Məhkəmə qərarları › İş №2(103)-7323/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7323/2022

06.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7323/2022 06.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Ələsgərov Nurəddin Bahaddin oğluna, Cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borc tələbi) QƏTNAMƏSİ Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlu (sədrlik edən və məruzəçi), İmanov Azad Nizam oğlu və X1 ibarət tərkibdə, X3 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddiası ilə bağlı mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3064/2022 saylı, 25 avqust 2022-ci il tarixli qətnaməsindən İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İşin hallarından görünür ki, Borcverən İddiaçı ASC-nin “Yasamal” filialı (bundan sonra - iddiaçı və ya Bank) ilə borcalan Cavabdeh2 (bundan sonra - cavabdeh) arasında bağlanmış **********62/1 saylı, 30 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank Cavabdeh2 şəxsi istehlak məqsədi üçün illik 26 % dərəcəsi ilə 18 ay müddətinə 15.000,00 (on beş min) manat məbləğində krеdit vеrməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada krеdit və krеdit üzrə hеsablanacaq faizləri borc vеrənə qaytarmağı öhdəsinə götürmüşdür. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur.

2. İş materiallarında olan, Borcverən İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh3 arasında bağlanmış 101842-758262/1/3 saylı, 30 avqust 2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Cavabdeh3 iddiaçı təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən borclu Cavabdeh2 **********62/1 saylı, 30 avqust 2019-cu il tarixli “Kredit müqaviləsi”nə əsasən kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür.(İ.vər. 12 - 13)

3. İş materiallarında olan, Borcverən İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh1 arasında bağlanmış 101842-758262/1 saylı, 30 avqust 2019-cu il tarixli zaminlik müqaviləsinin surətindən görünür ki, Tofiqə Ağamalıyeva iddiaçı təşkilatla bağladığı zaminlik müqaviləsinə əsasən borclu Əntiqə Ələsgərovun **********62/1 saylı, 30 avqust 2019-cu il tarixli “Kredit müqaviləsi”nə əsasən kreditor qarşısında götürdüyü öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə həmin öhdəliyin icrasını tamamilə öz öhdəsinə götürmüşdür.(İ.vər. 14 - 15) İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” iddia ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 6.280,85 manat məbləğində əsas və 2.520 manat faiz borcu olmaqla, ümumilikdə 8.801,43 manat borcun və 108,42 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh2 arasında bağlanmış 30 avqust 2019-cu il tarixli, **********62/1 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 18 ay müddətinə, illik 26% dərəcəsi ilə 15.000,00 manat məbləğində kredit verilmişdir. Eyni zamanda, bank və digər cavabdehlər - Cavabdeh1 arasında 30 avqust 2019 il tarixli, **********62/1 nömrəli və Cavabdeh3 arasında 30 avqust 2019 il tarixli, 101842-758262/1/3 zaminlik müqavilələri bağlanmışdır. Zaminlik müqavilələrinin 4.2-ci bəndinə əsasən zaminlər bank qarşısında (borcalan tərəfindən 30 avqust 2019 il tarixli, 101842-758262/1 nömrəli kredit müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə görə) borcalanla eyni dərəcədə, kreditdən istifadəyə görə faizlərin və cərimələrin ödənilməsi, borcalan tərəfindən kredit müqaviləsi üzrə icra edilməyən və icrası mümkün olmayan öhdəliklər üzrə borcların yığılması ilə əlaqədar məhkəmə xərclərinin və digər xərclərin ödənilməsinə cavabdehlik daşıyır. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlərə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, onlar Banka olan borcların ödəməmişlər. 01 iyul 2022-ci il tarixinə cavabdehlərin kredit müqaviləsi üzrə 6.280,85 manat məbləğində əsas borcu və 2.520,58 manat faiz borcu olmaqla, ümumilikdə 8.801,43 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamən icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Borcalanlar krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır.

6. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra-birinci instansiya məhkəməsi)2(005)-3064/2022 saylı, 25 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Solmaz Ədilova), iddianın qismən təmin edilməsi, Cavabdeh2 6.280,85 manat məbləğində əsas borcun və 2.520,58 manat faiz borcunun, ümumilikdə 8.801,43 manat borcun və 108,42 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

7. Birinci instansiya məhkəməsi tərəfindən araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı ASC ilə bağladığı kredit müqavilələrindən irəli gələn öhdəliklərini icra etməməsi nəticəsində **********62/1 saylı, 30 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə əsas borca görə 6.280,85 manat, faiz borcuna görə 2.520,58 manat borcu yaranmışdır. İddia tələbi kredit müqaviləsi üzrə əsas və faiz borcun tutulması hissəsində tam əsaslıdır.

8. Məhkəmə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verib belə nəticəyə gəlmişdir ki, iddia tələbi üzrə tutulmalı məbləğin zaminlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə əsaslı hesab etmir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında olan kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmış, lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, beləliklə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığından, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürmədiyindən iddia tələbi həmin hissədə əsassız hesab edilməli və cavabdehlər Cavabdeh3 və Cavabdeh1 münasibətdə iddia tələbi təmin edilməməlidir.

9. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin (bundan sonra - MM) 385.1, 442, 443.1, 448.1, 448.2, 462.1, 465.2, 472.1, 472.2, 477.0.4 və 739-cu maddələrinə, Mülki Prosessual Məcəlləsinın (bundan sonra - MPM) 78.1, 80, 81 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apelyasiya şikayətlərinin və ona qarşı etirazın dəlilləri: a) Apelyasiya şikayətinin dəlilləri

10. Qətnamədən İddiaçı ASC tərəfindən apelyasiya şikayəti verilmişdir.

11. İddiaçı ASC-nin apelyasiya şikayətində qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək həmin hissədə iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. İddiaçı ASC-nin apelyasiya şikayətində göstərilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının vaxtının son tarixi xx.xx.2021-ci il, kreditorun zaminə qarşı iddia irəli sürməli olduğu son tarix isə xx.xx.2022-ci il tarixinə təsdüf edir. Bu səbəbdən də Bank tərəfindən Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə yaranmış borcun tutulmasına dair xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə Nərimanov Rayon Məhkəməsinə müraciət edilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixə təyin edilmiş məhhkəmə iclasında iddiaçının iştirak etməməsi səbəbindən işin baxılmamış saxlanılması haqqında 2(005)-638/2022 saylı xx.xx.2022 tarixli qərardad çıxarılmış, qərardad xx.xx.2022-ci il tarixdə elektron məhkəmə portalına yerləşdirilmişdir. İşin faktiki hallarında göründüyü kimi İddiaçı ASC zaminlərə qarşı iddia irəli sürməli olduğu son tarix olan xx.xx.2022-ci il tarixədək olan müddəti keçirməmişdir. İşin yenidən məhkəməyə göndərilməsi üçün məhkəməyə təqdim edilməli olan sənədlər məhkəmə tərəfindən banka göndərilməmişdir. Dəfələrlə məhkəməyə müraciətlər etdikdən sonra məhkəmənin dəftərxanasından zəruri sənədləri əldə etmiş və dərhal xx.xx.2022 tarixində Elektron məhkəmə protalı vasitəsi ilə məhkəməyə yenidən iddia ərizəsi ilə müraciət edilmişdir. Buna görə hesab edirlər ki, iddiaçı zaminlərə qarşı iddia irəli sürməli olduğu son tarixi keçirməmişdir. Məhkəmə iddianın ilkin verilmə tarixinə qiymət verməmişdir. Halbuki, Bank zamanında məhkəməyə müraciət etmişdir. Bu halın nəzərə alınmaması nəticəsində Bankın tələb etdiyi kredit təminatsız statusuna keçmişdir. Halbuki, kredit verilərkən ödəniş qabilliyyətinin təhlili aparılan zaman həmin kreditin zaminlərlə verilməsi məqsədəuyğun hesab edilmişdir. b) Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri:

13. Apelyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Proses iştirakçılarının izahatı:

14. İşə baxılmasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq İddiaçı ASC-nin nümayəndəsi, cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 məhkəmə iclasına gəlmədiklərindən işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Apelyasiya baxışının hədləri:

15. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

16. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.

17. Qətnamədən İddiaçı ASC apelyasiya şikayəti verərək, qətnamənin iddianın təmin olunmayan hissəsində ləğv edilərək həmin hissədə təmin edilməsini xahiş etməklə, qətnaməni qismən mübahisələndirdiyindən, qətnamə mübahisələndirilən hissədə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

18. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

19. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

20. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i. a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

21. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

22. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə оnun pоzulması və ya lazımınca icra edilməməsi (vaхtında icra edilməməsi, mallarda, işlərdə və хidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pоzmaqla icra edilməsi) başa düşülür.

23. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

24. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

25. Maddə 445.2.1. “Öhdəliyin оnun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi” bоrclunun icranı gecikdirməsi sayılır.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır.

28. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.

29. Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur.

30. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

31. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.

32. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

33. Maddə 477.0.4. Zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda zaminliyə xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi:

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

36. Maddə 88. məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.

38. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

39. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

40. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

41. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

42. Maddə 372.1. Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə оlan və əlavə təqdim оlunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

43. Maddə 372.6. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

44. Maddə 372.7. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

45. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini, habelə iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək və həmin sübutlara obyektiv hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

46. İşin mübahisələndirilməyən halına görə iddiaçı Borcverən İddiaçı ASC-nin “Yasamal” filialı ilə borcalan Cavabdeh2 arasında bağlanmış **********62/1 saylı, 30 avqust 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, bank cavabdehə şəxsi istehlak məqsədi üçün illik 26 % dərəcəsi ilə 18 ay müddətinə 15.000 (on beş min) manat məbləğində krеdit vеrməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada krеdit və krеdit üzrə hеsablanacaq faizləri borc vеrənə qaytarmağı öhdəsinə götürmüş, cavabdeh üzərinə götürdüyü öhdəliyi icra etmədiyi üçün onun iddiaçıya xx.xx.2022-ci il tarixinə 6.280,85 manat məbləğində əsas, 2.520,58 manat məbləğində faiz borcu olmaqla ümumilikdə cəmi 8.801,43 AZN məbləğində borcu yaranmışdır.

47. Mübahisəyə baxan birinci instansiya məhkəməsi işin materiallarını mülki qanunvericiliyin tələblərinə uyğun qiymətləndirib belə nəticəyə gəlmişdir ki, iddia qismən təmin edilməli, Cavabdeh2 6.280,85 manat məbləğində əsas borcun və 2.520,58 manat faiz borcunun, ümumilikdə 8.801,43 manat borcun və 108,42 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir.

48. Birinci instansiya məhkəməsinin qətnaməsindən İddiaçı ASC apelyasiya şikayəti vermiş və şikayətində qeyd etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin icrasının vaxtının son tarixi xx.xx.2021-ci il, kreditorun zaminə qarşı iddia irəli sürməli olduğu son tarix isə xx.xx.2022-ci il tarixinə təsdüf edir. Bank tərəfindən cavabdehlərə qarşı xx.xx.2019-cu il tarixli kredit müqaviləsi ilə yaranmış borcun tutulmasına dair xx.xx.2021-ci il tarixli iddia ərizəsi ilə məhkəməsinə müraciət edilmişdir. İş üzrə xx.xx.2022-ci il tarixə təyin edilmiş məhhkəmə iclasında iddiaçının iştirak etməməsi səbəbindən işin baxılmamış saxlanılması haqqında 2(005)-638/2022 saylı xx.xx.2022 tarixli qərardad çıxarılmış, qərardad xx.xx.2022-ci il tarixdə elektron məhkəmə portalına yerləşdirilmişdir. Odur ki, İddiaçı ASC zaminlərə qarşı iddia irəli sürməli olduğu son tarix olan xx.xx.2022-ci il tarixədək olan müddəti keçirməmişdir.

49. Məhkəmə kollegiyası cavabdehin apelyasiya şikayətinin dəlillərini işin materialları ilə əlaqəli yoxlayıb, həmin dəlilləri əsaslı hesab etmir. Belə ki, işdən görünür ki, İddiaçı ASC ilə Cavabdeh2 arasında olan kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq xx.xx.2019-cu il tarixdə zaminlik müqavilələri bağlanmış, lakin iddiaçı iddia ərizəsi ilə məhkəməyə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, beləliklə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardığı hakda, zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditor zaminə qarşı iddia irəli sürməmişdir.

50. Məhkəmə kollegiyası hesab edir ki, **********62/1 saylı, 30 avqust 2019-cu il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün borclu və zaminlər birgə və eyni həcmdə məsuliyyət daşısalar da, iddiaçı zaminlərə qarşı xx.xx.2022-ci il tarixədək iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş, əsas öhdəliyin icrası vaxtının çatdığı gündən müqavilənin icrası ilə bağlı bir il müddətində zaminə qarşı heç bir tələb irəli sürülməmiş, yalnız xx.xx.2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

51. Odur ki, kreditor İddiaçı ASC-nin “Yasamal” filialı ilə Cavabdeh3 arasında bağlanmış 101842-758262/1/3 saylı, 30 avqust 2019-cu il tarixli zaminlik müqaviləsinin və Cavabdeh1 arasında bağlanmış 101842-758262/1 saylı, 30 avqust 2019-cu il tarixli zaminlik müqaviləsinin müddəti xx.xx.2022-ci il tarixdə başa çatdığına görə, birinci instansiya məhkəməsi həmin zaminlik müqavilələri üzrə ilə Cavabdeh3 və Cavabdeh1 zaminliyinə xitam verilməsi nəticəsinə gəlməkdə haqlı olmuşdur.

52. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, İddiaçı ASC-nin apelyasiya şikayətində göstərdikləri dəlilləri əsassızdır. Belə ki, İddiaçı ASC apelyasiya şikayətində qeyd etdiyi hallarla bağlı hər hansı sübutu apelyasiya şikayətinə əlavə etməmiş və bankın nümayəndəsi məhkəmə iclasında iştirak edərək apelyasiya şikayətində göstərilən halları sübuta yetirə bilməmişdir.

53. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. (MPM 77.1) Eyni zamanda məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalıdır. (MPM 14.2)

54. Qeyd olunanlara əsasən kollegiyanın qənaəti bundan ibarətdir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apelyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsas deyildir.

55. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, apelyasiya şikayətində qeyd edilən digər dəlillər də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas hesab edilmədiyindən, məhkəmə kollegiyası həmin dəlillərə əlavə münasibət bildirməyi zəruri hesab etmir.

56. Həmçinin məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar birinci instansiya məhkəməsinin gəldiyi nəticə üzrə maddi və prosessual hüquq normalarına riayət edib-etməməsini yoxlayaraq hesab edir ki, məhkəmə tərəfindən işin faktiki hallarını ehtiva edən sübutlar üzrə düzgün, tam hərtərəfli araşdırma və dəyərləndirmə aparılmış, müəyyən edilmiş işin faktiki halları üzrə maddi hüquq normaları düzgün tətbiq və təfsir etmişdir.

57. Azərbaycan Rеspublikası MPM-nin 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz

58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Qət etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3064/2022 saylı, 25 avqust 2022ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar