Məhkəmə qərarları › İş №2(103)-7311/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7311/2021

31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7311/2021 31.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” 2(001)-2902/2021 nömrəli mülki iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 14.01.2020-ci il tarixli, 100804-398881/2 nömrəli kredit müqaviləsinə əsasən borcluya illik 21 % ödəmək, 36 ay müddətinə qaytarmaq şərti ilə 23000 manat məbləğində kredit verilmişdir. Eyni zamanda bank və digər Cavabdeh2 arasında 14.01.2020-ci il tarixli, 100804-398881/2 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Borclulara dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, borclular banka olan borclarını ödəməmişlər. 03.02.2021-ci il tarixinə birgə borclular olan cavabdehlərin kredit müqaviləsi üzrə 20585,41 manat əsas borcu, 2521,58 manat faiz borcu olmaqla cəmi 23106,99 manat kredit borcu yaranmışdır. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 14.01.2020-ci il tarixli 100804-398881/2 saylı kredit müqaviləsinə əsasən müştərək qaydada əsas borca görə 20585,41 manat, faiz borcuna görə 2521,58 manat, dövlət rüsumuna görə 30,40 manat olmaqla cəmi 23137,39 manat məbləğində pulun İddiaçı ASC-nin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini iddia ərizəsində tələb edilən məbləğin Cavabdeh1 tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qəbul edilərkən prosessual normalar düzgün tətbiq olunmamışdır. Cavabdeh2 Cavabdeh1 ilə bir yerdə işləmişdir. Cavabdeh1 kredit götürmək istədiyini bildirmiş, Cavabdeh2 ona zamin durmasını xahiş etmişdir. Z.Quliyev bir qədər sonra bu təkliflə razılaşmış, digər cavabdehlə birlikdə banka getmişdir. Hal-hazırda Cavabdeh1 krediti ödəmir. Cavabdeh2 xəstədir, yektiklik yaşına çatmayan qızı var, onu təkbaşına böyüdür. Bundan başqa, Cavabdeh2 başqa banklara kredit borcu var. Apellyasiya baxışında Cavabdeh2 şikayəti müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, iddiaçı və digər cavabdeh iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində qanuniliyinin və əsaslığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən tədqiq edilmiş sübutlarla işin müəyyən edilmiş halları ondan ibarətdir ki, borcverən İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış 14.01.2020-ci il tarixli, 100804-398881/2 saylı kredit müqaviləsindən müəyyən olunur ki, borcverən borcalana şəxsi istehlak məqsədilə 36 ay müddətinə qaytarmaq, illik 21 % ödəmək şərti ilə 23000 manat kredit verməyi öhdəsinə götürmüşdür. Kredit müqaviləsinə 1 saylı əlavə ödəniş cədvəlindən müəyyən olunur ki, Cavabdeh1 14.01.2020-ci il tarixli, 100804-398881/2 saylı kredit müqaviləsi üzrə 13.02.2020-ci il tarixdən 14.01.2023-cü il tarixədək əsas borca görə 23000 manat, faiz borcuna görə 8177,56 manat ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı ASC-nin 14.01.2020-ci il tarixli kassa məxaric orderindən müəyyən olunur ki, bank tərəfindən Cavabdeh1 23000 manat ödənilmişdir. Borcverən İddiaçı ASC, borcalan Cavabdeh1, zamin Cavabdeh2 arasında bağlanmış 14.01.2020-ci il tarixli, 100804-398881/2 saylı zaminlik müqaviləsinə əsasən, zamin Cavabdeh2 borcalanın məbləği 23000 manat olan 14.01.2020-ci il tarixli 100804- 398881/2 saylı kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını təmin etməsi üçün borcverən qarşısında tam məsuliyyəti öz üzərinə götürmüşdür. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 449.1 və 472.1-ci maddələrini işin müəyyən edilmiş hallarına tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Mülki Məcəllənin 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Mülki Məcəllənin 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Mülki Məcəllənin 477-ci maddəsinə əsasən, zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. Belə ki, bankla borcalan arasında kredit müqaviləsi, həmin müqavilədən irəli gələn öhdəliklərin təminatı olaraq isə bankla zamin arasında zaminlik müqaviləsi bağlanılmışdır. Bank kredit müqaviləsinə uyğun olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, borcalanın müvafiq müqavilə öhdəliklərini lazımınca tam və vaxtında yerinə yetirməsi sübuta yetirilmir. Belə olan halda, zaminlə borcalan Bank qarşısında müqavilə öhdəlikləri üzrə mülki hüquqi məsuliyyəti yaranır. Cavabdehin digər banklar qarşısında kredit öhdəliklərinin olması onun hazırki iş üzrə borclu olduğu məbləği ödəməkdən azad etmir. Göründüyü kimi, qeyd edilən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti bitməmişdir. Kollegiya nəzərə alır ki, MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, iddianın təmin edilməsi barədə qətnamə qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, apelyasiya şikayəti təmin edilmədən, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh2 apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-2902/2021 nömrəli mülki iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə - iddianın Cavabdeh2 qarşı təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar