Məhkəmə qərarları › İş №2(103)-7350/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7350/2023

06.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7350/2023 06.12.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, X1 (sədrlik edən və məruzəçi), İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)-2290/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli kredit müqaviləsi ilə müəyyən edilən 6.150 manat məbləğində pulun və dövlət rüsumu üçün ödənilmiş 81,5 manat pulun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2(009)- 2290/2023 nömrəli qərardadı ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmuşdur.

3. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası MPM-nin 150.0.7-ci maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd əlavə edilir.

4. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilmiş, xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin 7-ci bəndinə əsasən ödəniş müddətinin keçirilməsi haqqında kreditorun borcluya yazılı bildiriş göndərməsindən qanunla müəyyən edilmiş müddətdən sonra borc notarius tərəfindən aparılan icra qeydi əsasında mübahisəsiz qaydada alınır.

5. İddia tələbi borc müqaviləsi üzrə öhdəliyin icra edilməsi ilə bağlıdır. İddia ərizəsinə notariusun icra qeydi – icra sənədinin mövcud olması və ya icra qeydinin qüvvədən düşməsi barədə hər hansı sənəd əlavə edilməmişdir.

Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə

6. İddiaçı qərardaddan şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir.

7. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı Mülki Prosesual Məcəllənin 152.1.6-cı maddəsinin tələblərinə edilməklə məhkəməyə müraciət etmiş, cavabdehə göndərilən pretenziya məktubunun poçt qəbzini iddia ərizəsinə əlavə etmişdir. Məhkəmə ikinci əsas kimi icra haqqında qanuna istinad etsə də mülki prosesual məcəllədə geri qaytarılma əsaslarında bu hal nəzərdə tutulmamışdır. Vətəndaş olaraq məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırıla bilməz. Lakin məhkəmə tərəfindən əsasız olaraq məcbur edilir ki, o, icra qeydi ilə bağlı notariusa müraciət etsin. İddia ərizəsi həm MPM-in 149-cu maddəsində nəzərdə tutulmuş tələblərə tam cavab verir, həm də iddia ərizəsinin qaytarılması üçün MPM-in 152-ci maddəsində nəzərdə tutulmuş şərtlərdən heç biri mövcud deyildir.

8. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

9. Şikayətə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.

10. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

11. Azərbaycan Respublikası Konstitusiyası Maddə 60.İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Maddə 4.2. Məhkəməyə müraciət etmək hüququndan imtina edilməsi etibarsızdır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023cü il tarixli, e-2(009)-2290/2023 nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsi növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilməlidir.

14. Belə ki, iddia ərizəsinə əlavə edilmiş kredit müqaviləsinin 9-cu bəndinə əsasən tərəflərin həmin müqavilə üzrə mübahisələri onların razılığı ilə, belə razılıq olmadıqda isə məhkəmə qaydasında həll olunur. İddia ərizəsinin məzmunundan və poçt qəbzindən isə görünür ki, iddiaçı tərəfindən cavabdehə pretenziya məktubu göndərilmişdir.

15. Göründüyü kimi, tərəflər arasında artıq mübahisə mövcuddur və belə olan halda iddiaçının mübahisənin qanunamüvafiq qaydada həlli ilə bağlı məhkəməyə müraciət etmək hüququ məhdudlaşdırıla bilməz.

16. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının iddia ərizəsini öz qərardadında qeyd etdiyi əsasla geri qaytarmaqda haqlı olmamışdır.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası

Qərara aldı:

Şikayət təmin edilsin. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, e-2(009)-2290/2023 nömrəli qərardadı ləğv edilsin və iş növbəti prosessual hərəkətlərin edilməsi üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Hakimlər:

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar