Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-731/2020 30.01.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Aytən Nadir qızı Kərimovanın katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkil) X2 iştirakları ilə, cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi X1, İddiaçı cavabdeh “xxxxxxx” KB ASC-yə qarşı “kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)-383/2019 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı «kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi» tələbinə dair iddiası rədd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı cavabdeh «xxxxxxx» KB ASC-yə qarşı «kredit müqaviləsinin şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, «xxxxxxx» KB ASC ilə aralarında bağlanılmış xx.xx.2014-cü il tarixli 38KL/14 saylı «X9»nə istinadla tərtib edilmiş xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı X5 aşağıdakı dəyişikliklərin edilməsi: Müqavilənin 2.4-cü yarımbəndi aşağıdakı redaksiyaya dəyişdirilsin: «Bu müqavilə üzrə əsas borc müqavilənin tərkib hissəsi olan «Ödəmə cədvəli»nə (Əlavə N1) uyğun olaraq aylar üzrə, faizlər isə bir (1) ilin sonuncu həftəsində ödənilməlidir.» Müqavilənin 2.5-ci yarımbəndi aşağıdakı redaksiyada yazılsın: «Kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. Lakin, tərəflər razılığa gəlirlər ki, Azərbaycan manatının dəyərinin ABŞ dolları qarşısında birdən-birə, 10 (on) faizdən artıq ucuzlaşması «fors-major» halı kimi qiymətləndirilir və bu, borclunu öz öhdəliklərini Mülki Məcəllənin 439.7-ci yarımmaddəsində göstərildiyi qaydada («Əgər ödəniş müddəti çatanadək pul vahidinin dəyəri (məzənnə) artmış və ya azalmışsa və ya valyuta dəyişmişsə, borclu ödənişi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı sayda nəzərdə tutulmayıbsa, öhdəliyin əmələ gəldiyi vaxta uyğun məzənnə üzrə yerinə yetirməlidir. Valyuta dəyişdikdə mübadilə münasibətlərinin əsasını valyutanın dəyişdiyi gün həmin pul vahidləri arasında mövcud olmuş məzənnə təşkil etməlidir») yerinə yetirməkdən azad edir. Bu halda tərəflər arasında ödəmə şərtləri ilə bağlı yeni müqavilə bağlanmalıdır.» Müqavilənin 2.8.8-ci yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 2.11-ci yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.1.1-ci yarımbəndinə bu müqavilə üçün ehtiyac olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.1.7-ci yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.1.9-cu yarımbəndindən «bu Müqavilənin» sözbirləşməsi müqavilədən çıxarılması, Müqavilənin 3.1.10-cu yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.1.11-ci yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.2.9-cu yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 3.2.18-ci yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 4-cü bəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə bütünlüklə müqavilədən çıxarılması, Müqavilənin 6.3-cü yarımbəndində hər iki halda «360 %» əvəzinə «Azərbaycan Respublikası Mərkəzi Bankının həmin dövr üçün müəyyən etdiyi illik uçot dərəcəsi ilə» sözləri ilə əvəz edilməsi, Müqavilənin 6.4-cü yarımbəndinin qanunvericiliyin tələblərinə uyğun olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 8.1-ci yarımbəndinin müqaviləyə ümumiyyətlə aidiyyati olmadığına görə müqavilədən çıxarılması, Müqavilənin 8.2-ci yarımbəndinin Müqavilənin 8.1 -ci yarımbəndinə köçürülməsi, Müqavilənin 8.2-ci yarımbəndinin yeni - aşağıdakı redaksiyada –«Bu Müqavilə üzrə verilmiş kreditlə əlaqədar olaraq xx.xx.2014-cü il tarixli 38KL/14 saylı «X9»nin hər hansı müddəası ilə bu Müqavilənin müddəası arasında ziddiyət meydana gəldikdə yalnız bu Müqavilənin müddəası tətbiq edilir.» yazılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbləri onunla əsaslandırılmışdır ki, «xxxxxxx» KB ASC ilə aralarında xx.xx.2014-cü il tarixli 38KL/14 saylı «X9» ilə «xxxxxxx» KB ASC tərəfindən ona 1 000 000 (bir milyon) AZN məbləğində 60 (altmış) ay müddətinə, xx.xx.2019-cu il tarixinədək müddət ərzində, həmin Müqavilə çərçivəsində X6 bağlanımaqla kredit verilməsi arzu edilmişdir. Həmin Müqavilənin konkret kreditin verilməsi məsələsini tənzimləmədiyi və onun əsas mahiyyətinin açıqlaması Müqavilənin 8.1-ci bəndində aşağıdakı kimi ifadə edilmişdir: «Bu müqavilənin müddəaları heç bir halda «Borcverən»in «Borcalan»a kredit vermək vədi kimi təfsir oluna bilməz.» xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı «X8» ilə isə o, «xxxxxxx» KB ASC-dən 18 (on səkkiz) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 40.000 (qırx min) ABŞ Dolları məbləğində fərdi istehlak krediti götürmüşdür. Daha sonra, xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı «X8»nə edilən dəyişikliyə, yəni «xxxxxxx» KB ASC ilə aralarında bağlanılmış xx.xx.2015-ci il tarixli «Saziş»ə əsasən kreditin müddəti - 24 (iyirmi dörd) ay, illik faiz dərəcəsi isə 19,5 % (on doqquz tam onda beş) müəyyən edilmişdir. Beləliklə, son razılaşmalarına əsasən o, 24 ay müddətində 40.000,00 (qırx min) ABŞ dolları olan əsas borcla birlikdə, illik 19,5 faiz əlavə məbləğ ödəməlidir. Müqavilə üzrə borc və faizlərin kredit verilən valyutada ödənilməsi müqavilədə göstərilməmişdir. Bununla bərabər, 2015-ci ilin fevral ayından etibarən ondan borc və faizlərin ABŞ dollarının yeni məzənnəsi ilə ödənilməsi «xxxxxxx» KB ASC tərəfindən tələb edilir. Bununla bağlı olaraq bildirir ki, Azərbaycanda devalvasiya xx.xx.2015-ci ildə baş vermişdir. Mərkəzi bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etmişdir. Devalvasiya 33.8 % olmuşdur. xx.xx.2015-ci ildə isə manat üzən məzənnəyə keçmiş və 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 manat səviyyəsində qərarlaşmışdır. Hazırda isə 1,73 manat səviyyəsindədir. Belə ki, Mərkəzi Bankın bu iki qərarı nəticəsində Azərbaycan manatının ABŞ dolları qarşısında birdənbirə 99 faiz, hazırda isə 123 faiz dəyər itirməsindən dolayı, yaranmış yeni biznes şəraitini nəzərə alaraq, xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı «X8»nə bəzi dəyişikliklərin edilməsini cavabdehə xx.xx.2017-ci il tarixində təklif etmiş və 10 (on) gün müddətində təklifinin cavablandırılmasını xahiş etmişdir. Lakin, cavab üçün təklif etdiyi 10 (on) gün müddətinin artıq xx.xx.2017-ci il tarixdə bitməsinə baxmayaraq cavabdeh bu günədək təklifinin qəbul edilib-edilməməsi haqqında cavab verməmişdir. Hesab edir ki, aşağıda göstərdiyi əsaslara görə, iddiası təmin edilməli, cavabdehə etdiyi təkliflərə uyğun olaraq, cavabdehlə aralarında bağlanmış xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı «X8»nə dəyişikliklər edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Müqavilə bağlandıqdan sonra, Azərbaycanda xx.xx.2015-ci ildə devalvasiya baş vermişdir. Mərkəzi bank manatın 1 dollara görə dəyərini 1.05 AZN təyin etmişdir. Devalvasiya 33.8 % olmuşdur. xx.xx.2015-ci ildə isə manat üzən məzənnəyə keçmiş və 1 ABŞ dollarının rəsmi məzənnəsi 1,55 AZN səviyyəsində, hazırda isə artıq 1,73 AZN səviyyəsində qərarlaşmışdır. Mərkəzi Bankın bu iki qərarı nəticəsində Azərbaycan manatı ABŞ dolları qarşısında birdən-birə 99 faiz, hazırda isə 123 faizədək ucuzlaşmış və bu hal onun həmin müqavilə üzrə öhdəliklərinin yerinə yetirilməsini qeyri-mümkün etmişdir. 2015-ci ilin fevralından başlamış 34 faizlik devalvasiyanı və 2015-ci ilin dekabrında üzən məzənnəyə keçidi nəzərə aldıqda, manat faktik olaraq son iki il ərzində 123 faizədək dəyər itirmişdir. O, həmin müqaviləni imzalayarkən, 1 dollar 0,78 manat idi. Yəni, o, müqavilə öhdəliklərini yerinə yetirmək üçün, müqaviləni imzaladığı vaxt mövcud olan bazar şərtlərini nəzərə almış və həmin şərtlər daxilində borcunu qaytarmaqda heç bir problemi olmamışdır. İndi isə, ABŞ dollarının dəyəri manata nisbətdə birdən-birə 123 faizədək qalxmış, daxili bazarda isə malların və xidmətlərin qiymətləri qalxmış, lakin, onun əmək haqqı və sair gəlirləri həmin faiz dərəcəsinə uyğun qalxmamışdır. Rəsmi dövlət orqanları da mal və xidmətlərin qiymətlərinin qaldırılmaması ilə bağlı dəfələrlə kütləvi informasiya vasitələri ilə xəbərdarlıq etmişlər. Digər tərəfdən də, ABŞ dollarının dəyərinin artması xaricdən gətirilən malların qiymətinin artmasına, bu da öz növbəsində Respublikadakı mövcud biznes mühitinin əlverişsiz şəraitə düşməsinə səbəb olmuşdur. O, daha, əvvəllər olduğu kimi, yəni həmin müqaviləni bağladığı vaxt ümid etdiyi gəlirləri əldə edə bilmir. Beləliklə də, həmin müqavilə bağlanarkən əsas götürdükləri şərait əhəmiyyətli dərəcədə dəyişmişdir. Bu dəyişikliyi isə, nə onun, nə də cavabdehin «ağlabatan şəkildə əvvəlcədən görə bilməsi» mümkün deyildi. Mülki Məcəllənin 556-cı (icra mümkün olmadığına görə öhdəliyin xitamı) maddəsinə əsasən icra mümkün olmadıqda, yəni icra edilməmə tərəflərin heç birinin cavabdeh olmadığı haldan irəli gəldikdə, öhdəliyə xitam verilir və bu halda kreditor borcludan öhdəliyin icrasını tələb edə bilməz. Borclunun öhdəliyi yerinə yetirməsi kreditorun təqsirli hərəkətləri nəticəsində mümkün olmadıqda, kreditor öhdəlik üzrə özünün icra etdiklərini qaytarmağı tələb edə bilməz. Mülki Məcəllənin 557-ci (dövlət və ya bələdiyyə orqanının aktına əsasən öhdəliyin xitamı) maddəsinə əsasən isə, dövlət və ya bələdiyyə orqanının qəbul etdiyi akt nəticəsində öhdəliyin icrası tamamilə və ya qismən qeyri-mümkün olduqda, öhdəliyin icrası müddəti uzadıldıqda öhdəliyə tamamilə və ya müvafiq hissədə xitam verilir. Bu halda dövlət və ya bələdiyyə vurulmuş ziyanla əlaqədar verilə bilən iddialar üzrə reqressant qismində çıxış edir və bunun nəticəsində zərər çəkmiş tərəflər bu Məcəllənin 19 və 22-ci maddələrinə uyğun olaraq zərərin əvəzinin ödənilməsini tələb edə bilərlər. Bu maddələrin məzmunundan göründüyü kimi, manatın Mərkəzi Bank tərəfindən il ərzində 100 faizdən çox ucuzlaşdırılması məhz MM-in 556-557-ci maddələrinin təsirinə düşür. O, əslində, dövlət orqanlarının verdiyi qərar nəticəsində öz öhdəliyini icra etmək imkanından məhrum edilmişdir. Mülki Məcəllənin 741-ci maddəsinə (borc üzrə faizlər) əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddənin məzmunundan göründüyü kimi, qanunverici «faizlərin müvafiq surətdə bir ilin sonunda ödənilməli» olduğunu nəzərdə tutur. Yəni, faizlər mütləq ilin sonunda ödənilməlidir. Cavabdehlə onun arasında bağlanmış indiki kredit müqaviləsində isə, faizlərin əsas borcla birlikdə, aylar üzrə ödənilməsi nəzərdə tutulub. Qanunları dəqiq bilmədiklərindən, hər iki tərəfdən qanunun tələblərinə riayət edilməmişdir. Bu da onun ödəmə imkanlarını çətinləşdirən amillərdən biridir. Mövcud qanunlar Azərbaycan vətəndaşlarına dollarla kredit verilməsini qadağan edir. Bu qadağa MM-də imperativ (məcbur edici) norma ilə ifadə edilib. Mülki Məcəllənin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər. Maddənin məzmunundan göründüyü kimi, borc alan tərəf Azərbaycan vətəndaşıdırsa və kredit verən bank da yerli hüquqi şəxsdirsə, verilmiş borc yalnız manatla ifadə edilməlidir. Deməli, kredit müqaviləsində borc (kredit) predmetinin xarici valyutada göstərilməsi qanuna ziddir. Bu qanun pozuntusunun özü də onun ödəmə qabiliyyətinə mənfi təsir edib. Mülki Məcəllənin 422-ci maddəsinə əsasən (422.2.) əgər tərəflər müqavilənin əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə uyğunlaşdırılması və ya ləğv edilməsi barədə razılığa gəlməsələr, eyni zamanda aşağıdakı şərtlər olduqda müqavilə maraqlı tərəfin tələbi ilə məhkəmə tərəfindən ləğv edilə bilər, 422.4-cü maddədə nəzərdə tutulan əsaslar olduqda isə dəyişdirilə bilər: müqavilənin bağlandığı məqamda tərəflər şəraitin bu dərəcədə dəyişməyəcəyini əsas götürmüşlər; şəraitin dəyişməsini doğuran elə səbəblərdir ki, əmələ gəldikdən sonra bu səbəbləri maraqlı tərəf müqavilənin xarakterinə və dövriyyənin şərtlərinə görə ondan tələb edilən qayğı və ehtiyatla aradan qaldıra bilməz; müqavilənin şərtləri dəyişdirilmədən onun icra edilməsi tərəflərin müqaviləyə uyğun əmlak mənafeləri nisbətini o dərəcədə pozar və maraqlı tərəfə o qədər zərər vurardı ki, o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olardı; işgüzar adətlərdən və ya müqavilənin mahiyyətindən şəraitin dəyişməsi riskini maraqlı tərəfin daşıdığı irəli gəlmir. Əhəmiyyətli dərəcədə dəyişmiş şəraitə görə müqavilə ləğv edilərkən tərəflərdən hər hansı birinin tələbi ilə məhkəmə müqavilənin icrası ilə əlaqədar çəkilmiş xərclərin tərəflər arasında ədalətli bölüşdürülməsi zərurətini əsas götürərək, müqavilənin ləğv edilməsi nəticələrini müəyyənləşdirir. Şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi ilə əlaqədar müqavilənin dəyişdirilməsinə müqavilənin ləğvinin ictimai mənafelərə zidd olduğu və ya tərəflərə müqavilənin məhkəmə tərəfindən dəyişdirilmiş şərtlərlə icrası üçün zəruri məsrəflərdən xeyli çox olan zərər vuracağı müstəsna hallarda məhkəmənin qərarı ilə yol verilir. Əlavə olaraq diqqətə çatdırırmışdır ki, Mülki Məcəllənin 449.1-ci maddəsinə (pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət) əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə secikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Mülki Məcəllənin 449.2-ci maddəsinə (pul öhdəliyinin icra edilməməsi üçün məsuliyyət) əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. İddia tələbi üzrə işə baxan birinci instansiya məhkəməsi tərəfindən mübahisə yuxarıda göstərilən qaydada həll edilmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, sübutların təmin edilməsi barədə qanuni və əsaslı vəsatəti rədd etmiş, bu səbəbdən hakimə etiraz verilmiş, lakin hakim həmin etirazı əsassız olaraq baxılmamış saxlamışdır. Qətnamədə əsassız olaraq qeyd edilmişdir ki, “iddiaçı qeyd olunan müqavilənin şərtlərinin dəyişdirilməsi xahişi ilə xx.xx.2017-ci il tarixdə banka müraciət etdiyini bildirsə də, banka rəsmi qaydada müraciət etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir”. Halbuki, iddia ərizəsi verilərkən müqavilə şərtlərinin dəyişdirilməsi barədə Banka verdiyi xx xxx 2017cu il tarixli təklif də məhkəməyə təqdim edilmişdir. Bundan başqa, əgər həqiqətən həmin təklif məhkəməyə təqdim edilməmiş olsaydı, o zaman iddia ərizəsi MPM-nin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmalı idi. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi X4 iddia ərizəsinin və apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, qətnamənin ləğv edilməsini və iddia tələblərinin təmin edilməsini xahiş etdilər. Apellyasiya baxışı iclasında cavabdeh “xxxxxxx” KB ASC-nin nümayəndəsi X3 apellyasiya şikayətinin təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır (MPM 372.6). Kollegiya sədrlik edənin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini ayrıayrılıqda müzakirə edib, proses iştirakçılarının izahatlarını dinləyib, işdə olan sübutları qiymətləndirdikdən sonra hesab edir ki, aşağıdakı hüquqi əsaslara görə apellyasiya şikayəti qismən təmin olunmalı, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia tələblərinin rədd edilməsi barədə iş üzrə yeni qətnamə qəbul edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217-ci maddəsinə görə: 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarına olan «xxxxxxx» KB ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2014-cü il tarixli 38KL/14 saylı «X9» ilə «xxxxxxx» KB ASC tərəfindən İddiaçı ******* (bir milyon) AZN məbləğində 60 (altmış) ay müddətinə, xx.xx.2019-cu il tarixinədək müddət ərzində, həmin Müqavilə çərçivəsində X6 bağlanımaqla kredit verilməsi nəzərdə tutulmuşdur. xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı «X8» ilə isə İddiaçı «xxxxxxx» KB ASC-dən 18 (on səkkiz) ay müddətinə illik 21 (iyirmi bir) faiz dərəcəsi ilə 40.000 (qırx min) ABŞ Dolları məbləğində fərdi istehlak krediti götürmüşdür. X8nin 2.5-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılması kreditin verildiyi valyutada həyata keçirilir. Daha sonra, xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı «X8»nə edilən dəyişikliyə, yəni «xxxxxxx» KB ASC ilə aralarında bağlanılmış xx.xx.2015-ci il tarixli «Saziş»ə əsasən kreditin müddəti - 24 (iyirmi dörd) ay, illik faiz dərəcəsi isə 19,5 % (on doqquz tam onda beş) müəyyən edilmişdir. İddia ərizəsindən göründüyü kimi iddiaçı xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı X5 bir sıra dəyişikliklərin edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələblərini rədd edərkən qeyd etmişdir ki, iddiaçı qeyd olunan müqavilənin şərtlərinin dəyişdirilməsi xahişi ilə xx.xx.2017-ci il tarixdə banka müraciət etdiyini bildirsə də, banka rəsmi qaydada müraciət etdiyini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir və bu əsasla iddianı rədd etmişdir. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır və qeyd edir ki, mülki iş materiallarının 21-ci vərəqində surəti olan və hazırda apellyasiya baxışı zamanı əsli təqdim edilən xx xxx 2017-ci il tarixli təklifdən və tərəflərin izahatlarından görünür ki, İddiaçı müqavilə şərtlərinin dəyişdirilməsi üçün «xxxxxxx» KB ASC-yə pretenziya qaydasında müraciət etmişdir. Bundan başqa, Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinin tələbinə əsasən məhkəməyə müraciət etmiş iddiaçının mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi qaydasına əməl etməməsi iddia ərizəsinin baxılmamış saxlanılması üçün əsas kimi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.1-ci maddəsinin göstərişinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Kollegiya maddi hüquq normalarının və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi əsası ilə qətnamənin ləğv edilməsi nəticəsinə gəlir, həmçinin iddia tələblərini mülki qanunverciliyin normaları ilə müqayisəli şəkildə araşdırıb hesab edir ki, iddianın hüquqi əsası olmadığından təmin edilməməlidir. Belə ki, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə istinad etməklə iddia tələblərinin əsası kimi manatın məzənnəsinin ABŞ dollarına münasibətdə dəyişməsini nəzərə alaraq müqavilə şərtlərinin dəyişdirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422.1-ci maddəsinə əsasən tərəflərin müqavilə bağlayarkən əsas götürdükləri şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi, əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa və ya onun mahiyyətindən ayrı qayda irəli gəlmirsə, onun dəyişdirilməsinə və ya ləğv edilməsinə əsas verir. Şəraitin dəyişməsi o halda əhəmiyyətli sayılır ki, əgər tərəflər bu dəyişməni ağlabatan şəkildə əvvəlcədən görə bilsəydilər, müqaviləni əhəmiyyətli dərəcədə fərqlənən şərtlərlə bağlayar və ya ümumiyyətlə, bağlamazdılar. Tərəflərin müqavilənin əsasında durmuş təsəvvürlərinin yanlış çıxması şəraitin dəyişməsinə bərabər tutulur. Kollegiya Mülki Məcəllənin 422.1-ci maddəsinə əsasən müqavilə şərtlərinin dyişdirilməli olması barədə iddia tələblərini əsassız hesab edib qeyd edir ki, əvvəla müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər Mülki Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər (MM 421.1, 421.2). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin x xxxxxxxx 2018-ci il tarixli qərarında qeyd edilir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Bundan başqa, iddiaçı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin məzmununa (pul öhdəliyi manatla ifadə edilməlidir, əgər tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxsdirsə, tərəflər pul öhdəliyini, əgər bu, qanunla qadağan edilməyibsə, xarici valyutada da müəyyənləşdirə bilərlər) istinad edərək onun tərəf olduğu kredit müqaviləsində borc (kredit) predmetinin xarici valyutada göstərilməsinin qanuna zidd olduğunu göstərmişdir. Kollegiya iddianın həmin əsası ilə razılaşmayıb qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair» xx xxx 2015-ci il tarixli qərarına əsasən kredit və ya əmanət müqavilələri üzrə təqdim edilmiş pul (manat və ya xarici valyuta) müqavilənin predmetini təşkil etməklə, ödəniş vasitəsi kimi deyil, qaytarılmalı olan mülkiyyət kimi çıxış edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinin “pul öhdəliyi manatla ifadə edilməlidir” müddəası kredit (borc) müqavilələri üzrə pul öhdəliklərinin predmetini xarici valyuta da təşkil edə bildiyindən, həmin öhdəliklərdən irəli gələn münasibətlərə şamil olunmur. İddiaçı kredit müqaviləsində göstərilən şərtlərlə, o cümlədən X8nin 2.5-ci bəndinə əsasən kreditin və kreditdən istifadəyə görə faizlərin qaytarılmasını kreditin verildiyi valyutada həyata keçirilməsinə dair razılaşaraq cavabdehlə həmin müqaviləni bağlamış və müqavilə əsasında öz üzərinə kredit borcunun ödənilməsi üzrə öhdəlik götürmüşdür.Manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. İddia tələbləri əsassız olduğu üçün rədd edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.2, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, 2(006)- 383/2019 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı onunla cavabdeh “xxxxxxx” KB ASC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli 38KL/14 saylı «X9»nə istinadla tərtib edilmiş xx.xx.2014-cü il tarixli 38KL/14-1 saylı X8 şərtlərinin məhkəmə qaydasında dəyişdirilməsi barədə iddia tələbləri təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-731/2020
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-731/2020
30.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver