Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7307/2020 06.11.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), Məhərrəmova Şeyda Ədalət qızı və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Balakişiyeva Aynurə Əyyub qızının katibliyi ilə, QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbi barədə” iddiasına dair mülki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamədən iddiaçı Bankın ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun verdiyi apellyasiya şikayətinə əsasən işə, Fondun nümayəndəsi X1 iştirakı ilə, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Bankın ləğvedicisi olan Fond cavabdehə qarşı iddia ərizəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 53-cü maddəsinin tələbinə uyğun olaraq verilmiş “iddia tələbinin həcminin dəyişdirilməsi barədə” ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, Bank ilə cavabdeh arasında xx.xx.2013-ci il tarixdə bağlanmış 1xx/xx/12026/13 saylı “Kredit müqaviləsi” üzrə yaranmış və cavabdeh tərəfindən ödənilməmiş qalan əsas kredit borcunun ödənilməsi məqsədi ilə 8.029,81 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.212,62 manat, ödəniş gecikdirildiyi üçün müqavilə müddəti bitdiyi tarixdən sonra 5 faiz ilə hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.217,44 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 7.713,68 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulması, tutmanın ipoteka predmetinə - cavabdehə məxsus olan “Mercedes-Benz E320” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-ci il tarixli “Kredit müqaviləsinə” əsasən Bank tərəfindən cavabdehə illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə 12.750 manat məbləğində kredit verilmişdir. Cavabdeh iddiaçı Bank qarşısında həmin müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq üzünə məxsus avtomobili Bankın xeyrinə ipoteka ilə yüklü etmiş, bu barədə Bank ilə cavabdeh arasında xx.xx.2013-cü il tarixdə “İpoteka müqaviləsi” bağlanmış, avtomobilin ipoteka ilə yüklülüyü Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Dövlət X3 tərəfindən reyestrdə qeydiyyata alınmış və bu barədə xx.xx.2013-cü il tarixdə AB seriyalı, 997293 saylı şəhadətnamə verilmişdir. Qeyd edilən müqavilələrin şərtlərinə baxmayaraq cavabdeh iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəlikləri lazımı qaydada icra etməmiş, Banka olan borcu “Kredit müqaviləsi” və müqavilənin tərkib hissəsi olan razılaşdırılmış “Ödəniş qrafik” üzrə aybaay, hissə-hissə ödəməmişdir. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsi səbəbindən onun iddiaçı Banka 8.029,81 manat məbləğində əsas borcu, 1.212,62 manat məbləğində faiz borcu yaranmışdır. Öhdəliyin cavabdeh tərəfindən icra edilməməsini nəzərə almış Bank, cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” şərtinə uyğun olaraq cavabdehə 7.713,68 manat məbləğində cərimə (dəbbə) hesablamışdır. Bundan başqa Bank, onunla cavabdeh arasında bağlanmış “Kredit müqaviləsinin” müddətinin bitməsini nəzərə alaraq müqavilənin müddətinin tarixdən sonrakı müddət üçün illik 5 faiz ilə cavabdehə gecikdirilmiş faiz borcu hesabalamışdır ki, həmin borcun məbləği 1.217,44 manat təşkil edir. Qeyd edilən borc məbləğlərinin ödənilməsi barədə Bank tərəfindən cavabdehə yazılı xəbərdarlıq göndərilsə də, cavabdeh borcu ödəməmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət etmək və iddianın məhkəməyə verilməsi üçün 30 manat məbləğində dövlət rüsumu ödəmək məcburiyyətində qalmışdır. İşə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnamə ilə iddianın qismən təmin edilməsini, Bank ilə cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 7.978,02 manat, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.212,62 manat, borcun ödənilməsinin gecikdirilməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 200 manat, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 manat məbləğində pulun cavabdehdən Bankın xeyrinə tutulmasını, tutmanın ipoteka predmeti olan avtomobilə yönəldilməsini, avtomobilin 15.800 manat məbləğində ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılmasını, avtomobilin satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehin iddiaçı Banka olan borcunun ödənilməsi, bundan sonra artıq qala biləcək pulun cavabdehə ödənilməsini, qalan hissədə iddianın təmin edilməməsini, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin ödənilməsi məqsədi ilə cavabdehdən 145 manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsini qət etmişdir. İddiaçı Bankın ləğvedicisi olan Fond həmin qətnamədən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (bundan sonra – Məhkəmə) apellyasiya şikayəti verərək, qətnamənin qismən, yəni cərimənın (dəbbənin) azaldılması və gecikdirilmiş günlər üçün 5 faiz ilə hesablanmış faiz borcunun tutulması ilə bağlı tələbin təmin edilməməsi hissəsində dəyişdirilməsi və həmin tələblərin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən hissədə Rayon Məhkəməsinin iş üzrə gəldiyi nəticə səhvdir və maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Həmin nəticə işin faktiki hallarına uyğun deyil. İddiaçı Bankın ləğvedici olan Fondun nümayəndəsi apellyasiya baxışı iclasında iştirak edərək, apellyasiya şikayətinin dəlillərini müdafiə etdi və şikayətin, habelə iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh işə apellyasiya qaydasında baxılmanın yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunsa da, apellyasiya baxışının iclasında iştirak etməmiş və bunun səbəbləri barədə Məhkəməyə məlumat verməmişdir. Məhkəmə, qeyd edilən halın işin baxılmasına mane olmadığını nəzərə alaraq MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Çünki qeyd edilən prosessual normanın tələbinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş iş üzrə tərəflərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə ilk növbədə qeyd edir ki, işə baxmış Rayon Məhkəməsi iddia tələbinin bir qismini təmin etsə də, iş üzrə cavabdeh qətnamədən apellyasiya şikayəti verməmişdir. Qətnamədən apellyasiya şikayəti vermiş Bank isə qətnamənin yalnız dəbbə pulunun məbləğinin iddia ərizəsində nəzərdə tutulmuş məbləğdən daha az məbləğdə müəyyən edilməsi və “Kredit müqaviləsinin” müddətinin bitməsindən sonrakı zaman üçün illik 5 faiz ilə cavabdehə hesablanmış faiz borcunun tutulması ilə bağlı tələbin təmin edilməməsi barədə hissəsini mübahisələndirir. Odur ki, bunu və MPM-nin 372.6-ci maddəsinin tələbini nəzərə alan Məhkəmə qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə yoxlamışdır. Apellyasiya baxışının həddini nəzərə alan Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə qismən ləğv edilməlidir. Belə ki, iddiaçı Bank ilə cavabdeh arasında xx.xx.2013-ci il tarixində bağlanmış “Kredit müqaviləsindən” görünür ki, cavabdeh illik 20 faiz dərəcəsi ilə 36 ay müddətinə Bankdan 12.750 manat məbləğində kredit götürmüşdür. “Kredit müqaviləsindən”, tərəflər arasında razılaşdırılmış və “Kredit müqaviləsinin” tərkib hissəsi olan “Ödəniş qrafikindən” görünür ki, borclu olan cavabdeh kreditor olan Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, aldığı krediti hissə-hissə, ayda 473,84 manat olmaqla 36 ay müddətində Banka ödəyəcək. “Kredit müqaviləsinin” 6.2-ci bəndindən görünür ki, tərəflər razılığa gəliblər ki, əgər borclu bu müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etməzsə və ya lazımınca icra etməzsə, o cümlədən icranı gecikdirərsə əsas borc məbləğindən və faizlərdən əlavə ödənişin gecikdirildiyi üçün Banka vaxtında qaytarılmayan məbləğin illik 36%-i miqdarına cərimə ödəyir. Bankın təqdim etdiyi hesablamalardan görünür ki, borcun ödənilməsinin gecikdirilməsinə görə Bank tərəfindən tətbiq edilmiş cərimənin (dəbbənin) məbləği 7.713,68 manatdır. Yuxarıda artıq qeyd edildiyi kimi, göstərilənləri nəzərə almış Bank dəbbə pulu olaraq cavabdehdən onun xeyrinə həmin məbləğin tutulmasını xahiş etmiş, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə dəbbənin məbləğini azaltmış və azaldılmış dəbbənin ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçının xeyrinə 200 manat məbləğində pulun tutulmasını qət etmiş, iddiaçı Bank isə Rayon Məhkəməsinin bu nəticəsi ilə razılaşmamışdır. Göstərilənləri nəzərə alan Məhkəmə cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı olan cərimənin (dəbbənin) məbləğinin müəyyən edilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin Mülki Məcəllənin 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məcəllənin 445.2.1-ci maddəsinə görə, öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məcəllənin 448-ci maddəsinə görə, əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məcəllənin 467-ci maddəsinə görə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Qeyd edilən maddi hüquq normalarının tələblərindən də görünür ki, işə baxmış Rayon Məhkəməsi cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı olan cərimənin məbləğini azaltmaqda haqlı olmuşdur. Lakin bu zaman nəzərə alınmalıdır ki, Rayon Məhkəməsi cərimənin məbləğini 200 manat müəyyən edərkən kreditorun əsaslı mənafeyini və bu mənafeyin müəyyən edilməsi qaydası barədə artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə almamışdır. Belə ki, formalaşmış məhkəmə təcrübəsinə görə cərimənin tutulması barədə iddia tələblərinə baxan məhkəmələr tutulmalı olan cərimə məbləğini əsas borcun məbləğinin 10% miqdarına müəyyən edirlər. Nəzərə alınsa ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi qətnamə ilə qət etmişdir ki, iddianın “əsas kredit borcunun ödənilməsi barədə” hissəsi qismən təmin edilməli və əsas kredit borcunun ödənilməsi məqsədi ilə cavabdehdən iddiaçı Bankın xeyrinə 7.978,02 manat məbləğində pul tutulmalı və Bank bu nəticəni mübahisələndirməmişdir onda müəyyən edilir ki, cavabdehdən iddiaçı Bankın xeyrinə tutulmalı olan cərimə 797 manat məbləğində müəyyən edilməlidir. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən hissəsi qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi dəbbə pulunun məbləğinin müəyyən edilməsi hissəsində ləğv edilməli və cavabdehdən iddiaçı Bankın xeyrinə 797 manat məbləğində cərimənin tutulması qət edilməlidir. İddiaçı Bankın ləğvedicisi olan Fondun verdiyi apellyasiya şikayətində qətnamənin “Kredit müqaviləsinin” müddətinin bitməsindən sonrakı zaman üçün illik 5 faiz ilə cavabdehə hesablanmış faiz borcunun tutulması barədə tələbin təmin edilməməsi ilə bağlıdır. Bununla bağlı Məhkəmə qeyd edir ki, cavabdehin “Kredit müqaviləsi” üzrə iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliyin icra edilməməsi və “Kredit müqaviləsinin” müddətinin xx.xx.2016-cı il tarixdə bitməsi, bu səbəbdən də Bankın həmin müqavilədə nəzərdə tutulmuş faiz borcunun tutulmasını tələb etmək üçün imkanın artıq olmaması, lakin kredit məbləğinin cavabdehdə qanunsuz qalması və Bankın xx.xx.2016-cı il tarixdə ləğv edilməsi aşkardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə, kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2014-cü il tarixli qərarında göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Yuxarıda qeyd olunan dispozisiya şərtlərinə əsasən, gecikdirilmiş günlərə görə əsas borcun 5 faiz hissəsində pulun ödənilməsi barədə tələbin qanuni əsasının şərtləri öhdəliyin icra vaxtının çatması, borclunun icranı gecikdirməsi və borclunun bunda təqsirli olmasıdır. Cavabdehin iddiaçı Banka ödəməli olduğu 7.978,02 manat əsas borcun illik 5 faizi 153,86 manat təşkil edir. “Kredit müqaviləsi” üzrə öhdəliklərin icrası üçün müəyyən edilmiş müddətin bitdiyi tarixdən, yəni xx.xx.2016-ci il tarixdən Bankın ləğv edildiyi xx.xx.2016-cı il tarixədək olan müddət 4 ay 19 gün təşkil edil. Belə olan halda adi riyazi hesablama nəticəsində müəyyən edilir ki, müzakirə edilən tələb üzrə cavabdehdən iddiaçı Bankın xeyrinə cəmi 153,86 manat məbləğində pul vəsaiti tutula bilər. Odur ki, göstərilənləri nəzərə alan Məhkəmə hesab edir ki, apellyasiya şikayətinin müzakirə edilən hissəsi qismən təmin edilməli, Rayon Məhkəməsinin qətnaməsi 5 % ilə bağlı tələbin təmin edilməməsi hissəsində ləğv edilməli, bu tələb qismən təmin olunaraq cavabdehdən iddiaçı Bankın xeyrinə 153,86 manat məbləğində gecikdirilmiş faizin tutulması qət edilməlidir. Beləliklə də, Məhkəmə, MPM-nin 384-cü maddəsində təsbit edilmiş səlahiyyətlərinə əsaslanaraq, MPM-nin 376, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddiaçı QSC “Bank Standart” KB-nin ləğvedicisi olan Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti qismən təmin edilsin. Hazırki iş üzrə Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş xx xxxx 2020-ci il tarixli qətnamə apellyasiya baxışının predmetini təşkil edən hissədə ləğv edilsin, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. QSC “Bank Standart” KB-nin Cavabdeh qarşı iddiasının “öhdəliyin icra edilməməsinə görə tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi və “Kredit müqaviləsinin” müddətinin bitməsindən sonrakı zaman üçün illik 5 faiz ilə cavabdehə hesablanmış faiz borcunun tutulması barədə” hissəsi qismən təmin edilsin. Tətbiq edilmiş cərimənin (dəbbənin) ödənilməsi məqsədi ilə 797 (yeddi yüz doxsan yeddi) manat, “Kredit müqaviləsinin” müddətinin bitməsindən sonrakı zaman üçün hesablanmış faizlərin ödənilməsi məqsədi ilə 153 (yüz əlli üç) manat 86 (səksən altı) qəpik məbləğində pul Cavabdeh tutularaq iddiaçı QSC “Bank Standart” KB-yə ödənilsin. Apellyasiya baxışının predmeti təşkil edən həmin tələblərin qalan hissəsi təmin edilməsin. Apellyasiya şikayətinin verilməsi üçün iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehə aid edilsin və bu məqsəd ilə Cavabdeh 15 (on beş) manat məbləğində pul tutularaq iddiaçı QSC “Bank Standart” KB-yə ödənilsin. Müəyyən edilsin ki, Suraxanı Rayon Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsinin qalan hissəsi, yəni QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış xx.xx.2013-cü il tarixli “Kredit müqaviləsi” üzrə yaranmış əsas kredit borcunun ödənilməsi məqsədi ilə 7.978 (yeddi min doqquz yüz yetmiş səkkiz) manat 2 (iki) qəpik, əsas kredit borcuna hesablanmış faiz borcunun ödənilməsi məqsədi ilə 1.212 (min iki yüz iki) manat 62 (altmış iki) qəpik, iddianın məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzinin – 30 (otuz) manat məbləğində pulun Cavabdeh iddiaçı QSC “Bank Standart” KB-nin xeyrinə tutulması; tutmanın ipoteka predmetinə cavabdehə məxsus olan “Mercedes-Benz E320” markalı, **-OE-*** dövlət qeydiyyat nişanlı avtomobilə yönəldilməsi, avtomobilin 15.800 manat məbləğində ilkin satış qiyməti ilə satılması üçün açıq hərraca çıxarılması, avtomobilin satışdan əldə edilə biləcək pul vəsaiti hesabına cavabdehin iddiaçı Banka olan borcunun ödənilməsi, bundan sonra artıq qala biləcək pulun cavabdehə ödənilməsi, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyərinin ödənilməsi məqsədi ilə Cavabdeh 145 (yüz qırx beş) manat məbləğində pulun tutularaq dövlət büdcəsinə ödənilməsi barədə hissəsi hazırki apellyasiya baxışının predmeti olmamışdır. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7307/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7307/2020
06.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver