Məhkəmə qərarları › İş №2(103)-733/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-733/2022

19.01.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-733/2022 19.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Arifli Şamxal Mehdi oğlunun katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsindən İddiaçı BOKT QSC tərəfindən verilmiş apellyasiya şikayəti üzrə mülki işə baxaraq müəyyən etdi: İddiaçı QSC BOKT Cavabdeh Hacı oğluna qarşı “əldən çıxmış faydanın və dəymiş zərərin ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsi ilə (hakim İ.Abbasova, iş № 2(011)-4366/21) iddia təmin edilməmişdir. İddiaçı BOKT QSC qətnamədən narazı qalaraq apellyasiya şikayəti vermişdir. İşin halları: İddia ərizəsi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə Cavabdeh Hacıbala oğlu arasında 18.09.2012-ci il tarixdə, 0642 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 19% tətbiq edilməklə, 36 ay müddətinə 18200 ABŞ dolları məbləğində kredit verilmişdir. 19.09.2012-ci il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdeh ona ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq cavabdehin mülkiyyətində olan ** EM *** dövlət qeydiyyat nişanlı, “KİA CARENS” markalı minik avtomobili 27 avqust 2011-ci il tarixdə 642 saylı ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 19.09.2012-ci il tarixli, AA seriyalı, 137151 №-li “İpoteka müqaviləsinin qeydiyyatı haqqında” şəhadətnamə verilmişdir. Bank tərəfindən kredit borcunun qaytarılması barədə məhkəmədə iddia qaldırılmış və Xətai Rayon Məhkəməsinin 24.08.2020-ci il tarixli qətnaməsi ilə cavabdehdən 14091 ABŞ dolları əsas borc, 4608,96 ABŞ dolları faiz borcu olmaqla, cəmi 18699,96 ABŞ dolları kredit borcunun tutulması qət edilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklər yerinə yetirilmədiyinə görə hazırda 30.03.2021-ci il tarixədək 14091 ABŞ dolları əsas borca 4185,81 ABŞ dolları əldən çıxmış fayda və zərər hesablanmışdır. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, tutulan borcun avtomobilə yönəldilməsi cavabdehi bankın xeyrinə 14091 ABŞ dolları əsas borc, 4608,96 ABŞ dolları isə faiz borcu olmaqla, cəmi 18699,96 ABŞ dolları məbləğində borcunu ödəməkdən azad etmir. Cavabdeh məhkəmə iclasına gəlməmiş və borcun bağlanmasını təsdiq edən heç bir sübut məhkəməyə təqdim etməmişdir. Cavabdeh ipoteka predmeti olan avtomobili özündə saxlayaraq, 24.08.2020-ci il tarixli qətnamənin icrasını gecikdirir ki, bu da bilavasitə cavabdehin öhdəliklərini icra etmədiyinə dəlalət edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən, yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. 24.08.2020-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsi Məhkəmə Ekspertiza Mərkəzinin 27.04.2020-ci il tarixli 9/528 saylı rəyinə əsaslanaraq cavabdehdən İddiaçı QSC BOKT-un xeyrinə kredit müqaviləsi başa çatanadək 14091 ABŞ dolları əsas borc, 4608,96 ABŞ dolları isə faiz borcu olmaqla, cəmi 18699,96 ABŞ dolları məbləğində pulun tutulmasını qət etmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında icra etmədiyi üçün 30.03.2021-ci il tarixədək əsas məbləğ 14091 ABŞ dollarına 4185.81 ABŞ dolları məbləğində əldən çıxmış fayda və zərər hesablanmışdır. Cavabdeh iddiaçı qarşısında olan öhdəliklərini 30.03.2021-ci il tarixədək icra etməmişdir. Göstərilənləri nəzərə alaraq, Cavabdeh Hacıbala oğlundan 4185.81 ABŞ dolları məbləğində əldən çıxmış faydanın, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək onun təmin olunmasını xahiş etdi. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində düzünə və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası sədrlik edənin işin hallarına dair məruzəsini, iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası bu qənaətə gələrkən aşağıdakıları nəzərə alır. İşin müəyyən edilmiş hallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Hacıbala oğlundan kredit müqaviləsi üzrə 14091 ABŞ dolları məbləğində əsas borc, 4.608.96 ABŞ dolları məbləğində faiz borcu olmaqla, ümumilikdə 18699,96 ABŞ dolları (məzənnə üzrə manatla) məbləğində pul vəsaitinin bankın xeyrinə tutulması, tələbin cavabdehə məxsus ipoteka ilə yüklü edilmiş ** ME *** dövlət qeydiyyat nişanlı “KİA CARENS” minik markalı avtomobilinə yönəldilməsi və həmin avtomobilin açıq hərracdan satılması qət edilmişdir. 2(011)-60/2020 saylı icra işinin materiallarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24 avqust 2020-ci il tarixli icra sənədi üzrə 29 oktyabr 2020-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmiş və tələbin könüllü icrası haqqında bildiriş borcluya göndərilmiş, 07 noyabr 2020-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul edilərək polis idarəsinə göndərilmişdir. Bununla yanaşı ** ME *** dövlət qeydiyyat nişanlı “KİA CARENS” minik markalı avtomobilin də axtarışı barədə qərar qəbul edilmişdir. İddiaçının tələbi əldən çıxmış fayda və zərər kimi 30.03.2021-ci il tarixədək hesablanmış 4185,81 ABŞ dollarının cavabdehdən tutulması barədədir. Birinci instansiya məhkəməsi iddia tələbini əsassız sayaraq təmin etməmiş və qeyd etmişdir ki, hazırda iddiaçı cavabdehdən 4185.81 ABŞ dolları məbləğində əldən çıxmış faydanın tutulmasını tələb etsə də, iddianı əsaslandıracaq sübutları məhkəməyə təqdim etməmişdir. Məhkəmənin qənaətinə görə, iddiaçı tələbini əsaslandırarkən maddi zərərin (əldən çıxmış fayda) vurulması ilə bağlı olan Mülki Məcəllənin 21-ci maddəsinə və öhdəliklərin icra edilməməsinə görə borclunun məsuliyyətini müəyyən edən 385, 445-ci maddələrinə istinad etsə də, cavabdeh tərəfindən ona hər hansı maddi zərərin vurulmasını, eyni zamanda hər hansı hüquqlarının pozulmasını sübut edə bilməmişdir. Məhkəmə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 24.08.2020-ci il tarixli qətnaməsinə əsasən tələbin könüllü icrası haqqında bildirişin cavabdehə çatdırılmasını təsdiq edən sənədin icra işində mövcud olmadığını, qətnamənin cavabdehin təqsiri üzündən icra edilməməsinin sübut edilmədiyini, bu baxımdan iddia tələbinin əsaslı olmadığını və iş materialları ilə öz təsdiqini tapmadığını nəzərə alaraq iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin dəlillərini əsassız sayaraq qeyd edir ki, iddiaçı istər iddia tələbinin əsası kimi istinad etdiyi halları, istərsə də apellyasiya şikayətinin dəlillərini təsdiq edən hər hansı mötəbər sübut təqdim edə bilmədiyindən birinci instansiya məhkəməsi iddianı rədd etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iş materiallarına əsasən onu da qeyd edir ki, bank tərəfindən 2020-ci ildə kredit borcunun qaytarılması barədə cavabdehə qarşı iddia qaldırılarkən ondan 14091 ABŞ dolları əsas borcla yanaşı 8614,75ABŞ dolları məbləğində faiz borcunun ödənilməsi də tələb edilmiş, işə baxan məhkəmə tərəfindən məhkəmə mühasibatlıq ekspertizası keçirilmiş və ekspert rəyi əsas götürülərək 24.08.2020-ci il tarixli qətnamə ilə cavabdehdən cəmi 4608,96 ABŞ dolları faiz borcunun tutulması qət edilmişdir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürülmüşdür. İddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Məhkəmə kollegiyası işin araşdırılan hallarına əsasən bu qənaətə gəlir ki, hazırkı işdə iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları (qətnamənin cavabdehin təqsiri üzündən icra edilə bilməməsi halını) sübuta yetirə bilməmişdir. Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin bütün dəlillərini əsassız sayır və hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəni düzgün həll etmiş, qətnamə maddi və prosessual hüquq normalarına uyğun çıxarılmış, iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun və yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırılmışdır. Apellyasiya şikayətinin dəlilləri hazırkı iş üzrə qətnamənin dəyişdirilməsi üçün əsas ola bilməz. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393, 402-403, 404-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə t e t d i: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 23 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar