Məhkəmə qərarları › İş №2(103)-734/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-734/2021

18.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-734/2021 18.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Məmmədova Nigar Kərəm qızının katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1180/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh qarşı «maddi zərərin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin ona satdığı işlək vəziyyətdə olmayan avadanlıqlardan birinə görə ödənilmiş 2.200 ABŞ dollarının və bir-birindən asılı olan istifadə etməyi qeyr-mümkün olan digər işlək vəziyyətdəki avadanlıqlara və xərclərə görə ümumilikdə ödənilmiş 5250 ABŞ dollar məbləğində maddi ziyanın və ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh alınaraq mənə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1180/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia ərizəsi təmin edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, rayon məhkəməsi isin faktiki hallarına düzgün qiymət verməmiş, maddi və prosessual normaların tətbiqində cəhvə yol vermiş və nəticədə düzgün olmayan qətnamə qəbul etmişdir, bu səbəbdən də şikayətinin təmin olunaraq qətnamənin ləgv edilməsi və iddia tələblərinin təmin olunmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətini müdafiə etdi, şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabdeh apellyasiya şikayəti ilə razılaşmayaraq qeyd etdi ki, onun iddiaçı ilə tanışlığı 2015-ci ildə iddiaçının oğlunun xəstələnməsi ilə olmuş, o iddiaçıya Tehranda əməliyyat üçün xəstəxana və həkim tapılmasına yardım etmiş, iddiaçı bir müddət Tehranda onlarda qalmalı oldu və belə yaxın münasibətləri yarandı. İddiaçıya heç bir avadanlıq satmamışdır, iddiaçı ona çörək sexi açmaq üçün avadanlıq satın almaq istədiyini bildirmiş, o da fars dilini bildiyi üçün ona köməklik etmiş, yəni satış elanları ilə avadanlığı taparaq iddiaçıya bildirmiş, satıcı ilə onlar özləri razılığa gəlmişdir. Onunla iddiaçı arasında heç bir alqı-satqı müqaviləsi bağlanmamış, o Astara Rayon Polis Şöbəsində təhqiqat aparılan zaman təhqiqata cəlb olunmamış, təhqiqatçı X2 tanımır, xx xxxxxx 2019-cu il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərarda onun telefonda borcu etiraf etməsi ilə bağlı yazılanlar həqiqəti əks etdirmir, o heç vaxt müstəntiq və yaxud təhqiqatçı ilə telefonla danışmamışdır. Həmçinin həmin vaxt o, Azərbaycanda olmuş, onun telefonuna belə zəng gəlməyib. Göstərilənlərə əsasən, şikayətin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında cavabehin nümayəndəsi və vəkili Vəkil şikayətlə razılaşmayaraq qeyd etdi ki, iddiaçı ona cavabdeh tərəfindən qüsurlu mal satıldığını iddia edir, MPM-in 77-ci maddəsinə əsasən iddiaçı bununla bağlı sübut təqdim etməlidir, lakin o belə bir sübut təqdim edə bilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti əsassız olduğu üçün təmin edilməməsini xahiş etdi. Sübutların tədqiqi: Dövlət Gömrük Komitəsi Cənub Ərazi Baş Gömrük İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, İran İslam Respublikasının TRADİNG “OGHAB ASTARA” şirkətinin tapşırığına əsasən TRADİNG MEHRAN FEKRİ CO” şirkətindən ünvan 1 İddiaçı (VÖEN: **********) ünvanına xx.xx.2017-ci il tarixdə “”Çörək, bulka məmulatlarının istehsalı üçün avadanlıqlar (işlənmiş)” yükü “Astara" gömrük postuna (həmin tarixdə Astara Gömrük İdarəsi) daxil olmuş, **********0202 sorğu nömrəli bəyannamə ilə bəyan olunaraq ölkə ərazisinə buraxılmışdır. Mülki işdə olan Astara Rayon Polis Şöbəsinin təhqiqatçısı, polis baş leytenantı X1 xx xxxxxx 2019-cu il tarixli qərarından görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığı üçün cinayət işinin başlanması rədd edilmişdir. Mülki işdə olan xx.xx.2019-cu il tarixli aktdan görünür ki, çörəkçi Rəhbər Barati, təmirçi Rəsul Əhmədlu, tornaçı X5 rayonunda çörəkbişirmə avadanlığının təmiri və istismara verilməsi üçün Astara rayonuna gəlmişlər, lakin xəmiryayıcı işləmədi, onun təmiri və işlək edilməsi Astarada mümkün deyil, həmin avadanlığın qüsuru var idi. Məhkəmə kollegiyasının iclasında şahid qismində dinlənilmiş Səbail RPİ-nin 9-cu Polis Bölməsi təhqiqatçı, polis baş leytenantı X3 bildirdi ki, o əvvəllər Astara Rayon Polis Şöbəsində təhqiqatçı işləmiş, İddiaçı ərizə ilə müraciət etmiş, onun tərəfindən təhqiqat aparılmağa başlanmış, aparılan araşdırılma zamanı “Whats app” tətbiqi vasitəsi ilə bir nəfər şəxslə əlaqə saxlanılmış, həmin şəxsin Cavabdeh olmasını dəqiq deyə bilməz. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini iddiaçının şikayətinə əsasən mübahisələndirilən hissədə tam yoxlayır. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi cavabedeh tərəfindən ona lazımi keyfiyyətdə olmayan əşyanın verilməsi ilə bağlıdır. Cavabdeh iddiaya etiraz edərək, ümumiyyətlə iddiaçıya hər hansi avadanlıq satmadığını bildirir. Belə olan halda iddiaçı ilkin olaraq cavabdehin ona həmin avadanlıqları satdığını sübut etməlidir. İddiaçı hazırkı iddia tələbi ilə bağlı sübut kimi öz izahatından başqa, həm də Astara Rayon Polis Şöbəsində aparılmış araşdırma materialındakı cavabdehin etiraf edici izahatına istinad etmişdir. Bu xüsusatla bağlı araşdırma zamanı cavabdeh göstərdi ki, o heç vaxt Astara Rayon Polis Şöbəsində aparılan araşdırmaya cəlb edilməmiş, izahat verməyib, təhqiqaçı E.Mikayılovu tanımır, rədd materiallarında onun izahatı ilə bağlı yazılanlar həqiqətə uyğun deyil, E.Mikayılovu tanımır, onunla telfonla danışmamış, heç bir izahat verməmişdir. Bununla bağlı məhkəmə iclasında şahid qismində dinlənilmiş Səbail RPİ-nin 9-cu Polis Bölməsi təhqiqatçı, polis baş leytenantı X3 bildirdi ki, o əvvəllər Astara Rayon Polis Şöbəsində təhqiqatçı işləmiş, İddiaçı ərizə ilə müraciət etmiş, onun tərəfindən təhqiqat aparılmağa başlanmış, aparılan araşdırılma zamanı “Whats app” tətbiqi vasitəsi ilə bir nəfər şəxslə əlaqə saxlanılmış, həmin şəxsin Cavabdeh olmasını dəqiq deyə bilməz. Beləliklə, iddiaçı cavabdehin ona cörək sexi avadanlığı satması ilə bağlı biri digərini tamamlayan, təkzibolunmazlıqla bağlı tələblərə cavab verən və hər hansı şübhədənkənar sübut məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı cavabdehin ona çörək sexi avadanlığını satmasını subut edə bilməmişdir. Belə olan halda prosessual qənaət prinsipi baxımından həmin avadanlığın qüsurlu olmasının, eləcə də satılmış malın qüsurları ilə bağlı müddətin tətbiqi məsələlərinin araşdırılmasına lüzum yoxdur. MPM-nin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, kollegiya iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən düzgün qənaətə gəlmiş, qətnamə qanuni və əsaslı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gələrək, iddianı təmin etməməkdə haqlı olmuşdur, qətnamə qanuni və əsaslı, apellyasiya şikayəti isə əsassız olduğundan və qətnamənin ləğvinə səbəb olmadığından təmin edilməməli və qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinin tələbinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyət üzrə düzgün olan qətnaməsi formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmadığından Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən onun verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu şikayəti vermiş iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: İddiaçı tərəfindən verilmiş apelyasiya şikayəti təmin olunmasın. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1180/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi onun apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə bağlı ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə iddiaçı tərəfindən kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar