Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-7358/2021 17.08.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əbdürəhmanov Aqşin Qasım oğlunun katibliyi, İddiaçı X1 iştirakı ilə İddiaçı X1 cavabdeh "xxxx" MMC-yə qarşı pul tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(010)-595/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı X3 cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 7000 manat əsas borcun, 1871,97 manat bank faizlərinin, doqquz ayın kirayə haqqı olan 2700 manat və iddia vermək üçün ödədiyi dövlət rüsumu olan 30 manat pulun, cəmi 11607 manat 97 qəpik pulun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi belə əsaslandırılmışdır ki, təmir-tikinti işlərinin görülməsi üçün tərəflər arasında podrat müqaviləsi bağlanmış, lakin cavabdeh müqavilənin şərtlərini yerinə yetirməmişdir. Müqavilə icra olunmadığı halda, cavabdeh iddiaçının ödədiyi 7000 manat pulu geri qaytarmamışdır. Cavabdeh tərəfindən müqavilənin icra olunmaması nəticəsində iddiaçı 9 ay ərzində kirayədə qalmış və hər ay 300 manat olmaqla cəmi 2700 manat kirayə haqqı ödəmişdir. Bundan əlavə, iddiaçı hesab edir ki, 7000 manat pulu banka qoysaydı hər ay 2 faiz gəlir əldə edə bilərdi. Nəticədə o 1871,97 manat gəlirdən məhrum olmuşdur. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(010)- 595/2021 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdehdən iddiaçının xeyrinə 5500 manat məbləğində pulun tutulması qət edilmişdir. Həmin qətnamədən cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən görülmüş təmir-tikinti işlərinə dair aktları məhkəməyə təqdim etmək mümkün olmamış, işlərin həqiqətən görülüb-görülmədiyini müəyyən etmək məqsədilə məhkəmə tərəfindən yerli baxış və tikinti texniki ekspertizası keçirilməmişdir. İddiaçı Şakir Səmədov məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinin əsassız olduğunu bildirərək birinci instansiya məhkəməsinin qətnaməsinin qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(010)-595/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işin faktiki hallarından görünür ki, iddiaçı Şakir Səmədov özünə məxsus Abşeron rayonu Digah qəsəbəsində yerləşən evdə təmir-tikinti işləri görülməsi üçün "xxxx" MMC-nin direktoru X2 ilə razılaşaraq əvvəlcə ona 7000 manat pul vermiş, 2 avqust 2019cu il tarixdə Şakir Səmədovla "xxxx" MMC arasında podrat müqaviləsi bağlanaraq əvvəlcədən ödənilmiş 7000 manat puldan əlavə 3 ay ərzində 4500 manat məbləğində pul ödənilməklə evin təmirinin 5 iş günü ərzində başlanması və müqavilə bağlandığı gündən 90-120 iş günü ərzində tikinti işlərinin tamamlanması razılaşdırılmışdır. Müqavilə müddəti başa çatsa da, təmir-tikinti işləri tamamlanmamışdır. Cavabdeh MMC-nin direktoru Şakir Səmədov birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında iddiaçı üçün 3000 manat dəyərində təmir işləri gördüyünü, bundan əlavə iddiaçıdan aldığı 7000 manat pulun 1600 manatını ustalara zəhmət haqqı kimi verdiyini, 2019-cu ilin yeni il bayramında həmin puldan ustalara 300 manat pul verdiyini göstərmiş və iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ş.Səmədov görülmüş təmir işlərinə dair aktlar tərtib edildiyini bildirsə də, bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bundan əlavə, o, iddiaçıya 3000 manat dəyərində təmir işləri gördüyünü sübuta yetirə bilməmiş, təmir-tikinti işləri vaxtında başlamadığına görə işlərin başlanmasını gözləyən ustalara iddiaçının ödədiyi puldan 1600 manat və yeni il bayramını keçirmək üçün yenə həmin puldan 300 manat pul verməsini əsaslandıra bilməmişdir. İddiaçı Ş.Səmədov isə birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında cavabdehin cəmi 1500 manatlıq təmir işləri gördüyünü bildirmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən cavabdehə 7000 manat pul verildiyini, bunun müqabilində cavabdeh tərəfindən 1500 manat dəyərində təmir işlərinin görüldüyünü sübut olunmuş kimi hesab edərək cavabdehdən 5500 manat pulun alınıb iddiaçıya verilməsini qət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-cü maddəsinə görə, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 759.1-ci maddəsinə görə, sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. 759.2-ci maddəsinə görə, əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. İşin faktiki hallarından görünür ki, cavabdeh iddiaçıdan 7000 manat məbləğində pul alsa da, cəmi 1500 manat dəyərində təmir işləri görmüş, üzərinə götürdüyü öhdəliyi pozaraq müqavilə bağlandığı gündən 90-120 iş günü ərzində tikinti işlərini tamamlamamışdır. Məhkəmə kollegiyası iş üzrə sübutları təhlil edərək hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini 5500 manat həddində təmin etməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı cavabdeh məhkəməyə heç bir sübut təqdim etməmişdir. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsində işə baxılarkən yerli baxış keçirilməsi və ekspertiza keçirilməsi barədə cavabdeh heç bir vəsatət qaldırmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-cü maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh edilənlərə əsasən, Azərbaycan Respublikası MPM-in 382, 384, 392, 393, 402-404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qət etdi: Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 05 aprel 2021-ci il tarixli 2(010)- 595/2021 saylı qətnaməsi cavabdehin apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayəti verilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına yazılı formada kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(103)-7358/2021
Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-7358/2021
17.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver