Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7343/2021 06.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1459/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı Cavabdeh2 və Cavabdeh1 qarşı borcun tutulması tələbinə dair dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 513 manat əsas borcun,200 manat cərimənin və 30 manat dövlət rüsumunun,cəmi 743 manat pulun onn xeyrinə rtutukması barədə qətnamə çıxarılmasını xahiş etmişdir (iddia tələbləri dəqiqləşdirilmişdir). Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1459/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuş, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada İddiaçı xeyrinə 513 manat əsas borc, 5 manat cərimə və 30 manat dövlət rüsumu, cəmi 548 manatın tutulması qərara alınmış, iddia qalan hissədə təmin olunmamışdır. Qətnamədən Cavabdeh2 apellyasiya şikayəti vermişdir. Həmin qətnaməni iddiaçı və ya digər cavabdeh isə mübahisələndirməmişlər. Apellyasiya şikayəti və onun dəlilləri: Cavabdeh2 apellyasiya şikayəti vermiş və şikayətinin dəlilləri ondan ibarət olmuşdur ki, qətnamə borcun zamin kimi ondan tutulması hissəsində əsassızdır, belə ki, iddiaçı ilə zaminlik müqaviləsi bağlanmış 15 dekabr 2017-ci ildə 12 ay müddətinə bağlanmışdır. Həmin zaminlik müqaviləsinin müddəti 15.12.2018-ci il tarixdə bitmişdir. İddiaçı 15.12.2019-cu ilə qədər ona qarşı iddia sürə bilərdi, hazırkı iddia ərizəsi isə 2020-ci il tarixdə verilmişdir. Göstərilənlərə əsasən, rayon məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Tərəflərin izahatı: Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayəti ilə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Apellyasiya şikayəti ilə bağlı mülki işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, digər tərəflər məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Mülki işin materiallarından müəyyən olunur ki, 15 dekabr 2017-ci il tarixli alqı-satqı müqaviləsindən görünür ki,sahibkarlıq fəaliyyəti ilə məşğul olan İddiaçı(VÖEN-**********2) Cavabdeh2 dəyəri 1692 manat olan Kombi “Novastar”və onun aksesurlarını satmışdır. Mülki işdə olan 15 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 həmin alqı-satqı müqaviləsinə görə üzərinə zaminlik öhdəlikləri götürmüşdür. Mülki işdə olan 15 dekabr 2017-ci il tarixli ödəniş cədvəlindən görünür ki, Cavabdeh2 Hacıəli oğlu ilkin ödəniş 124 manat olmaqla,malın dəyərini hər ay 170 manat olmaqla cəmi 12 ay ərzində ödəmək öhdəliyi götürüb. Hüquqi dəyərləndirmə: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Hazırkı halda məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə, yəni qətnaməni iddia tələbinin təmin olunan hissəsində tam yoxlayır. Məhkəmə kollegiyası iddiaçının izahatlarını dinləyib, mülki iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Cavabdeh1 aid hissədə, yəni ondan iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin cavabdehə münasibətdə təmin edilməməlidir. Belə ki, mülki işdə olan 15 dekabr 2017-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh1 həmin alqı-satqı müqaviləsinə görə üzərinə zaminlik öhdəlikləri götürmüşdür. Hazırkı halda iddiaçı ilə Cavabdeh1 arasında zaminlik müqaviləsi 15 dekabr 2017-ci il tarixdə bir il müddətinə bağlanmış, müddət 15.12.2018-ci ildə başa çatmışdır. İddiaçı zaminə qarşı tələblə ən geci 15.12.2019-cu il tarixdə məhkəməyə müraciət etməli olduğu halda, 08.08.2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Kollegiya qeyd edir ki, Mülki Məcəllənin 477.0.4.-cü maddəsinə əsasən zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtarması, belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə görə maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 386-cı maddəsində göstərilmişdir ki, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən, Cavabdeh1 iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya şikayəti təmin edilməli, qətnamə qismən, Cavabdeh1 iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə Cavabdeh1 münasibətdə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 384-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (01 yanvar 2018-ci il tarixindən qüvvəyə minmiş) 07 noyabr 2017-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəlləyə yeni məzmunda 404-1-ci maddə əlavə edilmişdir ki, həmin maddəyə görə apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə iddianın qiyməti iki min manatdan ... az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, QƏT ETDİ: Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunsun. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1459/2021 saylı, 19 may 2021-ci il tarixli qətnaməsi qismən, Cavabdeh1 iddiaçının xeyrinə pulun tutulması hissəsində ləğv edilsin, həmin hissədə yeni qətnamə qəbul edilsin, iddia tələbi həmin hissədə Cavabdeh1 münasibətdə təmin edilməsin. Qətnamə onun apellyasiya şikayətinə əsasən mübahisələdirilən qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №2(103)-7343/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7343/2021
06.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver