Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7318/2021 18.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Qəhrəmanova Səadət Nizami qızının katibliyi ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsində yerləşən 2A nömrəli binada yerləşən 58,89 kv.m ümumi, 46,75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 67 saylı mənzilin ipoteka krediti ilə yüklülükdən, girovdan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 04 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim C.Musayeva, iş № 2(006)-640/21) iddia təmin edilməmişdir. İddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. İşin halları: İddia tələbi onunla əsaslandırılmışdır ki, həyat yoldaşı X1 cavabdeh "xxxx" MMC ilə illik 30 faizdən artıq olmamaqla, 120 ay müddətinə 300.000 ABŞ dolları kredit verilməsini nəzərdə tutan 29 iyun 2009-cu il tarixli, AZBA-001575 saylı kredit müqaviləsi imzalanmış, bu müqavilədən irəli gələn öhdəliklərin lazımi qaydada və vaxtında icrasını təmin etmək məqsədilə ona məxsus Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsində yerləşən 2A nömrəli binada 58,89 kv.m ümumi, 46,75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 67 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. İpoteka müqaviləsi rəsiləşdirilərkən qaydalar kobudcasına pozulmuşdur. Xətai Rayon məhkəməsinin 18 sentyabr 2017-ci il tarixli qətnaməsində onun hüquqları pozulmuş və hakim işi araşdıran zaman onların birgə nikah dövründə daşınan və daşınmaz əmlakda eyni bərabər hüquqlarının olmasını nəzərə alınmamışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının pozulması, məhkəmənin gəldiyi nəticənin işin faktiki hallarına uyğun gəlməməsi ilə əsaslandırmışdır. İddia ərizəsi ilə eyni məzmun daşıyan apellyasiya şikayətində əlavə olaraq göstərilmişdir ki, kredit müqaviləsində göstərilən kreditin verilmə müddəti və ödəniləcək illik faizlər barədə də tələblər pozulmuşdur. Birinci instansiya məhkəməsində iddia ərizəsinə baxılarkən işin bu halları nəzərə alınmamış və iddiası ilə əlaqədar ətraflı və obyektiv araşdırma aparılmamışdır. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin olunmamalı, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin hallarından müəyyən olunur ki, 29.06.2009-cu il tarixində "xxxx" MMC ilə İddiaçı arasında ipoteka müqaviləsi bağlanılmış, müqaviləyə əsasən İddiaçı məxsus Bakı şəhər, Xətai rayonu, Əhmədli qəsəbəsi, Xudu Məmmədov küçəsindəki 2a saylı evin 58,89 kv.m ümumi, 46,75 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı 67-ci mənzili öhdəliklərin təminatı kimi "xxxx" MMC-nin xeyrinə yüklü edilmişdir. İpotekasaxlayan "xxxx" MMC ilə ipotekaqoyan İddiaçı və borclu X1 arasında bağlanmış İpoteka müqaviləsinə dəyişiklik və əlavələr edilməsi haqqında 22.10.2013-cü il tarixli sazişə əsasən 29.07.2009-cu il tarixli AZBA-001575 saylı ipoteka müqaviləsinin müvafiq şərtləri dəyişdirilərək “kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən illik 40%-dən artıq olmamaqla 120 aydan artıq olmayan müddətə 442000 ABŞ dolları və ya ona müvafiq manat ekvivalenti məbləğində” kimi müəyyən edilmişdir. Kredit verən "xxxx" MMC ilə kredit alan X1 arasında bağlanmış 23 oktyabr 2013-cü il tarixli, AZBA-001575-009 saylı razılaşmaya əsasən “Kredit alan”a illik 20 (iyirmi) faizlə 60 (altmış) ay müddətinə 90000 (doxsan min) ABŞ dolları məbləğində kreditin verilməsi müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək adı çəkilən mənzilin ipoteka yüklülüyündən azad olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsassız sayaraq rədd etmişdir. Birinci instansiya məhkəməsinin qənaətinə görə, iddiaçının irəli sürdüyü faktiki hallar onun “əmlakın ipoteka yüklüyüyündən azad olunması” tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Belə ki, məhkəmə araşdırması zamanı “İpoteka haqqında” Qanunun yuxarıda göstərilən müvafiq maddələrində təsbit edilən halların mövcudluğunu müəyyən etmək mümkün olmamışdır. Birinci instansiya məhkəməsi hüquqi cəhətdən öz mövqeyini “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci, 48-ci maddələri və s. ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, iddiaçının apellyasiya şikayətində göstərilən dəlillər əsassız olmaqla qətnamənin ləğvi üçün əsas ola bilməz. Məhkəmə kollegiyası bu qənaətə gələrkən tərəflər arasında kredit müqaviləsi üzrə tutmanın ipoteka predmetinə, yəni mübahisləndirilən mənzilə yönəldilməsi barədə, eləcə də ipoteka müqaviləsinin etibarsız hesab edilməsi tələbinin rədd edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin olduğunu və həmin məhkəmə qərarlarının hazlırkı işdə preyudisial əhəmiyyət daşıdığını da nəzərə alır. Həmin mülki işlərdə ipoteka müqaviləsinin qanuniliyi işə baxan məhkəmələr tərəfindən irəli sürülmüş tələblər həddində yoxlanılmış və qiymət verilmişdir. İddiaçı hazırkı iş üzrə iddia ərizəsində və apellyasiya şikayətində həmin məhkəmə qətnamələri ilə müəyyən edilmiş halları da mübahisələndirmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinin tələbinə müvafiq olaraq bunun yolverilməz olduğunu qeyd edir. Həmin maddəyə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz və ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Göründüyü kimi, qanunvericilik sübutlar təqdim edilməsi və sübut edilməsi vəzifəsini hər bir tərəfin öz üzərinə qoymuş, öz zərərinə olan hər hansı sübutun təqdim edilməli olması şərt kimi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin iş üzrə 04 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Akif İsgəndərov Hakimlər: İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №2(103)-7318/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7318/2021
18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver