Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-734/2024 25.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ iddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı iddia tələbinə dair iş üzrə (Açar sözlər: işəgötürənə vurduğu ziyana görə işçinin maddi məsuliyyəti, borcun etirafı, borcun ödənilməsi, iddia müddəti) hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və X1 ibarət tərkibdə, Qasımov Ramil Rəşid oğlunun katibliyi, iddiaçı "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2, Cavabdeh iştirakı ilə "xxxx" ASC-nin Cavabdeh qarşı “borcun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi: İşin halları
1. Cavabdeh xx.xx.2010-cu il tarixdə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Təchizat şöbəsinə anbardar vəzifəsinə işə qəbul olunmuş, xx.xx.2010-cu il tarixdə TT və ƏM üzrə mühəndis vəsifəsinə təyin edilmiş, xx.xx.2020-ci il tarixdə Əmək Məcəlləsinin 69-cu maddəsinin 3-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir.
2. "xxxx" ASC ilə Cavabdeh arasında “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanmış, Cavabdeh inzibatı idarə heyəti tərəfindən ona etibar edilmiş maddi sərvətlərin qorunub saxlanmasını, görüləcək işlərin yerinə yetirilməsini tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür.
3. Cavabdeh tərəfindən 2013-2019-cu illər arasında verilmiş təqdimatlarda o, "xxxx" ASC-yə soyuducuların satışını təşkil etmək üçün müxtəlif vaxtlarda müxtəli sayda soyuducuların buraxılmasına dair göstəriş verilməsini xahiş etmişdir.
4. 01.09.2013-xx.xx.2019-cu il tarixlərini əhatə edən satış üzrə cədvəldə Cavabdeh 14 020 manat borcunun olduğu göstərilmiş, Cavabdeh tərəfindən cədvəlin aşağı hissəsində “xx.xx.2019-cu il tarixə zavodun xəzinəsinə 42 570 manat borcum var” məzmununda qeyd yazılmışdır.
5. "xxxx" ASC ilə X4 arasında xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmış, ASC ümumilikdə 118 400 manat məbləğində soyuducuları istehsal edib İlqar Məmmədova təhvil verməyi, İlqar Məmmədov isə malı qəbul edib 30 gün ərzində dəyərini ödəməyi öhdələrinə götürmüşlər.
6. ASC-nin icraçı direktoru tərəfindən İlqar Məmmədova ünvanlanmış xx.xx.2015-ci il tarixli məktubda, ona 11 020 manat borcunun olması barədə xəbərdarlıq edilmişdir.
7. Ağdaş Rayon Prokurorluğu tərəfindən "xxxx" ASC-nin icraçı direktoruna ünvanlanmış xx.xx.2015-ci il və xx.xx.2016-cı il tarixli məktublarda, İlqar Məmmədovun ASC-dən soyuducular alması, lakin pulun bir qismini ödəməməsi ilə bağlı müraciətə baxıldığı bildirilmiş, müraciətin mülki xarakterli olması səbəbi ilə İlqar Məmmədova qarşı Ağdaş Rayon Məhkəməsində iddia qaldırmaq hüququnun olması izah edilmişdir.
8. İsmayıllı Rayon Polis şöbəsi tərəfindən "xxxx" ASC-nin icraçı direktoruna ünvanlanmış xx.xx.2016-cı il tarixli məktubda göstərilmişdir ki, ASC-nin müraciəti ilə əlaqədar polis orqanı tərəfindən H.Xələfli ilə söhbət aparılmış, o, qısa zamanda pulun qalan hissəsini ödəyəcəyini bildirmişdir. Məktubda ASC-nə tövsiyyə olunmuşdur ki, məsələ mülki xarakterli olduğundan aidiyyəti üzrə məhkəməyə müraciət edilməlidir.
9. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdə Cavabdeh xəbərdarlıq məktubu göndərilmiş, məktubda 20 155 manat borcun ödənilməsi tələb olunmuşdur.
10. Bakı şəhəri Nərimanov RPİ-nin İŞ-nin müstəntiqinin “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərarında aşağıdakılar göstərilmişdir: “Araşdırma materiallarına əlavə olunmuş "xxxx" ASC tərəfindən qaimə faktura əsasında “Çinar-7” markalı soyuducular Cavabdeh tərəfindən götürülüb nisyə şəkildə satılmış və işdən çıxdığı təqdirdə bu barədə ASC-nə sənədləri təqdim etmişdir. Beləliklə aparılmış araşdırma zamanı toplanmış materialda cinayət hadisəsinin baş vermədiyi nəzərə alınaraq, material üzrə cinayət işinin başlanması rədd edilməlidir. X2 tələbinin məhkəmə səlahiyyətlərinə aid olmasını nəzər alaraq, ona tələbi ilə əlaqədar prokurora, yuxarı prokurora və ya mülki məsələlərin həlli üzrə Nərimanov rayon məhkəməsinə müraciət etmək hüququnun olması izah edilməlidir”.
Birinci instansiya məhkəməsində icraat və qəbul olunmuş məhkəmə aktı
11. "xxxx" ASC (iddiaçı) Cavabdeh (cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək, cavabdehdən qaimə-fakturalara əsasən aldığı soyuduculara görə yaranmış 20 155 (iyirmi min yüz əlli beş) manat borcun və 228 (iki yüz iyirmi səkkiz) manat dövlət rüsumunun xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
12. İddiaçı iddia tələbini belə əsaslandırmışdır ki, fərdi sahibkarlıqla məşğul olan cavabdeh ASC-nin anbarından qaimə-fakturalara əsasən “Çinar-7MS” markalı məişət soyuducularını alaraq dəyərini ödəməyi öhdəsinə götürmüş, bir müddət üzərinə düşən vəzifəni yerinə yetirərək qəbul etdiyi soyuducuların dəyərinin bir hissəsini ödəsə də, 12 aprel 2022-ci il tarixə 20 155 (iyirmi min yüz əlli beş) manat qalıq borcu yaranmışdır. Bu barədə 12 aprel 2022-ci il tarixdə onun qeydiyyatda olduğu ünvana rəsmi qaydada pretenziya göndərilərək 10 gün müddətində borcunun ödənilməsi xahiş edilmiş, lakin o, borcu könüllü ödəməmişdir. Borcu ödəmədiyinə görə Bakı şəhəri Nərimanov RPİ-nə şikayət edilmiş, İstintaq şöbəsi araşdırma apararaq cavabdehdən izahat almış, izahatında o, göstərmişdir ki, dəfələrlə zavoddan soyuducular götürərək yerlərdəki dukanlara vermiş və qarşılığında zavoda soyuducuların pulunu ödəməmişdir. Tərəfindən həqiqətən də 19 000 manat dəyərində mallar götürsə də, verdiyi soyuducuların pullarını həmin şəxslər geri qaytarmamışlar. Göründüyü kimi istintaqda araşdırma zamanı cavabdeh ASC-yə borcu olduğunu etiraf etmişdir və ona görə də 17 iyul 2022-ci il tarixdə cinayət işinin başlanmasının rədd olunması barədə qərar qəbul edilərək, ASC-nə mülki qaydada məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Bundan sonra Mediyasiya Şurasına müraciət edilmiş, lakin cavabdeh çağrışa gəlmədiyinə görə onun əvəzinə də rüsum ödənilmiş və Mediyasiya Şurası bu barədə arayış vermişdir. Cavabdeh ASC-dən aldığı malın dəyərini müəyyən bəhanələrlə ödəmədiyinə görə ondan 20 155 (iyirmi min yüz əlli beş) manat tutularaq ASC-nin hesabına ödənilməlidir.
13. Bakı Kommersiya Məhkəməsinin 17 aprel 2023-cü il tarixli qiyabi qətnaməsi ilə iddia tələbinin təmin olunması qət edilmişdir.
14. Həmin qətnamənin ləğvinə dair cavabdehin ərizəsi Bakı Kommersiya Məhkəməsinin 25 iyun 2023-cü il tarixli qərardadı ilə təmin edilərək qətnamə ləğv olunmuş və işə yenidən baxılmasına qərar verilmişdir.
15. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, “iddiaçı müəssisədə əmək müqaviləsinə əsasən Texniki Təhlükəsizlik üzrə mühəndis vəzifəsində çalışmış, iddiaçının mallarının satılmasına və həmin malların pulunun ona ödənilməsinə dair hər hansı müqavilə öhdəliyi olmamışdır. Əgər belə öhdəliyi olsaydı belə iddiaçı ona qarşı çoxdan iddia qaldırmalı idi. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş anbardan malın götürülməsinə dair qaimələrin tarixi (bəzilərində ümumiyyətlə onun imzası yoxdur) 2014, 2018, 2019-cu illərə təsadüf edir. İddiaçı tərəf malları satarkən mağaza sahibləri ilə alqı-satqı müqavilələri bağlamış və borcu olan şəxslərə qarşı hüquq mühafizə orqanlarına şikayət ərizələri ilə müraciət etmişdir. Əgər onun həmin tarixdən iddiaçıya borcu var idisə, o zaman niyə görə bu günə qədər məhkəmədə iddia qaldırmayıb? Qanunvericiliyin tələbinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Qanunvericiliyin tələbini və işin faktiki hallarını nəzərə alaraq məhkəmədən iddia müddətini tətbiq etməklə iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş edir”.
16. Bakı Kommersiya Məhkəməsinin 20 sentyabr 2023-cü il tarixli qərardadı ilə məhkəmə aidiyyatı üzrə baxılması üçün işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə (məhkəmə və ya birinci instansiya məhkəməsi) göndərilməsinə qərar verilmişdir.
17. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi iddia tələbini müdafiə edərək izahatında həmçinin göstərmişdir ki, ASC həm dükanlarla satış həyata keçirir, həm də öz işçilərinin müraciəti əsasında onlara da soyuducuların satışını həyata keçirmələriinə şərait yaradır. Yəni işçilər onlardan soyuducuları satış üçün alır və onlar satıldıqda pullarını zavoda ödəyirlər. ASC ilə işçi arasında hər hansı bir alqı-satqı müqaviləsi bağlanmır, onlara yalnız qaimə əsasında mallar verilir. Cavabdeh özü qaimədə xx.xx.2019-cu il tarixdə zavodun xəzinəsinə 42 570 manat borcu olduğunu qeyd etmiş və imzası ilə təsdiq etmişdir. Cavabdeh rəsmi ərizə ilə zavodun rəhbərinə müraciət edərək satış təşkil etmək üçün müxtəlif vaxtlarda müəyyən miqdarda soyuducuların verilməsini xahiş etmişdir. Daha sonra cavabdeh zavoddan aldığı malların pulunu qaytara bilmədiyi üçün onlar Nərimanov Rayon Polis şöbəsinə ərizə ilə müraciət etmiş, Bakı şəhəri Nərimanov RPİ-nin İŞ 17 iyul 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd olunması haqqında qərar” qəbul etmişdir. Həmin araşdırma zamanı cavabdeh izahatında bildirmişdir ki, 2010-cu ildən etibarən ASC-də texniki təhlükəsizlik şöbəsində mühəndis vəzifəsində işləmiş, tərəfindən rəsmi sənəd əsasında dəfələrlə zavodan soyuducular götürülərək yerlərdəki dükanlara verilmiş və qarşılığında zavoda soyuducuların pulları ödənilmişdir. Tərəfindən həqiqətən 19 000 manat dəyərində mallar götürülsə də, verdiyi soyuducuların pullarını həmin şəxslər geri qaytarmamışdır. O pullar zavodun pullarıdır, mallar satıldıqdan sonra zavodun işçilərinin əmək haqqları və zavodun ehtiyacları üçün xərclənir. Cavabdehin zavodan götürdüyü malları kimə verməsi barədə onlarda heç bir məlumat yoxdur. Onlar üçüncü şəxslərdən gedib pul tələb edə bilməzlər. Çünki həmin adamlarla zavod arasında heç bir müqavilə bağlanmamışdır. Bundan başqa onlar bilmirlər cavabdeh malları aparıb kimlərə verib, onlardan pulları alıb-almayıb, bəlkə də alıb, gətirib zavoda ödəməmişdir. Bununla bağlı onlarda heç bir məlumat yoxdur. Bundan başqa cavabdehlə maddi məsul şəxs qismində müqavilə bağlanılmışdır və o, ona təhvil verilmiş mallara görə məsuliyyət daşıyır. Həmin müqavilə icra olunanadək qüvvədədir və cavabdeh artıq ASC-də işləməsə də, vurulmuş ziyana görə məsuliyyət daşıyır. Zavodun istənilən işçisi ilə malların satışını rəsmi qayada da həyata keçirirlər. Mallar daxili qaimə əsasında verilir. Polisə müraciət olunduqdan sonra cavabdeh tərəfindən müəyyən ödənişlər olunmuşdur.
18. Məhkəmə iclasında iştirak edən cavabdeh iddianı qəbul etmədiyini bildirərək və iddia müddəti tətbiq olunmaqla iddianın rədd edilməsini xahiş edərək izahatında həmçinin aşağıdakıları göstərmişdir: “İddiaçının tələb etdiyi borclar problemli, 2013-cü ildən bu günə qalan borclardır. Həmin borclulardan biri Ağdaş rayon sakini İlqar Məmmədovdur ki, bununla bağlı Ağdaş rayon prokrorluğuna və Ağdaş rayon polis şöbəsinə iddiaçı tərəfindən şikayət ərizəsi ilə müraciət olunmuşdur. İlqar Məmmədovla "xxxx" ASC arasında xx.xx.2013-cü il tarixdə alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə üzrə İlqarın zavoda 118 400 manat borcu vardır. Dövlət orqanlarına şikayətdən sonra İlqar borcunun bir qisimini ödəmişdir. Onun hazırda 11 020 manat borcu vardır. Bunun kimi bir çox borclu olan şəxslər vardır. Həmin borcludan biri vəfat edib. O, zavodan dəfələrlə mal götürüb satmış və pulunu gətirib zavoda ödəmişdir. Sonuncu dəfə 2019-cu ildə götürdüyü malların pullarını gətirib zavoda ödəmiş və satılmayan 10 000 manatdan çox olan malları zavoda geri qaytarmışdır. O ki, qaldı onun zavoda borcu olmasına dair yazılmış qeydə, o borclar onun deyil, sadəcə onlar zavodla öz aralarında belə deyirdilər ki, “bu müştərilər mənim, başqaları digərlərinindir”. Pulu da ödəyəndə “al mənim borcumdan çıx və ya mənim bu qədər borcum var” deye qeydlər aparırdılar. O artıq 3 ildir həmin zavoddan işdən çıxmışdır və işdən çıxanda da, rəhbərləyə illər üzrə kimin nə qədər borc qalığı olduğunu siyahı üzrə yazaraq bildirmişdir”.
19. Birinci instansiya məhkəməsinin 07 noyabr 2023-cü il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur.
20. Məhkəmə gəldiyi nəticəni aşağıda göstərildiyi kimi əsaslandırmışdır:
20.1. İddiaçı ilə cavabdeh arasında olan əmək münasibətlərinə və həmin əmək münasibətlərini ehtiva edən əmək müqaviləsinə əsasən “Tam maddi məsuliyyət haqqında” müqavilə imzalanmış və sözügedən “Tam maddi məsuliyyət haqqında” müqaviləyə əsasən işçi inzibatı idarə heyəti tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işləri yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İş materiallarında olan əmək müqaviləsinin surətindən görünür ki, Cavabdeh xx.xx.2010-cu il tarixdə "Bakı Çinar Soyuducuları” Açıq Səhmdar Cəmiyyətinə Təchizat şöbəsinə anbardar vəzifəsinə işə qəbul edilmiş, xx.xx.2010-cu il tarixdə TT və ƏM üzrə mühəndis vəsifəsinə təyin edilmiş və və xx.xx.2020-ci il tarixdə işdən azad edilmişdir. Göründüyü kimi tərəflər arasında əmək münasibətləri mövcud olmuşdur. 20.2. Məhkəmə, məhkəmə müdafiəsi hüququ ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş məhdudiyyətlərdən birinin də iddia müddəti olmasını, həmçinin cavabdeh tərəfindən verilmiş iddia müddətinin tətbiqi ilə bağlı ərizəni nəzərdən keçirərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməli və iddia müddəti tətbiq edilməklə iddia rədd edilməlidir. Belə ki, iş materiallarından da göründüyü kimi Cavabdeh xx.xx.2020-ci il tarixdə işdən azad edilsə də, yəni tərəflər arasında olan əmək münasibətlərinə həmin tarixdən xitam verilsə də, iddiaçı- işəgötürən ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar 1 il müddətində cavabdehə qarşı iddia qaldırmamış və beləliklə iddia müddətini ötürmüşdür.
21. Mövqeyinin hüquqi əsası kimi məhkəmə, Mülki Məcəllənin 372-ci, Əmək Məcəlləsinin 57.1-ci, 199-cu və 296.5-ci maddələrinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2001-ci il və “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” 15 fevral 2023-cü il tarixli Qərarlarına istinad etmişdir.
22. Qətnamədən iddiaçının nümayəndəsi apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, şikayətini iddia ərizəsinin məzmununa uyğun əsaslandırmaqla, məhkəmənin maddi və prosessual hüquq normalarının tələblərini pozduğunu, sübutlara düzgün qiymət vermədiyini, gəldiyi nəticə üçün mühüm əhəmiyyət kəsb edən halları aydınlaşdırmadığını və iddia müddətinin ötürülmüş olması barədə yanlış nəticəyə gəldiyini, cavabdehin işçi kimi ziyan vurmasına görə deyil, ASC-dən aldığı malların pulunu ödəmədiyinə görə ona qarşı iddia qaldırıldığını nəzərə almadığını, işin hallarına uyğun gəlməyən qərar çıxardığını irəli sürmüşdür.
Apellyasiya şikayətinə qarşı etiraz
23. Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir.
Apellyasiya baxışı, verilən izahatlar
24. İddiaçının məhkəmə iclasında iştirak edən nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin olunmasını xahiş etmiş, cavabdeh isə şikayətin əsassız olduğunu bildirmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
25. Maddə 14.1. Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir.
26. Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.
27. Maddə 372.2. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
28. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
29. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
30. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
31. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
32. Maddə 567. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.
33. Maddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir.
34. Maddə 598.3. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
35. Maddə 3. İşçi - işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxsdir (2-ci hissə). İş yeri - işçinin haqqı ödənilməklə vəzifəsi (peşəsi) üzrə əmək müqaviləsi ilə müəyyən edilmiş işləri (xidmətləri) yerinə yetirdiyi yerdir (8-ci hissə). Əmək funksiyası — əmək müqaviləsində nəzərdə tutulan bir və ya bir neçə vəzifə (peşə) üzrə işçinin yerinə yetirməli olduğu işlərin (xidmətlərin) məcmusudur (9-cu hissə).
36. Maddə 191. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
37. Maddə 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanuna zidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
38. Maddə 296 (5-ci hissə). İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
39. Maddə 199 (1-ci hissəsinin “a” bəndi). İşçi qanunazidd hərəkətləri ilə saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır.
40. Maddə 200. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
41. Maddə 205 (2-ci bənd). Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
42. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
43. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
44. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
45. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
46. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
47. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
48. Maddə 385. Məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.3. birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi; 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının həddi
49. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apellyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır (Mülki Prosessual Məcəllənin 372.6-cı və 372.7-ci maddələri).
50. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.
İşə apellyasiya qaydasında baxan məhkəmə kollegiyasının mövqeyi
51. Kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə və müvafiq əsaslandırma ilə razılaşaraq hesab edir ki, apellyasiya şikayətində irəli sürülən hallar qətnamənin ləğvinə əsas vermir.
52. Belə ki, cavabdehin iddiaçı müəssisədə əmək müqaviləsi əsasında işlədiyi, əmək müqaviləsinə xx.xx.2020-ci il tarixdə xitam verildiyi işin mübahisələndirilməyən halıdır.
53. İddiaçının özünün bildirməsinə görə o, (cavabdeh) müəssisədə işlədiyi dövrdə əlavə gəlir əldə etmək üçün soyuducuların alqı-satqısını da həyata keçirmiş, satışdan əldə etdiyi vəsaiti müəssisənin xəzinəsinə mədaxil etmiş, işdən çıxdıqdan sonra sonuncu dəfə xx.xx.2021-ci il tarixdə müəssisəyə 1000 manat ödəmiş və satılmayan 20 ədəd soyuducunu ASC-nə qaytarmış, 20 155 manat borcu qalmışdır.
54. İddiaçının nümayəndəsinin apellyasiya şikayətinin məzmunundan həmçinin aydın olur ki, cavabdeh soyuducuları satdığı şəxslərin adlarını və ünvanlarını, habelə onların borclarının məbləğlərini əks etdirən siyahını ASC-nə vermişdir.
55. Beləliklə görünən odur ki, tərəflər arasında soyuducuların alqı-satqısına dair müqavilə bağlanmamış, cavabdeh, iddiaçı ASC-nin işçisi olduğu üçün ona etibar olunaraq soyuducuların satışını həyata keçirməsinə şərait yaradılmışdır.
56. Buna görə də kollegiyanın qənaətinə görə, birinci instansiya məhkəməsi iddiaçının cavabdehə qarşı qaldırdığı iddia tələbi üzrə Əmək Məcəlləsinin 296-cı maddəsinin 5-ci hissəsində müəyyənləşdirilən müddətin ötmüş olması barədə düzgün nəticəyə gəlmişdir.
57. Nəzərə alınmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
58. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin e-2(004)-5273/2023 saylı iş üzrə 07 noyabr 2023-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği apellyatora aid olunsun. Qətnamədən "xxxx" ASC tərəfindən, qətnamə ona rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Sədrlik edən hakim Elnur Həsənov Hakimlər Xumar Mərdanova Sabit Bəhrəmzadə