Məhkəmə qərarları › İş №2(103)-7340/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7340/2021

08.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7340/2021 08.09.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi, İddiaçının nümayəndəsi K.X2, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdeh qarşı “kredit borcunun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 2088/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏ YYƏN ETDİ : İddiaçı Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cəmi 18453,41 manat, bundan 9352,02 manat əsas, 3337,67 manat faiz, 4381,82 manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 1381,90 manat faiz və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumunun Cavabdeh tutularaq Ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi və yaranmış borc məbləğinin Cavabdeh məxsus olan “Volkswagen Passat” markalı **-GC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin açıq hərrac vasitəsilə satılaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 14.10.2013-cü il tarixli, 68/2013 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 19 faiz dərəcəsi ilə 11.550 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat üsulu kimi ipoteka saxlayan "xxxx" (İddiaçı) ASC ilə İpoteka qoyan Cavabdeh arasında “14.10.2013-cü il tarixli, 68/2013 saylı ipoteka müqaviləsi bağlanmış və müqavilənin şərtlərinə görə mülkiyyət hüququ ilə Cavabdeh məxsus olan “VOLKSWAGEN PASSAT” minik markalı (dövlət qeydiyyat nişanı - **-GC-***, buraxılış ili - 2009, ban - WVWZZZ3CZ9P040326, rəngi - Ağ) nəqliyyat vasitəsi ipotekaya qoyularaq yüklü edilmişdir. Cavabdeh kredit vəsaitindən istifadə etmiş, lakin gecikdirilmiş əsas kredit borcunun və hesablanmış faizlərin ödənilməsini təmin etməmiş, ödəmə müddətlərini müxtəlif vaxtlarda pozmuşdur. Cavabdeh tərəfindən İddiaçı ASC-dən kredit götürülməsinə baxmayaraq, müştərinin sənədləri filial tərəfindən İddiaçı ASC-nin Hüquq şöbəsinə təhvil verilməmiş, bu barədə filiala müraciət edildikdə isə sənədlərin naməlum səbəbdən itirildiyi bildirilmişdir. İddia ərizəsinə əlavə edilən məxaric orderi və maliyyə arayışından cavabdehə 11 550 manat məbləğində kreditin verilməsi müəyyən edilmişdir. Kredit müqaviləsinin şərtlərinin kobud şəkildə pozulması ilə əlaqədar bank tərəfindən cavabdedə borcun ödənilməsi barədə dəfələrlə şifahi müraciətlər olunmasına və **********2834 saylı 03.10.2019-cu il tarixli xəbərdarlıq məbtubunun göndərilməsinə baxmayaraq cavabdeh banka heç bir cavab verməmiş və kredit borcunun banka qaytarılmasını təmin etməmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2088/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməməsi qət olunmuşdur. Qətnamə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti verərək onun ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmiş, apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi cavabdehin nümayəndəsinin şifahi izahatına əsaslanaraq iddia müddətini tətbiq etmişdir. Həmçinin iddiaçı hazırki kreditlə bağlı 08 oktyabr 2019-cu il tarixdə iddia ilə iddia müddəti ərzində müraciət etdiyindən iddia müddətinin axımı həmin tarixdə kəsilmiş və fasilədən sonra iddia müddəti yenidən başlamışdır. Bundan başqa iddiaçı fərmanla bağlı olaraq üzərinə düşən öhdəlikləri yerinə yetirmişdir. Belə ki, borcluya bildiriş göndərərək, yeni müqavilə bağlanması üçün xəbərdarlıq etmiş, həmçinin müraciət etmək üçün müddəti gözləmişdir. Bütün bunlara baxmayaraq, cavabdeh yeni müqavilə imzalanması üçün üzərinə düşən öhdəliyə laqeyd yanaşmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş materiallarında olan 30.09.2019-cu il tarixli, **********32 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh banka olan əsas kredit borcu 9352,02 manat, faiz borcu 3337,67 manat, 4381,82 manat cərimə üzrə borcu, gecikdirilmiş vaxt üçün hesablanmış faiz borcu isə 1381,90 manat, cəmi 18453,41 manat təşkil edir. İş materiallarında olan 25.05.2016-cı il tarixli təhvil təslim aktının surətindən görünür ki, Cavabdeh məxsus Volksvagen Passat markalı, ** GC *** qeydiyyat nömrəli avtomobil Texnika banka təhvil verilmişdir. Bundan başqa iddia tələbində kredit müqaviləsinə əsasən cavabdehin borcunun olması göstərilsə də, məhkəməyə tərəflərin arasında əsas razılaşma hesab olunan, borcun və cavabdehin öhdəliyini müəyyən edən müqavilə məhkəməyə təqdim olunmamışdır. İş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməy ünvanlanmış ərizədən görünür ki, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi isə dəyişdirilmədən saxlanılmalıdır. Mülki Məcəllənin 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Mülki Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən isə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İddiaçı tərəfindən 14 oktyabr 2013-cü il tarixli müqaviləyə istinadla hazırki tələb irəli sürülmüş, birinci instansiya məhkəməsi isə həmin tələbi təmin etmədiyi zaman istinad edilən müqavilədən yaranan tələblər üzrə iddia müddətinin keçmiş olmasına əsaslanmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşır; belə ki, Mülki Məcəllənin 377.2-ci maddəsinə əsasən icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır; işdə olan sənədlərdən müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi 14.10.2013-cü il tarixdə bağlanmış və 14.10.2016-ci il müqavilənin bitmə tarixi olmuşdur. Məhz həmin tarixdən etibarən müvafiq iddia müddətinin axımı başlanmışdır. Qanunvericilikdə göstərilən müqavilə tələbi üzrə 3 illik müddət hazırki mübahisəyə tətbiq edildikdə, o zaman iddiaçı hazırki tələblə iddia müddətinin bitməsindən 4 ildən çox vaxt keçdikdən sonra məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə görə hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanılır. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Qərarında göstərilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, müqavilə üzrə iddiaçı tərəfindən iddia müddətinin ötürüldüyünə dair birinci instansiya məhkəməsinin qənaəti Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında müəyyən olunmuş hüquqi mövqeyə görə əsaslıdır və həmin müqavilə üzrə iddia müddətinin axımı kredit müqaviləsinin müddətinin bitdiyi 13 oktyabr 2016-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Göründüyü kimi birinci instansiya məhkəməsi qeyd olunan maddi normalara istinad edərək, iddia tələbinin rədd edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə formal mülahizələrdən ibarət olmuşdur. Belə ki, iş materiallarında olan cavabdehin nümayəndəsi və vəkili tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, hazırki iş üzrə iddia müddətinin tətbiq edilərək, iddianın rədd edilməsi xahiş edilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən şifahi deyil, qanunun tələbləri baxımından iddia müddətinin tətbiqi barədə yazılı ərizə təqdim edilmişdir. Digər tərəfdən iddiaçı apellyasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 380-ci maddəsinə istinad etmişdir. Həmin maddəyə əsasən: müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Lakin həmin maddənin tətbiqi hazırki iş üzrə yol verilməzdir, belə ki, iddiaçı ilk dəfə məhkəməyə müraciət etdikdə, iddia tələbi baxılmamış saxlanılmışdır ki, həmin halı tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381-ci maddəsi mövcuddur. Həmin maddənin birinci bəndinə əsasən: əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Göründüyü kimi iddiaçı ilk dəfə 08 oktyabr 2019-cu il tarixdə iddia ilə məhkəməyə müraciət etmiş olsa belə, həmin iddia tələbi baxılmamış saxlanılmış və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 381-ci maddəsinə əsasən iddia müddətinin axımı ümumi qaydada davam etmişdir, iddiaçı isə hazırki iddia tələbini ilk iddianın baxılmamış saxlanılması üçün əsas olan halın bitməsindən bir ildən çox keçdikdən sonra məhkəməyə müraciət etmişdir - Fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədi ilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərin qəbulu 31 dekabr 2019-cu il tarixdə bitmiş, hazırki iddia isə 05 fevral 2021-ci il tarixdə verilmişdir. Qeyd olunanlara əsasən Kollegiya hesab edir ki, Rayon Məhkəməsi iddianı təmin etməməklə iş üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 385.2-ci maddəsinə gцrə, birinci instansiya məhkəməsinin faktlar nцqteyi-nəzərindən qanuni və əsaslэ olan və mahiyyəti ьzrə dьzgьn olan qətnaməsi yalnэz formal mьlahizələrə gцrə ləрv edilə bilməz. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinə görə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 382, 384.0.1, 392 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Yuxarıda göstərilənlərə əsasən və MPM-in 119, 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2088/2021 saylı, 12 aprel 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun məbləği iddiaçıya aid olunsun. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar