Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-735/2021 02.03.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızından və Sarıyev Xəyal Əjdər oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, İddiaçının nümayəndəsi Muxtar Musayevin, Cavabdeh iştirakı ilə, İddiaçı Bank olmayan kredit təşkilatı «xxxx» QSC-nin Cavabdeh qarşı kredit üzrə əsas borcun və hesablanmış faiz borcunun qaytarılması tələbinə dair 2(002)-1117/2020 saylı mülki iş üzrə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Bank olmayan kredit təşkilatı «xxxx» QSC Cavabdeh qarşı iddia ərizəsi və ona əlavə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh əsas borcu üzrə 2873,06 manat və faiz borcu üzrə 798,61 manat olmaqla, cəmi 3671,67 manat məbləğində kredit borcunun, həmçinin 30 manat məbləğində dövlət rüsumunun Bank olmayan kredit təşkilatı «xxxx» QSC xeyrinə ödənilməsi və borcun girov qoyulmuş qızıl-zinyət əşyalarına yönəldilməsi, satışından əldə olunmuş vəsait hesabına Bank olmayan kredit təşkilatı «xxxx» QSC-yə olan borcun ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Borclu Cavabdeh bank olmayan kredit təşkilatı “xxxx” BOKT QSC-yə kreditin ayrılması ilə əlaqədar müraciət etmişdir. Borclunun müraciətinə müvafiq olaraq onunla “xxxx BOKT” QSC arasında xx.xx.2019-cu il tarixli kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1 və 2.2-ci bəndlərinə əsasən, borcluya 24 ay müddətinə, illik 42 faiz olmaqla 3135 (üç min yüz otuz beş) manat məbləğində kredit verilmişdir. Eyni zamanda kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu kimi Cavabdeh ilə xx.xx.2019-cu il tarixində bağlanmış saxlanc girov müqaviləsinə əsasən ona məxsus olan 4661 AZN dəyərində qızıl zinət əşyaları “xxxx BOKT” QSC-nin xeyrinə yüklü edilmişdir. Kredit müqaviləsinin bağlandığı müddətdən, yəni xx.xx.2019-cu il tarixindən bu günə qədər borclular tərəfindən 3135 manat məbləğində əsas borcun 261,94 manat və müqavilənin 2.1-ci bəndinə əsasən hesablanmış faiz borcundan 492,42 manat məbləğini təşkil edən hissəsinin ödənişini həyata keçirmişdir. Bundan əlavə, müqavilənin 7.2-ci bəndinə əsasən 71,64 manat məbləğində cərimə ödənilmişdir. Beləliklə, hal-hazırda borclunun ödənilməmiş 2873,06 manat məbləğində əsas borcu və 798,61 manat faiz borcu, cəmi 3671,67 manat məbləğində borcu qalmışdır və xx.xx.2020-ci il tarixinə cavabdehin 72 günlük gecikməsi mövcuddur. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin dəyişdirilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh olaraq iddianı qəbul etməklə borcunu etiraf etmişdir, lakin kredit müqaviləsi şərtlərinin ağırlığı nəzərə alınmamışdır. Belə ki, xx.xx.2019-cu ildə bağlanmış kredit müqaviləsində 24 ay müddətinə 42 faiz ödəmək şərti ilə 3135 manat məbləğində kredit verildiyi gösdərilmişdır. Kredit müqaviləsinin xx.xx.2019-cu il tarixli saxlanc girov müqaviləsinə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan qızıl-zinət əşyaları kredit verən bank olmayan kredit təşkilatı “xxxx” QSC-nin xeyrinə yüklü edilmişdir. Girovun dəyəri 4661 manatdır. Göründüyü kimi, öhdəliyin icrasının tam şəkildə təmin edilməsi mübahisəsizdir. Bildirir ki, öhdəliyin icrası iradəsindən aslı olmayan obyektiv səbəblərdən çətinləşmişdir. Müqavilə bağlanarkən onun icrasına yönəlmiş təsəvvürlər kəskin surətdə dəyişmişdir. Götürdüyü kredit üzrə əsas borcdan 261,94 manat, faiz borcu kimi 492,42 manat, hesablanmış cərimə üzrə 71,64 manat ödəmişdir. Ölkədəki pandemiya kredit ödənişlərinin qismən və ya tam şəkildə gecikdirilməsinə səbəb olmuşdur. Lakin ölkədə davam edən bu faktiki hallar, “xxxx QSC” tərəfindən nəzərə alınmamışdır. Məhkəmədə mülki işə baxılarkən qeyd etdiyi hallar və obyektiv səbəblər ətraflı araşdırılıb hüquqi dəyərləndirmə aparılmamış, iddiaçının tələblərinə mövcud vəziyyət baxımından qiymət verilməmişdir. Kredit müqaviləsi üzrə illik 42 faiz ödəmənin nəzərdə tutulması da borclu kimi vəziyyətinin həddən artıq ağırlaşmasına, öhdəliyin vaxtında və lazımınca yerinə yetirlməsinə mane olan əsas səbəblərdən biri qəbul edilməlidir. Halbuki, qeyd edilən qətnamədə iddiaçı “xxxx” QSC-nin tələbi üzrə 798,61 manat olan faiz borcunun, maddi vəziyyəti onsuz da ağır olan cavabdehdən 20 manat məbləğində dövlət rüsumunun iddiaçıya ödənilməsi də qeyd edilmişdir. Hesab edir ki, məhkəmənin bu mövqeyi işin faktiki hallarına uyğun deyildir. Onun tərəfindən həyata keçirilən ödəmələrin faiz borcdan tutulması da ədalətli deyildir. Bütün bunlar qeyd edilən məhkəmə qətnaməsində nəzərə alınmadığından onun əsaslı və qanuni olmasını aradan qaldırır. Məhkəmə faiz borcunun ləğv edilməsinə də diqqət verməmişdir. Apellyasiya baxışı zamanı cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsini kredit borcunun tutulması hissəsində mübahisələndirdiyini bildirdi və apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. İddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İlk növbədə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 372.6-cı maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Baxılan iş üzrə apellyasiya baxışının hədlərini qətnamənin mübahisələndirilən - iddianın kredit borcunun tutulmasının təmin olunmuş hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Birinci instansiya məhkəməsi iş üzrə tədqiq edilmiş sübutlar əsasında müəyyən etmişdir ki, tərəflər arasında bağlanılmış xx xxxxxx 2019-cu il tarixli kredit müqaviləsinə əsasən, Bank olmayan kredit təşkilatı «xxxx» QSC tərəfindən Cavabdeh 24 ay müddətinə illik 42 faiz ödəmək şərti ilə 3135 manat məbləğində kredit verilmişdir, borcalan krediti və ona hesablanacaq faizləri ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli bağlanmış müqaviləyə 1 nömrəli əlavədən görünür ki, Cavabdeh iddiaçıya 24 ay müddətinə hər ay 196,50 manat pulu ödəməyi öhdəsinə götürmüşdür. xx xxxxxx 2019-cu il tarixli karta hesablanacaq məbləğin aktından görünür ki, Cavabdeh 3135 manat məbləğində pul köçürülmüşdür. xx xxxxxx 2019-cu il tarixli saxlanc girov müqaviləsindən görünür ki, Cavabdeh kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə mülkiyyətində olan qızıl-zinyət əşyalarını kredit verən Bank olmayan kredit təşkilatı «xxxx» QSC-nin xeyrinə yüklü etmişdir. Müqavilənin 3.5-ci bəndinə əsasən həmin qızıl-zinət əşyaları 4661 manat dəyərində qiymətləndirilmişdir. Həmin müqavilənin 5.4.5-ci bəndindən görünür ki, bu müqavilə ilə və ya qanunvericiliklə müəyyən olunan hallarda və qaydada girov predmetinə tutma yönəldir. xx xxxx 2020-ci il tarixli arayışından görünür ki, Cavabdeh borcu əsas borcu üzrə 2873,06 manat və faiz borcu üzrə 798,61 manat olmaqla, cəmi 3671,67 manatdır. xx xxxxxx 2020ci il tarixli bildiriş məktubundan görünür ki, Bank olmayan kredit təşkilatı «xxxx» QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Birinci instansiya məhkəməsi işin müəyyən edilmiş hallarına qanunvericlik normalarını tətbiq etməklə belə qənaətə gəlmişdir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehdən iddiaçının xeyrinə kredit borcunun tutulması barədə iddianı təmin etməklə mübahisənin faktiki halları və tərəflərin münasibətləri ilə bağlı mahiyyəti üzrə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1 maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Apellyasiya şikayətinin dəlilləri iş materialları və qanunvericiliyin müddəaları baxımından açıq-aşkar əsaslandırılmamışdır. Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə etdiyi ödənişlər nəticəsində daha az borcunun yarandığı barədə heç bir sübut təqdim etməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən - iddianın kredit borcunun tutulmasının təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, 2(002)- 1117/2020 saylı qətnaməsi mübahisələndirilən - iddianın kredit borcunun tutulmasının təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-735/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-735/2021
02.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver