Məhkəmə qərarları › İş №2(103)-7341/2022

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7341/2022

13.12.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7341/2022 13.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi İbrahimli Sevinc Şofiq qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1, Cavabdeh, nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2689/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: 1.İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsinə əsasən sonuncu satıcı-kassir vəzifəsinə işə qəbul olunmuş və onunla eyni tarixli tam maddi məsuliyyət haqqında (əmək müqaviləsinə əlavə) müqavilə də bağlanmışdır.İddiaçı MMC-nin xx.xx.2018-ci il tarixli 382-K saylı əmrinə əsasən Cavabdeh administrator vəzifəsinə keçirilmiş, xx.xx.2019-cu il tarixli 513-K saylı əmrlə isə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir.

2. xx.xx.2019-cu il tarixdə Oba Nardaran 1 fililalında Təhvil-təslim nəticələrinə dair yekun akta əsasən, OBA Nardaran 1 mağazasında işləmiş maddi-məsul şəxs Cavabdeh iştirakı ilə onun öhdəsində olan mal-material qiymətlərinin siyahıya alınmış aktivlər üzrə üzləşdirilməsi aparılmış, itki və imhanın cəmi -25897.03 manat təşkil etmiş, Cavabdeh çıxarılan nəticə ilə razı olduğunu öz imzası ilə təsdiq etmişdir.

3. xx.xx.2019-cu il tarixdə Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Akta əsasən Oba Nardaran 1(499) mağazasının müdiri işləmiş maddi-məsul şəxs Cavabdeh iştirakı ilə xx.xx.2019-cu il tarixli inventarizasiya təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparılmış, 24796.39 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh bu yekun aktda adları qeyd olunan bütün material qiymətlərinin onun iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edildiyini, bununla bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını öz imzası ilə təsdiq etmişdir. 4.İddiaçı MMC tərəfindən verilmiş 09 fevral 2021-ci il tarixli arayışa əsasən Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 24796.39 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 24796.39 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 1135.20 manat Cəmiyyət tərəfindən güzəşt edilmiş, 241 manat şirkətdən alacağı vəsaitlə qarşılanmışdır. Yekun olaraq şirkət qarşısında 23420.19 manat borcu qalmışdır.

Birinci instansiya məhkəməsində icraat:

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMCnin əmlakına vurulmuş ziyana görə ödənilməmiş 23420.19 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manatın cavabdehdən tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

6. Tələbdə göstərilir ki, cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, OBA Nardaran 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh cəmiyyətə zərər vurması müəyyən edilmişdir. 23420.19 manat borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, indiyədək heç bir ödəniş həyata keçirilməmişdir.

7. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2689/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi (hakim Ramilə Xəzri) ilə iddia tələbi təmin edilmişdir.

8. Birinci instansiya məhkəməsi iş üzrə yekun nəticəyə gələrkən qənaətində göstərir ki, məhkəmə iclasında tədqiq edilən sübutları qiymətləndirərək və qanunvericiliyin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Cavabdeh İddiaçı xeyrinə 23420.19 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pul vəsaiti tutulmalıdır.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları:

a) apellyasiya şikayətinin dəlilləri

9. Cavabdeh apellyasiya şikayətində qətnamənin ləğv edilərək iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş edib göstərir ki, məhkəmənin gəldiyi nəticə ilə razılaşmır və iddianı qəbul etmirlər. Birinci instansiya məhkəməsi heç bir araşdırma aparmadan birtərəfli qaydada iddiçının mövqeyindən çıxış edərək iddianı əsassız və qanunsuz olaraq təmin etmişdir. Əvvəla qeyd olunmalıdır ki, iddiaçının Cavabdeh qeyd olunan məbləği tələb etməsi tamamilə absurddur. İddia ərizəsindən görünür ki, cavabdeh mart ayında işə qəbul edilib və aprel ayında yoxlama zamanı 23.000 manat məbləğində borc yaranmışdır. Belə çıxır ki, iddiaçı özü öz işçiləri tərəfindən istədiyi vaxt istədiyi komissiyanı yaradıb, guya mağazada hər hansı məbləğdə çatışmazlıq müəyyən edib həmin məbləği ödənilməsi vəzifəsini hər hansı bir işçinin boynuna qoya bilər. Gülünc doğuran məqam orasıdır ki, cavabdehin öhdəliyində nə qədər malın olmasını sübut edən heç bir əsas yoxdur. Əgər cavabdehin hər hansı bir qüsuru var idisə, işlədiyi müddətdə onun barəsində tədbir görə və yaxud da hüquq mühafizə orqanlarına mürəciət edə bilərdilər. Cavabdeh özünün öz ərizəsi əsasında işdən azad edilməsi iddia ərizəsindən də aydın olur. Belə olan halda hansı intizam xətasından söhbət gedə bilər? Habelə iddia ərizəsindən görünür ki, ümumi borcdan 1135 manat güzəşt edilmişdir. Həmin güzəştin edilməsinin də əsasları müəyyən deyil və nəyə görə məhz həmin məbləğin güzəşt edilməsi qeyri-müəyyən olaraq qalır. Buradan da görünür ki, idddiaçı istədiyi məbləği tələb edə və ya güzəşt edə bilər. Əvvəla, araşdırılmalıdır ki, həqiqətən də bu borc və yaxud da çatışmayan məbləğ mövcud olmuşdurmu? İkincisi, tutaq ki, mövcuddursa, bunun cavabdehlə nə səbəbli əlaqəsi vardır? Üçüncüsü, tutaq ki, bu məbləğdə həqiqətən də mal çatışmazlığı vardırsa, bu, cavabdehin işə qəbul edilməsindən əvvəl yaranmışdırsa, bu çatışmazlığı həqiqətənmi cavabdeh işə qəbul edildikdən sonra onun boynuna qoymaq istəmişlər? Bütün bu məsələlər araşdırılmadan iddianın təmin edilməsi tamamilə əsassızdır. Ümumiyyətlə, sübutetmə yükü iddiaçının üzərinə düşdüyündən iddiaçı sübut etməlidir ki, həqiqətən bu qədər çatışmazlıq var, bu çatışmazlığın cavabdehlə əlaqəsi var və məhz həmin borc məbləğini cavabdeh MMC-yə ödəməlidir ya yox. Belə çıxır ki, iddiaçı heç bir kənar audit rəyi olmadan özü öz daxili qanunları ilə öz adamlarından ibarət qərəzli bir yoxlama komissiyası yarada bilər və istədiyi işçidən istədiyi pul məbləğini tələb edə bilər. Hətta belə çıxır ki, həmin məbləğin yerinə 100.000 manat da qeyd olunsa, məhkəmə heç bir araşdırma aparmadan həmin məbləği təmin etmiş olardı.

b) Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim olunmadı. c) Məhkəmə icraatı iştirakçılarının izahatları.

10. Məhkəmə iclasında Cavabdeh və onun nümayəndəsi və vəkili Nümayəndə ayrı-ayrılıqda apellyasiya şikayətini müdafiə edərək onun məzmununa uyğun izahat vermiş və təmin olunmasını xahiş etmişlər.

11. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək rədd olunmasını və rayon məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilməsi nəzərdə tutula bilən maddi və prosessual hüquq normaları:

12. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 191.1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Maddə. 191.2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Maddə 192. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Maddə 194. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Maddə 198. Bu Məcəllənin 199 və 200-cü maddələrində nəzərdə tutulmuş hallardan başqa qalan bütün hallarda işçi işəgötürənə vurduğu ziyana görə bir aylıq orta əmək haqqı məbləğinədək maddi məsuliyyət daşıyır. Maddə 199. İşçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; Maddə 200. 1. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.

5. Tam maddi məsuliyyət barədə müqavilə bağlanmadıqda əməlində cinayət tərkibi olan təqsirli hərəkətləri istisna olunmaqla qalan hallarda işəgötürənə vurulan ziyana görə işçi yalnız orta əmək haqqı məbləğində maddi məsuliyyət daşıyır. Maddə 202. 1. İşəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir.

2. İşəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Maddə 203. 1. İşəgötürən ona vurulan ziyanın ödənilməsini təmin etmək qərarına gəlməmişdən əvvəl işçinin yazılı izahatını alır, onun əməlinin qanunauyğunluğunu, dəymiş ziyanla işçinin hərəkətləri (hərəkətsizliyi) arasındakı səbəbli əlaqəni, habelə dəymiş ziyanın həqiqi miqdarını araşdırır.

2. Araşdırmaların (yoxlamanın) gedişində işçinin yoxlama sənədləri ilə tanış olmaq, əlavə izahat vermək (etiraz etmək) hüququ vardır. İşəgötürən işçini yoxlamanın nəticələri ilə tanış etməlidir. Maddə 204. 1. İşəgötürənə ziyan vurmaqda təqsirkar olan işçi həmin ziyanı könüllü surətdə tam və ya qismən ödəyə bilər.

2. Vurulan ziyanın könüllü surətdə ödənilməsi yalnız bu Məcəllə ilə müəyyən edilmiş həddə həyata keçirilir.

3. İşəgötürən işçinin razılığı ilə vurulan ziyanı ödəmək üçün möhlət verə bilər.

4. Ziyanın məbləği əvəzinə işçi işəgötürəninin razılığı ilə korlanmış, itirilmiş əmlakın əvəzinə eynilə başqasını verə bilər, habelə şəxsən özü yaxud öz vəsaiti ilə onu təmir edə bilər. Maddə 205. 1. İşəgötürənə vurduğu ziyanın məbləği işçinin orta əmək haqqından çox deyildirsə, onun tutulması işəgötürənin əmri (sərəncamı, qərarı) ilə həyata keçirilir.

2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.

3. İşçi ziyanın ödənilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) ilə razı olmadıqda o, ərizə ilə işəgötürənə və müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. Maddə 206.1. Məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda və ya ziyanın məbləğinin azaldılması barədə tərəflərin barışıq sazişini təsdiq edə bilər.

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafıə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarmı pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt tötətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fıziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri:

15. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

16. Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər.

17. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının 14 oktyabr 2020-ci il tarixli 04/2020 nömrəli qərardadına əsasən apellyasiya və kassasiya qaydasında məhkəmə aktları müvafiq olaraq şikayətə və ya şikayət verən şəxsə münasibətdə deyil, mübahisələndirilən hissədə yoxlanılmalıdır. Məhkəmə aktlarının bir tərəfin(və ya tərəflərin) apellyasiya və ya kassasiya şikayəti əsasında yoxlanılmış hissələrinin, sonradan şikayət vermiş digər tərəfin şikayəti üzrə təkrarən apellyasiya və ya kassasiya qaydasında yoxlanılması yolverilməzdir.

18. Apellyasiya şikayətinin nəticə hissəsindən, eləcə də şikayətin məzmunundan görünür ki, şikayətin obyektini iddia təmin edildiyi üçün qətnamənin tam hissəsi (obyekt apellyasiya tələbləri ilə məhdudlaşır), predmetini isə birinci instansiya məhkəməsinin verilmiş tələblərə baxılması və onların həlli zamanı iddia olunan pozuntuların dairəsi təşkil edir. Şikayətin predmeti də birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola biləcək dəlillərlə məhdudlaşır.

19. Demək mülki prosessual qanunvericiliyin tələbinə və Konstitusiya Məhkəməsi Plenumunun və Ali Məhkəmənin qeyd olunan qərarlarına əsasən qətnamə apellyasiya şikayəti üzrə mübahisələndirilən hissələrdə yoxlanılmalıdır.

Apellyasiya instansiya məhkəməsinin mövqeyi:

20. Əvvəla, iddanın faktiki əsası (faktiki hallar) tələbin qanuni əsasının şərtlərinə uyğun olduğundan, yəni dispozisiya əlamətləri ilə uzlaşdığından birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə düzgün olmuşdur.

21. Çünki, irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Hazırki işdə faktiki hallar Əmək Məcəlləsinin yuxarıda göstərilən normalarının dispozisiya şərtləri ilə uzlaşır və cavabdehin etiraz və müdafiə hüquqlarına görə də aradan qalxmır. Ona görə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgün olmuşdur.

22. Qeyd olunduğu kimi iddiaçı cavabdehdən əmək funksiyasının icrası ilə əlaqədar maddi məsul şəxs kimi maddi ziyanın vurulması məsələləri ilə əlaqədar mülki məhkəmə icraatı qaydasında iddia irəli sürmüşdür. Başqa sözlə iddiaçı cavabdehdən aralarında yaranmış, əmək və tam maddi məsuliyyət haqqında müqavilələrlə rəsmiləşdirilmiş münasibətlərin pozulması nəticəsində yaranmış ziyana görə, yəni ona vurduğu maddi ziyanın əvəzini tələb edir. Çünki, cavabdehin ona həvalə edilmiş maddi sərvətlərin və pul vəsaitlərinin qorunub saxlanmasına cavabdeh olduğu və buna görə məsuliyyət daşıdığı üçün həmin vəsaitlərin dəqiq hesabatını aparmalı idi. Düzdü, bu işlərin icrası ilə əlaqədar başqa şəxslər, o cümlədən onunla birlikdə işləmiş şəxslər inzibati hüquq pozmaya yaxud cinayət əməlinə yol verərək həmin sərvətlərin və vəsaitlərin talanmasında iştirak edə bilər. Amma bu hallara qarşı mübarizə aparmaq da cavabdehin vəzifəsi olmuşdur.

23. İddia ərizəsində Oba-Nardaran 1 mağazasında xx.xx.2018-ci il tarixdə aparılmış inventarizasiya nəticəsində cavabdehin iddiaçıya zərər vurduğu göstərilsə də tarixlə bağlı yanlışlığa yol verilmişdir. Çünki, inventarizasiyanın xx.xx.2019-cu il tarixdə aparılması işin mübahisəsiz halıdır və işdə olan sübutlarla təsdiq olunur. Bu yanlışlıq da iddianın əsassızlığına dəlalət etmir. Çünki, hansısa tarixin mexaniki yanlış göstərilməsi hazırki iddianın əsaslılığını aradan qaldırmır.

24. İddiaçının yaratdığı komissiyada cavabdeh də iştirak etmiş və xx.xx.2019-cu il tarixdə Oba Nardaran 1 fililalında Təhvil-təslim nəticələrinə dair yekun Aktla(bax.i.v.35) çıxarılan nəticə ilə cavabdeh razı olduğunu öz imzası ilə təsdiq etmişdir. Eyni zamanda xx.xx.2019-cu il tarixdə Aktivlər üzrə inventarizasiya nəticələrinə dair yekun Aktla(bax.i.v.36-41) da Oba Nardaran 1(499) mağazasının müdiri işləmiş maddi-məsul şəxs olan cavabdeh onun iştirakı ilə xx.xx.2019-cu il tarixli inventarizasiya təhvil-təslim tarixinə siyahıya alınmış mal-material qiymətlərinə dair faktiki məlumatlar ilə uçot məlumatlarının üzləşdirilməsi aparıldığını, 24796.39 manat çatışmazlıq müəyyən edildiyini təsdiq etmiş, bu yekun aktda adları qeyd olunan bütün material qiymətlərinin onun iştirakı ilə inventarizasiya komissiyası tərəfindən naturada yoxlanılaraq inventarizasiya siyahısına daxil edildiyini, bununla bağlı inventarizasiya komissiyasına heç bir iradının olmadığını həmin Aktda öz imzası ilə təsdiq etmişdir.

25. Düzdü, apellyasiya baxışı zamanı cavabdeh qeyd olunan imzaların ona məxsus olduğunu təsdiq etsə də bu Aktları aldadılaraq imzaladığını bəyan etdi. Ancaq Əmək Məcəlləsinin 192-ci maddəsinin 2-ci hissəsinin tələbinə əsasən cavabdeh iddiaçıya ziyan vurmaqda təqsiri olmadığını iddia edirsə bunu sübut etməyə borcludur. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür. Ancaq cavabdeh iddiaçıya ziyan vurmaqda təqsiri olmadığını sübuta yetirə bilməmişdir. Deməli, cavabdeh qeyd olunan aktları imzalamaqla və onlarda göstərilənlərlə razılaşdığını bəyan etməklə həm də iddiaçını cavabdehin ona ziyan vurmasını sübutetmə yükündan azad etmişdir.

26. Əmək Məcəlləsinin 194-cü maddəsinin imperativ tələbinə əsasən iddiaçının cavabdehin ona ziyan vurması barədə hüquq mühafizə orqanlarına müraciət etməməsi və sonuncunun cinayət yaxud inzibati məsuliyyətə cəlb edilməməsi də onun vurulmuş maddi ziyanın əvəzini ödəmək öhdəliyindən azad etmir. Eyni zamanda cavabdehin iddiaçıya ziyan vurduqdan sonra əmək münasibətlərinə xitam verilməsi də onun maddi məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Göründüyü kimi, cavabdehin şikayətində göstərdiyi bu dəlillərin əsassız olduğunu təkzib edən əmək qanunvericiliyində konkret norma mövcuddur.

27. İddiaçının cavabdehin vurduğu ziyana görə ona 1135 manat güzəşt etməsi də qanuna zidd deyil. Əmək Məcəlləsinin 206.1-ci maddəsi məhkəməyə də belə bir səlahiyyət vermişdir. Qeyd olunan maddəyə əsasən məhkəmə təqsirlilik dərəcəsini, konkret şəraiti, işçinin maddi vəziyyətini və iş üzrə əhəmiyyət kəsb edən digər halları nəzərə alaraq müəyyən olunmuş ziyanın məbləğini azalda... bilər. Deməli, iddiaçı üçün bu ümumiyyətlə mübahisə predmeti ola bilməz.

28. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, cavabdehin apellyasiya şikayətində göstərdikləri dəlillər qətnamənin mübahisələndirilən hissədə ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, qətnamə mübahisələndirilən hissədə faktlar nöqteyi nəzərindən qanuni və əsaslıdır, düzgün olan qətnamə isə yalnız formal mülahizələrə əsaslanmaqla ləğv edilə bilməz.

29. Şərh olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2689/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

30. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 382, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə t e t d i:

Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Mülki iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-2689/2021 saylı, 22 iyul 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar