Məhkəmə qərarları › İş №2(103)-7356/2020

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7356/2020

13.10.2020 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7356/2020 13.10.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Qürbət Ağa oğlu Əsgərovun sədrliyi və məruzəsi ilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, İddiaçınümayəndəsi X1, Cavabdeh iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh qanunsuz istifadəsində olan ona məxsus **-DP-*** dövlət nömrə nişanlı "Hyundai Coupe" minik markalı avtomobilin, habelə vaxtında ödəməli olduğu aylıq krediti ödəmədiyi üçün yığılmış 8.500 manat məbləğində kredit pulunun, digər bankdan ona çatası olan 500 manat məbləğdə pulun və tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, **-DP-*** dövlət nömrə nişanlı, “Hyundai Coupe” minik markalı, 2009-cu il buraxılışlı, mühərrik nömrəsi 8709053, ban nömrəsi KMHHN61FP8U297333 olan avtomaşın xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Belə ki, sözügedən avtomobil alqı-satqı müqaviləsi əsasında onun adına qeydiyyata alınmışdır. Eyni zamanda, həmin avtomobil "xxxxxxxx" ASC Səbail filialında ipoteka predmetidir. Mübahisəli avtomobil Cavabdeh tərəfindən hər ay ona 300 manat ödəmək şərti ilə cavabdehin istifadəsinə verilmiş və onun tərəfdən də həmin pul banka ödənilmişdir. O, cavabdeh tərəfindən 300 manat ödənildiyi halda etibarlılıq müddəti bir ay olan etibarnamə ilə avtomobili Cavabdeh sürməyə vermişdir. Lakin cavabdeh 300 manat məbləğdə pulu iddiaçıya hər ay daimi ödəmədiyindən, ona etibarnamə verməmişdir. Cavabdeh cəmi 1.500 manat pul ödəmişdir. Sonradan aylıq 300 manat pulu ödəmədiyi və bunun nəticəsində kredit ödənişləri gecikdiyindən avtomobili geri istəmiş, lakin cavabdeh müxtəlif bəhanələrlə avtomobili qaytarmaqdan və ona olan aylıq razılaşmış pulu ödəməkdən imtina etmişdir. Belə olan halda, avtomobilin kredit pulu onun üzərində qalaraq ona borc hesablanmış və bunun nəticəsində iddiaçıya digər bankdan çatası olan 500 manat pul "xxxxxxxx" ASC-nin hesabına köçürülmüşdür. İddiaçı tərəfindən cavabdehə verilmiş etibarnamənin etibarlılıq müddəti də bitmişdir. Həmin avtomobil hazırda cavabdehin qanunsuz sahibliyində və istifadəsindədir. Cavabdeh avtomobilin dəyərini daimi ödəmədiyindən qanunsuz olaraq 2015-ci ildən hazırkı vaxtadək avtomobili istismar edir. İddiaçıya məxsus avtomobilin qanunsuz istismar edilməsi və cavabdehin qanunsuz sahibliyində qalması nəticəsində iddiaçıya faktiki olaraq "xxxxxxxx" ASC-də olan kreditə görə 8.500 manat və digər bankdan ona çatası 500 manat məbləğdə maddi ziyan dəymişdir. Cavabdeh ona məxsus avtomobili qaytarmaqdan və hər ay ona ödəməli olduğu pulu ödəməkdən imtina edir. Buna görə məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, "Hyundai Coupe" minik markalı, **-TD-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq onun mülkiyyətçisi olan İddiaçı qaytarılması, ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 20 (iyirmi) manat hissəsinin İddiaçı aid edilməsi, dövlət rüsumunun qalan 10 (on) manat hissəsinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi həm maddi hüquq normalarının tələbləri baxımından, həm də işin faktiki halları baxımından qanunsuz və əsassızdır. Məhkəmə kollegiyasının iclasında Cavabdehapellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilməsini, iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında İddiaçınümayəndəsi X2 izahat verərək apellyasiya şikayəti ilə razı olmadığını,Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxxxxxx" ASC-nin nümayəndəsiməhkəmə iclasına gəlməmiş və gəlməməsi barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs ləğv prosesində olan "xxxxxxxx" ASC-nin nümayəndəsininiştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, apellyasiya şikayətini mülki işin materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi iş materiallarına əsasən müəyyən etmişdir ki, "xxxxxxxx" ASC ilə İddiaçı arasında bağlanmış xx.xx.2012-ci il tarixli, 01 nömrəli kredit müqaviləsinə əsasən Bank tərəfindən İddiaçı avtomobilin alınması üçün illik 25 dərəcə ilə faiz hesablamaq şərti ilə 24 ay müddətinə 12.250 manat məbləğində kredit verilmişdir. Həmin öhdəliyin təminatı olaraq, İddiaçı mülkiyyətində olan “Hyundai Coupe” markalı, ** DP *** dövlət qeydiyyat nişanlı avtomobili Bank qarşısında ipoteka ilə yüklü etmişdir. Lakin İddiaçı "xxxxxxxx" ASC qarşısında öhdəliklərini lazımi qaydada yerinə yetirə bilməmiş, nəticədə Banka borcu yaranmışdır. Bununla bağlı tərəflər arasında məhkəmə mübahisə yaranmış və Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə ondan Bankın xeyrinə cəmi 10.696 manat məbləğində borc və 30 manat dövlət rüsumu tutulmuş və tutma ipoteka predmetinə yönəldilmişdir. Həmin borc məbləği bugünədək ödənilməmişdir. Hazırda iddiaçı cavabdehlə aralarında olan razılığa əsasən etibarnamə ilə ipoteka predmetini cavabdehə verdiyini, cavabdeh isə bunun müqabilində xx.xx.2012-ci il tarixli, 01 nömrəli kredit müqaviləsi üzrə "xxxxxxxx" ASC-yə onun əvəzinə ödənişlər etməyi öz üzərinə götürdüyünü, lakin cəmi 1.500 manat pul ödədiyini, sonradan isə ödənişlər etmədiyini və avtomobili də bugünədək qaytarmadığını, nəticədə məhkəmə qaydasında ondan Bankın xeyrinə pul tutulduğunu və hazırda 8.500 manat borcunun qaldığını, habelə “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2019cu il tarixli Fərmanına uyğun olaraq ona ödənilməli olan 500 manat pulun Banklar qarşısında olan başqa öhdəliklərinin icrasına yönəldiyini bildirir və avtomobilin geri qaytarılmasını, habelə Banka olan 8.500 manat pulun və 500 manat kompensasiya məbləğinin tutulmasını tələb edir. **-DP-*** dövlət nömrə nişanlı, “Hyundai Coupe” minik markalı avtomobili idarə etmək üçün İddiaçı tərəfindən Cavabdeh xx.xx.2015-ci il tarixdən xx.xx.2017-ci il tarixədək etibarnamə verilmişdir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında fiziki şəxlərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" xx.xx.2019-cu il tarixli Fərmanına əsasən İddiaçı cəmi 493,76 manat məbləğdə kompensasiya hesablanmış, həmin məbləğin 9,16 manat hissəsi iddiaçının "xxxxxxxxxx" ASC-də, 484,60 manatı isə ləğv prosesində olan "xxxxxxxx" ASC-də olan kredit borcunun ödənilməsinə yönəldilmişdir. İş üzrə mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və bildirir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə görə mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 152.7-ci maddəsinə əsasən istifadə hüququna şəxsin öz əşyasından istifadə etməməsi imkanı da daxildir. Həmin Məcəllənin 152.8-ci maddəsinə görə mülkiyyətçi öz əmlakını başqa şəxsin etibarnaməli idarəçiliyinə (etibarnaməli idarəçi) verə bilər. Əmlakın etibarnaməli idarəçiliyə verilməsi mülkiyyət hüququnun etibarnaməli idarəçiyə keçməsinə səbəb olmur; o, əmlakı mülkiyyətçinin və ya mülkiyyətçinin göstərdiyi üçüncü şəxsin mənafeyi naminə idarə etməlidir. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.5-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, bu şəxsin əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu halda (vicdansız sahib), əmlakın onda olduğu bütün vaxt ərzində onun götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini də tələb edə bilər; vicdanlı sahibdən isə onun əmlaka sahibliyinin qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu vaxtdan və ya əmlakın qaytarılmasına dair mülkiyyətçinin iddiası üzrə məhkəmə bildirişini aldığı vaxtdan götürdüyü və ya götürməli olduğu bütün gəlirlərin qaytarılmasını və ya əvəzinin ödənilməsini tələb edə bilər. Bundan başqa vicdansız sahib əmlakın mülkiyyətçisinə əmlakın onda olması ilə bağlı bütün zərərin əvəzini ödəməlidir. Vicdanlı sahib isə əvəzi ödənilərkən yoxa çıxan və ya zərər çəkən əmlakın, o cümlədən əmlakdan gəlir götürdüyünə görə zərərin əvəzini ödəməyə borclu deyildir. Həmin Məcəllənin 166.2-ci maddəsinə əsasən daşınar əşyanın mülkiyyətçisi olmaq istəməyən sahibi ehtimal edə bilər ki, bu əşya kimdən arxayın alınmışdırsa, həmin şəxsin mülkiyyətindədir. Sahiblik hüququ olmadığını bilən və ya bilməli olan sahib vicdansız sahibdir. Daşınar əşya üzərində məhdud əşya hüququna və ya şəxsi hüquqa iddia edən daşınar əşya sahibinin bu cür hüququnun olduğu ehtimal edilir. Lakin o həmin əşyanı aldığı şəxsin bu cür hüququ olduğunu ehtimal edə bilməz. Kollegiya hesab edir ki, "Hyundai Coupe" minik markalı, “**-DP-*** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh qanunsuz sahibliyindən alınaraq İddiaçı qaytarılması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi tam haqlı olmuşdur Belə ki, iş materiallarından göründüyü kimi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin icrası qaydasında həmin avtomobil açıq hərracdan satılmalı və əldə edilmiş pul vəsaiti hesabına iddiaçının ləğv prosessində olan “xxxxxxxx” ASC-yə olan borcu ödənilməlidir. Bu qətnamənin icrası qaydasında avtomobilin hərraca çıxarılması üçün müvafiq icra orqanına təhvil veilməsi vəzifəsini məhz iddiaçı (həmin icra işi üzrə borclu olan şəxs kimi) daşıyır. Kollegiya hesab edir ki, iddiaçının bu tələbi irəli sürməkdə əsas məqsədi də məhz həmin avtomobili geri qaytarıb, bu avtomobil hesabına ləğv prosesində olan “xxxxxxxx” ASC-yə yaranmış borcun ödənilməsini təmin etməkdir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutlara məcmu halda qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış mübahisəli hüquq münasibətini qanunvericiliyin tələblərinə uyğun həll etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə və apellyasiya baxışı ilə müəyyən edilmiş hallara əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları düzgün müəyyən edərək iş üzrə əsaslı və ədalətli nəticəyə gəlmişdir; qətnamə qanuni və əsaslıdır; apellyasiya şikayətinin dəlilləri qətnamənin tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyildir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 382, 384.0.1, 392, 393 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Hazırki iş üzrə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar