüsalə Ələkbər qızı Baxışovadan ibarət tərkibdə, məhkəmə iclas katibi Nofəl Rəhman oğlu Abdullayevin katibliyi ilə, Cavabdeh2 iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-151/2013 saylı mülki iş üzrə qəbul etdiyi «21» yanvar 2013-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı «xxxxx» Kredit İttifaqı MMC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxxx» Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin ləğv edilməsi və cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx xxxxxx 2010cu il tarixli N AB/01165 saylı kredit müqaviləsi üzrə əsas kredit borcuna görə 6762,23 manat, faiz borcuna görə 916,3 manat, cərimə borcuna görə 2820,81 manat, kredit rüsumu 26,18 manat, cəmi 10525,52 manat məbləğində pulun və ödənilmiş 20 manat məbləğində dövlət rüsumunun iddiaçı «xxxxx» Kredit İttifaqı MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx xxxxxx 2013-cü il tarixli 2(003)- 151/2013 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 6762,23 manat məbləğində əsas borc, 916,3 manat məbləğində hesablanmış faiz borcu, 400 manat məbləğində cərimə borcu, 26,18 manat məbləğində kredit rüsumu, cəmi 8104,71 manat (səkkiz min yüz dörd manat yetmiş bir qəpik) məbləğində pul və ödənilmiş dövlət rüsumu olan 20 manatın tutularaq “xxxxx” Kredit İttifaqı MMC-nin hesabına keçirilməsi və iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək, həmin qətnamənin ona aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, zaminlik müqaviləsində müqavilənin başa çatma müddəti (tarixi) göstərilməmişdir. Belə olan halda qanunvericilik kredit müqaviləsi üzrə öhdəliyin icra vaxtının çatdığı gündən kreditorun zaminə qarşı bir il müddətində iddia qaldırmaq üçün vaxt müəyyən etmişdir. Lakin öhdəliyin icrası vaxtının çatdığı gündən, yəni xx xxxxxx 2011-ci il tarixdən bir il artıq vaxt keçməsinə baxmayaraq, kreditor zaminə qarşı iddia irəli sürmədiyi üçün hazırda zaminə qarşı iddia qaldırmaqda haqlı olmamışdır. Ona görə də, iddia tələbi ona qarşı münasibətdə əsaslı ola bilməz və rədd edilməlidir. Məhkəmə iclasında Cavabdeh2 apellyasiya şikayətini müdafiə etdi. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsini rəhbər tutaraq onun iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. Mülki Prosessual Məcəllənin 372.6-cı maddəsinin tələblərini və apellyasiya şikayətinin Cavabdeh2 tərəfindən verildiyini nəzərə alaraq kollegiya qeyd edir ki, qətnamənin əsaslığı yalnız həmin cavabdehə aid hissədə yoxlanılır. İşin mübahisəsiz halları ondan ibarətdir ki, “xxxxx” Kredit İttifaqı MMC ilə Cavabdeh1 arasında xx.xx.2010-cu il tarixli AB/01165 saylı kredit müqaviləsi bağlanmış və müqaviləyə əsasən bank borc alana 12 ay müddətinə, illik 3,5 faiz dərəcəsi olmaqla 10000 manat məbləğində kredit vermişdir. Kredit müqaviləsinin təminatı kimi “xxxxx” Kredit İttifaqı MMC ilə Cavabdeh2 və Cavabdeh3 arasında xx.xx.2010-cu il tarixli AB/01165 saylı zaminlik müqaviləsi bağlanmış və müqaviləyə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 borclu Cavabdeh1 bank qarşısında öhdəliklərini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür və onunla birgə məsuliyyət daşıyırlar. İddiaçı bildirir ki, Cavabdeh1 müqavilə öz üzərinə düşən öhdəliyi lazımi qaydada icra etməyib və onun kredit müqaviləsi üzrə əsas kredit borcu 6762,23 manat, faiz borcu 916,3 manat, cərimə 2820,81 manat, cəmi borc isə 10525,52 manat təşkil edir. Cavabdeh2 iddiaya etiraz edir və onun mövqeyi apellyasiya şikayətində göstərilənlərdən ibarətdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 münasibətdə iddia təmin edilə bilməz. Çünki Cavabdeh2 öhdəliyinə Mülki Məcəllənin 477.0.4-cü maddəsinə əsasən xitam verilmişdir. Belə ki, həmin maddənin tələblərinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Tərəflər arasında bağlanmış xx.xx.2010-cu il tarixli AB/01165 saylı zaminlik müqaviləsində onun verilmə müddətinin dəqiq müəyyən edilmədiyini, zaminlik müqaviləsi üzrə əsas öhdəliyin icrası vaxtının xx.xx.2011-ci il tarixdə bitdiyini və həmin tarixdən etibarən bir il müddətində iddiaçının zaminə qarşı iddia irəli sürmədiyini (iddia ərizəsi xx.xx.2012-ci il tarixdə məhkəməyə daxil olmuşdur) nəzərə alaraq kollegiya hesab edir ki, zaminliyə xitam verilmiş və Cavabdeh2 qarşı tələb irəli sürməsi əsassızdır. Həmin zaminlik müqaviləsinin 2.3-cü bəndində göstərilənlər isə mülki qanunvericiliyin tələblərinə ziddir. Belə ki, həmin bəndə əsasən bu müqavilə ilə təmin olunmuş öhdəliyin icrası müddəti borcalanın Kredit İttifaqı qarşısında xx.xx.2010-cu il tarixli AB/01165 saylı kredit müqaviləsindən irəli gələn öhdəliklər tam yerinə yetirilənədək qüvvədədir. Kollegiya qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin öhdəliklərin tam icra edilməsi ilə əlaqələndirilməsi Mülki Məcəllənin 372-384-cü maddələrində nəzərdə tutulmuş iddia müddətinin və həmin Məcəllənin 550-554-cü maddələrində nəzərdə tutulmuş müddətin keçməsinə görə öhdəliyin xitamının tətbiqini qeyri-mümkün edir. Çünki bu halda öhdəliklər icra edilməyənədək müddətin axımı başlanmır, öhdəliklər tam icra olunduqda isə müddətin hesablanmasına ehtiyac olmur. Mülki Məcəllənin 554.1-ci maddəsinin tələblərinə görə müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.4-cü maddəsində isə təsbit olunmuşdur ki, müddətin keçməsi tərəflərin razılaşması ilə istisna edilə və ya çətinləşdirilə bilməz. Tərəflər müddətin keçməsinin sadələşdirilməsi, o cümlədən onun qısaldılması barədə razılaşa bilərlər. Qeyd olunan halları və Mülki Məcəllənin 337.1-ci maddəsinin tələblərini nəzərə alaraq kollegiya hesab edir ki, tərəflər arasında bağlanmış zaminlik müqaviləsinin 2.3-cü bəndi Mülki Məcəllənin tələblərinə zidd olduğu üçün etibarsızdır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Mülki Prosessual Məcəllənin 385.1.1-ci maddəsində göstərilən əsaslara görə birinci instansiya məhkəməsinin qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilməli və yuxarıda göstərilən əsaslara görə həmin hissədə iddia rədd edilməlidir. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 384.0.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-151/2013 saylı mülki iş üzrə qəbul etdiyi «21» yanvar 2013-cü il tarixli qətnaməsi Cavabdeh2 aid hissədə ləğv edilsin. Həmin hissədə iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Raqib Qurbanov Hakimlər: Cahangir Yusifov Vüsalə Baxışova
Məhkəmə qərarları › İş №2(103)-7304/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7304/2020
06.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver