Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7344/2022 30.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə (Açar sözlər: maddi ziyanın ödənilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər İsgəndərov Akif Əsgər oğlu (sədrlik edən və məruzəçi), Kərimli İlham Əziz oğlundan və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə 30 noyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. Bakı şəhəri, H.Əliyev küçəsi ilə K.Rəhimov küçəsinin kəsişməsində Cavabdeh idarə etdiyi “Chevrolet Cruze” markalı ** VR *** dövlət qeydiyyat nişanlı avtomobil ilə İddiaçı qardaşı X2 tərəfindən idarə olunan və iddiaçının mülkiyyətində olan “KİA Sportage” markalı 90DX893 dövlət qeydiyyat nişanlı avtomobil toqquşmuşdur. Nəticədə nəqliyyat vasitəsinə ziyan dəyişmiş və Bakı şəhər DYPİ-nin polis kapitanı X5 tərəfindən TP seriyalı ******* saylı İXM-nin 332.1 və 327.2-ci maddələri ilə təqsirli bilinərək inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. "xxxx" ASC tərəfindən ümumilikdə endirimsiz ona dəymiş ziyan 5545 manat məbləğində hesablanmış, lakin 3954 manat pul vəsaiti ödənilmişdir.
a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı (üçüncü şəxslər: "xxxx" ASC və "xxxx" MMC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən maddi ziyana görə 1600 (min altı yüz) manat, dövlət rüsumuna görə 46 (qırx altı) manat, ümumilikdə 1646 (min altı yüz qırx altı) manat məbləğində pul vəsaitinin alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, ödənilmiş vəsait tam olmadığı üçün o, nəqliyyat vasitəsini tam təmir edə bilmir.
4. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim N.Tağıyeva, iş № 2(006)-584/22) iddia təmin edilmişdir.
5. Məhkəmə mütəxəssis rəyi ilə avtomobilə dəymiş zərərin məbləğinin 4537 manat müəyyən edildiyini və dəymiş zərərə görə 3954.16 manat sığorta ödənişi hesablandığını qeyd etsə də, iddianı tam əsaslı sayaraq maddi ziyana görə 1600 manat vəsaitin tutulması barədə qənaətə gəlmişdir.
6. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 1097.1, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
7. Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və şikayətində qətnamənin ziyanın məbləği hissəsində dəyişdirilməsini xahiş etmişdir.
8. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirakı təmin edilməyib. Dəymiş ziyanı ödəməkdən imtina etmir. Lakin qət edilmiş məbləği yüksək hesab edir. Ziyanın məbləğinin müəyyən olunması üçün ekspertiza keçirilməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
9. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qəbul etməyərək rədd olunmasını xahiş etdi.
11. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
12. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
13. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.
15. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
16. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir.
Apellyasiya baxışının hədləri
17. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
18. Hazırkı işdə iddia tam təmin olunduğundan və qətnamə iş üzrə cavabdeh tərəfindən yalnız iddianın təmin olunan hissəsində, yəni cavabdehdən iddiaçının xeyrinə 1600 manat pul tutulması hissəsində mübahisələndirildiyindən qətnamənin əsaslılığını iddianın təmin olunmuş hissəsində tam həcmdə yoxlanılır.
19. Dövlət rüsumunun tutulması hissəsi apellyasiya qaydasında mübahisələndirilməmişdir. Ona görə də həmin hissə apellyasiya baxışının predmetini təşkil etmir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini qismən əsasl sayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında mübahisənin mahiyyəti üzrə düzgün nəticəyə gəlsə də, zərərin məbləğini düzgün müəyyən etməmişdir.
21. Belə ki, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 1203-10/21 SH №-li məktubundan görünür ki, mütəxəssislər tərəfindən zərərçəkmiş avtomobilə dəymiş zərərin qiymətləndirilməsi aparılmış və qiymətləndirmə nəticəsində İddiaçı məxsus avtomobilə dəymiş zərərin məbləği 4537 manat müəyyən edilmişdir. Həmçinin, zərərçəkmiş avtomobillə yanaşı digər əmlaka zərər dəydiyinə görə və ümumi zərər məbləği 5000 manatı keçdiyi üçün “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 20.4-cü maddəsinə əsasən avtomobilə dəymiş zərərə görə 3954.16 manat sığorta ödənişi hesablanmışdır. İddiaçı 3954.16 manat sığorta ödənişi aldığını etiraf etmişdir.
22. Mütəxəssis tərəfindən aparılmış qiymətləndirmədən görünür ki, iddiaçının mülkiyyətində olan avtomobilə 4537 manat məbləğində ziyan dəymiş, 3954.16 manat sığorta ödənişi ödənilmişdir. Belə olan halda, iddiaçı cavabdehdən (4537-3954.16) 582,84 manat zərəri tələb etməkdə haqlıdır. Ona görə də qətnamə dəyişdirilməli və cavabdehdən tutulan zərərin məbləği 582,84 manat müəyyən olunmalıdır.
23. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinin tələbinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər.
24. Məhkəmə kollegiyası göstərilənləri və zərərin məbləğinin hesablanması üçün hər hansı mütəxəssis rəyinə ehtiyac olmadığını nəzərə alaraq iş üzrə ekspertiza təyin olunmasına lüzum görmədi.
25. Məhkəmə kollegiyası qeyd edir ki, mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan az olduğundan MPM-nin 402-ci maddəsinin tələbinə müvafiq olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
26. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.3, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
q ə t e t d i: Cavabdeh apellyasiya şikayəti təmin olunsun. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 yanvar 2022-ci il tarixli qətnaməsi Cavabdeh İddiaçı xeyrinə 1600 manat pul tutulması hissəsində dəyişdirilsin və həmin məbləğ 582,84 manat (beş yüz səksən iki manat, səksən dörd qəpik) müəyyən edilsin. Qətnamədən kassasiya şikayəti verilə bilməz.