Məhkəmə qərarları › İş №2(103)-7335/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7335/2021

23.09.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7335/2021 23.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tofiq Səməd oğlu Səmədovun sədrliyi və məruzəsi ilə, İkram Sabir oğlu Şirinov və Anar Vəzir oğlu Tanrıverdiyevdən ibarət tərkibdə, İsmayılova Günel Rza qızının katibliyi, Cavabdeh nümayəndəsi X3 oğlunun iştirakı ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair ərizəsi üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı "xxxx" ASC tərəfindən verilmiş apellyasiya şikayəti əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1591/2021 saylı 29.04.2021-ci il tarixli qətnaməsi ilə "xxxx" ASC-nin Cavabdeh qarşı əsassız varlanma nəticəsində əldə edilmiş pul vəsaitinin geri qaytarılması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. İş materiallarından görünür ki, "xxxx" ASC-nin Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" ASC-nin xeyrinə 911.58 manat borcun tutulması, ödənilmiş 30 manat dövlət rüsumunun və 0,4 (qırx qəpik) manat xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki iş kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında daxil olmuş və tərəflərə bildiriş göndərilmişdir. İddia tələbi üzrə pul tələbi 911 manat təşkil etdiyindən, eləcə də, sübutların araşdırılması zərurəti yarandığından Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1591/2021 nömrəli, 01 mart 2021-ci il tarixli qərardadı ilə mülki iş iddia icraatına keçirilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı “Azərbaycan Beynəlxalq Bankı’' ASC-nin “Sənaye” filialı ilə Cavabdeh arasında bağlanmış 30.07.2013-cü il tarixli Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqaviləyə əsasən Bank tərəfindən sonuncuya istifadə etmək üçün plastik kart verilmişdir. Tərəflər arasında bağlanmış Bank kartlarının alınması və onlardan istifadə edilməsinə dair müqavilənin 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi aldığı kartı, onun istifadə etmə müddət ərzində Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq ödəniş sistemlərinin qaydalarına, bu müqavilənin şərtlərinin məzmununa, Bankın müəyyən etdiyi və edəcəyi qaydalara əsasən istifadə etməyi öhdəsinə götürür. Eyni zamanda həmin müqavilənin 6.1-ci bəndi ilə müəyyən edilmişdir ki, kart sahibi, kartlarla bağlı yaranan borcu, həmçinin müəyyən etdiyi faiz, komisyon haqlarını və digər ödəmələrin yerinə yetirilməsini öhdəsinə götürür. Həmçinin 6.2-ci bəndinə əsasən Bank, əməliyyat vaxtı xarici valyutanın hesablaşma valyutasına konvertasiyası üzrə əlavə komisyon haqlarını almaq hüququna malikdir. Filialın müştərisi olan Cavabdeh sözügedən müqavilə əsasında ona təqdim edilmiş plastik kart hesabından (********************) sui-istifadə edərək ümumilikdə 1778.41 manat məbləğində vəsaitin məxaric edilməsinə nail olmuşdur. Həmin vəsaitə ümumilikdə 637.79 manat faiz hesablanmışdır. Nəticədə cavabdeh 2416.20 manat məbləğində əsassız olaraq varlanmışdır. Cavabdeh tərəfindən ümumi borcdan 1504.62 manat ödəniş edilmişdir. Bankın “Sənaye” filialı tərəfindən təqdim edilmiş 21.12.2020-ci il tarixli maliyyə arayışına əsasən Cavabdeh Banka 911.58 manat borcu mövcuddur. Qeyd oluna əməliyyatlardan sonra yaranmış borclarla bağlı mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. Qeyd olunanları nəzərə alıb, idanın təmin edilməsinə dair qətnamə çıxarılması xahiş olunmuşdur. İşə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. İddiaçı “Azərbaycan Beynəlxalq Bankı’' Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli nümayəndəsi Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi,iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını kollegiyadan xahiş etmişdir. Apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən işdə olan sübutlara obyektiv qiymət verilməmişdir, işə birtərəfli baxılmış, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları araşdırılmamışdır. İş üzrə qətnamə çıxarılarkən cavabdeh tərəfindən məhkəməyə təqdim olunan iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alaraq sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımının kredit müqaviləsi üzrə öhdəliyin müddətinin bitdiyi 24 fevral 2018-ci ildən götürülməsi və iddia tələbimizin rədd edilməsi düzgün deyil. Bu və digər əsasları gətirərək apellyasiya şikayətinin təmin edilməsi xahiş olunmuşdur. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iş üzrə iddiaçı “Azərbaycan Beynəlxalq Bankı’' ASC-nin səlahiyyətli nümayəndəsi kollegiyanın iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən Kollegiya işə gəlməyən iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşə apellyasiya qaydasında baxan Kollegiya apellyasiya şikayətinin dəlillərini müzakirə edib, Sədrlik edənin məruzəsini, şikayətlə razılaşmayaraq rədd olunmsını xahiş edən cavabdehin nümayəndəsinin izahatını dinləyib, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin olunmamalı, Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. İş materiallarında olan Cavabdeh ilə "xxxx" ASC arasında bağlanmış 04.11.2014-cü il tarixli bank kartlarının alınması və onlardan istifadə edilməsi barədə müqaviləyə əsasən Bank tərəfindən buraxılmış plastik kartının müştəriyə verilməsi və onların istifadəsi ilə bağlı kart sahibi ilə bank arasında yaranan mülki-hüquq münasibətləri tənzimlənməsi nəzərdə tutulmuşdur. Eyni zamanda Cavabdeh bank tərəfindən 2000 manat məbləğində kredit limiti açılmışdır. "xxxx" ASC-nin 21.12.2020-ci il tarixli əsassız varlanmanı əks etdirən arayışına əsasən 04.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə Cavabdeh banka əsassız varlanmaya səbəb olan 1504,62 manat, cəmi qalıq borcu isə 911,58 manat məbləğində borcu var. “Azərbaycan Beynəlxalq Bankı2 ASC tərəfindən Cavabdeh 28.12.2020-ci il tarixdə ünvanlanmış bildirişin surətinə əsasən cavabdehə 04.11.2014-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borc məbləği barədə məlumat verilməklə, həmin borc məbləğinin 3 gün müddətində ödənilməsi tələb edilmiş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanır. Qeyd olunan Məcəllənin 372.1 və 372.2-ci maddələrinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 373.3-cü maddəsində göstərlir ki, vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti 3 ildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir. Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Kollegiya qeyd edir ki, iddia müddəti anlayışı iddia və iddia hüququ anlayışları ilə sıx surətdə bağlıdır. Vətəndaşlar öz şəxsi və əmlak hüquqlarının, habelə, qanunla qorunan mənafelərinin məhkəmə müdafiəsini iddia vermək yolu ilə həyata keçirirlər. Əgər şəxsin hər hansı mülki hüququ başa şəxs tərəfindən pozularsa, maraqlı tərəf müdafiə üçün məhkəmə orqanlarına müraciət edə bilər. Bu cür müraciət iddia adlanır. İddia hüququ isə pozulmuş və ya mübahisə edilən hüququ müdafiə etmək üçün məhkəməyə müraciət etmək imkanıdır. Bu hüquqa bütün ölkə vətəndaşları və hüquqi şəxsləri, eləcə də, xarici ölkə vətəndaşları, vətəndaşlığı olmayan şəxslər və əcnəbi hüquqi şəxslər malikdirlər. Qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3 iyun 2013-cü il tarixli qərarında göstərilmişdir ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İş materiallarından görünür ki, işə birinci instansiya məhkəməsində baxılarkən məhkəmə iclasında Cavabdeh nümayəndəsi X2 iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edərək, banka olan borcunun olmadığını bildirmiş, 2013-cü il tarixli kredit müqaviləsinin bağlanmasından xeyli müddət keçdiyini, bu səbəblə də iddia müddəti tətbiq edilməklə tələbin rədd edilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh nümayəndəsi X1 iddia müddətinin tətbiqi barədə ərizəsini nəzərə alıb, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək, iddia ərizəsi verilərkən iddia müddəti ötürüldüyündən və cavabdeh iddia müddətinin tətbiq edilməsi barədə yazılı müraciət təqdim etdiyindən hazırki mülki işə iddia müddətini tətbiq edib, iddianı rədd etməklə düzgün nəticəyə gəlmişidir. Yuxarıda qeyd edilənlərə əsasən Kollegiya hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsi üçün hüquqi əsaslar vermir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 393, 405-ci maddələrini rəhbər tutaraq, kollegiya qət etdi: İddiaçı “Azərbaycan Beynəlxalq Bankı’' Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhər Nərimanov Rayon Məhkəməsinin 29 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar