Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-733/2025 14.01.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: maddi zərərin ödənilməsi, qonşuluq hüququ) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim X6 qızının sədrliyi və məruzəsi ilə, hakimlər Babayev Fuad Fikrət oğlundan və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Alıyeva Gülər Neymət qızının katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı "su motorunun sökülməsi və maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1807/2024 saylı, 02 oktyabr 2024-cü il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin ********** saylı, xx.xx.2016-cı il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, Mirzə Mənsur küçəsi, ev 94, mənzil 9a xüsusi mülkiyyət hüququ ilə İddiaçı adına qeydiyyata alınmışdır.
2. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ********** saylı, xx.xx.2019-cu il tarixli çıxarışından görünür ki, Bakı şəhəri, Səbail rayonu, M.Mənsur küçəsi, ev 94, mənzil 14a xüsusi mülkiyyət hüququ ilə Cavabdeh adına qeydiyyata alınmışdır.
3. ünvan 1 ünvanındakı ümumi həyətə keçirilən yerli müayinə zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus su matoru ümumi istifadə üçün nəzərdə tutulmuş sanitar qovşağın üzərində yerləşir və gedişgəliş üçün maneəçilik törətmir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçın Cavabdeh qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, yaşadıqları 94 ünvanın həyətində Cavabdeh məxsus su motorunun sökülməsi, Cavabdeh günahı ucbatından onun əmlakına dəymiş (kamera DVD-si, yaddaş qurğusu, adaptorlar, rotor) maddi ziyanın cavabdehdən cəmi 1000 manat məbləğin alınmaqla ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia onunla əsaslandırılmışdır ki, qanunsuz fəaliyyətlə məşğul olan alt qonşusu Cavabdeh onun 9a mənzilinin su motorunu əsassız sökmüşdür. Özü isə ona məxsus 94 həyətində yerləşən sanitar qovşağı divarına mütəmadi səs-küy salan nasaz su motoru quraşdırmışdır. Bu motorun çıxıntısı həyətə giriş-çıxışa mane olur. Onların 94 həyətində suyun təzyiqi və sutqalıq verilişində məhdudiyyət yoxdur deyə bu su motoru qonşulara narahatçılıq törətmək üçün yerləşdirilib. İddia qaldırmağına səbəb Cavabdeh qanunsuz fəaliyyətlərini nəzarətdə saxlamaq-təhlükəsizlik üçün 9a mənzilinə quraşdırdığı kamera DVD-sinin və adaptorlarının, o cümlədən internet rotorunun qısa qapanma nəticəsində sıradan çıxması (yanması) olmuşdur. Belə ki, 1 həftə qabaq Cavabdeh xarici ölkəyə 20 günlük istirahətə getmiş, motoru yanılı qoymuş və suyu açıq qoymuşdur deyə, bu nasaz motorda yüklənmə nəticəsində qısa qapanma olmuşdur. Bunun nəticəsində onun 9a mənzilində sadaladığı və 94 həyətində digər qonşuların məişət avadanlıqları sıradan çıxmışdır. Potensial yanğın təhlükəsinin qarşısı təsadüfən alınmışdır. Hər bir vətəndaşın ayrılıqda dəymiş zərəri məsuliyyət daşıyan günahkardan tələb etmək hüququ vardır.
6. İddiaçı məhkəməyə iddianın məzmununun dəqiqləşdirilməsinə dair ərizə ünvanlayaraq, ərizəni onunla əsaslandırmışdır ki, məhkəmə iclasında cavabdeh təsdiq etdi ki, onun 1-ci mərtəbədə yerləşən sanitar qovşağının üzərində quraşdırdığı su çəninin motorunda sxemin yanması nəticəsində texniki avadanlığın işləmə prinsipinə uyğun (çəndə suyun səviyyəsindən aslı olaraq klapanın hərəkəti) şəkildə dəfələrnə ümumi şəbəkədə qısa qapanmalar yaşanmış bunun nəticəsində bütün qonşularda texnikalar, o cümlədən onun mənzilində də rotor avadanlığı sıradan çıxmışdır. Bu qəzaya səbəbkar cavabdehə məxsus su motorun onun tərəfindən yerdən 3 metr əlçatmaz hündürükdə yerləşdirilməsi, nəzarətsiz qalması, qəza halında müdaxiləni çətinləşdirən bir sahədə araşdırılması, üzərinə hava girişini məhdudlaşdıran yanğına davamsız politilen örtüklə qapamasını əks etdirən foto şəkilləri, iclas zalında cavabdeh tərəfindən təqdim edildi. Mənzil Məcələsinin 5.3-cü maddəsinə əsasən, kimsə kommunal xidmətlərdən məhrum edilə bilməz. Hazırki maddəyə və qonşuluq ənənələrinə hörmətlə yanaşdığı üçün su çəninin ona məxsuz sanitar qovşağın üzərindən sökülməsi tələbini qoymamışdır. Lakin məhz cavabdeh ona məxsus su motorunu sökdürmüş, bu səbəbdən həyətdə digər mənzillərdə su motoru qoşularkən, bu, onun mənzilindəki su təzyiqini azaldır. Onsuz da o yenə cavabdehin günahı ucbatından mənzil daxilindəki hamam otağının 1-ci mərtəbədə sözügedən sanitar qovşağına köçürməli olmuşdur, bu sanitar qovşağına suyun nizamlı çatması üçün 10 metr məsafədən onun su sayğacından keçməklə su xətti dövr edib qovşağa çatmalıdır. Su təzyiqində cavabdehin matoru səbəbindən oynamalar onun yaşamağına çətinliklər yaradır. Bundan əlavə cavabdehin nasaz su motoru onun mənzili paralelində uğultu çıxarır. Hansı ki, o da müvafiq maqnitafon avadanlığın eyvanında qoysa, cavabdeh xasiyyəti üzrə mənzil daxilində mahnıya qulaq asılması tələbin qoyacaq. Hansı ki, o hətta eyvanda siqaret çəkməyə müdaxilə edir. Odur ki, bu iddianın məhkəmənin bir vətəndaş borcu hesab etməsin xahiş edir. Əlbəttə cavabdehin səhvləri çoxdur. Lakin onları ona izah edən yoxdur. 1. Cavabdeh ilk növbədə onun mənzilində çatışmazlığa səbəb olduğu hamam otağının 1,2 kv.m. timsalında kompensasiyasın təmin etməli. 2. Süleymanova Zibaya vurduğu zərərləri kompensasiya etməli. 3. Tamahkar xüsusiyyəti səbəbindən digərlərinə qarşı qanunsuzluqlara yol verməyi adam olub tövbə etməlidir. Belə olan halda o normal həyatını davam edə bilər. Əks halda ictimai nəzərət və bundan irəli gələn öhdəliklər üzrə məsuliyyət daşıyacaq. Cavabdeh ötən iclasda guya ona təsəlli vermək üçün göndərilən işiq mühəndisi ilə söhbətin və onun cavabdehə transfarmatorda gərginlik oynaması səbəbindən bu hadisənin baş verməsini söyləyir. Bu gərginlik artması yalnız yarımstansiya ötürüçüsündə ola bilər, hər bina üçün individual deyil, bir neçə binanı əhatə edə bilər. Qonşu binalardan bu haqda şikayət daxil olmamışdır. Motorun keçmişdən olması barədə iddiaya, öncə tərkib digər işlərə də yanaşmada eyni münasibət tətbiq etdikdən sonra istinad edə bilər. Göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir.
7. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X2 bildirmişdir ki, o, santexnik ustasıdır və İddiaçıı tanıyır. Bu ilin avqustun təxminən 6 və ya 7-də, İddiaçı ona zəng vuraraq demişdir ki, onun İçəri Şəhərdə yerləşən kirayə verdiyi mənzilində, işıqlar yanıb sönür, gedib baxsın ki, nə problem var. O da axşam saat 5-6 radələrində İşəri Şəhərdə yerləşən həmin ünvana gəlmiş və orada işıq idarəsinin əməkdaşlarının olduğunu görmüşdür. Onlar nərdivan qoyaraq, həyətdə hamam-tualet kililərinin üstündə qoyulmuş su çəninin yanında yerləşdirilmiş motoru cərəyandan ayırdıqdan sonra həyətdə işıqlar yanmışdır.
8. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1807/2024 saylı 02 oktyabr 2024cü il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir.
9. Birinci instansiya məhkəməsi tərəfindən ünvan 1 ünvanındakı ümumi həyətə keçirilən yerli müayinə zamanı müəyyən olunmuşdur ki, cavabdehə məxsus su motoru ümumi istifadə üçün nəzərdə tutulmuş sanitar qovşağın üzərində yerləşir və gediş-gəliş üçün maneəçilik törətmir.
10. Məhkəmə qeyd etmişdir ki, iddiaçı öz iddia tələbinin faktiki əsası kimi göstərdiyi halları təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir.
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə; Azərbaycan Respublikasının tərəfdar çıxdığı İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 1 saylı protoklunun 1-ci maddəsinə; Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə; Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1,1096, 1097.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
12. İddiaçı apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1807/2024 saylı 2 oktyabr 2024-cü il tarixli qətnaməsinin ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə monopol hüququndan istifadə edib artıq dəfələrlədir ki, cavabdehi müdafiə edir. X4 ifadəsinin sonunda bildirdiyi yeni alınmış avadanlıqların şahidi olması fikrini qətnamədə qeyd etməmişdir. Məlumat üçün bildirir ki, mənzilində cavabdehin günahından qısa qapanma nəticəsində 1000 manatdan artıq yalnız texnika alınıb. O, əlavə xərcləri cavabdehdən istəmir. Məhkəmə birmənalı olaraq cavabdehin müdafiəsini aparmış, iddianı qismən belə təmin etməmişdir. Hətta rüsumu belə onun ödəməli olduğunu düşünmüşdür. Hakim bir şəxsə tətbiq etdiyi münasibəti digərinə tətbiq etmir. Bu isə qərəzli yanaşma ilə bağlıdır.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini əsassız hesab edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, o, qanunsuz fəaliyyətin nədən ibarət olduğu göstərilməmişdir. O, ailəsi ilə bir yerdə 20 ildir ki, orada yaşayır. İş materiallarında heç bir sübut yoxdur. Qarşı tərəf guya qeyd edir ki, Rəşad onun su motorunu qanunsuz olaraq sökdürmüşdür, lakin bununla bağlı sübutlar yoxdur. Bununla bağlı akt və s. heç bir sübut yoxdur. Daha sonra qarşı tərəf qeyd edir ki, onun su motoru iddiaçının giriş-çıxışına maneə olur, lakin iş materiallarında fotoşəkillər vardır, yerli baxış olmuşdur. Su motoru 3 metr hündürlükdə sanitar qovşağın üzərində yerləşir. Bu giriş-çıxışa nəzəri cəhətdən də maneə ola bilməz. Daha sonra qarşı tərəf qeyd edir ki, onun su motorundan qonşular da narazıdır. Lakin onlar 6 nəfər olaraq birgə yaşayış qaydalarına uyğun olaraq orada yaşayırlar. Orada hamının motoru vardır və heç kimin də narazılığı yoxdur. Qarşı tərəf bildirir ki, həyətə kamera qoşmuşdur ki, cavabdehin hərəkətlərinə nəzarət etsin, yaşadıqları yer daimi müşahidə altındadır. Mənzildə qısa qapanma olan zaman onlar məzuniyyətdə olmuşlar, mənzildə yaşayış olmamışdır. Həmin vaxt necə ola bilər ki, onun su motoru qısa qapanma yaratsın. Əgər onun və ya digərinin mənzilində qısa qapanma olsa idi, bu vaxt xəttin arasındakı açar açılır və bununla da məsələ bağlanar. Onun evində heç bir qısa qapanma olmamışdır. Qarşı tərəfin heç bir hüququ pozulmamışdır. Qısaqapanmanın onun evi ilə əlaqəsi yoxdur. Su motoru adi su motorudur, səsi də yoxdur, üstü də bağlanmışdır
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Belə olan halda, məhkəmə kollegiyası işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır.
19. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır.
20. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətində qətnamənin ləğv edilməsi və iddianın təmin edilməsi xahiş edilir. Bu səbəbdən kollegiya hesab edir ki, apellyasiya baxışının predmetini qətnamənin bütövlükdə yoxlanılması təşkil edir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
21. 5.3-cü maddəsinə əsasən, mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. 22.21.1-ci və 21.2-ci maddələrinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
23. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 24.170.1 və 170.2-ci maddələrinə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən, işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır. 25.171.1-ci maddəsinə əsasən, torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi,əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. 26.171.2-ci maddəsinə əsasən, təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və yabaşqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur. 27.1096, 1097.1 və 1097.3-cü maddələrinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər. 28.Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli qərarında da qeyd edilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqları və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır.
Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin
29. Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz (9-cu maddə).
30. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (14.1 və 14.2-ci maddə).
31. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (88, 217.1 və 217.3-cü maddələri).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
32. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müzakirə edərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
33. Belə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
34. İddianın “maddi zərərin ödənilməsi”nə dair hissəsinin hüquqi əsasını Mülki Məcəllənin 21, 1096.1, 1097.1 və 1097.2-ci maddələri təşkil edir.
35. Delikt öhdəliyi qanundan əmələ gəlməsi, həm əmlak, həm də şəxsi qeyri-əmlak münasibətləri sahəsində tətbiq edilməsi, zərərçəkənə vurulmuş zərərin əvəzinin tam həcmdə ödənilməsi və s. xüsusiyyətlər ilə səciyyələnir. Beləliklə, mülki hüquq pozuntusuna görə məsuliyyətin yaranması üçün aşağıdakı şərtlərin mövcud olması tələb olunur: törədilmiş əməlin hüquqa zidd olması – ilk növbədə hüquqa zidd bir əməl (hərəkət və ya hərəkətsizlik) olmalı, hüquq qaydasının pozulması halı baş verməlidir; əməlin təqsirli olaraq törədilməsi – təqsir subyektiv anlayış olmaqla hüquq pozuntusu törədən şəxsin həmin əməli törədərkən iradəsində nöqsanın olmasını ehtiva edir; törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) nəticəsində başqa şəxsə zərər vurulması – qanunla qorunan mənafeyə, dəyərə zərər yetirilmiş olmalıdır; zərər ilə hüquqa zidd əməl arasında səbəbli əlaqənin olması – zərər məhz törədilmiş hüquqa zidd əməl nəticəsində əmələ gəlmiş olmalıdır.
36. Beləliklə, mülki hüquq pozuntusundan irəli gələn tələblərin təmin edilməsi üçün yuxarıda sadalanan şərtlərin hər biri məhkəmə tərəfindən müəyyən edilməlidir. Göstərilən ünsürlərdən biri olmadığı halda delikt öhdəliyinin yaranması istisna edilir. Bu baxımdan, məhkəmə hesab edir ki, iddia üzrə araşdırma predmetini cavabdehin qeyd edilən normalar çərçivəsində mülki-hüquqi məsuliyyət daşıması üçün zəruri olan bütün şərtlərin mövcud olması araşdırılmalıdır.
37. İddiaçının istinad etdiyi hallara görə, o, cavabdehin sahibliyində olan nasaz su motorunun artıq yüklənməsi səbəbindən baş vermiş qısa qapanma nəticəsində maddi zərərə uğramışdır. İş materiallarına əsasən isə iddiaçının irəli sürdüyü faktiki hallar iddia tələblərinin qanuni əsasının dispozisiya şərtləri ilə uzlaşdığı müəyyən edilmir. Çünki iddiaçı tərəfindən baş verməsi ehtimal edilən zərərin məhz cavabdehin qanunsuz hərəkətləri nəticəsində əmələ gəlməsini təsdiq edən sübutlar təqdim edilməmiş və beləliklə də Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi ilə üzərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişdir.
38. Qeyd edilənlərə əsasən kollegiya birinci instansiya məhkəməsinin iddianın əssasız olduğundan rədd edilməli olması barədə gəldiyi qənaət ilə razılaşaraq qeyd etməyi zəruri sayır ki, hazırki işdə cavabdeh tərəfindən zərərin yaranmasına səbəb ola biləcək hərəkətə (hərəkətsizliyə) yol verilməsi və beləliklə də onun yaranmış hallara görə məsuliyyət daşıması iddiaçının məhkəməyə təqdim etdiyi sübutlara əsasən müəyyən etmək mümkün olmamışdır.
39. İddianın “cavabdehə məxsus su motorunun sökülməsi” ilə əlaqədar olan hissəsinə dair isə qeyd edilməlidir ki, iddiaçı həmin tələbi cavabdehin istifadəsində olan su motorunun mütəmadi səs-küy salması, motorun çıxıntısının həyətə giriş-çıxışına maneçilik törətməsi, ünvanına gələn suyun təzyiqinə məhdudiyyət yaratması ilə əsaslandırır.
40. Mülki Məcəlləyə əsasən ikitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər. Öz mülkiyyət hüququnu həyata keçirən hər kəs qonşunun mülkiyyətinə cürbəcür hədsiz təsirlərdən çəkinməlidir. Xüsusən işlənmiş qazların, tozun, ağır qoxuların, səs-küyün və ya titrəyişlərin bütün ziyanlı və torpaq sahələrinin mövqeyinə və xarakteristikasına görə qanunsuz təsirləri qadağandır (maddə 170.1, 170.2). Torpaq sahəsinin və ya digər daşınmaz əmlakın mülkiyyətçisi, əgər öz sahəsindən istifadə etməkdə ona maneçilik yaranmırsa və ya hüququ əhəmiyyətsiz dərəcədə pozulursa, qonşu sahədən qazın, buxarın, qoxunun, hisin, tüstünün, səs-küyün, istiliyin, titrəyişlərin və ya digər oxşar amillərin öz sahəsinə təsirini qadağan edə bilməz. Təsirin əhəmiyyətli olduğu, lakin digər torpaq sahəsindən və ya başqa daşınmaz əmlakdan adi istifadədən törəndiyi və istifadəçilərin həmin növü üçün normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmədiyi hallarda da eyni qayda qüvvədə olur (maddə 171.1, 171.2.).
41. Qanunun mənasına görə qonşu daşınmaz əmlak mülkiyyətçiləri bir-birinə qarşılıqlı hörmət bəsləməli, bir-birilərinin mülkiyyətinə hədsiz təsirlərdən çəkinməlidirlər. Mülkiyyətçi öz sahəsinə qonşu təsirini o zaman qadağan edə bilər ki, öz sahəsindən istifadə etməkdə ona maneçilik yaransın və ya hüququ əhəmiyyətli dərəcədə pozulsun. Təsir əhəmiyyətli olsa da əmlakdan adi istifadədən törəyirsə və normal təsərrüfat fəaliyyəti sayılan tədbirlərlə qarşısı alına bilmirsə də qonşu təsiri qadağan edilə bilməz. Beləliklə, qonşu təsirinin qadağan edilməsi barədə iddia qaldırmış fiziki və hüquqi şəxslər qonşu təsirinin onların hüquq və mənafelərinə ziyan vurduğunu sübuta yetirdikləri halda əsaslı hesab edilə və təmin oluna bilər.
42. İş materiallarından isə görünür ki, iddiaçı, cavabdeh tərəfindən mübahisəli su motorunun özünə məxsus sanitar qovşağının damında quraşdırılması ilə hüquq və mənafelərinə toxunduğu, ona hədsiz təsir törətdiyi və (ya) onun hər hansı maraqlarına qeyri-mütənasib müdaxilə ilə nəticələndiyini sübuta yetirə bilməmişdir. Belə olan halda cavabdehə münasibətdə hər hansı məhdudiyyət tədbirlərinin (su motorunun sökülməsi, istifadəsinin tamamilə qadağan edilməsi) tətbiq edilməsinə ehtiyac yoxdur.
43. Məhkəmələr tərəfindən qəbul edilmiş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Əbilovun şikayəti üzrə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 13 iyun 2008-ci il tarixli qərarı).
44. Mülki prosessual qanunvericiliyə əsasən qəbul edilmiş qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalı, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir.
45. Beləliklə, birinci instansiya məhkəməsi hazırkı işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alaraq və işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, maddi və prosessual hüquq normasının tətbiqində səhvə yol verməmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi, yaxud dəyişdirilməsi üçün əsas təşkil etmir.
46. MPM-nin 384.0.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-1807/2024 saylı 2 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən təqdim olunduğu gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Cəmilə Musayeva Hakimlər: Fuad Babayev Fuad Abdıyev