Məhkəmə qərarları › İş №2(103)-7331/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7331/2021

08.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7331/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1881/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Astara rayon məhkəməsinin 2(018)-841/2018 saylı, 06.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılaraq, Cavabdeh hər ay, 18 dekabr 2016-cı il təvəllüdlü X1 üçün 170 manat sabit pul məbləğində alimentin tutularaq, ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Astara rayon məhkəməsinin 2(018)- 841/2018 saylı 06.08.2018-ci il tarixli qətnaməsi ilə 18 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 iyul 2018-ci il tarixindən başlayaraq Cavabdeh hər ay 95 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Alimentin miqdarı müəyyən olunduqdan sonra keçən 2 ilə yaxın müddət ərzində böyüdüyündən 18 dekabr 2016-cı il təvəllüdlü X2 təlabatı və saxlanılması xərcləri artmışdır. Bundan başqa uşağın hazırda minimum dolanacaq xərci olaraq 170 manat məbləğində maddi təminat almaq hüququ var. Hesab edir ki, alimentin miqdarı müəyyən olunduqdan sonra Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ olan 18 dekabr 2016-cı il təvəllüdlü X2 böyüməsi ilə əlaqədar təlabatına və saxlanılmasına xərcləri artdığından, bununla da maddi vəziyyətində pisləşməyə doğru dəyişiklik olduğundan, Astara rayon məhkəməsinin 2(018)-841/2018 saylı 06.08.2018-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılmalı, cavabdehdən uşağın saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində aliment tutulmalıdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1881/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Astara Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(018)-841/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilmiş və qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Cavabdeh İddiaçı xeyrinə 18 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 150,0 (bir yüz əlli) manat sabit pul məbləğində alimentin tutulması, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi və iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı, uşağı ilə ünsiyyət qurmağa şərait yaratmır, bundan başqa iddiaçıdan ayrıldıqdan sonra aralarında bir çox mübahisələr olmuşdur. Eləcə də iddiaçı evlə bağlı olan insidentlərində uşağa xəsarət yetirməkdən belə çəkinməmişdir. Hal-hazırda gözdən İİİ qrup ömürlük əlildir və göz itiliyi tələb olunan işlərdə işləyə bilmir, fiziki işlərdə işləməyə də digər sağlamlıq məhdudiyyəti imkan vermir. Həmçinin əlilliyə görə 110 manat təqaüd alır, onun da 95 manatını aliment verir, başqa imkanı yoxdur. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat veməklə əlavə olaraq bildirdi ki, sağlamlıq imkanları məhdud olduğundan işləyə bilmir və əlilliyə görə aldığı təqaüdlə hazırda müəyyən edilmiş alimenti ödəmək iqtidarında deyil. Bu səbəbdən də apellyasiya şikayətinin təmin edilərək, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməklə iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, kollegiya iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Kollegiya qeyd edir ki, hazırki apellyasiya baxışında qətnamənin qanuniliyi və əsaslılığı iddia tələbinin qismən təmin edilməsi hissəsində yoxlanılır. Belə ki, cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayətinin məzmunundan görünür ki, qətnamə məhz iddianın təmin edilən hissəsində mübahisələndirilmiş, eləcə də iddianın rədd edilən hissəsi iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Həmin Məcəllənin 372.7-ci hissəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan Astara Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(018)-841/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, 18 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 iyul 2018ci il tarixdən başlayaraq Cavabdeh hər ay 95 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Astara Mərkəzi xəstəxanası tərəfindən verilmiş 08.04.2021-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 20.07.2016-cı il tarixindən travmadan sonrakı torlu qişanın distrofiyası diaqnozu ilə Astara RMX PHŞ-in Poliklinika şöbəsinin Oftalmoloji kabinetində dispanser qeydiyyatındadır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Astara Mərkəzi xəstəxanası tərəfindən verilmiş 23.04.2021-ci il tarixli arayışın surətindən görünür ki, Cavabdeh 23.04.2021-ci il tarixində Astara RMX PHŞ-in Poliklinika şöbəsinin Cərrahiyyə kabinetində müayinə olunmuş və sağ aşağı ətrafın varikoz xəstəliyi diaqnozu qoyulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin MEİS sosial müavinət və təqaüd haqqında 16.04.2021-ci il tarixli arayışının görünür ki, Cavabdeh İİİ qrup əlildir və 110 manat sosial müavinət alır. Beləliklə hazırkı apellyasiya baxışında yoxlanılan iddia tələbi, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarının artırılmasından (dəyişdirilməsindən) ibarətdir; belə növ iddia tələblərinin həllinin qanuni əsaslarını isə Ailə Məcəlləsinin 112.1-ci maddəsi təşkil edir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi qanunverici, prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasının və ya azaldılmasının) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı, alimentin miqdarının artırılmasını müəyyənləşdirilmiş alimentin uşaqların tələbatını ödəməyə imkan verməməsinə əsaslanmaqla tələb etmişdir. Kollegiya hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur; belə ki, Astara Rayon Məhkəməsinin 06 avqust 2018-ci il tarixli 2(018)-841/2018 saylı qətnaməsi ilə 18 dekabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 10 iyul 2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay 95 manat sabit pul məbləğində alimentin tutulmasını müəyyənləşdirərkən həmin dövrün həyat standartlarını əsas götürmüşdür; hazırda isə bu vəziyyət dəyişməklə həm iddiaçı daha yüksək məbləğdə aliment tələb etməkdədir, həm də uşaqlara görə müəyyənləşdirilmiş yaşayış minumumu 2021-ci il üçün 175 manat nəzərdə tutulmuşdur. Kollegiya hesab edir ki, göstərilənlər alimentin məbləğinin müəyyən olunduğu tarixdən bugünədək artmış həyat standartları və istehlak qiymətləri, eləcə də uşaqların böyüdüyü də nəzərə alınmaqla, tərəflərin maddi vəziyyətlərində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Cavabdehdən tutulmalı olan alimentin yeni məbləğinə münasibətdə isə məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Bu baxımdan kollegiya, “uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması” prinsipini, tərəflərin maddi və ailə vəziyyətlərini, eləcə də işin konkret hallarını əsas götürərək cavabdehdən iddiaçının xeyrinə tutulacaq 150 manat, müəyyən edilməsini ədalətli və ağlabatan hesab edir. Cavabdeh maddi vəziyyətinin aşağı olmasına eləcə də üçüncü qrup əlil olmasına istinad etsə də, həmin hal cavabdehin sağlamlıq imkanlarının tam olaraq itirilməsi demək deyil və bu hal onu övladlarının saxlanılmasında, getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Həmçinin nəzərə alınmalıdır ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən verilmiş arayışa əsasən cavabdeh göz itiliyi tələb olunmayan işlərdə işləyə bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, cavabdehlə iddiaçı arasında bir sıra məhkəmə mübahisələrinin olması, hazırki iddianın rədd edilməsi üçün əsas yaratmır. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məsələni həll edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri qətnamənin dəyişdirilməsi, yaxud ləğv olunması üçün əsas təşkil etmir. Məhkəmə, MPM-nin 384.0.1-ci maddəsində təsbit olunmuş səlahiyyətinə əsaslanaraq hesab edir ki, apellyasiya şikayətləri təmin olunmamalı, Rayon Məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya şikayəti təmin edilmədiyindən, apellyasiya şikayətinin verilməsi üçün cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu, MPM-nin 119.1-ci maddəsinin tələbinə görə onun özünə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, Məhkəmə Q Ə T E T D İ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1881/2021 saylı, 28 aprel 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu onu ödəmiş şəxsin özünə aid edilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən etibarən, 2 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar