Məhkəmə qərarları › İş №2(103)-7353/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-7353/2020

22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-7353/2020 22.09.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə Məhkəmə iclas katibi X1 İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı QSC bank olmayan kredit təşkilatının Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı QSC bank olmayan kredit təşkilatı Cavabdeh qarşı “əsas və faiz borcunun qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçının nümayəndəsi iddianı təmin etmə tədbirinin görülməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh mülkiyyətində olan «DODGE DURANGO» minik markalı, buraxılış ili 2012-ci il, mühərrik PHP**********, ağ rəngli, **-HG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması, mühafizə olunan Azərbaycan Respublikası Dövlət Yol Polisinin cərimə meydançasında saxlanılması, habelə avtomobildən istifadə edilməsinin cavabdehə və üçüncü şəxslərə qadağan edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə ərizə qismən təmin edilmiş,Cavabdeh mülkiyyətində olan «DODGE DURANGO» minik markalı, buraxılış ili 2012-ci il, mühərrik PHP**********, ağ rəngli, **-HG- *** dövlət qeydiyyat nişanlı avtomobilin özgəninkiləşdirilməsi Cavabdeh və digər şəxslərə qadağan edilmişdir. Qeyd olunan qəradaddan narazı qalan iddiaçı şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, avtomobil daşınar əşya olduğundan onun çevik olaraq gizlədilməsi, hissə-hissə edilərək satılması, ölkədən kənara sürülməsi, toqquşma nəticəsində yararsız vəziyyətə düşməsi, qeyri-qanuni yolla özgəninkiləşdirilməsi imkanları mövcuddur. Bu imkanın qarşısı alınmayacağı təqdirdə gələcəkdə qətnamənin icrası qeyrimümkün və ya çətin ola bilər. Ona görə də avtomobilin üzərinə həbs qoyulması əsaslıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi E.Əsgərov şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş digər tərəf məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası şikayətə digər tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 157.1-ci maddəsinə əsasən, hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Azərbaycan Respublikası MPM-nin 157.2-ci maddəsinə əsasən qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Azərbaycan Respublikası MPM-nin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoymaq olar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə, 25-ci maddəsinin İ, İİİ və V hissələrinə, 28-ci maddəsinin İ və İİİ hissələrinə, 29-cu maddəsinin İİ hissəsinə, 59-cu maddəsinə, 71-ci maddəsinin İ və İİ hissələrinə, 149-cu maddəsinin İ və İİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair” xx xxxx 2018-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Göründüyü kimi qanunverici iş üzrə qəbul ediləcək qətnamənin gələcəkdə real icra edilə biləcəyi şübhəsi yarandıqda iddianın təmin edilməsi üçün tədbir görülməsini nəzərdə tutmuşdur. İddianı təmin etmək qərarının qəbul edilməsi üçün əsas, məhkəmənin gələcəkdə qəbul edəcəyi qətnamənin icra edilməsinin çətinliyi və ya mümkünsüzlüyü ilə əlaqədardır. Məhkəmə kollegiyası hesab edir ki, iddianın təmini tədbiri barədə ərizəni qismən təmin etməklə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Kollegiya şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, şikayətdə göstərilən hallar iddiaçının ehtimallarıdır və onun subyektiv fikrinə saslanmaqla formal xarakter daşıyır Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı QSC bank olmayan kredit təşkilatı tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3399/2020 saylı, xx.xx.2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar