Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7340/2020 28.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı Bank “xxx” ASC-nincavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)-2707/2020 saylı qərardadından iddiaçının şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank “xxx” ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə bağlanmış xx.xx.2017-ci il tarixli FN-00102- 05/17A saylı kredit müqaviləsindən irəli gələn xx.xx.2020-ci il tarixində ödənilməmiş 1687,74 manat əsas borc, 330,74 manat faiz borcu, 36,99 manat dəbbə borcu, ümumilikdə 2055,47 manat məbləğində borcun, ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada ASC-nin xeyrinə tutularaq ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı eyni zamanda iddianı təmin tədbiri barədə ərizə verərək, Cavabdeh1 mülkiyyətində olan “VAZ-2101” minik markalı **-GE-*** dövlət qeydiyyat nişanlı və Cavabdeh2 mülkiyyətində olan “HONDA İNSİGHT” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillərin üzərinə həbs qoyulması, cavabdehlərə avtomobillərdən istifadə etmək qadağan edilməklə avtomobillərin xüsusi dayanacağa yerləşdirilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə ərizə təmin edilməmişdir. İddiaçı şikayət verərək qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad kreditorun maraqlarını nəzərə almadan və onun hüquqlarını pozmaqla qəbul edilmişdir. Belə ki, həbs qoyulması tələb edilən əmlak barəsində belə bir tədbirin görülməməsi iddiaçını borclunun əmlakını özgəninkiləşdirmə riski ilə qarşı-qaşıya qoyaraq qətnamənin gələcəkdə icrasının çətinləşməsi və qeyri mümkün etməsi kimi nəticələrə səbəb ola bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək, təmin edilməsini xahiş etdi. Cavabdeh1 isə şikayətə etiraz edərək, şikayətin dəlillərinin əsassız olduğunu, avtomobillərin üzərinə həbs qoyulmasına dair iddianı təmin tədbirinin iddia tələbinin predmetinə mütənasib olmadığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış digər cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmiş, kollegiya işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir, birinci instansiya məhkəməsinin qərardadı qismən ləğv edilməli, ərizə qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə (bundan sonra – MPM) müvafiq olaraq hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir (madddə 157). İddianı təmin etmək üçün cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq; müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək növlərində iddianı təmin tədbiri tətbiq edilə bilər (maddə 158.1.1, 158.1.2). Qanunun mənasından göründüyü kimi iddianı təmin tədbiri institutu çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan, qətnamənin icrasını gələcəkdə çətinləşdirən və ya qeyri-mümkün edə bilən halların mübahisəyə baxılarkən aradan qaldırılmasına yönələn prosessual-hüquqi tədbirdir. Bu tədbir müvəqqəti xarakter daşıyır, işi qabaqcadan mahiyyəti üzrə həll etmir. İş materiallarından görünür ki, Daxili İşlər Nazirliyi Baş Dövlət X3 Qeydiyyat-imtahan şöbəsinin kompüter uçot bazasında Cavabdeh1 adına “VAZ 2101” minik markalı **-GE-*** dövlət qeydiyyat nişanlı, Cavabdeh2 adına isə “HONDA İNSİGHT” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobillər qeydiyyatdan keçmişdir. Birinci instansiya məhkəməsi ərizənin rədd olunmasını onunla əsaslandırmışdır ki, ərizədə iddianın təmin tədbirinin görülməməsinin gələcəkdə qəbul ediləcək qətnamənin icrasına hansı çətinlik və ya maneə yaradacağı əsaslandırılmamışdır, avtomobillərin üzərinə həbs qoyulmasına dair təmin tədbiri iddia tələbinin predmetinə mütənasib deyildir. Məhkəmə kollegiyası iddianı təmin tədbiri üçün zəruri olan iddianın əsaslılığı prezumpsiyasından çıxış edərək nəzərə alır ki, iddianın dəyəri cəmi 2.055,47 manat manat pul tələbidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının ərizəsi qismən təmin edilməli, təqdim edilmiş siyahıda olan və iddia tələbinə mütənasiblik təşkil edən cavabdeh (əsas borclu) Cavabdeh1 məxsus “VAZ 2101” minik markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh1 və digər şəxslərə qadağan edilməlidir, həmin avtomobilin üzərinə həbs qoyulmaqla avtomobildən istifadə edilməsinin qadağan edilməsi və avtomobilin xüsusi dayanacağa yerləşdirilməsinə isə zərurət yoxdur, belə ki, bu hərəkətlər mülkiyyətçinin əmlakından sərbəst istifadə imkanını məhdudlaşdıra bilər. Kollegiya, iddia tələbinin həcmini nəzərə alaraq qeyd edir ki, Cavabdeh2 məxsus “HONDA İNSİGHT” minik markalı **-RL-*** dövlət qeydiyyat nişanlı avtomobil barəsində isə iddianı təmin etmə tədbirinin tətbiq edilməsi iddia tələbinə görə adekvat hesab edilmir, odur ki, ərizə yalnız Cavabdeh1 məxsus avtomobilə aid hissədə qismən təmin edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 402-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 2(005)- 2707/2020 saylı qərardadı qismən - “VAZ-210” minik markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilə aid hissədə ləğv edilsin və həmin hissədə ərizə qismən təmin edilsin. Cavabdeh1 mülkiyyətində olan “VAZ-2101” minik markalı **-GE-*** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi həmin cavabdehə və digər şəxlərə qadağan edilsin. Qalan hissədə qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal icra edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vahid Sadıqov Hakimlər Qürbət Əsgərov Azad İmanov
Məhkəmə qərarları › İş №2(103)-7340/2020
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7340/2020
28.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver