Məhkəmə qərarları › İş №2(103)-7326/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7326/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7326/2023 05.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və X1 ibarət tərkibdə, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3986/2023 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı QSC Cavabdeh qarşı mülkiyyət hüququna xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müvafiq qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra məhkəmənin hazırlıq iclası zamanı İddiaçı QSC-nin nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3986/2023 saylı qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh qarşı mülkiyyət hüququna xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmışdır. Qeyd olunan qərardaddan narazı qalan Cavabdeh şikayət verərək qərardadın ləğv edilməsini və mülki iş üzrə mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Cavabdeh şikayəti onunla əsaslandırmışdır ki, nümayəndəsi ilk dəfə məhkəmə prosesində iştirak etdiyinə görə iddiaçının qəflətən və gözlənilməz halda işə baxılmasına xitam verilməsi barədə ərizə verməsi və işə baxan hakimin cavabdeh tərəfin bu ərizə ilə razı olduğu halda işə xitam veriləcəyini izah etməsi nümayəndəsində şok təsiri yaratmış və nümayəndəsi sevincindən belə hesab etmişdir ki, iddiaçının bu ərizəni yazmasına səbəb onun yazdığı etiraz ərizəsində qeyd etdiyi qanuni və əsaslı dəlillər olmuşdur və buna görə iddiaçı tərəf işə baxılmasından imtina edir və işə xitam verilməsini xahiş edir. Nümayəndəsi ilk dəfə məhkəmə prosesində iştirak etdiyinə, təcrübəsiz olduğuna, bu sahədə ümumiyyətlə praktiki hüquqi biliklərə malik olmadığına və belə bir ciddi halla ilk dəfə rastlaşdığına və məhkəmə tərəfindən iddiaçının verdiyi ərizəyə münasibət bildirmək və bu sahədə biliyi olan şəxslərlə məsləhətləşmək üçün vaxt vermədiyinə görə, işə xitam verilməsinin bütün mümkün olan və fərqli nəticələrini bilməmişdir və başa düşməmişdir, yəni nümayəndəsi elə bilmişdir ki, işə hansı bir əsas ilə olursa olsun xitam verilmişdirsə, bu o deməkdir ki, bu mübahisə tam və qəti olaraq birdəfəlik həll olunmuşdur, iddiaçı gələcəkdə cavabdehə qarşı yenidən eyni iddia tələbi irəli sürə bilməz. Nümayəndəsi iddiaçının nümayəndəsinin məhkəməyə elektron qaydada təqdim etdiyi ərizəsini iddiaçının iddiadan imtina etməsi ərizəsi kimi başa düşmüş və qəbul etmişdir. Lakin məhkəmənin qərardadı ilə tanış olduqdan və bu sahənin mütəxəsisləri ilə məsləhətləşdikdən sonra cavabdehə məlum olub ki, iddiaçının ona qarşı gələcəkdə yenidən eyni iddia tələbi irəli sürmək hüququ var. Bu da onu göstərir ki, iddiaçı bəhs edilən mülki iş üzrə hazırki iddiasının təmin olunmasının mümkün olmayacağını bildikdən və məhkəmənin hazırlıq iclasında ciddi səvhlərə yol verdiyini (iddia ərizəsində irəli sürdüyü əsas və ən mühüm dəlilləri təsdiq edən heç bir sübut təqdim edə bilməyəcəyini və sair) dərk etdikdən sonra qeyd edilən ərizəni vermişdir. Hazırki mülki işə bu əsasla xitam verilməsi onun qanuni mənafeyinə və maraqlarına ziddir və hüquqlarını pozur. Yuxarıda qeyd edilən səbəblərə və əsaslara görə, o, bəhs edilən qərardadın ləğv edilməsini və hazırki mülki işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini məhkəmədən xahiş edir. Məhkəmənin yol verdiyi ən ciddi prosessual pozuntu ondan ibarətdir ki, məhkəmə əslində ərizənin baxılmamış saxlanılması haqqında qərardad qəbul etdiyi halda, buna görə də öz qərardadında mütləq şəkildə 259.0.11 və 260-cı maddələrinə istinad etməli olduğu halda həmin prosessual hüquq normalarına istinad etməmişdir. İddiaçı QSC cavabdeh tərəfindən verilmiş şikayətə etiraz təqdim edərək qeyd etmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında “Qəzalı vəziyyətdə olan binanın sökülməsi və çoxmərtəbəli yaşayış binasında mənzil tikintisi haqqında müqavilələr” xx.xx.2923-cü il tarixdə bağlanması ilə əlaqədar olaraq iddiada qeyd olunan hallar həll edilmişdir. Yuxarıda qeyd olunan müqavilələrin bağlanması ilə əlaqədar iddia ərizəsinə məhkəmə tərəfindən baxılması öz mahiyyətini itirmişdir və bu hallara əsasən İddiaçı QSC məhkəməyə ərizə ilə müraciət edərək işin baxılmamış saxlanılması ilə müraciət etmişdir və Nərimanov rayon məhkəməsi bu ərizəyə əsasən sözü gedən qərardadı qəbul etmişdir. İddiaçı QSC Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(005)-3986/2023 saylı qərardadından verilən apellyasiya qaydasında verilmiş şikayəti qeyri-qanuni hesab edərək rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3986/2023 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, iş materiallarından görünür ki, İddiaçı QSC Cavabdeh qarşı mülkiyyət hüququna xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, hazırlıq iclasında isə iddiaçının nümayəndəsi X2 məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi X4 isə iddia tələbini qəbul etmədiklərini, eləcə də iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göründüyü kimi birinci instansiya məhkəməsi İddiaçı QSC-nin Cavabdeh qarşı mülkiyyət hüququna xitam verilməsi və s. tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, eləcə də ödənilmiş dövlət rüsumunun iddiaçıya geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, hazırlıq iclasında iddiaçının iddia ərizəsinin geri qaytarılmasını tələb etmək hüququ vardır və bu hal cavabdehin razılıq verməsindən asılı edilməmişdir. Bundan başqa iddiaçı tərəfindən verilmiş ərizənin mahiyyətindən və iddiaçının birinci instansiya məhkəməsində əvvəlki məhkəmə iclasında verdiyi izahatından aydın olur ki, iddiaçı əslində ərizəsinin geri qaytarılmasını, bu səbəbdən işin baxılmamış saxlanmasını xahiş etmişdir. Lakin hazırlıq iclasında ərizənin geri qaytarılması xahiş edildiyi zaman onun baxılmamış saxlanması mümkün olmadığından məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə uyğun olaraq iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur Məhkəmə kollegiyası şikayətin dəlillərinə münasibətdə həmçinin qeyd edir ki, hazırki iddia tələbinin mahiyyəti cavabdehin yaşadığı mənzilin sökülməsi, bunun əvəzində təmirli mənzil verilməsi və sairdən ibarətdir ki, iddiaçı tərəfin təqdim etdiyi sənədlərdən müəyyən edilir ki, hazırda cavabdehlə qeyd olunan mübahisəyə dair müqavilə bağlanmışdır. Göründüyü kimi tərəflər arasında hazırki mübahisəyə dair müqavilə bağlandığından iddiaçı tərəf məhkəmə mübahisəsinə lüzum görməmiş və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Həmin xahiş məhkəmənin hazırlıq iclasında olduğu üçün isə birinci instansiya məhkəməsi istinad edilən normaların tələbləri baxımından iddia ərizəsinin geri qaytarılması barədə qərardad qəbul etmişdir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki qərardadla mülki işə bu əsasla yekun verilməsi cavabdeh tərəfin qanuni mənafeyinə və maraqlarına zidd olmaqla onun hüquqlarını pozması barədə şikayətin dəlilləri əsassız olmuşdur. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsaslıdır, şikayətdə göstərilən dəlillər isə əsassızdır və onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə hüququ vardır ki, qərardadı dəyişdirmədən saxlayıb şikayəti təmin etməsin. Göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(005)- 3986/2023 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Sabit Bəhrəmzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar